Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bunu KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidorov deyib.
O bildirib ki, təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyir. A.Sidorovun sözlərinə görə, münaqişənin həlli üçün hərbi güc tətbiq edilməsindən, xüsusilə də KTMT qüvvələrindən istifadə olunmasından söhbət getmir.
A.Sidorov sentyabrın 15-də axşam bir qrup vəzifəli şəxslə Yerevana gedəcəyini, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edən KTMT-nin Baş katibi Stanislav Zasın isə Ermənistan-Azərbaycan sərhədinə sentyabrın 16-da səfər edəcəyini vurğulayıb. Qərargah rəisi KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən verildiyini qeyd edib.
Səfərdən sonra missiya hesabat hazırlayacaq və təşkilatın üzvü olan dövlətlərin başçılarına təqdim edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva