Bu ilin iyun ayında “Bakı metropoliteni” QSC-dən 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin istifadə edib.
Bakı Metrosundan AZƏRTAC-a bildirilib ki, orta statistik hesabla gün ərzində metropolitenə 603 min 506 sərnişin daxil olub. Milli bayramlar və istirahət günləri də daxil olmaqla, ay ərzində 13 qeyri-iş günü olub. Bayram və istirahət günlərində 6 milyon 2 min 884, qalan 17 iş günündə isə 12 milyon 102 min 301 sərnişinə daşıma xidməti göstərilib. Orta statistik hesabla metropoliten hər iş günündə 711 min 900, hər qeyri-iş günündə 461 min 760 sərnişin daşıyıb. Ən çox sərnişin daşınan gün iyun ayının 14-ü olub (737 min 749). Ayın 16-da isə ən az sərnişin daşınıb (365 min 897).
Postpandemiya dövründə ilk dəfə tarixi nailiyyət qeydə alınıb. “Bakı metropoliteni” QSC-nin tarixində rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. Cari ilin iyun ayında 2019-cu ilin həmin dövrü ilə müqayisədə 0,3 faiz çox sərnişin bu nəqliyyat növünün xidmətindən istifadə edib. İlin 6-cı ayının daşıma göstəriciləri əvvəlki illərin eyni ayları ilə müqayisədə də kifayət qədər yüksəkdir: 2022-ci ildən 2,3 faiz və 2023-cü ildən 15 faiz çox.