Qanlı Yanvar hadisələrindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycan tarixinə şanlı səhifə yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirirlər.
Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın qəhrəmanlığı unudulmur. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, 20 Yanvar şəhidlərinə borcluyuq.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara axışan dinc insanlara 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Heç bir xəbərdarlıq edilmədən Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən Sovet ordu hissələri 147 nəfəri amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Bu qanlı hadisələrin ertəsi günü – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiya rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.
20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.
Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları – Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.
X X X
Şəhidlərimizin əziz xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən də anılır.