Dövlət İmtahan Mərkəzinin (DİM) martın 3-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki rayonunda 9, Qəbələdə 5, Oğuzda isə 2 mərkəz olmaqla, ümumilikdə 16 bina ayrılıb.
İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 2009 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 23 imtahan rəhbəri və 193 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 161 zal ayrılıb.
Qəbələdə keçirilən buraxılış imtahanında 1211 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 117 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 99 zal ayrılıb.
Oğuz rayonunda isə buraxılış imtahanında 395 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 5 imtahan rəhbəri və 39 nəzarətçi cəlb olunub.
İştirakçıların rahat şəkildə imtahan vermələri üçün zallarda zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.