Ermənistanda Avropa İttifaqının (Aİ) mülki missiyasının yerləşməsi Cənubi Qafqazda vəziyyətin real sabitləşməsinə şərait yaratmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon danışığı zamanı deyib.
Rusiya XİN-in məlumatında qeyd olunub ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması mövzusunun müzakirəsi əsnasında M.Qaluzin Aİ-nin Ermənistan ərazisində mülki missiyasının yerləşdirilməsinin Cənubi Qafqazda vəziyyətin real sabitləşməsinə şərait yaratmayan aşkar geosiyasi məqsəd daşıdığını bildirib. Bu təşəbbüsdə Bakı ilə İrəvan arasında konsensusun olmaması da vurğulanıb.
Rusiya tərəfi, həmçinin diqqəti həmsədrlər tərəfindən beynəlxalq Cenevrə müzakirələrinin mütəmadi raundlarının dəfələrlə və səbəbsiz ləğv edilməsinin məhsuldar olmamasına yönəldib. Abxaziya və Cənubi Osetiyada möhkəm təhlükəsizliyin təmin edilməsi gündəliyinə uyğun olaraq, Rusiya tərəfinin bu diskussiyaların davam etdirilməsinin lehinə olan mövqeyi təsdiqlənib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva