
Azərbaycan dövlətinin dəstəyi ilə müharibə şəraitində olan Ukraynada humanitar aksiyalar davam edir. Belə aksiyalardan biri də Ukrayna Daxili İşlər Nazirliyinin nəzdində internat liseyində baş tutub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Yaroslav Kondratyev adına Kiyev Təhlükəsizlik və Milli-Vətənpərvərlik Tərbiyəsi Liseyində keçirilən humanitar aksiyada Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukrayna Daxili İşlər Nazirliyinin dövlət katibi İnna Yaşuk, Ukrayna Milli Daxili İşlər Akademiyasının rektoru üçüncü rütbəli polis generalı Ruslan Serbin, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəliyin rəhbəri polkovnik Şahin Qocayev və digər rəsmi şəxslər iştirak ediblər.
Liseyin muzeyinə Azərbaycanın milli simvolunu əks etdirən hədiyyənin təqdimatından sonra təhsil ocağında yaradılan şəraitlə tanışlıq olub. Ardınca liseydə təhsil alan şagirdlərlə görüş keçirilib.
Görüşdə çıxış edən İnna Yaşuk qeyd edib ki, Bakı ilə Kiyev arasında 2 mindən artıq kilometr məsafə olsa da, müharibə dövründə Azərbaycan dövlətinin Ukraynaya göstərdiyi intensiv humanitar yardım davam edir. O vurğulayıb ki, Azərbaycan Ukraynanın ağır gününün dostu olduğunu bir daha sübut edir.
Səfir Seymur Mərdəliyev isə çıxışında Azərbaycan və Ukrayna arasında mövcud olan strateji tərəfdaşlıqdan danışıb: “Ölkəmiz Ukraynaya siyasi və humanitar dəstəyini davam etdirir. Azərbaycan və Ukrayna dost xalqlardır. İki ölkənin Daxili İşlər nazirlikləri arasında da çox yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan və Ukraynanın Daxili İşlər nazirlikərinin təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün gözəl imkanlar var”.
Ukrayna Milli Daxili İşlər Akademiyasının rektoru üçüncü rütbəli polis generalı Ruslan Serbin çıxışında iki ölkənin müvafiq qurumları arasında yüksək kommunikasiyanın olduğunu və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Daha sonra liseydə təhsil alanlar Azərbaycanın milli mətbəxinin təamlarından dadıblar.
Tədbirdən sonra AZƏRTAC-a açıqlama verən Ukrayna Daxili İşlər Nazirliyinin dövlət katibi İnna Yaşuk bildirib: “Yaxşı dost ağır gündə bilinir. Bugünkü tədbir dostluq görüşüdür. Azərbaycan Daxili İşlər Nazirliyi müharibə dönəmində Ukraynaya növbəti dəfə öz yardımını göstərir. Mən Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinə qardaş yardımına görə təşəkkür edirəm. Azərbaycan xalqına müharibə dönəmində göstərdiyi dost yardımına görə minnətdaram. Bu gün səfir Seymur Mərdəliyevlə əməkdaşlığın inkişafı istiqamətində müzakirələr də apardıq. Azərbaycan tərəfi müharibədə valideynləri həlak olan uşaqlara dəstəyi davam etdirəcəyini bildirib”.
Liseyin direktor müavini Ruslana Çijik isə AZƏRTAC-a bildirib ki, Yaroslav Kondratyev adına Kiyev Təhlükəsizlik və Milli-Vətənpərvərlik Tərbiyəsi Liseyi müharibədə həlak olanların uşaqlarına sosial dəstək göstərir: “Ukraynadakı müharibədə çox sayda uşaqlar ziyan görüb. Ukrayna Daxili İşlər Nazirliyi bu cür uşaqlara dəstək göstərir. Bu uşaqların bəzilərinin valideynləri müharibədə döyüşərək həlak olub, bəziləri əlil olub, itkin düşüb. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə liseydə humanitar aksiya keçirilir, göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm”.
Tədbir liseyin təqdim etdiyi konsert proqramı ilə davam edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









