AŞPA-nın əsasən Qərbi Avropa ölkələrindən olan 36 deputatı 2011-ci ilin yaz-yay aylarında Büroya sənəd təqdim etdi. Onlar bu sənəddə “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsini və siyasi məhbusların izlənilməsi ilə bağlı hazırlanacaq sənədlərin müxtəlif məruzəçilərə həvalə edilməsini tələb edirdilər. Nəhayət, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin 5 oktyabr 2011-ci il tarixli iclasında siyasi məhbus problemi ilə bağlı yenidən müzakirələr keçirildi. Müzakirələr çox gərgin keçdi. Müzakirələr zamanı Komitə sədri cənab Kristos Porqorides, Fransadan və İspaniyadan komitə üzvü olan deputatlar çıxış etdilər.
K. Porqorides öz çıxışında Azərbaycan hökumətinin siyasi məhbuslar üzrə məruzəçi ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğuladı. O, eyni zamanda hökumətin siyasi məhbus problemi ilə bağlı 47 üzv ölkədən yalnız Azərbaycanın seçilməsini böyük təəccüb və təəssüf hissi ilə qarşıladığını diqqətə çatdırdı. Porqorides siyasi məhbus üzrə məruzənin yalnız Azərbaycana şamil edilməsinin doğrudan da ikili standartlara və ayrı-seçkiliyə səbəb olduğunu bildirdi. Bu səbəbdən də məruzənin “Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması” deyil, “Siyasi məhbus məsələlərinə yenidən baxılması” kimi adlandırılmasını təklif etdi. Təklif səsə qoyuldu, 2 nəfər əleyhinə səs versə də, mütləq çoxluqla qəbul edildi. Səsvermə nəticəsində Komitə qərara aldı ki, siyasi məhbus problemi tək Azərbaycanda deyil, Avropa Şurasına üzv olan bütün dövlətlərdə araşdırılsın.
İlk baxışda Azərbaycan hökumətinin və Azərbaycan nümayəndə heyətinin on illik gərgin səyləri nəticəsində ədalət bərpa edildi. Belə ki, artıq məruzənin adı dəyişdirilmişdi və Avropa Şurasına üzv olan 47 ölkənin hamısında heç bir ayrı-seçkiliyə yol vermədən siyasi məhbus probleminin araşdırılması gündəmə gətirilmişdi. Lakin belə bir qərarın qəbul edilməsi AŞPA üzvləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən siyasi məhbus probleminin araşdırılmasını gündəmə gətirsə də, məsələ ilə bağlı Azərbaycana qarşı ayrı-seçkiliyə son qoyulmadı. Belə ki, Kristof Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməli olduğunu israrla vurğulayırdı.
AŞPA-nın Hüquq Məsələləri Komitəsinin siyasi məhbuslara dair məruzənin adının dəyişdirilməsinə dair 5 oktyabr 2011-ci il tarixli qərarından bir neçə həftə keçdi. Noyabr ayında Ştrasserin səyləri nəticəsində Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitəsi Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair bəyannamə qəbul etdi. Bəyannamə aşkar anti-Azərbaycan xarakter daşıyırdı. Sənəddə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi şübhə altına alınırdı. Üstəlik, sənəddə AŞPA-nın Hüquq Məsələləri Komitəsinin oktyabr ayında siyasi məhbus probleminin araşdırılması məruzəsinin adının dəyişdirilməsi barədə verdiyi qərarın “Bakının tələbinə cavab olaraq” qəbul edildiyi bildirilirdi. Bundestaq Komitəsi AŞPA-nın Hüquq Məsələləri Komitəsinin üzvlərinin bir səs əleyhinə olmaqla, böyük əksəriyyətinin dəstəklədiyi qərarın “Bakının tələbinə cavab olaraq” qəbul edildiyini bildirməklə AŞPA Komitəsinin və onun üzvlərinin kompetentliyini şübhə alüna almış oldu.
Bəyannamədə iddia edilirdi ki, Azərbaycan AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserlə əməkdaşlıqdan imtina edib. Bundestaq Komitəsinin sənədində göstərilirdi ki, “Bakının tələbinə cavab olaraq, bir neçə həftə əvvəl mandatın yalnız Azərbaycanda siyasi məhbuslar ilə məhdudlaşdırılması götürülsə də”, Azərbaycan “siyasi məhbuslar üzrə məruzəçiyə yenə viza” verməyib və “onu yenə ölkəyə səfərini təxirə salmağa məcbur” edib. Bəyannamədə Komitə AŞPA-nı “Azərbaycanın Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserə yubadılmadan Azərbaycana daxil olmasına icazə verməsinə və ona öz mandatını yerinə yetirmək üçün zəruri olan hər bir dəstəyi göstərməyə” və “İnsan Hüquqları və əsas azadlıqların qorunması üzrə Avropa Konvensiyasına riayət etməsi üçün hərtərəfli tədbir görməyə” çağırırdı.
“Azadlıq” qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında Ştrasserin “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında müsahibəsi çap edildi. O, müsahibədə məsələ ilə bağlı mövqeyini çılpaqlığı ilə ortaya qoydu. Müsahibədə təkcə Azərbaycan hakimiyyətinə qarşı deyil, eyni zamanda AŞPA-nın və Hüquq Məsələləri Komitəsinin üzvlərinə, eləcə də Almaniya Bundestaqının üzvlərinə qarşı ciddi ittihamlar irəli sürülmüşdü.
