İyulun 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin nümayəndə heyəti arasında görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fuat Oktayın Türkiyənin vitse-prezidenti olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib, onun TBMM-in Xarici əlaqələr komitəsinə rəhbərliyinin həm Türkiyə, həm də Azərbaycan üçün uğurlu olacağından əminliyini bildirib.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyən Səməd Seyidov dövlət başçılarımızın qardaşlığı sayəsində bu gün ən yüksək səviyyədə olan strateji tərəfdaşlığımızdan və müttəfiqliyimizdən söz açıb. Azərbaycan və Türkiyə arasında parlamentlər səviyyəsində də əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran komitə sədri parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığını da yüksək dəyərləndirib. O, ölkələrimizin müttəfiqliyinin, xarici siyasət sahəsində əməkdaşlığının dünyada barışığa və sabitliyə xidmət etdiyini, o cümlədən Cənubi Qafqazda sülhə və regional tərəqqiyə mühüm töhfələr verdiyini vurğulayıb.
TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edərək münasibətlərimizin perspektivlərindən danışıb.
Sonra Milli Məclisin deputatları Asim Mollazadə və Nəsib Məhəməliyev, TBMM-in üzvləri Kürşat Zorlu və Utku Çakırözer çıxış edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini səsləndiriblər.