Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup deputatı bu il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinin binasına silahlı hücumu terror aktı adlandıraraq, onun beynəlxalq hüququn norma və prinsiplərini pozan cinayət olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup parlamentarisi qurumun saytında Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə silahlı hücumu pisləyən bəyanat yayıblar.
Bəyanatı imzalayan azərbaycanlı, türk və avropalı parlamentarilər Azərbaycan səfirliyinə silahlı hücumu qəti şəkildə pislədiklərini bildiriblər.
Bəyanatda qeyd edilib: “Biz – bu bəyanatı imzalayanlar bəyan edirik ki, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binası silahlı hücumun hədəfi olub. Diplomatik nümayəndəliyə qarşı törədilmiş bu terror aktı beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan dəhşətli cinayətdir.
Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş xain terror aktını qətiyyətlə pisləyir, bu qanlı hücumun müəlliflərinin və təşkilatçılarının dərhal müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını tələb edirik”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris