AŞPA müstəqil ekspertlər qrupunun məruzəsində müəyyən edilmiş meyarlara əsaslanaraq, 24 yanvar 2002-ci ildə “Azərbaycanda siyasi məhbuslar” adlı 1272 saylı Qətnamə qəbul etdi. Qətnamədə Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən iddia edilən siyasi məhbuslar siyahısına daxil edilmiş bir sıra fərdi məhkəmə işləri (İsgəndər Həmidov, Əlikram Hümbətov, Rəhim Qaziyev və digərləri) hər hansı meyar və ya tərif olmadan müzakirə edilmişdi. Qətnamədə “siyasi məhbus” anlayışı ilə bağlı heç bir meyar öz əksini tapmamışdı. Müstəqil ekspertlər qrupunun hazırladığı məruzə Ermənistan və Azərbaycanda siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirsə də, AŞPA-nın qəbul etdiyi 1272(2002) saylı Qətnamə yalnız Azərbaycana aid idi. Ermənistanda siyasi məhbuslarla bağlı nə əvvəl, nə də sonradan heç bir Qətnamə qəbul edilmədi.
Assambleyanın 2003-cü il iyun sessiyasında AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, belçikalı deputat Corc Klerfayt Azərbaycanda siyasi məhbuslar məsələsi barədə məruzə ilə çıxış etdi. Corc Klerfayt məruzədə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdi, Avropa Şurasına üzv qəbul edildiyi vaxt “siyasi məhbus” problemi ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirdi və müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsləri “siyasi məhbus” kimi qələmə verdi.
Qeyd edim ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olması ilə bağlı 16 yanvar 2001-ci ildə amnistiya akü qəbul edilmişdi. Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə yerlərindən təqribən 2300 şəxsin azadlığa buraxılmasını, 800 şəxsin cəzasının yarıya endirilməsini, 4400 şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan azad edilməsini, istintaq orqanları və məhkəmələr tərəfindən 1300 şəxs barəsində cinayət təqibinə xitam verilməsini çoxları xatırlayır. Bundan əlavə, Azərbaycan Prezidenti 17 iyun 2003-cü il tarixli əfv fərmanı imzalamışdı. Bu fərmanla 106 məhbus azad olunmuşdu və hüquq-müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanınan məhkumların böyük əksəriyyəti azad olunanlar sırasında idi. Ümumiyyətlə, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra bəzi qeyri-hökumət təşkilatlarının siyasi məhbus hesab etdiyi 716 məhbusdan 527 nəfəri azadlığa buraxılmışdı. Lakin Klerfaytın hazırladığı məruzədə bu faktlar öz əksini tapmamışdı.
Azərbaycan nümayəndə heyəti gündəliyə salınmış “siyasi məhbus” haqqında məruzənin ziddiyyətli olduğunu və seçkiqabağı vəziyyətə təsir etmək məqsədi güddüyünü bildirdi. Müzakirələr zamanı çıxış edən deputatların əksəriyyəti Klerfaytın məruzəsinin qərəzli və səthi xarakter daşıdığını, müstəqil ekspertlərin meyarlarına uyğun gəlmədiyini, ekspertlər qrupunun rəyi ilə məruzəçinin mövqeyinin ziddiyyət təşkil etdiyini vurğuladılar. Nəhayət, AŞPA Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı məruzəni ziddiyyətli sayaraq, yenidən işlənilməsi üçün komitəyə qaytarılması barədə qərar qəbul etdi.
AŞPA 2004-cü ildə Azərbaycanda siyasi məhbuslarla bağlı ikinci qətnamə qəbul etdi. Bəzi QHT-lərin Azərbaycan AŞ-na bərabərhüquqlu üzv qəbul edilməsi ərəfəsində təqdim etdikləri siyasi məhbus olmaları iddia edilən şəxslərin siyahısı 1 yanvar 2001-ci ilədək olan məhkəmə işlərini əhatə edirdi. Avropa İnsan Hüquqları Konvensiyası 15 aprel 2002-ci ildə Azərbaycanda qüvvəyə mindi və bu vaxtdan ölkə əhalisi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ əldə etdi. QHT-lər 1 yanvar 2001-ci ildən 15 aprel 2002-ci ilədək siyasi məhbus olmaları iddia edilən bəzi məhbuslardan ibarət siyahı təqdim etmişdilər. Bu məhbusların adları Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilməsi ərəfəsində tərtib edilmiş siyahıya daxil edilməmişdi. Odur ki, həmin məhbusların hansı meyarlar əsasında siyasi məhbus olub-olmamalarının müəyyən edilməsi açıq qalırdı. Bu boşluğu aradan qaldırmaq üçün AŞPA-nın 1359 (2004) saylı Qətnaməsində müstəqil ekspertlərin hazırlamış olduğu meyarların 1 yanvar 2001-ci ildən 15 aprel 2002-ci il tarixinədək mühakimə edilmiş məhbuslara şamil edilməsi üçün qüvvədə olması təsdiqləndi. Qeyd edim ki, 1359 (2004) saylı Qətnamədə, 1272 (2002) saylı Qətnamədə olduğu kimi, heç bir meyar təqdim edilməmişdi.
