Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu fikir sentyabrın 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə həyata keçirdiyi “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” birgə layihəsinin bağlanış mərasimində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlərə baxıb, həmçinin mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsində istifadə edilən texnika və avadanlıqla tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək layihənin uğurla başa çatdırılmasında əməyi olmuş hər kəsi, xüsusilə ona hərtərəfli dəstək vermiş NATO rəsmilərini təbrik edib.
Prezidentin köməkçisi qeyd edib ki, bu yaxınlarda 20 illik yubileyini qeyd etdiyimiz ANAMA 1998-ci il iyulun 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə yaradılıb, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyənləşdirilib. Fəaliyyət göstərdiyi 20 il ərzində Agentlik qarşısına qoyulmuş vəzifənin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb. Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub.
Fuad Ələsgərov bildirib ki, ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi “Saloğlu” layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib. Digər uğurlu birgə layihə isə Ceyrançöl layihəsi olub. Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilmiş Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan Hökuməti ilə yanaşı, bir sıra digər ölkələr donor qismində çıxış ediblər. Fuad Ələsgərov layihədə iştirak etmiş bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirilmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan Hökuməti adından təşəkkür edib.
Prezidentin köməkçisi deyib ki, ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır. Əminik ki, ANAMA-nın xarici tərəfdaşlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov Agentliyin Azərbaycanda mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Azərbaycan Hökuməti ilə respublikamızda minalara qarşı mübarizə işini dəstəkləyən donor ölkələrin və təşkilatların birgə səyləri, Azərbaycanda əl ilə minatəmizləmə və partlamamış hərbi sursatların zərərəsizləşdirilməsi üzrə qruplar, minaaxtaran itlər, mexaniki minatəmizləmə maşınları nəinki əməliyyatların operativ idarə edilməsini, həm də beynəlxalq ekspertləri cəlb etməklə çoxsaylı təlimlər vasitəsilə təkmilləşməni mümkün edən bütün zəruri infrastruktura malik regional bazalardan ibarət güclü və dayanıqlı minatəmizləmə potensialı yaratmağa imkan verib. Agentliyin iş tempinin dayanıqlı olması və mina təhlükəsi ilə mübarizə proqramının gələcəkdə də inkişafı və səmərəli işləməsi üçün şəraitin yaradılması bu sahəyə şəxsən Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində mümkün olub.
Bildirilib ki, ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Hökumətinin sifarişi əsasında sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparılır. Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Ceyrançöl ərazisinin ümumi sahəsi 65 kvadratkilometrdən çoxdur.
2012-ci ildə başlanılan “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsində 28 ay ərzində 19 milyon kvadratmetr ərazi tam təmizlənib və 14 mindən çox partlamamış hərbi sursat və 173 mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyulunda başlanılıb və 29 ay müddətində 25,3 milyon kvadratmetr sahə təmizlənib, 1553 partlamamış hərbi sursat və minlərlə metal qırıntısı zərərsizləşdirilib. Üçüncü mərhələ ötən ilin yanvarında başlayıb və 18 ay müddətində 22 milyon kvadratmetrə yaxın ərazi təmizlənib, 2146 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Diqqətə çatdırılıb ki, layihənin ilk iki mərhələsində aparıcı ölkə rolunu ABŞ, sonuncu mərhələsində isə Türkiyə öz üzərinə götürüb. Azərbaycan Hökuməti layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq onun ümumi dəyərinin əlli faizi həcmində maliyyə vəsaiti ayırıb.
Layihənin birinci mərhələsi üçün 3,1 milyon, ikinci mərhələsi üçün isə 1,8 milyon avro, üçüncü mərhələsinə 1,1 milyon avro vəsait olmaqla, ümumilikdə təxminən 6 milyon avro məbləğində vəsait ayrılıb.
Qeyd edilib ki, Ceyrançöl layihəsi ANAMA ilə NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir və NATO tərəfindən dəstəklənir. Bu, ANAMA-NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən minatəmizləmə layihəsidir.
Minatəmizləmə əməliyyatlarından başqa, ANAMA 15 ildən artıqdır ki, Azərbaycan Hökuməti və NATO-nun müstəsna mürəkkəbliyə malik birgə layihələri çərçivəsində Ağstafa rayonu ərazisində partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi üzrə əməliyyatlar aparır.
Agentliyin əsas hədəfi gələcəkdə işğal altında olan torpaqlar azad edildikdən sonra Agentlik tərəfindən həmin ərazilərin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənərək yerli icra strukturlarına təhlükəsiz şəkildə təhvil verilməsi və öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş vətəndaşların doğma yurdlarına qayıtması və həmin ərazilərdə yaşayış, kənd təsərrüfatı və müxtəlif sahələrin yenidən bərpa olunmasına yönəlib.
Tədbirdə NATO baş katibinin müavini xanım Rouz Gotemoller layihənin uğurla reallaşdırılmasına görə Azərbaycan Hökumətinə minnətdarlıq edib. O, ANAMA–nın beynəlxalq layihələrdə uğurla iştirakını vurğulayıb. NATO baş katibinin müavini Azərbaycanla gələcəkdə də bu sahədə əməkdaşlığa hazır olduqlarını deyib.
NATO-nun Dəstək və Təchizat Agentliyinin əməliyyatlara dəstək üzrə direktor müavini Allan Makleod layihənin uğurla başa çatmasına görə təbriklərini çatdırıb. O, bu layihənin icrasının çox vacib olduğunu qeyd edib. Direktor müavini ANAMA-nın artıq regional səviyyədə ekspert kimi çıxış etdiyini vurğulayıb.
Sonra ANAMA-nın əməliyyat üzrə meneceri Samir Poladov Ceyrançöl təmizləmə layihəsinin təqdimatını edib.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Villiam Gill, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Onlar Azərbaycanın mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər.