1.3. Xüsusi məruzəçi Kristof Ştrasser Azərbaycanla əməkdaşlıq yox, “müharibə” yolunu seçir

Azərbaycan ilə Avropa Şurası arasında konstruktiv davamlı əməkdaşlıqda maraqlı olmayan qüvvələr qondarma “Azərbaycanda siyasi məhbus problemini” vaxtaşırı AŞPA-nın Hüquq Məsələləri Komitəsində gündəmə gətirməyə çalışırdılar. Nəhayət, Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli mövqe tutan, həmişə dddi problemlər axtarmağa cəhd göstərən bir qrup deputatın səyləri nəticəsində bu problem 2008-ci ildə yenidən gündəmə gətirildi. Lakin əsasən Qərbi Avropa ölkələrini təmsil edən bir qrup deputat meyarlar olmadan siyasi məhbusları müəyyənləşdirməyin qeyri-mümkünlüyünü bildirilən sənəd imzalayıb, Büroya təqdim etdilər. Sənəd Büroya, Hüquq Məsələləri Komitəsinə, oradan yenidən Büroya, sonra yenidən Komitəyə göndərilmişdi.

Hüquq Məsələləri Komitəsində bu sənədlərə həmişə qeyri-obyektiv yanaşıblar. Komitədə 1272 (2002) və 1359 (2004) saylı Qətnamələrə istinad edib, siyasi məhbusların müəyyənləşdirilməsi üçün meyarların olduğunu bildirirdilər. Yuxarıda qeyd etdiyim kimi, bu qətnamələrdə heç bir meyar göstərilməmişdi. Odur ki, bu sənədlərə istinad etmək qətiyyən düzgün deyildi. Bu, yanlış məlumat idi.

Nəhayət, 2008-ci ildə Hüquq Məsələləri Komitəsi “siyasi məhbus” anlayışının beynəlxalq hüquqda təyin olunmamasını, Avropa Şurasının rəsmi sənədlərində öz əksini tapmamasını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında bu anlayışdan istifadə edilməməsini nəzərə aldı və “Azərbaycanda siyasi məhbus problemi” kimi iddiaların hüquqi əsaslarının olmadığı və Avropa Şurasında “siyasi məhbus” məsələsi ilə bağlı bütün üzv dövlətlərə şamil edilə biləcək müvafiq sənədin və meyarların işlənib hazırlanaraq qəbul edilməsinin vacibliyi qənaətinə gəldi. Bu məqsədlə AŞPA Bürosu qərar qəbul etdi. Qərar 2009- cu ildə Avropa Şurası çərçivəsində “siyasi məhbus” anlayışının meyarlarının işlənib hazırlanması və bu məsələ ilə bağlı müvafiq sənədin qəbul edilməsinə qədər üzv ölkələrə siyasi məhbus problemi üzrə təyin edilmiş məruzəçilərin fəaliyyətinin dayandırılma­sı barədə idi.

Təəssüf ki, Hüquq Məsələləri Komitəsində qondarma “siyasi məhbus” problemi 2009-cu ilin əvvəllərində yenidən gündəmə gətirildi. Komitənin 24 mart 2009-cu il tarixli iclasında Büronun qeyd edilən qərarına baxmayaraq, Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsi barədə qərar qəbul edildi. Komitənin qərarına əsasən, almaniyalı deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbus problemi üzrə xüsu­si məruzəçi təyin edildi. Hüquq Məsələləri Komitəsi 16 dekabr 2009-cu ildə keçirilən iclasında “siyasi məhbus” anlayışının meyarlarının işlənib hazırlanması üzrə mandatı da Kristof Ştrasserə həvalə etdi. Üstəlik, qeyd edilən hər iki məruzənin birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşdü.

Beləliklə, Hüquq Məsələləri Komitəsinin qərarları əsasında Kristof Ştrasserə xüsusi məruzəçi kimi iki mandat həvalə edildi: birinci mandat – Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçi; ikinci mandat – siyasi məhbusların müəyyənləşdirilməsi üçün meyarların hazırlanması. Başqa sözlə, K. Ştrasserə özünün hazırlayacağı meyarlar əsasında Azərbaycanda siyasi məhbuslar haqqında məruzə hazırlamaq tapşırıldı. Bu, AŞPA-da siyasi məhbus problemi ətrafında keyfiyyətcə yeni mərhələnin – kəskin və əsassız, qərəzli ittihamlarla dolu mərhələnin başlanğıcı idi.

