Dünyada elə yer adları var ki, onlar xəritədə sadəcə yaşayış məskəni olmaqdan daha böyük məna kəsb edir. Qəddarlıq və vəhşiliyin simvoluna çevrilmiş Auşvits, Xatın, Xirosima, Naqasaki, Sonqmi, Srebrenitsa kimi coğrafi məkan və şəhər adlarına ötən əsrin 90-cı illərinin əvvəllərində daha bir ad əlavə olundu – Azərbaycanın Xocalı şəhəri.
İnanılmaz vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu amansız faciənin tarixdə analoqu yoxdur və onun dəhşətli səhnələri hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Erməni millətçilərinin işğal olunmuş torpaqlarda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri bu cür müsibət və qəddarlıqlar haqqında dünya ictimaiyyətini daha çox məlumatlandırmağa ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucovun “Xocalıda soyqırımı – Ədalət bərqərar olacaq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ermənilərin Xocalını hədəf seçməkdə məqsədi nə idi? Onlar strateji məqsədlərlə (Əsgəran – Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi və s.) yanaşı, qədim zamanlardan müasir dövrə qədər bölgənin tarixi-mədəni irsini özündə əks etdirən yaşayış məntəqəsi olan Xocalını məhv etmək istəyirdilər. Xocalı eramızdan əvvəl XVI əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin tərkib hissəsidir. Burada arxeoloji qazıntılar zamanı Son Tunc və Erkən Dəmir dövrünə aid daş kitabələr, kurqanlar və nekropollar, həmçinin dairəvi qəbir (e.ə. 1356-1357-ci illər) və məqbərə (XIV əsr) kimi memarlıq abidələri, daşdan, tuncdan, sümükdən hazırlanmış müxtəlif bəzək əşyaları, keramikadan məişət əşyaları və s. Aşkar edilib. Bu, dünya mədəniyyəti nümunəsinə qarşı erməni vandalizminin bariz nümunəsidir.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı bir gecədə dağıdılıb və yandırılıb. Bu faciə insanlığa qarşı cinayətdir. Bu, tarixi faktdır ki, erməni silahlı birləşmələri həmin dövrdə Qarabağ ərazisində yerləşdirilmiş Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi qulluqçuları ilə birlikdə Xocalıda şəhəri və onun ətraf ərazilərini tərk edə bilməyən heç kimə aman verməyiblər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında aşağıdakıları xüsusilə qeyd edib:
Belə görünür ki, müstəqil mənbələrdən əldə olunan məlumatlarda bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri ələ keçirilərkən etnik mənşəli yüzlərlə azərbaycanlı dinc sakindən qaçmaq cəhdi zamanı öldürülüb, yaralanıb və ya girov götürülüb. 1992-ci il Xocalı qətliamı öz qəddarlığına və repressiya üsullarına görə bəşəriyyət tarixində “qara səhifələrdən” biri olaraq qalır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal edərək, dinc əhaliyə qarşı amansız qırğın törədiblər. Mühasirəyə düşmüş 2500 nəfər şəhər sakini gecə saat 2 radələrində eni 100 metrdən 300 metrə qədər olan “humanitar” dəhlizlə şəhəri tərk etmək üçün Ağdam istiqamətində hərəkət edərək qaçmağa cəhd göstəriblər. Lakin onları pusquya salan erməni cəlladları yaxın məsafədən atəş açaraq silahsız insanları gülləbaran ediblər. Nəticədə 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1275 nəfər əsir götürülüb, 68-i qadın və 26-sı uşaq olmaqla 150 nəfərin taleyi hələ də məlum deyil.
Dərin panikaya düşən insanların bir hissəsi ərazidəki çayı keçə bilsələr də, əksəriyyəti islanmış vəziyyətdə mənfi temperaturda səhərə yaxın hipotermiyadan həyatlarını itiriblər. Həmin gecə donaraq ölənlərin ümumi sayını hesablamaq mümkün olmayıb. Onların əksəriyyəti statistik hesabatlara görə hələ də itkin düşmüş sayılır.
Ermənistanın Xocalıda törətdiyi qətliam beynəlxalq hüquqa ziddir və Cenevrə konvensiyalarını, İnsan Hüquqları Bəyannaməsinin (BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilib) 2-ci, 3-cü, 5-ci, 9 və 17-ci maddələrinin pozulması deməkdir.
Xocalı qətliam və vəhşilik yolu ilə Azərbaycan ərazilərinin ələ keçirilməsinin və etnik təmizləmənin növbəti mərhələsi idi. Günahsız uşaqlara, qadınlara, qocalara qarşı həyata keçirilmiş misilsiz vəhşiliklərin heç bir izahı ola bilməz. Bu, bir nəslin faciəsi deyil, həm də bəşər tarixinin ən ağır cinayətlərindən biridir.
Ermənistana və onun ordusuna uzun müddət rəhbərlik etmiş sabiq prezidentlər Robert Köçaryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan kimi şəxslər və Ermənistan hökumətinin onlarla digər rəsmi nümayəndəsi işğal olunmuş ərazilərimizdə azərbaycanlıların soyqırımı və etnik təmizlənməsində bilavasitə iştirak ediblər.
Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksək rütbəli məmurlarının Xocalı qətliamında iştirakını təsdiqləyən çoxsaylı materiallar və video sənədlər, habelə faciə şahidlərinin ifadələri mövcuddur. Cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, həmin şəxslərin bəziləri xarici mediaya verdikləri müsahibələrdə Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayət əməllərinə haqq qazandırıb və öyünüblər. Təkcə sabiq prezident Serj Sarkisyanın sözlərinə diqqət yetirmək kifayətdir. S.Sarkisyan britaniyalı jurnalist, Qarabağ münaqişəsi barədə “Qara Bağ” kitabının müəllifi Tomas de Vala müsahibəsində bildirmişdi: “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bu stereotipi bütövlüklə dağıtmaq lazım idi. Belə də oldu”.
Xocalıda inanılmaz vəhşiliklə törədilmiş soyqırımı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biridir. Həmin qırğının amansız səhnələri azərbaycanlıların qəlbində həmişə sağalmayan yara kimi qalacaq. Bu, Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı qırğın nəticəsində öz həyatları, ailələri, uşaqlığı, arzuları və gələcəyi olan günahsız azərbaycanlıların kədəridir. Qurbanların yaxınlarının bir ümumi dərdi var: bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb olunmamış və cəzasız qalıblar. İkinci Dünya müharibəsinin sonunda dinc insanlara qarşı qətliam və soyqırımları törətmiş nasistlərin əksəriyyəti Nürnberqdə beynəlxalq məhkəmə qarşısında mühakimə olundular və layiqli cəzalarını aldılar. Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi qırğınının ideoloqları və icraçıları isə müasir Ermənistan Respublikasında sərbəst şəkildə yaşayırlar.
XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalarda, ümumbəşəri qanunlarda Xocalı soyqırımı kimi faciələr dəfələrlə pislənilib, bunun qəbuledilməz olduğu bəyan edilib.
Azərbaycan Respublikası Ermənistan tərəfindən Azərbaycan ərazisində, o cümlədən Xocalıda törədilmiş hərbi cinayətlərə beynəlxalq müstəvidə siyasi və hüquqi qiymət verilməsi üçün bir çox beynəlxalq təşkilatlarda, dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə rəsmən tanıdılması istiqamətində mühüm işlər görülüb. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə və təbliğat kampaniyasının əsas məqsədi bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması, qətliamın beynəlxalq miqyasda mənəvi-siyasi tanınması, bu faciə qurbanlarının xatirəsinin yad olunmasıdır. Bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilib. Dünya ölkələri arasında Pakistan, Meksika və Kolumbiya Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb. Çexiya, ABŞ-ın Qərbi Virciniya, Pensilvaniya, Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi və Konnektikut ştatlarının qanunverici orqanları Xocalı soyqırımına dair müvafiq qətnamələr qəbul ediblər.