Ştrasser müsahibədə 5 oktyabr 2011-ci il tarixində Hüquq Məsələləri Komitəsinin siyasi məhbuslar üzrə məruzənin adının dəyişdirilməsi ilə bağlı qərarı ilə razılaşmadığını bildirir və diqqətə çatdırırdı ki, bu qərar onun iştirakı olmadan qəbul edilib. O, öz mövqeyini belə izah edirdi: “Öz mövqeyimi ifadə edim ki, mən bu kompromislə razı deyiləm. Bu, elə də xoşagələn nəticə deyil. Bu kompromis mənim iştirakım olmadan qəbul edilib. Ona görə də etirazımı bildirirəm, razı olmadığımı qeyd edirəm”. Ştrasser qeyd edirdi ki, “AŞPA-da gedən proseslərlə razı deyiləm”. O, AŞPA deputatlarını qruplaşmalar yaratmaqda günahlandıraraq deyirdi ki, “hazırda bu məsələlərlə bağlı müəyyən qruplaşmalar yaratmağa cəhd göstərilir ki, bu da xoşagələn deyil”.
Ştrasser bununla yanaşı vurğulayırdı ki, məruzədən Azərbaycanın adı çıxarılsa da, söhbət yenə də Azərbaycandakı siyasi məhbuslardan gedəcək. Məruzəçinin indiyədək Azərbaycana səfər edə bilməməsinə baxmayaraq, onun siyahısında ölkəmizdə 100 nəfər siyasi məhbusun olduğu bildirilirdi.
Məruzəçinin Hüquq Məsələləri Komitəsinin qəbul etdiyi qərara özünəməxsus interpretasiya verməsi və heç bir araşdırma aparmadan ölkədə konkret miqdarda siyasi məhbusun olmasını iddia etməsi, onun məsələyə əvvəlcədən qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirməsini bir daha təsdiq edirdi. Ştrasser öz müsahibəsində Azərbaycan hakimiyyətini təhdid edərək bildirirdi ki, “hazırlanan məruzə isə Azərbaycan tərəfi üçün elə də müsbət olmayacaq”. Beləliklə, Ştrasserin məruzəçi qismində hamının ondan gözlədiyi kimi, neytral arbitr olmaq və neytral faktaraşdırıcı missiya qurmaq niyyətində olmaması fakü açıq-aşkar özünü göstərdi.
Bu azmış kimi, Ştrasser müsahibədə Azərbaycan hakimiyyətinin və ona yaxın qüvvələrin Qərbi Avropada lobbiçilik etməsinin onun işini çətinləşdirdiyini bildirirdi. O, eyni zamanda Almaniya Bundestaqının daxili paylaşma sistemindən deputatlar tərəfindən hazırlanan sənədin mətninin oğurlandığını iddia edirdi. Qeyd edim ki, Ştrasser Bundestaq deputatlarını oğurluqla məşğul olmaqda ciddi ittiham etməklə yanaşı, həm də yalan danışırdı. Belə ki, 24 mart 2011-ci ildə Ştrasser Almaniya Bundestaqının sosialist deputatlarına müraciət ederək, siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı petisiyanı imzalamağı xahiş etmişdi. O, bu petisiyanı özü imzalamamışdı. Ştrasser bununla bağlı həmkarlarına izahat verərək yazmışdı: “mən AŞPA-nın həmməruzəçisi olduğumdan neytrallıq səbəbindən bu təklifi imzalaya bilmərəm.” Ştrasser Bundestaq üzvlərindən hətta çağırışın mətnini hazırladığını və müvafiq kampaniyanı təşkil etdiyini gizli saxlanmasını xahiş etmişdi. Göründüyü kimi, Ştrasser AŞPA məruzəçisinin bitərəfliyi haqqında normaları pozduğunu çox yaxşı bilirdi. Odur ki, qeyd edilən sənəd, Ştrasserin “Azadlıq” qəzetinə verdiyi müsahibəsində dediyinin əksinə olaraq, Bundestaqın deputatları tərəfindən hazırlanan qətnamə deyildi. Həmin sənədin yuxarısında yazıldığı kimi, bu siyasi təşəbbüsü digər deputatlar deyil, məhz cənab Ştrasserin özü irəli sürmüşdü. Bununla o, neytrallığı bilərək pozmuşdu.
“Azadlıq” qəzetinin 28-29 oktyabr tarixli saylarında deyilir ki, “avropalı deputat (Ştrasser) Azərbaycan hökumətinin oyunlarını ifşa etmişdir”. Belə ki, qəzetin həmin saylarında nəşr edilmiş müsahibədə Ştrasser Avropanın müxtəlif ölkələrindən, o cümləndən Almaniyanın Berlin şəhərindən olan keçmiş deputatları açıq-aşkar mütəşəkkil cinayət əməllərinin təzahür formalarından biri olan korrupsiyada günahlandırırdı. O, iddia edirdi ki, “Azərbaycan üçün lobbiçilik edənlər AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə rüşvət vermək üçün çoxlu səylər göstərirlər.” O, daha sonra yalnız öz adından danışa biləcəyini anladığına görə müsahibədə etiraf edir ki, “özümlə bağlı deyə bilərəm ki, Azərbaycan tərəfi heç vaxt mənə rüşvət təklif etməyib”.
Aydındır ki, hər hansı sübut və ya hətta sübut əlaməti olmadan verilmiş bu cür qalmaqallı açıq bəyanat həm Azərbaycan hakimiyyətinə qarşı böhtanla dolu ittiham idi, həm də ümumilikdə AŞPA və Hüquq Məsələləri Komitəsinin üzvlərinin obyektivliyini şübhə altına alırdı. Ştrasserin bu iddiaları belə bir təsəvvür yaradırdı ki, Azərbaycanın mövqeyini obyektiv qiymətləndirən hər kəs, o cümlədən Komitə üzvləri guya Azərbaycan tərəfindən rüşvət alıblar. Odur ki, Ştrasserin heç bir əsası olmayan ittihamlarının Azərbaycanın beynəlxalq imicinə qarşı yönəlmiş qərəzli və düşünülmüş bir addım olması, eyni zamanda bu saxta ittihamların Azərbaycan hakimiyyətinin işgüzar maraqlarına zərbə vurmaq niyyəti ilə irəli sürüldüyü şübhə doğurmurdu.