Azərbaycanda siyasi məhbus məsələsinin AŞPA-da növbəti müzakirəsi 2005-ci ilin iyun ayında keçirildi. Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçi Malkolm Bryusun məruzəsinin ətraflı müzakirəsindən sonra bu məsələ bir qədər səngidi. Malkolm Bryus Azərbaycanda siyasi məhbus probleminin mövcud olmadığı qənaətinə gəlib, məruzəçi postundan istefa verdi. Bununla da süni surətdə yaradılmış bu mövzu ilə əlaqədar Azərbaycan üzrə yeni məruzəçi təyin olunmasına ehtiyac qalmadı.
Azərbaycan hakimiyyəti isə siyasi məhbus problemi üzrə məruzəçi postunun ləğv edilməsinə baxmayaraq, bu məsələnin hüquqi vasitələrlə həll edilməsinə və tam bağlanmasına nail olmağa çalışırdı və bu məqsədlə 11 iyun 2005-ci ildə İşçi Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdi. Qrupda hakimiyyət nümayəndələri və hüquq müdafiəçiləri təmsil edilirdilər. Həmin İşçi Qrupu fəaliyyətini sonradan İnsan Hüquqları üzrə İşçi Qrupu kimi davam etdirdi.
Azərbaycanda 2003-cü ilin sonlarından 2011-ci ilin fevral ayınadək 1 amnistiya aktı qəbul edilmişdi və 16 əfv fərmanı imzalanmışdı. Bu qərarlar 10 minə qədər məhbusa şamil edilmişdi. Bu müddət ərzində siyasi məhbus olmaları iddia edilən bir çox məhbusun işinə məhkəmələrdə yenidən baxılmışdı və onlar azadlığa buraxılmışdılar. Ümumiyyətlə, qeyd edilən hüquqi vasitələrdən istifadə etməklə siyasi məhbus olmaları iddia edilən çoxsaylı məhbuslar azadlığa buraxıldılar. Bununla yanaşı, bu və ya digər cinayət işlərinə baxarkən hakimlər tərəfindən törədilmiş hüquq pozuntularının, o cümlədən yeni “siyasi məhbus” kimi qiymətləndirilə biləcək məhbusların meydana gəlməsinin qarşısını almaq məqsədilə Məhkəmə-Hüquq Şurasında mütəmadi olaraq hakimlərin fəaliyyəti haqqında müzakirələr aparılırdı. Şuranın tövsiyələri əsasında 2011-ci ilədək 100-dən çox hakim müxtəlif cəzalara məruz qalmışdı, 30-dan çox hakimin fəaliyyətini davam etdirməsi tövsiyə edilməmişdi, 10-dan artıq hakimin fəaliyyəti isə vaxtından əvvəl dayandırılmışdı.
Bundan əlavə, Azərbaycanda dünyanın 30 ölkəsindən 70-ə qədər ekspertin, o cümlədən AŞPA, ATƏT PA, Avropa Parlamentinin və BMT-nin müxtlif strukturlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfranslar keçirilmişdi: 2005-ci ildə “siyasi məhbus” problemi və 2008-ci ildə isə “Azərbaycanda siyasi hüquqların müdafiəsi – yeni meyarlar” mövzusunda. Bu beynəlxalq konfransların qətnamə və bəyanatlarında “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin təyin olunmaması, heç bir beynəlxalq sənəddə, o cümlədən Avropa Şurasının ümumtanınmış rəsmi sənədlərində öz əksini tapmaması, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında bu anlayışdan istifadə edilməməsi vurğulanmışdı. Çoxsaylı beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış həmin qətnamə və bəyanatların AŞPA-ya təqdim edilməsinə baxmayaraq, bu sənədlərə Avropa Şurası heç bir reaksiya verməmişdi.