Göstərilən səylər nəticəsində 10-dan çox ölkə, o cümlədən ABŞ-ın 20 ştatı bu qətliamı tanıyıb və pisləyib.
Xocalı soyqırımının törədilməsində 38 nəfərin – 366-cı motoatıcı alayın hərbi qulluqçularının və digər şəxslərin iştirakı sübuta yetirilib. Məhkəmənin hökmü ilə onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri, o cümlədən 103-cü (soyqırımı), 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncələr), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə məsuliyyətə cəlb edilməsi tələb edilib. Onların beynəlxalq axtarışa verilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna təqdim olunub.
Xocalı soyqırımı ilə bağlı aparılan istintaq zamanı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 800-dən çox ekspertiza həyata keçirilib. Rusiya, Qazaxıstan və Özbəkistanın prokurorluqlarına bir sıra məsələlər, o cümlədən 366-cı motoatıcı alayın ermənilər tərəfindən ələ keçirilən hərbi texnikası, həmin hərbi texnikalarla atəşə tutulan Azərbaycanın yaşayış məntəqələri barədə məlumatlarla əlaqədar müraciətlər edilib.
Cinayətin törədilməsində 366-cı alayın 2-ci taborunun komandiri mayor Seyran Ohanyan (sonralar 2016-cı ilin oktyabr ayınadək Ermənistan Respublikasının müdafiə naziri), 3-cü taborun komandiri Yevgeni Nabokix və başqalarının iştirakına dair sübutların toplanması üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli qətliamın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra açılıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tarix boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımları yad etmək məqsədilə 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Sərəncam imzalayıb.
Ümummilli lider Heydər Əliyev 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu soyqırımın tarixi və siyasi əhəmiyyətini vurğulamışdı: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Bu soyqırımını törədənlərin ifşası və bu cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya qoyulub. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq ictimaiyyətin məlumatlandırılması və soyqırımın obyektiv tanınmasının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Bu baxımdan Heydər Əliyev Fondunun, xüsusilə onun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri təqdirəlayiqdir. Fond Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində sistemli və davamlı iş aparır.
2007-ci il fevralın 26-da Brüsseldə Heydər Əliyev Fondu tərəfindən açılmış “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsm sərgisi Xocalı hadisələrinin arxasında duran həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində aparılan işlərdən biri olub. Bu məqsədlə Fond həmin ili fevralın 19-26-da “Xocalı həftəsi” tədbirlər proqramı çərçivəsində İstanbulda və Türkiyənin 25 vilayətində anım mərasimləri keçirib. 2008-ci il fevralın 14-də Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” mövzusunda keçirilən elmi konfrans bu baxımdan mühüm əhəmiyyət kəsb edib.
2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən çox şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub. Bu anım tədbirləri Fondun hazırladığı maarifləndirmə materialı əsasında keçirilib. 2008-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasına dair təşəbbüs irəli sürülüb. 2009-cu ilin fevralında həmin təşəbbüsün icrasına start verilib. Forum vasitəsilə Xocalı faciəsinin arxasında duran həqiqətin təbliği istiqamətində silsilə tədbirlər təşkil edilib. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə və təbliğat kampaniyasının əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bu qətliamın beynəlxalq miqyasda mənəvi-siyasi tanınmasını təmin etmək və bu faciə qurbanlarının xatirəsini yad etmək olub. Bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilib. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
2009-cu ilin iyulunda İƏT Gənclər Forumu ilə ISESCO arasında Xocalı faciəsi ilə bağlı məlumatların İƏT-ə üzv ölkələrin tarix dərsliklərinə daxil edilməsi haqqında saziş imzalanıb. 2010-cu il yanvarın 31-də Uqandanın paytaxtı Kampalada İƏT-ə üzv dövlətlərin Parlament Birliyinin 6-cı sessiyasında “İƏT Gənclər Forumu ilə İƏT-ə üzv dövlətlərin Parlament Birliyi arasında əməkdaşlıq haqqında Qətnamə” imzalanıb. 51 ölkədən parlament nümayəndə heyətlərinin rəhbərlərinin iştirak etdikləri tədbirdə imzalanan qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Qətnamədə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə hərtərəfli dəstək verməyə çağıran bənd əksini tapıb. Bu, Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk beynəlxalq sənəd olub.
