Xankəndi şəhərində bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri yekunlaşıb.
122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsinin sədri İmran Mirzəyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb. Seçki məntəqəsinə bülletenlər gətirilib. Məntəqə prezident seçkilərinin keçirilməsi üçün tam hazırdır.
“Tarixi günlər yaşayırıq. İşğaldan azad edilmiş ərazilərdə seçkilər keçirilməsi, seçki məntəqələrindən birinin də Xankəndi şəhərində yaradılması olduqca qürurvericidir. Xankəndili olaraq ikiqat sevinc hissi keçirirəm”, – deyə məntəqə seçki komissiyasını sədri bildirib.