Söhbət

İlqar Əlfioğlu: “İndi söz su qiymətinədir deyə, yaxşı jurnalist qalmayıb.”

1905.az portalının suallarını böyük  telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu cavablandırır.

 

– İlqar müəllim, yaradıcı insanların ömür yolunun içində yaradıcılıq yolu da olur. Yaradıcılıq yolu müəyyən yaşdan başlanır və əgər insanın, yaradıcı insanın bəxti gətirsə, dünyadan köçdüyü ana qədər davam edir. Bu yolun auditoriyaya tanış mənzilləri də olur, ancaq yaradıcı insanın özünə bəlli olan dayanacaqları da… Əvvəlcə, “Dalğa”ya qədərki yaradıcılıq yolunuzdan danışın mümkünsə.

 

– Ümumiyyətlə, xislətində yaratmaq olan insan əslində, yaradanda yaşayır. Xoş o adamın halına ki, Allah ona yaratmaq qabiliyyəti, bəndələr də bu qabiliyyətini reallaşdırmaq imkanı verir. Sözümün canı var: çox vaxt elə olur ki, yaradıcı insan ailəsinin gündəlik qayğıları ucbatından dolanışıq dalınca qaçır, xırdalanıb param-parça olur, bir ömür çapalasa da, ortaya ciddi bir iş qoya bilmir. Onda insan özü də narazı qalır, ona istedad verən Allah da, güc-bəla ilə dolanan ailəsi də. Üstəlik hələ “yazmırsan, yaratmırsan” deyən dostların da tənəsi qulağını yağır eləyir…