Ştrasser Azərbaycana səfər etmədən, ölkədəki vəziyyətlə tanış olmadan “Azərbaycanda siyasi məhbuslar məsələsinin izlənilməsi və siyasi məhbusların müəyyənləşdirilməsi” adlı memorandum hazırlayıb 17 iyun 2010-cu il tarixində Hüquq Məsələləri Komitəsinə təqdim etdi (AS/Jur (2010) 28).

Memorandum özündə 22 bəndi birləşdirən 4 hissədən və əlavədən ibarət idi. Memorandumun 1-ci bəndində (Giriş) müəllif öz məqsədinin müvafiq olaraq 24 mart və 16 dekabr 2009-cu il tarixlərində məruzəçi kimi təyin edildiyi iki mandatın icrasına başlamaqdan ibarət olduğunu açıqlayırdı. Qeyd edirdi ki, “Azərbaycanda siyasi məhbuslar probleminin uzun və ağrılı tarixinin xülasəsini” verəcək. O, daha sonra “siyasi məhbuslar üçün münasib və tanınan anlayışın artıq mövcud olduğunu” xatırladacağını və bu əsasla “Azərbaycanda iddia edilən siyasi məhbusların xeyrinə” fəaliyyətini planlı şəkildə qurmaqla məruzəni bitirəcəyini yazırdı. Ştrasser memorandumda Komitədən iki mandatın birləşdirilməsinə razılıq verməsini və bu barədə Büronu məlumatlandırmasını, həmçinin “Azərbaycanda icra edilməli iş üçün əsas kimi ekspertlərin təqdim etdikləri formada anlayışın müəyyənləşdirilməsini bir daha təsdiq etməsini” xahiş edəcəyini bildirirdi. Göründüyü kimi, Ştrasser hazırladığı məruzənin 1-ci bəndində öz niyyətlərini çılpaqlığı ilə ortaya qoymuşdu. De-fakto məruzənin sonunda istəyəcəyi nəticələri açıqla­mışdı.

Başqa sözlə, Ştrasser Avropa Şurasının müstəqil ekspertlərinin məruzəsinin 3-cü bəndində “siyasi məhbus” anlayışına ümumi tərifin verilməsi ilə bağlı yazdıqları “hər şey tərifin xidmət etməli olduğu funksiyadan asılıdır” ifadəsi əsasında fəaliyyət göstərəcəyini təsdiq edirdi. Bu ifadənin mahiyyəti ilə bağlı nəyi qeyd etmək olar? Ştrasser məruzəni konkret məqsədlərə xidmət edən, əvvəlcədən düşünülmüş alqoritm əsasında hazırlayacağını bildirirdi. Ştrasserin alqoritminə görə, heç bir hüquqi normalara və obyektivliyə fikir vermədən konkret nəticələrə nail olmaq mütləqdir. Yəni verilmiş parametrlərin necə dəyişməsindən asılı olmayaraq, funksiyanın son nəticələri aşağıdakılardan ibarət olmalıdır:

  1. AŞ-nın müstəqil ekspertləri tərəfindən “siyasi məhbus” anlayışı ilə bağlı təklif edilmiş meyarlar anlaşılan və qəbul ediləndir;
  2. Azərbaycanda siyasi məhbusların mövcudluğu şübhə doğurmur;
  3. hər iki mandat birləşməlidir.

Beləliklə, Ştrasser memorandumu hazırlayanda heç bir yaradıcı və orijinal ideyadan istifadə etmirdi, əslində qərəzli və qeyri-obyektiv mövqedən çıxış edirdi.

Doğrudan da, memorandumda Avropa Şurası çərçivəsində Azərbaycanda siyasi məhbuslarla bağlı aparılmış müzakirələr, qəbul edilmiş sənədlər qeyd edilir və AŞPA sənədlərində qeyd edilmiş problemin hələ də öz həllini tapmaması ilə bağlı bir sıra tənqidi məqamlar göstərilirdi. Ştrasser 4-cü maddədə Azərbaycanın Avropa Şurasına üzv qəbul edildiyi vaxtdan AŞPA-da 4 dəfə (yanvar 2002-ci il, iyun 2003-cü il, yanvar 2004-cü il və iyun 2005-ci il) Azərbaycanda siyasi məhbus məsələsinə baxıldığını xatırladır və bu məsələ ilə bağlı qəbul edilmiş 1457 (2005) saylı Qətnamədə Assambleyanın “qəti surətdə siyasi məhbuslar kimi tanınan məhkumların azad edilməli olması barədə prinspial mövqeyini bir daha təsdiq” etməsini diqqətə çatdırır. O həmçinin qeyd edir ki, “müstəqil ekspertlər tərəfindən müəyyən edildiyi kimi, qalan üç siyasi məhbusu azad etməklə və ya Azərbaycan hakimiyyətinin təklif etdiyi kimi, yenidən məhkəmə işi aparmaqla və ya apelyasiya məhkəməsi ilə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən faktiki baxılması üçün onların məhkəmə işinin açılması” zərurəti var. Daha sonra Ştrasser 4-cü bəndin sonunda məsələ ilə bağlı 1457 (2005) saylı Qətnamədə Assambleyanın “Azərbaycan hakimiyyətinin bu problemin həlli üçün hər bir hüquqi vasitədən (amnistiya, daha yüksək instansiya məhkəmələrində işə baxılması, şərti azadlıq, sağlamlıq səbəblərinə görə azad edilmə, əfv) istifadəni üzərinə götürməsini” müsbət qarşıladığını bildirir. Həmin məruzənin 5-d bəndində yazır ki, “…verilmiş vədlərə baxmayaraq, 2007-ci ilin martından etibarən heç bir əfv fərmanı qəbul edilməmişdir”.