2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında İƏT-ə üzv dövlətlərin Parlament Birliyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməklə Əbu-Dabi Bəyannaməsini qəbul edib və Xocalı faciəsinin “İnsanlığa qarşı kütləvi cinayət” kimi tanınmasını tələb edib.
Qətnamədə deyilir: “Konfrans… üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Bu, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsidir. Qeyd edək ki, bu qətnamə Xocalı faciəsinin “soyqırımı” adlandırıldığı ilk beynəlxalq sənəd olub. İƏT-ə üzv dövlətlərin Parlament Birliyinin dünya parlamentlərinin dörddə birini təşkil etdiyini və ən böyük beynəlxalq parlamentlərarası birliklərdən biri olduğunu nəzərə alsaq, bu qətnamə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir və erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsi kimi bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasında mühüm rol oynayır.
Pakistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komitəsi 2013-cü il fevralın 2-də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi soyqırımını pisləyən qətnamə qəbul edib. Qətnamədə Xocalı qətliamı soyqırımı və insanlığa qarşı cinayət aktı kimi tanınıb və günahkarların müvafiq beynəlxalq sənədlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilib.
2013-cü il fevralın 6-7-də dövlət və hökumət başçılarının iştirakı ilə Qahirədə keçirilən İƏT-in ali orqanı olan 12-ci İslam Zirvə konfransı Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıyıb. İslam Əməkdaşlıq Təşkilatının 57 dövlətdən ibarət Xarici İşlər Nazirləri Şurası 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində keçirilən 40-cı sessiyasında Xocalı faciəsini bir daha soyqırımı aktı kimi tanıyıb.
2014-cü il fevralın 18-19-da Tehranda İƏT-ə üzv dövlətlərin Parlament Birliyinin 9-cu sessiyası keçirilib. İclasda 53 üzv dövlətin parlament nümayəndələri iştirak ediblər. Şura “İƏT üzv dövlətlərin Parlament Birliyi ilə İƏT Gənclər Forumu arasında əməkdaşlıq” adlı qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi bir daha “soyqırımı aktı və insanlığa qarşı cinayət” adlandırılıb. 2015-ci il mayın 27-28-də İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini bir daha soyqırımı aktı kimi tanıyıb. Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun nümayəndə heyəti üzv dövlətləri və İƏT təsisatlarını “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etməyə çağıran xüsusi qətnamə təqdim edib.
İƏT üzv dövlətlərin Parlament Birliyi 2016-cı il yanvarın 25-də keçirilən 11-ci konfransında Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıyan “İslam Konfransı Gənclər Forumu ilə İBİK arasında əməkdaşlıq” adlı qətnamə qəbul edib. Qətnamədə həmçinin İƏT-ə üzv ölkələrin parlamentlərini Xocalı qətliamını törədənləri qanunun bütün aliliyi ilə məsuliyyətə cəlb etmək üçün lazımi addımlar atmağa çağırıb.
Kampaniyanın qarşıya qoyduğu məqsədləri reallaşdırmaq üçün İslam Konfransı Gənclər Forumu indiyədək geniş iş aparıb. Xocalı soyqırımının beynəlxalq aləmdə hüquqi, siyasi və mənəvi tanınmasına nail olmaq üçün İƏT Gənclər Forumu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasının təmin edilməsini özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Son illərdə görülən işlərin nəticəsidir ki, Xocalı faciəsi İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən təşkilatın ali orqanı olan dövlət başçılarının Zirvə konfransında soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Xocalı faciəsinin soyqırımı kimi tanınması istiqamətində aparılan işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümləri ilə bağlı Rusiya, Almaniya, ABŞ, Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və bir sıra digər ölkələrdə genişmiqyaslı tədbirlər təşkil olunub.
