“Sərgilərdə 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakını təsdiq edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Müdafiə Sənayesi Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus pavilyonlarımızda ümumilikdə 193 eksponat sərgilənəcək. Məhsullar arasında ilk dəfə “ADEX” sərgisində 12,7 mm çaplı AH-12,7 pulemyotu və 7,62 mm çaplı yeni növ snayper tüfəngi nümayiş olunacaq. Bunlarla yanaşı, İspaniyanın “Escribano” şirkətinə məxsus ən müasir idarəetmə sistemləri ilə təchiz edilmiş zirehli texnika qülləsi üzərində Azərbaycan istehsalı olan 30 mm-lik AT-30 topu və 7,62 mm-lik elektrik atışlı pulemyot quraşdırılaraq nümayiş etdiriləcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyinin Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva sentyabrın 19-da “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
G.Rzayeva diqqətə çatdırıb ki, qonaqlar qeyd olunan məhsulların hər birinin texniki xüsusiyyətləri ilə sərgi zamanı əyani şəkildə tanış ola biləcəklər. Sözügedən sərgi çərçivəsində müxtəlif məhsullar nümayiş olunacaq və görüşlər keçiriləcək. Həmçinin yeni razılaşmaların əldə olunacağı gözlənilir.