Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 27 iyul-2 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 60 avtomat, 3 pulemyot, 21 tapança, 29 tüfəng, 125 qumbara, 1 qumbaraatan, 63 alışdırıcı, 48 mərmi, 91 süngü-bıçaq, 71 rabitə vasitəsi, 34 dron bombacığı, 190 partlayıcı, 9 trotil, 17 şaşka, 34 detonator, 27 gecəgörmə cihazı, 2 dron, 2 mina, 2 partlayıcı maddə, 2 kiloqram partlayıcı, 126 kiloqram barıt, 11 fişəng, 1 stasionar radiostansiya, 3 “MUV” partladıcısı, 1 səsgücləndirici, 1 səsboğucu, 1 müşahidə kamerası, 611 patron darağı, 75532 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb. Bundan başqa, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 2 ədəd qumbara, Şuşa rayonu ərazisindən 1 avtomat, 7 ədəd qumbara, Xocavənd rayonu ərazisindən 6 avtomat, 3 tüfəng, 36 qumbara, 6 pulemyot, 1 gecəgörmə cihazı, 1 nişangah, 5 süngü-bıçaq, 12 “UZRQM”, 25 patron darağı və 1175 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
İşğaldan azad olunmuş bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.