2005-2007-ci illərdə Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı geniş müzakirə olunub. 2011-ci il fevralın 19-26-da Türkiyənin müxtəlif şəhərlərində “Xocalı həftəsi” tədbirlər proqramı çərçivəsində bir sıra anım mərasimləri və kampaniyalar təşkil edilib. Bu cür tədbirlər dünyanın bir sıra şəhərlərində hər il keçirilməyə davam edir və daha da intensiv xarakter alır.
ABŞ-da Xocalı soyqırımının tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılıb. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı qətliamını tanıyan qətnamə qəbul edib. 2011-ci il iyunun 11-də Texas ştatı Xocalı qətliamının qurbanlarının tanınması və yad edilməsi haqqında qətnamə qəbul edib. Nümayəndələr Palatasının qəbul etdiyi HR 535 saylı qətnamədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi qətliam pislənib.
Bu prosesin davamı olaraq 2012-ci il fevralın 22-də Nyu-Cersi və Corciya ştatları Xocalı qətliamı ilə bağlı qətnamələr qəbul ediblər. Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi 1594 saylı qətnamə Azərbaycan və türk diasporlarının genişmiqyaslı səylərinin nəticəsidir. 2012-ci il martın 23-də Men Ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı qərar qəbul edib.
2013-cü ildən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması sürətlənib. Belə ki, yanvarın 28-də Nyu Meksiko ştatının Senatı, daha sonra isə Nümayəndələr Palatası Xocalı qətliamını tanıyan qətnamələr qəbul edib. Bunun ardınca Arkanzas ştatının Nümayəndələr Palatası və Senatı müvafiq olaraq fevralın 8-də və 11-də, Missisipi ştatı isə fevralın 25-də Xocalı qətliamı ilə bağlı qətnamələr qəbul edib. Martın 4-də Oklahoma ştatı, martın 8-də İndiana ştatı, 18-də Pensilvaniya Baş Assambleyası və Tennessi ştatının Nümayəndələr Palatası, aprelin 3-də Qərbi Virciniya ştatının Nümayəndələr Palatası müvafiq qətnamələr qəbul ediblər. Mayın 3-də Konnektikut Baş Assambleyası Xocalı qətliamını tanıyıb.
2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palatası) Xocalı qətliamını tanıyan qətnamə qəbul edib. Daha sonra martda Yuta qubernatoru Xocalı qətliamını tanıyan qətnamə imzalayıb. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatları Xocalı qətliamını tanıyan xüsusi bəyannamə imzalayıblar. Beləliklə, Xocalı qətliamını pisləyən və tanıyan ABŞ ştatlarının sayı 21-ə çatıb.
2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını və Xocalıda törədilən qətliamı kəskin şəkildə pisləyən qətnamə qəbul edib.
Kolumbiya Meksikadan sonra Xocalı soyqırımını tanıyan ikinci Latın Amerikası ölkəsi olub. Bu ölkənin Senatı 2012-ci il aprelin 23-də müvafiq qətnamə qəbul edib.
2012-ci il iyunun 13-də Peru parlamenti, iyulun 30-da Kolumbiya Konqresinin Nümayəndələr Palatası Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib.
Avqustun 13-də Panama Milli Assambleyası “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı haqqında” 4 saylı qətnamə qəbul edib. Qətnamədə təcavüzkarın Xocalıda törətdiyi qətliam qəti şəkildə pislənilib, Ermənistandan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək tələb olunub.
2014-cü il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan torpaqlarının işğalını və Xocalı soyqırımını tanıyan 333-2013 saylı qətnamə qəbul edib. Bu qətnamə Milli Konqresin prezidenti və katibləri tərəfindən təsdiqlənib.