Ştrasserin bu məlumatları həqiqəti əks etdirmirdi. Belə ki, Azərbaycan verdiyi vədlərə sadiqlik nümayiş etdirib, mütəmadi olaraq əfv fərmanları və amnistiya aktları qəbul edib. Azərbaycanda təkcə 2010-cu il ərzində 2 əfv fərmanı (17 mart və 29 dekabr 2010-cu il) qəbul edilmişdi. 2010-cu ilin mart ayında qəbul edilmiş əfv fərmanı ilə azadlıqdan məhrum edilmiş 62, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 məhkum cəzalarının çəkilməmiş hissələrindən azad edilmişdi. Ömürlük azadlıqdan məhrum edilmiş bir məhkumun cəzası 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmişdi. Bir nəfər cərimə cəzasından azad olunmuşdu. Əfv fərmanı ilə “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid də azadlığa buraxılmışdı, azadlıqdan məhrum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir qadın məhkum isə cəzadan azad edilmişdi. Göstərilən əfv fərmanı ilə yanaşı, 2007-d ildə Heydər Əliyevin anadan olmasının 84 illiyi münasibətilə amnistiya aktı qəbul edilmişdi və bu aktla da 9 mindən artıq məhkum azadlığa buraxılmışdı.

Beləliklə, Ştrasser hazırladığı memorandumda AŞPA üzvlərinə və bütövlükdə, Avropa Şurasına üzv olan dövlətlərin ictimaiyyətlərinə Azərbaycanla bağlı yalan və səhv məlumat verməklə, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə formalaşmış imicinə ciddi ziyan vurmuşdu. O, Avropa Şurasına üzv olan dövlətlərin ictimaiyyətlərinin düzgün məlumat almaq hüquqlarını kobud şəkildə pozmuşdu.

Burada əsas məsələ isə Ştrasserin belə məlumatları yaymasında məqsədyönlü, qərəzli mövqedən çıxış edib-etməməsi və ya onun xüsusi məruzəçi kimi ölkədə gedən proseslərdən xəbərsiz olub-olmamasından ibarətdir. Belə ki, məruzəçi məqsədyönlü, qərəzli mövqedən çıxış edib yalan və səhv məlumat yaymaqda israrlıdırsa, onda o, bu fəaliyyətinə görə məsuliyyət daşıyır. Digər tərəfdən, məruzəçi ölkədə gedən proseslərdən xəbəri olmaya-olmaya səhv və yalan məlumat yayırsa, demək, o, məruzəçi kimi həvalə edilmiş mandata ciddi yanaşmayıb və bu mandatın öhdəsindən gələ bilməyib.

Memorandumda Ştrasserin öz mülahizələrində nə dərəcədə “obyektiv” və “qərəzsiz” mövqedən çıxış etməsini nümayiş etdirən ciddi bir məqam diqqəti xüsusilə cəlb edir. Belə ki, məruzəçi 2-ci bənddə göstərir ki, Azərbaycanda siyasi məhbus məsələsinin tarixi ölkənin Ermənistanla birlikdə Avropa Şurasına qəbul edilməsinə dair danışıqlar vaxtına təsadüf edir və təşkilata qəbul 25 yanvar 2001-ci ildə qüvvəyə minib. Ştrasser daha sonra “fikrini bildirməyən dövlətlərin Azərbaycan və Ermənistanın təşkilata qəbul edilməsinə müqavimətini dəf etmək üçün kompromis həll üsulu tapıldı”ğını vurğulayır. O, həmin ifadədə “Ermənistanın” sözündən sonra qeyd işarəsi qoyaraq, həmin səhifənin sonunda yazır ki, “Ermənistan da bura aid idi; lakin kiçik sayda məhkəmə işləri dərhal həll edilmişdi; bu səbəbdən, məqsədəuyğun olaraq, mən bu andan yalnız Azərbaycandakı siyasi məhbuslara istinad edəcəyəm”. Çox maraqlıdır, deyilmi?! Görünür ki, Ştrasser ya Ermənistanda mövcud olan real vəziyyətdən tam xəbərsiz idi, ya da bilərəkdən AŞPA üzvlərinə və Avropa ictimaiyyətinə reallığı əks etdirməyən səhv məlumatlar verirdi.

