…Və 1905.az portalının əhəmiyyəti
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Bakıda başlayan vəhşiliklər az keçmədi ki, Azərbaycanı və indiki Ermənistan ərazisindəki doğma kəndləri də əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə mane törədərək azərbaycanlıların mənfi obrazını yaratdılar. Bu yolla qəsbkar qonşularımız özlərinin avantürist torpaq iddialarını pərdələdilər.
Məlumdur ki, Azərbaycan dövləti beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə çalışır. Bu mübarizə təkcə dövlətin gücü ilə aparıla bilməz. Bu işdə QHT-lər, gənclər, media və digər qurumlar əlbir işləməlidirlər. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə xəbərdarlıq edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirərək millətimizə qarşı ciddi böhtanlarla müşayiət olunur. Bu gün faktiki olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılması və dünya ictimaiyyətinə çatdırılması uğrunda beynəlxalq aləmdə ermənilərlə mübarizə aparırıq.
1905-ci ildən başlayan soyqırım siyasəti hələ də davam etməkdədir. Bu siyasətin dünyada hüquqi qiymət alması çox vacib olduğu üçün beynəlxalq aləmdə cənab Prezidentin dediyi kimi “Hücum” siyasətinin əhəmiyyəti böyükdür. Ölkədə bu siyasəti yürüdən aparıcı təşilatlardan biri də
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır. AVCİYA-nın yarandığı gündən qarşısına qoyduğu əsas məqsədlərdən biri də ermənilərin Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini dünya birliyinə çatdırmaqdır. AVCİYA rəhbəri, millət vəkili Elxan Süleymanov beynəlxalq Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünü dəfələrlə beynəlxalq tribunalardan səsləndirib. Qarabağın işğal olunması faktı ilə yanaşı, Sərsəng su anbarının ekoloji terrora məruz qalması, Naxçıvanın blokada şəraitində yaşaması kimi vacib məsələləri gündəmdə saxlayan E.Süleymanov ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faktlarının, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də genişmiqyaslı layihəyə start verib. Növbəti, 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırım aktlarının, cinayətlərin və qırğınlarının 110 illiyi tamam olur. Bu məqsədlə başlayan layihələr sırasında informasiya mübarizəsi önəmli yer tutur.
Məlumdur ki, erməni mediası özlərinə sərf edən informasiyalar yaymaqla ictimai rəyi istədikləri istiqamətdə formalaşdırmağa çalışırlar. Azərbaycan gerçəklərini erməni və digər xalqların dilində olduğu kimi çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Bu tipli media orqanlarının yaradılması Ermənistan, eləcə də dünyanın digər ölkələri, habelə Dağlıq Qarabağda yaşayan ermənilər üçün nəzərdə tutulmalıdır. Onlar belə saytlar vasitəsilə qərəzsiz, obyektiv informasiya ilə tanış ola bilərlər. www.1905.az portalının yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Saytın məsul şəxsi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. Portalın əsas hədəflərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər insanlarına çatdırılmasına töhfə verməkdir. BMT-nin Təhlükəsizlik Şurasının işçi dillərində də təqdim olunan portal xalqımıza qarşı 1905-ci ildən davam edən soyqırım faktları haqda dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verəcək. Saytda “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Erməni dövləti”,
“Azərbaycanlıların deportasiyası”, “Ermənistanın Azərbaycana təcavüzü”, “Atəşkəs davam edir ” və başqa bölümlərin olması virtual savaşda ermənilərin iç üzünü dünyaya tanıtmaqda mühüm rol oynayacaq.
Bəllidir ki, hərbi əməliyyatlardan fərqli olaraq, bu savaşda heç vaxt atəşkəs olmur. Hazırda virtual savaşda yaradılan hər bir bloq, sayt və portal Azərbaycanın “Hücum” siyasətinin bir parçasıdır desək yanılmarıq. 12 dildə fəaliyyət göstərəcək www.1905.az portalının virtual savaşda mühüm mövqelərdən birinə sahib olacağına əminəm. Yaradılan yeni portalın ən vacib tərəflərindən biri də 1905-ci ildən bu günə qədər ermənilərin Azərbaycana vurduğu maddi və mənəvi ziyanı bütün dünyaya çatdırmasıdı. Qeyd edək ki, AVCİYA-nın digər mühüm layihəsi olan karabakhinfo.com beynəlxalq elektron jurnal və karabakhinfo.tv internet televiziyası da www.1905.az portalına dəstək olacaq.
«KarabakhİNFO.com» beynəlxalq
elektron jurnalı və «KİTV»nin baş redaktoru
Zaur QƏRİBOĞLU
Olaylar.az