İctimai fikrə daha aydın olması üçün Ştrasser öz müsahibəsində bir daha Azərbaycan hakimiyyətini təhdid edir və bildirirdi ki, “hazırlanan məruzə Azərbaycanın xeyrinə olmayacaq”. Ümumiyyətlə, müsahibədə Ştrasserin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini sübut edən faktlar və onun ölkəmizə qarşı irəli sürdüyü əsassız ittihamları daha geniş əhatəyə malik idi.
Qeyd edim ki, sonradan Kristof Ştrasserin müsahibəsi ilə bağlı daha ciddi və qalmaqallı məqamlar ortaya çıxdı. Belə ki, Ştrasserin fərdi saytında onun “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyi bildirilmişdi. Göstərilirdi ki, cənab Ştrasser Berlində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş konfransda iştirak edib və həmin konfransda AŞPA-nın siyasi məhbuslar üzrə ona verdiyi mandatla bağlı çıxış edib. Çıxışın onun icazəsi olmadan müsahibə şəklində çap edildiyi bildirilmişdi.
Lakin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Ştrasserin saytında göstərilənləri təzkib edərək, “Yeni Müsavat” qəzetinin 15 noyabr 2011-ci il tarixli sayında bildirdi ki, “qəzetdə əksini tapan fikirlər tamamilə və bütövlükdə cənab Ştrasserə məxsusdur”.
Bundan əlavə, “Azadlıq” qəzetinin 16 noyabr 2011-ci il tarixli sayında “Ştrasser “Azadlıq”a müsahibə veribmi?” başlığı altında məqalə dərc edilmişdi. Həmin məqalədə Ştrasserin qalmaqallı və qeyri-obyektiv ittihamlarla dolu müsahibəsini hazırlamış jurnalist Fikrət Hüseynli yaranmış vəziyyətlə bağlı bütün məqamlara aydınlıq gətirmişdi. O, müsahibənin cənab Ştrasser tərəfindən inkar edilməsinin əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirmişdi. “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli cənab Ştrasserin konfransda çıxışının, ona çıxışla bağlı verilən suallar və həmin sualların cavablandırılmasının, konfransdan sonra cənab Ştrasserlə söhbətlərinin və ona verdiyi suallar və aldığı cavabların diktofona yazıldığını vurğulayırdı və həmin audio-yazıların mövcud olmasını diqqətə çatdırmışdı. Bundan əlavə, jurnalist Fikrət Hüseynli müsahibə hazırlandıqdan sonra cənab Ştrasserin bürosu ilə telefon əlaqəsi saxladığını, bürodan müsahibənin çap edilməsi ilə bağlı sorğularına “heç bir problem yoxdur və yazı dərc edilə bilər” cavabı verildiyini bildirmişdi.
Beləliklə, Ştrasserin “Azadlıq” qəzetinin 28-29 oktyabr 2011- ci il tarixli saylarında “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı alünda dərc olunmuş müsahibəsi ətrafında qaranlıq məqamlar vardı. Ştrasser, bir tərəfdən, Azərbaycana qarşı əsassız və qərəzli ittihamlar irəli sürür, ölkəyə səfər etmədən və hər hansı bir ciddi faktaraşdırıcı missiya olmadan, nəhayət, Hüquq Məsələləri Komitəsində hər hansı bir müzakirə aparılmadan Avropa Şurası adından öz şəxsi anti-Azərbaycan mövqeyini ortaya qoyurdu. Digər tərəfdən Ştrasser “Azadlıq” qəzetinə müsahibə vermədiyini iddia edirdi və həmin materialdan kənarda dayandığını bildirirdi. Üçüncü bir tərəfdən isə, “Azadlıq” qəzeti dərc edilən fikirlərin bütövlükdə cənab Ştrasserə məxsus olduğunu vurğulayır və bunları sübuta yetirə biləcək dəlillərin mövcudluğuna diqqət çəkirdi.
Komitənin bu vacib qərarından sonra Azərbaycan hakimiyyəti məruzəçi Ştrasserin noyabrın ikinci yarısında öz mandatına uyğun olaraq səfərinin hazırlanması və səfərin gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı işlərə başladı. Lakin belə bir vaxtda “Azadlıq” qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında Ştrasserin “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında yuxarıda qeyd edilən müsahibəsi çap edildi. Ştrasserin səyləri nəticəsində Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitəsində 2011-ci ilin noyabr ayında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair bəyannamə qəbul edildi. Göründüyü kimi, Ştrasser arüq Azərbaycana qarşı genişmiqyaslı “müharibə” elan etmişdi. Əsassız olaraq kampaniya xarakteri almış bu “müharibə” çərçivəsində Azərbaycanın siyasi məhbuslar üzrə məruzəçi Ştrasserlə əməkdaşlıqdan imtina etdiyi, “məruzəçiyə yenə viza” vermədiyi və “onu yenə ölkəyə səfərini təxirə salmağa məcbur” etdiyi göstərilirdi. Bu “müharibə” artıq bəhrələrini verməyə başlamışdı. Bəzi mətbuat orqanları Ştrasserin guya Azərbaycana buraxılmadığı barədə həqiqətə uyğun olmayan yazılar dərc edirdi və ictimaiyyətə həqiqətdən uzaq olan qərəzli məlumatlar verilirdi. Halbuki Ştrasser arüq 2010-cu il 7 noyabr parlament seçkilərində seçki müşahidəçisi qismində Azərbaycana səfər etmişdi və onun heç bir viza problemi olmamışdı.
