Bu gün Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində atdığı addımlar göz qabağındadır. Eyni zamanda, dövlətimizin başçısı Xankəndində yaşayan ermənilərə çatacaq humanitar yüklərin də Ağdam-Xankəndi yolundan keçməsi təklifini irəli sürüb və həmin yoldan keçə biləcəyini vurğulayıb. Niyə Azərbaycan rəhbərliyi məhz Ağdam-Xankəndi yolundan istifadədə israrlıdır və “humanitar yardım” yük avtomobil karvanının oradan keçməsini tələb edir?
AZƏRTAC-a açıqlamasında burada bir neçə səbəb olduğunu bildirən ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib: “Birinci və ən əsas səbəb Qarabağ iqtisadi rayonunun Azərbaycan ərazisində yerləşməsidir ki, logistik yol cəhətdən də məhz ölkəmizdən oraya hər hansı yükün daşıması məntiqlidir. Başqa ölkədən humanitar yardımı Azərbaycanda yaşayan erməni millətindən olan insanlara göndərmək düzgün deyil. Çünki bütün humanitar yükləri və ya ləvazimatları Azərbaycan özü göndərməyi təşkil edə bilər. Prezident İlham Əliyev dəfələrlə bu barədə danışıb. Digər səbəb həmin prosesin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə həyata keçirilməsidir. Komitənin qərargahı Bərdədə yerləşir və oradan Xankəndiyə isə 71 kilometr məsafə var. Odur ki, həmin yol həm qısadır, həm də dağlardan keçmədiyi üçün relyef cəhətdən əlverişlidir. Lakin BQXK-nın İrəvandakı qərargahı Xankəndidən 330 kilometr məsafə uzaqlıqdadır. Həmçinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin təminatı Rusiya, Gürcüstan, Ermənistan və Xankəndi yolu ilə uzaq məsafədə aparılır. Halbuki Rusiya ilə avtomobil və dəmir yolları vasitəsilə əlaqə var. Həmin yol həm də daha qısadır. Ona görə Azərbaycan tərəfinin marşrutlarla bağlı həmin təklifləri verməsi məntiqə əsaslanır. Lakin məntiqli təkliflərimiz belə Ermənistan tərəfindən tamam başqa cür qiymətləndirilir. Buradan belə nəticəyə gəlmək olar ki, ermənilərin Laçın buraxılış məntəqəsi yaxınlığında təxribat törətməsinin səbəbi sırf humanitar yük və təminatla bağlı deyil. Qarşı tərəf burada siyasi məqsədlər güdür və bunu dövlətimizin rəhbərliyi çox yaxşı görür. Ona görə də Azərbaycan beynəlxalq hüquq normalarına zidd olmayan belə təkliflərlə çıxış edir. Düşünürəm ki, həmin təklif prinsipcə hər cəhətdən qənaətbəxşdir, bu marşrut həm rahat, həm də etibarlıdır. Çünki ermənilər Azərbaycan ərazisində yaşayır və ölkəmiz özü onları təminatla təchiz etmək niyyətindədir”.
Son çıxışlarından birində Rusiya sülhməramlılarını bu məsələyə görə ittiham edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın yolun Laçın istiqamətindən bağlanmadığını bildirib, bu halda sülhməramlıların niyə yardımları sərhəddən buraxmadığını, yüklərin Qarabağa və ermənilərə çatmasına imkan vermədiyini deyib.
Məsələyə münasibət bildirən Şair Ramaldanovun fikrincə, yolun bağlanmasında Rusiya sülhməramlılarının rolu ola bilər. Çünki bütün proseslərə onlar və yaxud oradakı rəhbərliyi bilavasitə maneələr törədir: “Çox uzağa getməyək, azərbaycanlı ekofəalların bir neçə ay əvvəl Xankəndi-Laçın yolunda aksiya keçirdiyini xatırlayaq. Ondan əvvəl Azərbaycan tərəfi yolu bağlamamışdı və bütün gediş-gəliş yolları açıq idi. Ancaq Rusiya sülhməramlı kontingenti Xankəndindən çıxan yolu bağlamışdı. Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı qərar Azərbaycan dövlətinin səlahiyyətinə aid məsələdir və dövlətimiz bu məsələdə mövqeyini bildirib. Əgər Nikol Paşinyanın məlumatı düzgündürsə və Rusiya sülhməramlı qüvvələri yolu həqiqətən bağlayıblarsa, bu təqdirdə onun sözündə əsas var. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın sərhəd-buraxılış məntəqəsi ölkəmizin rəhbərliyinin qəbul etdiyi qərarlar əsasında fəaliyyət göstərir”.