Sentyabrın 6-da Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri və digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.
Açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.
Qeyd edək ki, “ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutur. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.
208 şirkəti bir araya gətirən “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5 faiz artım nümayiş etdirir. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.
Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.
“ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunur.
“ADEX”lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirilən 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçirilir. Qeyd olunan sərgi Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur. Bu sərgi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək göstərəcək. “Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim olunur.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və başqa aktual mövzular üzrə sessiyalar keçiriləcək. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları nəzərdə tutulub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. Sərginin proqramı ilə www.adex.az/ rəsmi internet saytında tanış olmaq olar.
AZƏRTAC