Qeyd edilməlidir ki, Ştrasserin qeyri-obyektiv, qərəzli anti-Azərbaycan mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA rəbərliyinə məktub ünvanlayaraq, 2012-ci il ərzində iddia edilən siyasi məhbuslar məsələsinin müzakirə edilməsi məqsədilə Ştrasserin ölkəyə baş tuta biləcək rəsmi səfərinin müzakirə edilməsinə Azərbaycanın hazır olduğunu bildirmişdi. Təəssüf ki, Ştrasser AŞPA rəhbərliyinə göndərilən məktubdan xəbərdar olmasına baxmayaraq, Avropa parlamentarilərinə və ictimaiyyətinə reallıqdan uzaq olan məlumatlar verir və onları aldatmaqla özünün anti-Azərbaycan fəaliyyətini davam etdirirdi.
Şübhəsiz ki, yaranmış vəziyyətdə belə bir sual yaranırdı: Qeyd edilən olaylardan sonra Ştrasser məruzəçi qismində obyektiv və bitərəf arbitr ola bilərmi? Ştrasserin obyektiv mövqe nümayiş etdirəcəyinə inanmaq olarmı və onunla qarşılıqlı etibar əsasında konstruktiv əməkdaşlıq mümkündürmü?
Nəhayət, Hüquq Məsələləri Komitəsi 26 yanvar 2012-ci il tarixində Kristof Ştrasserin təşəbbüsü ilə “Siyasi məhbus məsələlərinə yenidən baxılması” mövzusu ətrafında dinləmələr keçirdi. Komitə dinləmələrə Ştrasserin təşəbbüsü ilə ekspert qismində çıxış etmək üçün Azərbaycandan 3 QHT rəhbərini dəvət etmişdi. QHT rəhbərləri çıxışlarında indiyədək “siyasi məhbus” anlayışının meyarlarının qəbul edilmədiyini və Avropa Şurasına üzv dövlətlərdən yalnız Azərbaycan üzrə siyasi məhbus məsələsinə dair məruzəçinin təyin edilməsinin Azərbaycan hakimiyyətinin haqlı olaraq narazılığına səbəb olduğunu bildirdilər. Onlar cənab Ştrasserin məruzəçi olduğu müddət ərzində Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq əlaqələri qurmadığmı və nəticədə, məsələnin dalana dirəndiyini Komitə üzvlərinin nəzərinə çatdırdılar. QHT nümayəndəsi M.Sadəddinov həmçinin bildirdi ki, 2 il ərzində cənab Ştrasser onun məktublarının birinə belə cavab verməyib. Ekspertlər qeyd etdilər ki, məsələnin həlli üçün, ilk növbədə, üzv dövlətlərin hamısına şamil edilə biləcək meyarlar hazırlanmalıdır, məruzələr Avropa Şurasına üzv dövlətlərin hamısı üçün hazırlanmalıdır və bu məsələdə hər hansı bir dövlətə qarşı hüquqi, bürokratik və prosedur maneələri yaradılmamalıdır.
Azərbaycan hakimiyyətinin eksperti öz çıxışında Ştrasserin 23 yanvar 2012-ci ildə Komitəyə təqdim etdiyi memorandumu təhlil etdi. Memorandumda bir sıra digər üzv ölkələr üçün məsələnin Monitorinq Komitəsində həll edildiyi, lakin Azərbaycan üçün Hüquq Məsələləri Komitəsində həll edilməli olduğu kimi qərəzli fikirləri Komitə üzvlərinin nəzərinə çatdırdı və onlara sualla müraciət etdi: Hansı səbəblərə görə məsələ digər üzv dövlətlər üçün Monitorinq Komitəsində həll edildiyi halda, həmin məsələ Azərbaycan üçün Hüquq Məsələləri Komitəsində həll edilir? Hansı səbəblərə görə Azərbaycana qarşı ayrı-seçkiliyə yol verilir? Nəyə görə Azərbaycana qarşı münasibətdə Avropa Şurasının təməl prinsipləri olan üzv dövlətlərin bərabərlik prinsipi və hüququn aliliyi prinsipi pozulur? O bildirirdi ki, Ştrasser məruzəçi kimi 3 il müddətində Azərbaycan hakimiyyəti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, ölkənin aparıcı hüquq müdafiə təşkilatları və müxalifət partiyaları ilə əməkdaşlıq əlaqələri qurmayıb. Bunun əvəzində o, Azərbaycana qarşı kampaniya aparıb. O, “Azadlıq” qəzetinə müsahibə verib, Bundestaqda dinləmələr təşkil edib, Azərbaycana, Azərbaycanla əməkdaşlıq edən Avropa deputatlarına və Almaniya Bundestaqının deputatlarına qarşı əsassız ittihamlar irəli sürüb, indi isə iddia edir ki, ona öz mandatını yerinə yetirmək üçün Azərbaycana gəlməyə viza verilmir.
Çıxışda qeyd edildi ki, Monitorinq Komitəsinin həmməruzəçiləri heç bir maneə olmadan ölkəyə səfərlər edirlər. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür və öz öhdəliklərini yerinə yetirir. Odur ki, Ştrasserin viza iddiaları da həqiqəti əks etdirmir. Nəticədə, məruzəçi kimi neytrallığını və ona olan inamı itirib.
Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi ispaniyalı senator Pedro Aqramunt bildirdi ki, bir neçə gün sonra maltalı həmməruzəçinin müşayiəti ilə viza ilə heç bir problem olmadan Azərbaycana səfər edəcək. O vurğuladı ki, Azərbaycanda siyasi məhbuslar üzrə istənilən faktaraşdırıcı missiyanı həyata keçirmək onun mandatının əsas elementi olduğundan iddia edilən siyasi məhbusların azad edilməsində bir sıra nəticələrə nail olmuşlar. O, həmçinin cənab Ştrasserin yalnız qarışıqlığa səbəb olmuş mandatının ikili xarakterindən narahatlığını ifadə etdi. Sonda, o, Komitəyə Amnesty International təşkilatının qeyd etdiyi qalan on yeddi gəncin də azad edilməsi barədə Azərbaycan hakimiyyətinə müraciət etdiyini və müsbət cavab aldığını, bu məsələnin hal-hazırda Ədliyyə Nazirliyinin nəzərində olduğunu bildirdi.