2014-cü il sentyabrın 1-də Sudan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsi 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı və insanlığa qarşı cinayət aktı kimi tanıyan qətnamə qəbul edib. Qətnamədə Xocalı qurbanlarının və onların yaxınlarının onlara dəyən maddi və mənəvi zərərə görə ədalətli və əsaslı təzminat almaq hüquqları tanınıb.
Xocalı soyqırımının dünya miqyasında tanınmasının təmin edilməsi istiqamətində işlər Avropa ölkələrinin parlamentlərində məsələ qaldırılmaqla və siyasi sənədlər qəbul olunmaqla davam etdirilib. 2013-cü il fevralın 12-də Rumıniya Demokratik Liberal Partiyasının qrupu “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat təqdim edib. Parlamentin iclasında deputat Luçian Militaru bəyanatın mətnini oxuyarkən xüsusi vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc sakinləri vəhşicəsinə qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanınmalıdır.
Çexiya Ermənistanı Xocalıda dinc sakinlərin qətlinə görə rəsmən qınayan və bu hadisələri insanlığa qarşı cinayət kimi tanıyan ilk Avropa İttifaqı ölkəsi olub. 2013-cü il fevralın 7-də Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi 21 il əvvəl işğal olunmuş Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsini pisləyən qətnaməni yekdilliklə qəbul edib. Bu qətnamədə Çexiya bir daha Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi rəsmən tanıyıb. Ermənistanı bu ərazini işğal etməkdə və Xocalıda ən dəhşətli cinayəti törətməkdə ittiham olunub.
2013-cü il fevralın 26-da Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatası (yuxarı palata) “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi haqqında” qətnaməni böyük səs çoxluğu ilə qəbul edib, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımı pisləyib. 2015-ci il yanvarın 29-da İsrail Prezidenti Reuven Rivlin Holokost Qurbanlarının Xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş BMT Baş Assambleyasında çıxışı zamanı Xocalı soyqırımını digər soyqırımı və qırğınlarla yanaşı xatırladıb.
2013-cü il iyulun 4-də Moldova parlamentinin deputatı və ombudsman Aureliya Qriqoriu Xocalı soyqırımını tanımağa çağırıb, “Xocalıda soyqırımı törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatdığını” qeyd edib. 2016-cı ildə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Dumaya ünvanladığı açıq məktubda qeyd edib: “Əgər Xocalıya bənzər faciələr unudulsa, bu, yeni bəlalara gətirib çıxara bilər”.
2016-cı ildə İtaliya Senatının Avropa İttifaqı Siyasəti Komissiyasının üzvü, Demokratik partiyasından olan senator Paolo Paleotti Senatın ümumi iclasında Xocalı soyqırımını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi adlandırıb.
2017-ci ildə İndoneziyalı deputat Meutya Viada Hafid “Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırımı olduğunu” qeyd edib. Həmin il Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və deputat Maksim Kuryaçiy Xocalı faciəsini törədənlərin cəzalandırılmalı olduğunu bəyan edib.
Xocalı soyqırımının 30 illiyi ərəfəsində Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya daxil olan məktubda Xocalı soyqırımının tanınması məsələsi qaldırılıb. “Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək”, – deyə müraciətdə bildirilib.
Müraciətlə əlaqədar Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədrinin müavini, Ali Radanın deputatı Lyudmila Marçenko deputat səlahiyyətlərindən istifadə edərək, xarici işlər naziri Dmitri Kulebadan soyqırımının tanınması proseduruna başlamağı xahiş edib.
Böyük Britaniya hökuməti də faciənin 30-cu ildönümü ərəfəsində Xocalı soyqırımına münasibət bildirib. Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman bununla bağlı hökumətə yazılı sorğu ünvanlayıb.
