2021-ci il iyunun 1-də Füzuli şəhəri BMT qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul edilib.
Bu barədə AZƏRTAC Yaponiyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Füzuli şəhəri nüvə silahlarsız dünya naminə daimi qlobal sülhə və insanların rifahına töhfə vermək üçün “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan 10-cu Azərbaycan şəhəri olub. ondan əvvəl Ağdam, Qubadlı, Cəbrayıl, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər, Xocavənd və Laçın bu təşəbbüsə qoşulub.
“Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Xirosima şəhərinin o zamankı bələdiyyə başçisi Takeşi Araki tərəfindən təsis edilib. Sülh Şəhərləri Başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi, dünya üzrə insanlar arasında narahatlıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqları və ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır.
2021-ci il 1 iyun tarixinə olan məlumata görə, “Sülh Şəhərləri Başçıları” təşkilatının üzvləri dünyanın 165 ölkə və bölgəsindən olan 8031 şəhəri əhatə edir.