Daha sonra Komitə üzvləri çıxış etdilər. Çıxışların böyük əksəriyyətində, iki almaniyalı deputatm çıxışı istisna olmaqla, “siyasi məhbus” anlayışının bütün üzv dövlətlərə şamil edilə biləcək meyarlarının hazırlanmalı olduğu, “siyasi məhbus” anlayışının müəyyən edilməsinin və üzv ölkələrdə siyasi məhbusların izlənilməsi məruzələrinin bölünməsinin vacibliyi ön plana çəkildi. Bildirildi ki, məsələ ilə bağlı Avropa Şurası yeni səhifə açmalı və məsələyə sıfırdan başlamalı, Hüquq Məsələləri və Monitorinq Komitələri arasında təkrarlanma halları aradan qaldırılmalıdır.
Dinləmələr zamanı formalaşmış ümumi əhvali-ruhiyyə ondan ibarət idi ki, Hüquq Məsələləri Komitəsinin məruzəçisi diqqətini açıq-aydın Monitorinq Komitəsinin mandatı olan bir ölkədə faktaraşdırıcı fəaliyyətə deyil, “hüquqi” məsələlərə yönəltməlidir. İkiləşmədən yayınmaq lazımdır. Digər tərəfdən, meyarlar və tərifə dair hüquqi məruzəyə təcili ehtiyac var və bu səbəbdən hazır ki məruzə ən azından bölünməlidir. Nəhayət, iddia edilən siyasi məhbuslara dair hər hansı əlavə məlumat bütün üzv dövlətlər üçün istisnasız və mütəmadi əsasda nəzərdə tutulmalıdır.
Parlament Assambleyasının keçmiş prezidenti Mevlut Çavuşoğlu sonuncu çıxışçı qismində müzakirəni yekunlaşdırdı. O dedi: “Düşünürəm ki, biz bu məsələdə yeni səhifə açmalıyıq. Mənim fikrimcə, ya məruzə iki hissəyə bölünməli, ya da məruzəçi istefa verməlidir.”
Bu sözlərdən sonra sədr cənab Ştrasserə son cavab üçün söz verdi. Lakin təkidlə “cənab Ştrasser, səsiniz batdı?” deyən sədrin təəccübünə baxmayaraq, Ştrasser danışmağa söz tapmadı.
Ümumiyyətlə, 26 yanvar 2012-ci il dinləmələri, eləcə də məruzəçinin təkliflərinə qarşı açıq etirazlar irəliyə doğru mühüm addım idi. Belə ki, 3 il ərzində ilk dəfə Hüquq Məsələləri Komitəsində bu mühüm məsələ ilə bağlı açıq müzakirələr aparılırdı və Ştrasserin mövqeyi kəskin tənqid obyektinə çevrilmişdi. Komitə üzvlərinin əksəriyyəti məsələyə gülünc məzmunda yanaşmamağa, siyasi məhbusların izlənilməsinin Monitorinq Komitəsinin faktaraşdırıcı missiyaları çərçivəsində həll olunmasının yalnız bir ölkəyə şamil edilməsinə son qoymağa, Hüquq Məsələləri Komitəsini ayrı-seçkilik olmadan bütün üzv ölkələrə şamil edilə biləcək hüquqi çərçivə yaratmağa çağırdılar. Bu iclasın sonunda cənab Ştrasserin yanaşmasına bütövlükdə inamsızlıq o dərəcədə idi ki, hətta Ştrasserin öz mandatından istefa verməsi təklif edildi. Lakin iclasın sonunda Komitə sədri Kristofer Çopun bəyan etdiyi kimi, cənab Ştrasserin “səsi tutulmuşdu”. Müzakirələr zamanı Ştrasserin öz mandatından istefa verməsi səsləndirilsə də, Ştrasser bu təkliflə bağlı mövqeyini bildirmədi, sonradan məruzəçi kimi fəaliyyətini davam etdirdi.
AŞPA-nın Hüquq Məsələləri Komitəsinin sədri Kristofer Çop Azərbaycan nümayəndə heyətinin rəhbərinə 6 fevral 2012-ci il tarixində məktub göndərdi və “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” məruzəsi və bu müstəvidə 2012-ci ilin aprel aymda məruzəçinin Azərbaycana faktaraşdırıcı səfərinə icazə barədə müraciət etdi. Nümayəndə heyətinin rəhbəri Komitə sədrinə martm əvvəlində ünvanladığı cavabda Azərbaycanın, istənilən üzv dövlətin yerinə yetirməli olduğu öhdəlik kimi, şübhəsiz, istənilən məruzə üzrə istənilən məruzəçi ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayırdı. Cavabda “bu səfərə yaxşı hazırlaşmaq, gündəlik üzərində işləmək və görüşlərin keçirilməsini təşkil etmək məqsədilə məruzəçinin hansı çərçivədə bu səfəri reallaşdırmaq niyyətində olduğu barədə məlumat” verilməsi xahiş edilirdi.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 12 mart 2012-ci ildə Hüquq Məsələləri Komitəsinin Parisdə keçirilmiş iclasından sonra Ştrasserə məktub göndərərək, qeyd edilən iclasda “müzakirə edildiyi və razılaşdırıldığı kimi”, onun “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” məruzəsini hazırlamaq məqsədilə 2012-ci ilin may ayının birinci həftəsində” Azərbaycana səfərə dəvət edildiyini təsdiq etdi. Seyidov məktuba yazırdı: “İstənilən üzv dövlətin yerinə yetirməli olduğu bir öhdəlik kimi, biz, əlbəttə, bu və ya digər məruzə ilə bağlı sizinlə əməkdaşlığa hazırıq”. O, daha sonra Hüquq Məsələləri Komitəsinin sədri cənab Kristofer Çopa ünvanladığı 5 mart 2012-ci il tarixli məktubda razılaşdırıldığı kimi, Ştrasserin Azərbaycana səfəri üçün hər bir şərait yaradılacağını və ona viza veriləcəyini diqqətə çatdırmışdı. Lakin sonradan Ştrasser müxtəlif bəhanələr gətirərək, Azərbaycana səfərdən imtina etdi.
