Cənnətməkan Qarabağ! Hüsnünə min dastan yazılsa da, olduğu kimi vəsf olunmayan mahal, “…nələr çəkmiş başın sənin, bilinməyir yaşın sənin!” Təbiətinin özəllikləri gözəlliklərinin sayını bir az da artırıb. Bəlkə elə ona görə gözə-nəzərə gəlmisən? Zirvə tacın Şuşanın dağlarının başı daim dumanlı olub! Amma zaman-zaman bu gözəlliyə göz dikənlərin iştahları daş altda, istəkləri gözlərində qalıb! Yenə də elə olacaq, anamız Qarabağda şikəstə əvəzinə bir dəli hayqırtı çəkiləcək – “Cəngi” çalınacaq, “Qarabağ şikəstəsi”ni “Misri” əvəz edəcək – qələbə müjdəli!
Bu mahal haqqında yetərincə yazılsa belə, onun daş salnaməsində yatan xəzinəni ilmə-ilmə toplamaq, naxış-naxış tərtib edib gələcək nəsillərə çatdırmaq çox vacibdir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi, “PAŞA Həyat Sığorta” ASC və “SILK WAY GROUP” şirkətinin birgə layihəsi ilə nəşr edilən “Qarabağ: Əsrlərin Salnaməsi”ni əvəzsiz toplu adlandırmaq olar. Yüksək poliqrafiya və yeni texnologiyaların tətbiqi ilə araya-ərsəyə gətirilən, sözün əsl mənasında bütövlükdə külli-Qarabağın tarixi, etnoqrafiyası, fiziki-iqtisadi coğrafiyası, mədəniyyəti, elmi, incəsənəti, məişət həyatı haqqında məlumatlarla dolu toplu öz zəngin faktları ilə oxucunu heyran qoymaya bilməz.
8 fəsildən ibarət kitab-albom layihəsinin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihə rəhbəri və baş redaktoru Musa Mərcanlıdır. Azərbaycan və rus dillərində tərtib edilən kitabın “Azıx mağarası” ilə açılması heç də təsadüfi deyil.
Deyirlər ki, bəşər sivilizasiyasının ilk insan məskəni kimi tanınan Azıx mağarasının da məhz Qarabağda kəşf edilməsi bu cənnətməkanın sirlər və sehrlərlə dolu xəzinələr yatağı olmasına işarədir. 1960-cı ildə bu mağaranı ovçular aşkarlasa da, onların qarşılaşdıqları qeyri-adi tapıntı – dünyanın etnoqraflarını heyran qoydu. Mağaranı Daş dövrünün yadigarı, ilk insan məskəni sayanlar bununla nəinki Qarabağın, həm də bütövlükdə Azərbaycan tarixinin dərin qatlara getdiyini elmi əsaslarla sübut etdilər. Dünya əhəmiyyətli unikal abidə sayılan Azıx mağarasının ilk tədqiqatçısı tarix elmləri doktoru Məmmədəli Hüseynov olub ki, o bu tarixi yadigarın tədqiqinə 25 il sərf edib. Təəssüf ki, XX əsrin sonlarında erməni vandalizmi tariximizin bu şanlı və ulu səhifəsini silib ataraq, mağaranı da digər maddi mədəniyyət abidələrimiz kimi məhv etdi.
“Məğrur albanlar” fəslindən məlum olduğu kimi, Qarabağ min ildən artıq dövrdə Qafqaz Albaniyasının tərkibində olub. Albaniya haqqında isə bir çox əfsanələr dolaşmaqdadır. Albaniya öz yazı mədəniyyəti ilə də məşhur idi. Hətta alban alimləri və ruhaniləri tərəfindən əsası qoyulan Qafqaz Albaniyası kifayət qədər qısa müddətdə qüvvətlənmişdi.
“Monqol istilası”nda Qarabağın yadellilər tərəfindən işğal edilməsi, monqol-tatarların hücumları, qarabağlıların isə torpaq uğrunda canlarından keçmək kimi şərəfli tarixi vərəqlənir.
“Müharibələrarası dövr”də göstərilir ki, Əmir Teymur süvarilərinin möhtəşəm yürüşləri ilə bəşər tarixinə düşən XIV əsr özündən sonra gələn yüzilliyi sanki “lənətləyirdi”: nəhəng Avrasiya qitəsində müharibələr alovlanır, imperiyalar dağılır, şəhər və kəndlər yandırılaraq məhv edilirdi (tarixin təkrarı XX əsrin sonunda bir daha özünü təsdiqlədi – Qarabağ işğalçı Ermənistan və onun havadarlarının – supergüclərin hərtərəfli yardımları ilə yenidən təcavüzə məruz qaldı).
“Pənahəli xan Qarabağlı” adlı fəsildə təsvir edilən Qarabağın xanlıqlar dövrü haqqında görkəmli Azərbaycan alimi, şair və mütəfəkkir Abbasqulu ağa Bakıxanov yazırdı: “O zaman burada ayrı-ayrı xanlıqlar yarandı və onları sərbəst idarə edən irsi hakimlər müstəqil hökmdara çevrildilər”.
Kitabın ümumi məzmununa əlavə çalar gətirən yalnız tarixin alt qatlarının burada bir daha açılması deyil, eyni zamanda maddi mədəniyyət, dini, tarixi abidələr haqqında ətraflı faktların verilməsidir. Qarabağın həm də mədəniyyətin, incəsənətin, o cümlədən musiqinin, xüsusən muğamın məskəni olması barədə çoxsaylı faktlara burada da rast gəlinir və bununla Azərbaycanın zəngin mədəniyyət tarixi incələnir.
Yeni nəşri bütövlükdə Qarabağın ensiklopediyası adlandırmaq olardı. Əslində burada Azərbaycan tarixinin bütün dövrləri səhifələnir. “Çətin seçim”, eləcə də “Əcdadların torpağı uğrunda” adlanan fəsillər də bu fikrə əsas yaradır. Çarizmin üzərində qurulan keçmiş SSRİ-nin rəhbərlərinin bu torpağa göstərdiyi münasibət, onu yadellilərə pay etməsi (ermənilərin istək və bəd niyyətlərinə əsasən saxta muxtariyyət yaratması) və uğrunda qarabağlıların candan keçməsi bu bölmədə gözlərimiz qarşısında canlanır.
“Nə unutmaq, nə bağışlamaq” mümkün olan Qarabağın və onun zümrüd tacı Şuşanın XX əsrin sonlarında başına açılan son müsibətlər bu fəsildə öz əksini tapıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bugünədək əzablı yollardan keçən tariximizin qan rəngli səhifələrində “Ya Qarabağ, ya ölüm!” hayqırtısı ilə döyüşlərdə düşmən üstünə yeriyən Mübarizlərimiz, Fəridlərimiz… Lələtəpədə qələbə müjdəli bayrağımızı dalğalandırır. Burada yalnız oba-oymaqlarımızın yerlə yeksan edilməsi deyil, həm də Xocalı müsibəti, Qaradağlı faciəsi, Bağanıs Ayrım dəhşətləri, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın düşmən tapdağına keçməsi fonunda yaşanmışlar, əsir və girovların məlum olan və olmayan taleləri dil açır.
Kitab-albom xüsusi diqqət və zövqlə tərtib edilib. Onun proloqunda olduğu kimi, epiloqunda da göstərilir ki, qarabağlılar öz keçmişləri ilə fəxr edə bilərlər: “Əlbəttə, onların keçmişində hər şey olub – basqınlar, müharibələr, yadellilərin əsarəti, qıtlıq və aclıq. Lakin əsrlər boyu xalqın yaddaşında iz qoymuş şanlı qələbələr də yaşanıb, hünər göstərmiş qəhrəmanların adları əfsanə və dastanlara düşüb. Görkəmli xanəndə və şairlərin, rəssam və inşaatçıların zəngin irsi bu gün də sənətşünaslar tərəfindən ehtiramla öyrənilir…”
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”