Əslində Ermənistanda mövcud olan real vəziyyət əsla belə deyildi. Ermənistanda vəziyyət Ştrasserin fikrinin tam əksindən xəbər verirdi. Belə ki, Ermənistanın tanınmış hüquq müdafiəçisi Mikael Danielyan hələ 2001-d ilin mart ayında öz müsahibəsində bildirmişdi ki, İnsan Hüquqlarına dair Ümumdünya Bəyannaməsində göstərilmiş 30 maddənin hamısı üzrə Ermənistanda insan hüquqları pozulur, məhkəmə sistemi respublikada yuxarıdan aşağıya qədər korrupsiyalaşıb, əslində hakimlər müstəqil deyillər, onlar yalnız qanundan asılı deyillər, bütün cinayət proseslərinin gedişi zamanı zalda avtomatla silahlanmış mühafizəçilər dayanır, polisin özbaşınalığı baş alıb gedir, ilkin saxlama kameralarında saxlanılanların sonrakı taleyi həll olunur, məhz orada qərar qəbul edilir, demək olar ki, bütün həbs edilənlər psixoloji və fiziki təsirə məruz qalırlar (“Exo” qəzeti, №24,1 mart 2001-ci il). Ola bilsin ki, Ştrasserin Ermənistanda Köçəryanın prezidentliyi dövründə mövcud olan bu acınacaqlı vəziyyətdən xəbəri yox idi. Zənnimcə, Ştrasser 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edən dinc nümayişçilərə qarşı silah işlədilməsindən, rəsmi məlumatlara görə, 10-a qədər insanın həlak olmasından, yalnız dinc etiraz mitinqlərində iştirak etdiklərinə və ya müxalifət partiyalarının üzvləri olduqlarına görə yüzlərlə Ermənistan vətəndaşının həbs edilib, məhkəmələr tərəfindən müxtəlif müddətlərə mühakimə edilmələrindən xəbərsiz ola bilməzdi.

Ştrasserin memorandumunda “siyasi məhbus” anlayışı ilə bağlı Avropa Şurasının müstəqil ekspertlərinin məruzəsindəki mülahizələr olduğu kimi təkrarlanır və heç bir yeni prinsipial yaxınlaşma nümayiş etdirilmir. O vurğulayır ki, cavabdeh ölkə sözügedən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə tam uyğun saxlanıldığını müəyyən etməyənə qədər həmin şəxs siyasi məhbus hesab ediləcək. Ştrasser yuxarıdakı qaydanın Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müəyyən edildiyini iddia edir və bildirir ki, sübutetmə məsuliyyəti ərazisində siyasi məhbusun mövcudluğu iddia edilən dövlətin üzərinə qoyulmalıdır.

Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür və bu, hüququn təməl prinsiplərindən biridir. Ştrasserin “Avropa İnsan Hüquqları Məhkəməsinin aydınlaşdırdığı kimi, Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə tam uyğun olaraq saxlanıldığını müəyyən etməyənə … qədər, həmin şəxs siyasi məhbus kimi nəzərdə tutulacaqdır” fikirləri ilə bağlı nəyi qeyd etmək olar? Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarında Konvensiyanın müddəalarının pozulması ilə müşayiət olunmaqla həbs edilmiş şəxsin siyasi məhbus kimi nəzərdə tutulması barədə müddəa yoxdur və bu Məhkəmə, ümumiyyətlə, bu anlayışdan istifadə etmir.

Ümumiyyətlə, Ştrasser həmin memorandumu hazırlayarkən heç bir yeni ideyalar və prinsiplər təklif etməmişdi. Qeyri-obyektivlik və qərəzli mövqe nümayiş etdirmişdi. Avropa Şurasının üzvü olan 47 dövlət sırasında Azərbaycana qarşı olan ayrı-seçkiliyə hüquqi don geyindirməyə çalışmış və “hüququn aliliyi” prinsipinə zidd təkliflə çıxış etmişdi.