Hüquq Məsələləri Komitəsinin 2012-ci il aprel və may aylarında keçirilən iclaslarında müzakirələr davam etdirildi. Komitə üzvlərinin yazılı müraciətinə baxmayaraq, Komitənin 24 aprel 2012-ci il tarixli iclasında sədr və katiblik məruzələrin bölünməsi məsələsini səsverməyə çıxarmadılar. Bunun əvəzində səsverməyə Ştrasserin Azərbaycana getmədən məruzə hazırlaması barədə absurd təklif səsə qoyuldu və bu təklifə Komitə üzvləri səs vermədilər. Buna baxmayaraq, AŞPA-nın Baş Katibi Voytsix Savitski, nə qədər absurd olsa da, istənilən halda Ştrasserin məruzə hazırlamalı olacağını bildirdi.
Əlbəttə, hadisələrin bu məcrada davam etməsi tək Azərbaycanı yox, başqa Avropa ölkələrini də narahat edirdi. Odur ki, yaranmış problemli vəziyyətdən çıxış məqsədilə 10 may 2012-ci ildə Komitənin 28 üzvü bu Komitənin sədri Kristofer Çopa və katibliyə müraciət göndərdilər. Onlar öz müraciətlərində Komitənin 21 may 2012-ci il tarixində keçiriləcək iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” məruzəsinin siyasi məhbusların müəyyənləşdirilməsi və izlənilməsinə dair iki müstəqil məruzəyə bölünməsinin vacibliyini diqqətə çatdırdılar. Xahiş etdilər ki, bu məsələ gündəliyə salınsın və səsverməyə çıxarılsın.
Qeyd edim ki, Prosedur Qaydalarına əsasən, Komitə üzvlərinin 1/3 və ya daha artıq səslə müraciəti daxil olduqda, məsələ gündəliyə salınır. Kifayət qədər səs çoxluğuna baxmayaraq, AŞPA-nın Baş Katibi Voytsix Savitski, o cümlədən Komitə katibliyinin rəhbəri Endryu Drjemçevski və katiblik rəhbərinin müavini Qunter Şirmer məsələnin gündəliyə çıxarılmasına mane olmağa çalışdılar. Lakin onlar səslərin çox olduğuna görə əlacsız qalaraq, məsələni səsvermə üçün 21 mayda gündəliyə salmaq məcburiyyətində qaldılar.
İclasın əvvəlində Ştrasser bütün üzvlərə məruzələrin bölünməsi təklifini dəstəkləməmələrini təkid edən məktub payladı. O, bütün üzvlərə vəd edirdi ki, “birləşdirilmiş” məruzəsinə meyarlar və təriflə bağlı “fəsil” daxil edəcək və ayrıca məruzəyə ehtiyac yoxdur. Müzakirələr zamanı bir sıra alman deputatlar və digərləri Ştrasseri dəstəkləmək üçün söz aldılar. Lakin bir sıra Komitə üzvləri çıxış edərək, öz həmkarlarını obyektivlik nümayiş etdirməyə, ayrı-seçkilik hallarına son qoymağa və ən başlıcası, məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olmaq üçün Komitə üzvlərinin məruzələrin bölünməsi barədə müraciətlərini dəstəkləməyə çağırdılar. Onlar məruzələrin bölünməsi təklifinin səsə qoyulmasını təkid edirdilər. Nəhayət, sədr məruzələrin bölünməsi barədə təklifi səsə qoydu. Səsvermə 21 səs lehinə, 15 səs əleyhinə nəticələndi. Beləliklə, gərgin və uzun sürən mübarizələrin nəticəsi olaraq, səsvermə zamanı siyasi məhbusların müəyyənləşdirilməsi və izlənilməsinə dair məruzələrin bölünməsi barədə qərar qəbul edildi.
Şübhəsiz ki, Komitənin bu qərarına əsasən, Avropa Şurasında, ilk növbədə, “siyasi məhbus” anlayışının üzv dövlətlərin hamısına şamil edilə biləcək meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməli idi. Yalnız bundan sonra üzv ölkələrdə heç bir ayrı-seçkiliyə yol vermədən siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilərdi. Odur ki, Hüquq Məsələləri Komitəsinin 21 may 2012-ci il tarixli qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilirdi. Bu qərarın qəbul edilməsi ilə “siyasi məhbus” anlayışının meyarlarının olmadığı bir şəraitdə heç bir hüquqi əsas olmadan Azərbaycana tətbiq olunan qərəzli, ikili standartlı mövqeyə son qoyulacağına ümidlər yarandı.
Lakin qəbul edilmiş qərarı əsəbi vəziyyətdə qarşılayan Ştrasserin ilk reaksiyası qəribə oldu: səsvermədə məğlub olduqdan sonra o, gözlənilmədən hər iki məruzəni ayrı-ayrılıqda Komitəyə iyunda – dörd həftə ərzində! – təqdim edəcəyini bildirdi. Üzvlərin çoxu məruzəçinin bu qərarını təəccüblə qarşıladılar. Belə ki, AŞPA-da beş il ərzində müzakirələr obyekti olmuş belə bir vacib məsələyə dair iki müxtəlif məruzəni bir neçə həftə ərzində hazırlayıb təqdim etmək qeyri-ciddi görünürdü.
Vurğulanmalıdır ki, Prosedur Qaydalarına əsasən, Ştrasserin mandatı 2012-ci ilin iyun sessiyasınadək bitdiyindən, o, məruzələrini iyun sessiyasına qədər təqdim etməli idi. Odur ki, Ştrasserin hazırladığı məruzələr Hüquq Məsələləri Komitəsinin 26 iyun 2012-ci il tarixli iclasının gündəliyinə daxil edildi.
