HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Müsavat

115 yaşlı məktəbdə bir necə saat

Mən Hüseyn Cavid adına 132 nömrəli məktəbi bitirmişəm.

 

1988-ci ildə.

 

Heç demə, onuncu sinfi bitirdiyim 1988-ci ildə “İçərişəhər” metro stansiyasının lap yaxınlığında yerləşən binanın məktəb binasına çevrilməsindən düz 100 il keçirmiş. “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin 1874-cü ildə açdığı qız məktəbi 1888-ci ildə bu binaya köçürülübmüş.

 

Məktəbdə oxuduğum illərdə 132-nin köhnə məktəb olduğunu bilirdik. Təhsil ocağının hansısa yubileyi də qeyd edilmişdi… Biz bunu adi hal kimi dəyərləndirirdik. Şəhərin tən ortasında köhnə məktəbin olmasında təəccüblü nə var ki?

 

Bəs paytaxtdan xeyli aralı bir kənddə 115 yaşlı məktəbin olmasında necə?

 

Mən bunda da təəccüblü bir nəsnə görmürəm…

 

2018-ci ilin 16 noyabrında çox dəyərli insanlarla birlikdə Göyçayın Qaraman kəndindəki tam orta məktəbin  115 illiyinə həsr edilmiş tədbirdə iştirak etdik.

 

Bu məktəbi  1903-cü ildə işıqlı bir insan – din xadimi və böyük maarifçi Hacı Rəhim Əfəndi yaradıb.

 

Məktəb həmin insanın adını daşıyır.

 

Məhz məktəbin yaradıldığı ildə Rusiyada Qafqaz Hərbi Dairəsinin xəritəsi tərtib edilib. “Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa” ilə yəqin siz də tanışsınız. Xəritə Azərbaycan dövlət başçısının sərəncamı ilə 2012-ci ildə kütləvi tirajla çap edilib. Və “Cənubi Qafqaz. 1903-cü il” adlı həmin xəritədə Göyçay qəzasının kəndləri sırasında  Qaraman kəndi … yoxdur. Əlbəttə, kiçik olduğuna görə düşməyib Qaraman xəritəyə.

 

Xəritədə yer almayan bu kiçik kənddə böyük bir İnsan yaşayırdı. Və məhz bu İnsanın sayəsində Qaraman Azərbaycanın təhsil xəritəsində önəmli yerlərdən birini tutmaq şansı qazandı. Təhsil xəritəsində layiqli yer tutmaq hər hansı coğrafi xəritədə qeyd edilməkdən müqayisəyəgəlməz dərəcədə əhəmiyyətlidir.

 

Həmçinin əhəmiyyətli daha bir məqam var. 115 il bundan əvvəl yaradılmış məktəbin binası təhsil ocağını qurmuş İnsanın nəvəsi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yenidən qurulub. Və yubiley tədbiri də işıqlı, abad bir təhsil ocağında baş tutdu…

 

Tədbirin yaddaqalan detalları haqqında çox danışmaq olar. Olduqca maraqlı, təsirli çıxışlar, müəllim və şagirdlərin iştirakı ilə gerçəkləşmiş kiçik tamaşa, gözəl rəssamımız Elşən Hacızadənin monumental əsərinin Elxan Süleymanov tərəfindən məktəbə hədiyyə edilməsi, tarixçi Məhərrəm Zülfüqarlının “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitabının təqdimatı…

Ən başlıcası isə Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin Müəllimlərinin, Şagirdlərinin təhsil ocağının tarixindən qürur duymalarının sezilməsi…

 

Ən vacib olan budur.

 

Ən vacib olan ənənələrin, gözəl ənənələrin yaşamasıdır.

 

Məncə bu ənənələri yaşadan insanların qarşısında baş əymək olar.

 

Özü də qürurla.

 

Fuad Babayev

 

 1905.az

 

Hacı Rəhim Əfəndi adına məktəb – 115

 

ƏN UZUN VƏ ƏN HÜNDÜR…

Mən Bakı şəhərinin əsas nəqliyyat arteriyalarından biri olan Babək prospektində yaşayıram.