Lakin mütəmadi olaraq ölkədə prezident və parlament seçkiləri, AŞPA-nın növbəti sessiyaları ərəfəsində qondarma “siyasi məhbus” problemi süni şəkildə müzakirə mövzusuna çevrilirdi və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bəzi dairələr tərəfindən genişmiqyaslı və qərəzli kampaniya formasında Azərbaycana qarşı siyasi təsir vasitəsi kimi istifadə edilirdi. Bu qeyri-obyektiv xarakterli kampaniyaların qarşısını almaq və problemin əsl mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən bir çox QHT, o cümlədən öz sıralarında 70-dən çox QHT-ni birləşdirən “Siyasi məhbus problemləri üzrə Şura” təcrübəli ekspertlər qrupu formalaşdırmışdı. Ekspertlər qrupu Avropa Şurası tərəfindən “siyasi məhbus” kimi tanınmış 100-dən artıq məhbusun cinayət işlərini araşdırmışdı. Və bu şəxslərin “siyasi məhbus” kimi tanınmalarının heç bir hüquqi əsasının olmaması barədə birmənalı nəticəyə gəlmişdi. Hətta “siyasi məhbus” kimi tanınanlar arasında uşaq oğurluğu və terrorçuluq, dövlət çevrilişi cəhdləri və digər zorakı cinayətkar əməllər törətmiş insanların olduğunu aşkar etmişdi. Həmin QHT-lərin rəhbərləri aşkarladıqları faktlarla bağlı AŞ rəhbərliyini məlumatlandırmış, Avropa Şurası deputatları ilə ikitərəfli və çoxtərəfli görüşlər zamanı bu faktları onların diqqətinə çatdırmışdılar.
Bununla bərabər, həmin təşkilatlar ardıcıl olaraq bəyanatlarla AŞ rəhbərliyi və deputatlarına müraciət edirdilər. Bu bəyanatlarda vurğulanırdı ki, hər hansı bir siyasi partiya və hərəkat üzvü olmasından və ya yüksək səviyyəli dövlət məmuru olmasından asılı olmayaraq, hər kəs törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməlidir və bu məsələyə siyasi don geyindirmək demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətin formalaşmasının başlıca amili olan hüququn aliliyi prinsipinə ziddir. Törədilmiş bir neçə cinayət əməllərinin təhqiqatı və ya məhkəmə prosesləri zamanı müstəntiq və ya hakimlər tərəfindən buraxılmış səhvlər həmin cinayətkarların “siyasi məhbus” kimi tanınmasına əsas vermir. Bu məsələlər siyasi deyil, hüquqi müstəvidə həllini tapmalıdır. Əgər kimsə milli məhkəmə-hüquq sistemində qəbul edilmiş qərarlardan razı deyilsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bu bəyanatlarda daha nələr vurğulanmışdı? Heç bir ümumqəbul edilmiş hüquqi meyar və beynəlxalq-hüquqi sənəd olmadan ayrı-seçkiliyə yol verərək, 47 üzv dövlətdən yalnız Azərbaycana qarşı siyasi məhbus probleminin olmasını iddia etmək və Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsi beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir və bundan əlavə, nə ümumavropa dəyərlərinə, nə də Avropa Şurasının prinsiplərinə uyğun deyil, bu, beynəlxalq qurumun öz nüfuzuna böyük zərbədir.
Azərbaycan Avropa Şurası çərçivəsində siyasi məhbus probleminin obyektiv və qərəzsiz şəkildə öz həllini tapması məsələsində də ənənələrinə sadiq qalıb. Azərbaycan nümayəndə heyəti və Azərbaycan hökuməti Avropa Şurasına üzv olduğu müddət ərzində ardıcıl olaraq siyasi məhbus meyarlarını özündə əks etdirən hüquqi sənədin olmadığını bildirib. Azərbaycan tərəfi AŞ-dan tələb edir ki, nə qədər hüquqi sənəd yoxdur, meyarlar müəyyənləşməyib, bu məsələnin aydınlaşdırılması, araşdırılması qeyri-mümkündür. Avropa Şurası isə həmişə bu sahədə Azərbaycana qarşı ikili standartlı və qeyri-obyektiv mövqedə olub, quruma üzv olan 47 ölkədən yalnız Azərbaycana məruzəçi təyin edir, onu bu işdə günahlandırır və tələblərinə məhəl qoymurdu.