AŞPA üzvlərinin “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi, Azərbaycandakı vəziyyətə obyektiv yanaşma qəbul etmək istəklərinin nümayiş etdirilməsi, nəhayət, məsələ ilə bağlı açıq və şəffaf müzakirəyə nə dərəcədə hazır olduqlarının aydınlaşdırılması baxımından Hüquq Məsələləri Komitəsinin 26 iyun iclası mühüm əhəmiyyət kəsb edirdi. Həmin gün Komitənin səhər iclasında “Siyasi məhbusların müəyyənləşdirilməsinə dair” məruzə müzakirə edildi. Bu, təxminən eyni gücə malik iki rəqib qrupun qatıldığı, çox kəskin və emosional müzakirə idi. Bir çox deputatlar faktlar, rəqəmlər və müvafiq arqumentlərlə öz narahatlıqlarını ifadə edərək, bizi dəstəklədilər. Lakin nüfuzlu anti-Azərbaycan lobbisi hamının məruzəçiyə kor-koranə qulaq asmasında təkid etdi. Sosialist qrupunun üzvləri həmin qrupun rəhbəri almandilli isveçrəli Andreas Qrossdan məruzələri dəstəkləməli olduqları və istənilən tənqidi fikrin onların fərdi siyasi gələcəklərini təhlükəyə atacağı barədə aydın ismarış aldılar. Onların bir neçəsi belə şantaj barədə şikayət etdi, lakin həmin şəxslər səslərini qaldırmaqdan qorxdular. Bununla belə, bir neçə üzv ikili standartlara qarşı ədalətli yanaşmanı müdafiə etməklə, siyasi dayaq nümayiş etdirərək, ancaq şübhəsiz, böyük şəxsi riskə gedərək, məruzənin əleyhinə danışdılar. Səsvermə nəticəsində məruzə 26 səs lehinə və 22 səs əleyhinə olmaqla qəbul edildi. Meyarların kiçik səs fərqi ilə qəbul edilməsi Avropa Şurası daxilində bu vacib məsələyə dair böyük fikir ayrılığının mövcud olduğunu göstərdi. Ümumilikdə, əsas qərarlar adətən böyük səs çoxluğu ilə qəbul edilirdi, lakin bu dəfə belə olmadı. Bu, məruzəçinin təklif etdiyi meyarların ziddiyyətli xarakterini və nəticə etibarilə, onların tətbiq edilməsinin çətinliyini göstərirdi.
Təəssüf ki, məruzəçinin “Siyasi məhbusların müəyyənləşdirilməsinə dair” məruzəsində təklif etdiyi meyarlar 2001-ci ildə AŞ Baş Katibinin təsis etdiyi müstəqil ekpertlər qrupunun apardığı işə əsaslanırdı və onların təklif etdikləri müvəqqəti xarakter daşıyan meyarları təkrar edirdi. Yuxarıda qeyd edildiyi kimi, müstəqil ekspertlər 1988-1989-cu illərdə Namibiyada və sonradan Cənubi Afrika Respublikasında milli barışıq missiyasının tərkib hissəsi olan “Nerqaard prinsipləri” əsasında hazırlanmış meyarları təklif etmişdilər. Həmin dövrdə qeyd edilən ölkələrdə milli, irqi zəmində qarşıdurma hökm sürürdü. Avropa Şurası məkanında, o cümlədən Azərbaycanda vəziyyət köklü surətdə fərqli idi, cəmiyyətdə parçalanma olmaması səbəbindən milli barışıq missiyasına da ehtiyac yox idi. Odur ki, bu meyarlar Avropa ölkələri üçün tamamilə uyğunsuzdu. Ümumiyyətlə, Ştrasserin meyarlarla bağlı məruzəsini deputatların əksəriyyəti çox səthi, tələsik və bugünkü reallığa cavab verməyən gülünc sənəd kimi qiymətləndirdilər. Hətta bu məruzənin bütövlükdə müzakirələrdən çıxarılması dəfələrlə təklif edildi.
Hüquq Məsələləri Komitəsinin 26 iyun 2012-ci il tarixli iclasında Ştrasserin təqdim etdiyi “Azərbaycanda siyasi məhbusların izlənilməsi” məruzəsi də müzakirə edildi. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarət idi ki, məruzədə Azərbaycanda siyasi məhbusların izlənilməsi üçün hələ qəbul edilməmiş meyarlardan istifadə edilmişdi. Bu, görünməmiş hadisə idi. Hüquqi baxımdan mövcud olmayan meyarlar əsasında siyasi məhbuslar müəyyən edilmişdi… Məruzəçi ictimai fikirdə Azərbaycanın insanları qeyri-qanuni həbs etməsi təəssüratını yaratmaq məqsədilə məruzəyə 89 nəfərdən ibarət siyahı da daxil etmişdi. Lakin siyahıda adları olan şəxslərin çoxu artıq həbsdə deyildi. Siyahıda Azərbaycanda hakimiyyəti zorakı yollarla dəyişmək üçün açıq çağırışlar etmiş bir neçə təhlükəli ekstremistin adı vardı.
Demokratik dəyərlərin istinadgahı kimi təsvir edilən qurumun məruzəçisinin gənc demokratiyanı devirmək istəyən şəxslərə rəsmi dəstək verməsi çox qəribə idi. Bundan əlavə, Ştrasserin məruzəsində 2001-ci ildə AŞ Baş Katibi tərəfindən təsis edilmiş müstəqil ekspertlər qrupunun siyasi məhbus hesab etmədikləri şəxslərin, xüsusilə ağır cinayətlərdə, insan öldürməkdə, terrorçuluqda, insan oğurluğunda, soyğunçuluqda, narkotik maddələrin istifadəsində və digər təhlükəli cinayətlərdə təqsirləndirilən şəxslərin adları siyasi məhbuslar kimi təqdim edilmişdi. Ştrasser etiraf edirdi ki, “belə şəxslərin həbsxanadan buraxılmaları üçün axırıncı şans ola biləcəyinə görə mən bu şəxslərin adlarını ehtimal olunan siyasi məhbusların vahid siyahısı layihəsinə salmışam”.