Hökumətin mövqeyini xarici işlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris açıqlayıb. Blekmenin sualına cavab olaraq dövlət naziri Xocalı soyqırımını Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi qiymətləndirib. O, Xocalı soyqırımının törədildiyi vaxt hakimiyyətdə olan Böyük Britaniya hökumətinin bu qətliamı qətiyyətlə pislədiyini xatırladıb. Dövlət naziri bu cür faciələrin gələcəkdə təkrarlanmasının yolverilməz olduğunu vurğulayıb.
Beləliklə, Xocalı soyqırımının təbliği və tanıdılması istiqamətində görülən işlər öz bariz nəticələrini verməkdədir və bu proses getdikcə sürətlənməkdədir. Bu, şübhəsiz ki, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm əhəmiyyət kəsb edir.
Tarixin bütün mərhələlərində ermənilərin işğalçılıq siyasəti kütləvi siyasi qətliamlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən çox azərbaycanlı həlak olub, 100 mindən çox insan yaralanıb, 50 min nəfər əlil olub. Dövlət terrorizmi və soyqırımı siyasətini həyata keçirən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı metrosunda, hava nəqliyyatında, sərnişin bərəsində, yaşayış massivlərində, mülki və ictimai obyektlərdə) 373 terror aktı həyata keçirilib. Bu terror aktları nəticəsində 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.
Qeyd olunan faktlar Ermənistanın işğalçılıq siyasətini göstərir. Ermənistanın cinayətkar siyasətinin davamlılığına dəlalət edən faktlardan biri də ondan ibarətdir ki, təkcə XX əsrdə erməni millətçiləri azərbaycanlılara qarşı dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1999-cu illərdə soyqırımı və etnik təmizləmə həyata keçiriblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülhə və insanlığa qarşı aktdır və ən ağır cinayət hesab olunur. 1948-ci il dekabrın 9-da BMT Baş Assambleyası “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 260 (III) saylı qətnamə qəbul edib. 1961-ci ildə qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya soyqırımı cinayətinin hüquqi tərəflərini müəyyən edib. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etməklə bu konvensiyanın bütün bəndlərini pozub.
Dövlətimizin başçısı İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşündə Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu və bu cinayəti Ermənistan dövlətinin törətdiyini, lakin İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında Xocalı qurbanlarının da qisasını aldığını bildirib.
Prezident İlham Əliyevin 2022-ci il yanvarın 28-də imzaladığı Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncamda qeyd olunub ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.
Həmçinin Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlamaq və onun həyata keçirilməsini təmin etmək tapşırılıb.
Göründüyü kimi, Xocalı soyqırımının tanıdılması istiqamətində indiyədək mühüm işlər görülüb, ciddi nəticələr əldə edilib. Bu cür tədbirlərin bundan sonra da davam etdirilməsinə ehtiyac var və şübhəsiz ki, davam etdiriləcək. İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı parlaq Qələbə Xocalı soyqırımının bundan sonra da tanıdılması üçün əlverişli şərait və əlavə imkanlar yaradıb. Artıq qalib ölkə imici formalaşdırmaqla beynəlxalq müstəvidə diktə etmək imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış Azərbaycan Respublikası və xalqı öz haqq mövqeyini, o cümlədən ermənilərin 30 il əvvəl Xocalıda törətmiş olduqları vəhşilik və soyqırımı əməllərinin tanıdılmasını daha rahat və daha uğurla davam etdirmək imkanı əldə edib. Azərbaycanlılara qarşı misilsiz qəddarlıqlar törətmiş Erməni vandallarının beynəlxalq hüquqi vasitələrdən istifadə edilməklə cəzalandırılması üçün imkanlar yaranıb. İndiyədək əldə olunanlara əsaslanmaqla bu imkanlardan maksimum istifadə olunarsa, haqq-ədalət öz yerini tapacaq. Bu, hər bir ədalət tərəfdarının, o cümlədən erməni vəhşiliklərindən zərər çəkmiş Xocalı sakinlərinin ən böyük arzusudur.