
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…
Bu günlərdə maraqla oxuduğum “Gərəkli olmağı seçdim… Həyatım. Xatirələrim. Düşüncələrim” kitabından aldığım təəssüratı sizinlə bölüşmək istəyirəm. Kitabda 85 il keşməkeşli, mürəkkəb, gərgin hadisələrlə dolu ömür yolu keçmiş, böyük həyat təcrübəsinə malik bir şəxsin – Elxan Süleymanovun xatirələri və düşüncələri əks olunur. “İnsandan nəsə qalmalı, hansısa bir xatirə yaşamalıdır. Çünki biz hamımız zamanı gələndə Allahın əmri ilə bu dünyadan köçüb gedəcəyik. Buna görə insan özündən sonra nəsə qoyub getməlidir ki, onu xatırlatsın, yada salsın. Yaddaşlarda yaşamaq isə insanın yenidən həyata qayıdışıdır…” – müəllifin bu sözləri ilə kitabın preambulası kimi qəbul oluna bilər.
Xüsusən ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərin memuarları daha geniş auditoriya üçün əhəmiyyət kəsb edir. Belə kitablar cəmiyyətin idarə olunması, parlament və hökumət mexanizmləri, beynəlxalq münasibətlər və ictimai təşəbbüslərin formalaşması kimi sahələrdə “içəridən baxış” imkanı yaradır. Bu, təkcə hadisələrin təsviri deyil, qərarların necə qəbul olunduğu, hansı çətinliklərin yaşandığı və müəllifin bu proseslərdəki şəxsi mövqeyi kimi incə məqamları da üzə çıxarır.
Elxan Süleymanovun bu kitabı dövrün psixologiyasını, siyasi mühitini, cəmiyyətin inkişaf ritmini və tarixi proseslərin daxili məntiqini anlamaq üçün unikal material təqdim edir. Təsadüfi deyil ki, bəzən bu tip əsərlər rəsmi sənədlərdən və ya publisistik mənbələrdən daha etibarlı və daha dərin təsir gücünə malik olur: çünki burada hadisələr müəllifin şəxsi müşahidələri, hissləri və düşüncələri ilə işıqlandırılır. Sözügedən kitab məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Müəllif uzun illər ərzində həm parlamentdə, həm beynəlxalq platformalarda, həm də ictimai layihələrdə aktiv iştirak etmiş bir şəxs kimi, təkcə xatirələrini deyil, həm də o dövrün ictimai atmosferini, siyasi dinamikanı və vətəndaşlıq mövqeyinin formalaşması məsələlərini oxucuya çatdırır. Bu səbəbdən Süleymanovun memuarları təkcə şəxsi həyat hekayəsi deyil, son onilliklərin ictimai-siyasi panoramasını dərk etmək üçün dəyərli bir mənbədir.
Tarix adətən böyük proseslər və ümumi tendensiyalar üzərindən izah olunur. Sözügedən kitabın maraqlı cəhətlərindən biri isə ondan ibarətdir ki, bu proseslərin arxasında dayanan insan seçimini, motivasiyanı, şübhələri və daxili mübarizəni görməyə imkan yaradır. Beləliklə, kitab həm tarixi faktları canlandırır, həm də oxucunu insan xarakteri, iradə, məsuliyyət və şəxsi prinsiplər mövzuları haqqında düşündürür. Bu, müəllifin şəxsi təcrübəsi ilə ictimai yaddaş arasında körpü yaratmaq bacarığından irəli gəlir. Kitabın digər dəyərli cəhətlərindən biri də müəllifin hadisələri təkcə təsvir etməməsi, həm də təhlil etməsidir. Parlamentdəki fəaliyyəti, beynəlxalq strukturlardakı iştirakı, ictimai diplomatiya və digər sahələrdə gördüyü işlər haqqında verdiyi məlumatlar Azərbaycan siyasi həyatının daxili məntiqini anlamaq istəyənlər üçün yaxşı məxəzdir.
Kitabda müəllif sırf siyasətçi kimi deyil, həyatın müxtəlif mərhələlərindən keçmiş, axtarışları, tərəddüdləri, qərarları və dəyərləri olan bir insan kimi təqdim olunur. Onun seçdiyi yol dövlətə, cəmiyyətə, insanlara xidmət yoludur və kitab boyu bu seçim xüsusi vurğulanır. O, hadisələri quru rəqəmlərlə və ya protokol dili ilə yox, real həyatdan gələn hiss və müşahidələrlə təsvir edir. Bu isə oxucuya həmin dövrün ab-havasını hiss etmək, qərarların necə formalaşdığını görmək imkanı yaradır.
Əsərin ideya nüvəsi müəllifin şəxsi prinsipinə əsaslanır: gərəkli olmaq! Bu anlayış kitabda təkcə şüar kimi yox, real həyat davranışının, uzun illərə dayanan davamlı fəaliyyətin əsası kimi təqdim olunur.
“Mən gərəkli olmağı seçdim” kitabı yalnız keçmişi xatırlamaq üçün yazılmış bir mətn deyil. Bu əsər eyni zamanda gələcəyə mesaj verir. Müəllif göstərir ki, şəxsi təşəbbüs, əqidə, vicdan və ardıcıl zəhmət hər zaman dəyərini qoruyur. Bu mesaj xüsusilə gənc oxucular üçün motivasiya xarakteri daşıyır.
Kitab yığcam, təmiz və səmimi üslubla yazılıb. Süleymanov hadisələri nə ağır siyasi terminologiya ilə, nə də emosional şişirtmə ilə təqdim edir. Onun dili sadə, anlaşılan və eyni zamanda ziyalı üslubudur. Bu, kitabı həm gənclər, həm də yaşlı oxucular üçün əlçatan edir. Hadisələrin ardıcıllığı aydın saxlanılır, müəllifin gənclik illərindən tutmuş siyasi və ictimai fəaliyyətinin ən aktiv dövrlərinə qədər bir xətt üzrə davam edir. Mətn oxucunu yormur, əksinə, hər fəsildə yeni bir baxış bucağı açır.
Elxan Süleymanovun “Mən gərəkli olmağı seçdim” kitabı həm xatirə janrının, həm də ictimai-siyasi publisistikanın uğurlu nümunəsidir. Bu əsər insanın öz ömrünü xalqa və dövlətə həsr etməsinin nə demək olduğunu göstərir. Səmimi dili, analitik baxışı və mənəvi yükü ilə bu, müasir oxucuya həm bilgilər, həm də motivasiya verən əsərlərdəndir.
E.MURADOV
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