Qəribə idi ki, Ştrasser məruzədə bütün fərdi işlərə, əksəriyyəti milli məhkəmələrimizdə və ya Strasburqda Avropa Məhkəməsində həllini gözləyən məhkəmə işlərinə dair şəxsi bəyanatlar verirdi. Lakin sivil dünyada, ümumi təcrübəyə görə, məhkəmə prosesinə hər hansı müdaxilə qəbuledilməzdir. Avropa Şurasına üzv olan heç bir dövlət belə qeyri-demokratik yanaşmanı qəbul etməz.
Ştrasserin qərəzli mövqeyini və məruzənin həqiqətən ədalətsiz olduğunu görən Qərbi Avropalı deputatların çoxu Azərbaycanın mövqeyini dəstəklədilər, lakin bu, çətin mübarizə idi. Hər iki tərəf müzakirələrdə çox emosional tərzdə iştirak edirdi. Günün sonunda cəmi bir neçə səs fərqi (25-23) vardı, bu isə Avropa Şurasında tamamilə müstəsna hal idi, çünki burada bu cür məruzələr həmişə çox böyük səs çoxluğu, hətta konsensusla qəbul edilirdi.
Ümumiyyətlə, deputatlar qeyri-obyektiv, mümkün həll yolu təklif etməyən ədalətsiz məruzənin lehinə səs vermələri üçün böyük təzyiq alünda idilər. Bu qədər uzağa gedərək, öz həmkarlarını şantaj etmiş bəzi liderlərin bu qərəzli mövqelərini məğlub etmək çətindir. Məruzələri ətraflı oxuyan və bu təzyiqə müqavimət göstərmək üçün kifayət qədər cəsarəti olanlar sağlam düşüncə və məntiq nümayiş etdirərək, bizi dəstəklədilər. Bizi dəstəkləyən deputatların bəziləri onlara edilən təzyiqlər nəticəsində səhər iclasında, bir neçəsi isə günorta iclasında səsvermənin ikinci hissəsində iştirak etmədilər. Biz sonuncu məruzə ilə bağlı bir sıra səsvermələrdə üstünlük qazandıq. Bu arada Ştrasseri dəstəkləyən bəzi deputatlar və Katibliyin əməkdaşları müzakirədə iştirak etməyən digər üzvlərə zəng etməyə başladılar, neytral qalmış deputatlar edilən təzyiqlər nəticəsində mövqelərini dəyişdilər, bir siyasi qrupun lideri həmin qrupun üzvləri olan deputatlara təzyiq edərək, onlara Ştrasserin məruzəsini dəstəkləmək tapşırığı verdi, Katiblik tərəfindən səsvermənin saxtalaşdırılması baş verdi. Bütün bu amillər isə səsvermənin gedişatını dəyişdi. Beləliklə, rəqiblərimizin çoxu müzakirədə iştirak etmədən və ya məruzə barədə məlumatlı olmadan, Ştrasserin məruzəsinə səs vermək üçün onları çağırmış siyasi liderin göstərişlərinə kor-koranə əməl edərək, iclasın keçirildiyi kabinetə yalnız səsvermə anında daxil oldular. Şəxsi fikrə yer verilmədi və bir sıra deputatlar təklikdə bizə bildirdilər ki, bizim mövqeyimiz tamamilə düzgündür, ancaq onlar Ştrasseri dəstəkləməsələr, siyasi gələcəkləri təhlükə altma düşəcək.
Bundan əlavə, qeyd etməliyəm ki, müzakirələr ərəfəsində Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Freedom Now və X index the voice of free expression kimi beynəlxalq QHT-lər Komitə üzvlərinə müraciət edərək, onları Strasserin məruzələrini dəstəkləməyə çağırmışdılar. Sözsüz ki, müzakirələr ərəfəsində Komitə üzvlərinə belə bir müraciətin ünvanlanması, Azərbaycanla bağlı reallıqların təhrif edilməsi bizim ölkəmizə qarşı təşkil edilmiş kampaniyanın tərkib hissəsi idi. Bu, Avropa deputatlarına siyasi təzyiq forması idi. Belə bir müraciət 27 iyun 2012-ci ildə yuxarıda adları çəkilən təşkilatlar tərəfindən sonradan Monitorinq Komitəsinin üzvlərinə də ünvanlanmışdı.
Aydındır ki, Hüquq Məsələləri Komitəsinin 26 iyun 2012-ci il tarixli qərarı demokratik qərar qəbul edilməsinin yaxşı nümunəsi deyildi. Bu qərar qəbul etmə nümunəsi bəzi güc mərkəzlərinin Avropa Şurasının nisbətən kiçik üzv dövlətlərini nüfuzdansalma proqramının tərkib hissəsi idi.
Nəhayət, qeyd edilməlidir ki, siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurası çərçivəsində uzun müddət ərzində mübarizə gedirdi, bu, müəyyən mənada mövqelər uğrunda mübarizəni xatırladırdı. Əgər 2012-ci ilin yanvar və may aylarında obyektiv mövqe sərgiləyən və Azərbaycanı dəstəkləyən qüvvələr üstünlük əldə etmişdisə, iyun sessiyasında yenidən Ştrasser və onun tərəfdarları olan anti-Azərbaycan qüvvələr üstünlük qazanmışdılar. Amma mübarizənin əsas mərhələsi 2012-ci ilin oktyabr və 2013-cü ilin yanvar sessiyasında baş verməli idi…