Ştrasserin “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsi AŞPA-nın 1-5 oktyabr 2012-ci il tarixli payız sessiyasının gündəliyinə salınmışdı.
Məruzə layihəsinə 2 oktyabrda günortadan sonra iki düzəliş təklifi irəli sürüldü. Düzəliş təkliflərini imzalayanlar arasında AŞPA-da təmsil olunan bütün siyasi qrupların nümayəndələri vardı. İlk düzəlişdə, deputatların çoxunun bəyan etdiyi kimi, Assambleya tərəfindən siyasi məhbus meyarlarının indiyə qədər heç vaxt təsdiq edilmədiyinin faktiki tanınması ehtiva edilirdi. İkinci düzəliş hər hansı meyarların şərhi və tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətinə istinad edilməsi ilə bağlı idi.
Növbəti gün, 3 oktyabrda, AŞPA siyasi qruplarının iclasları keçirildi. Sosialistlər qrupunun üzvləri iclasdan sonra koridorlarda və kafedə həyacan və təəccüblə söhbət edərək bildirirdilər ki, qrupun rəhbəri Andreas Qross iclas zamanı partiya həmkarlarına qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, onları bir-bir ayağa qaldırıb və adbaad siyahı tərtib edərək onlardan Ştrasserin məruzəsinə səs vermələrini tələb edib. Onlar qeyd edirdilər ki, AŞPA tarixində üzvlərə qarşı belə haqsızlıq olmamışdı.
Deyim ki, AŞPA praktikasında heç vaxt belə “indikativ” (göstərişlə) səsvermə hallarına təsadüf edilməmişdi. Qross qrup üzvlərini bu cür “indikativ” səsvermə ilə düzəlişlərin əleyhinə səs verməyə təhrik etmişdi, bunu etməyənləri siyasi qrupdan çıxarılmaqla hədələmişdi. Nəticə etibarilə, Sosialistlər Qrupundan 46 səsdən ibarət siyahının tərtib edilməsinə nail olmuşdu.
Avropa Xalq Partiyası (EPP) qrupunun iclasında üzvlərə sərbəst səs verməyə icazə verilmişdi. İclasa qrupun vitse-prezidenti, ispaniyalı deputat sədrlik edirdi. Düzəlişlərin lehinə olan vitse-prezident iclasda Hollandiya və Almaniya deputatlari tərəfindən güclü təzyiqə məruz qaldı. EPP-nin qrup iclasında əvvəllər görünməmiş aqressiv səhnələr baş verdi. Almanlar hətta vitse-prezidentin dərhal istefa verməsini tələb etdilər. Bundan əlavə, çox təəssüf ki, bir neçə saat sonra EPP Qrupunun sədri, italiyalı deputat Luka Volonte üzvlərə düzəlişlərə qarşı olduğunu bildirən məktub yazaraq, öz şəxsi fikrini ifadə etdi.
Bəzi üzvlərin dediyinə görə, Liberal-demokratlar qrupunda alman deputat Şuster bütün üzvlərə düzəlişlərin əleyhinə səs vermələri üçün müraciət etdi. Qrupun böyük əksəriyyəti düzəlişlərə qarşı danışmağa və səs verməyə razılaşdı. Qrupun hər iki düzəlişə rəsmi fikri mənfi oldu.
Mühafizəkarlar Qrupunda düzəlişlər daha çox dəstəkləndi, lakin üzvlərin səs verməkdə sərbəst olduqları bildirildi. Sayca kiçik olan kommunistlər Qrupunda da eyni vəziyyət idi.
Məruzəyə hər iki düzəlişin irəli sürülməsindən dərhal sonra bitərəf davranmalı olan Komitə katibləri Drjemçevski və Şirmer, o cümlədən Baş Katibin ofisinin əməkdaşları nə etdilər? Onlar 2 oktyabrda axşamtərəfi və növbəti gün ərzində komitə və Assambleya iclaslarına qədər dəhliz və bufetdə AŞPA üzvlərinə yaxınlaşır, müxtəlif üsullardan istifadə edərək düzəlişlərin əleyhinə və məruzənin lehinə deputatların səs vermələri istiqamətində məqsədyönlü lobbiçilik fəaliyyəti göstərirdilər. Onlar tez-tələsik tərtib etdikləri müxtəlif bəyanatlar və müraciətləri, o cümlədən Human Rights Watch və Amnesty International təşkilatlarının qondarma yazılarını deputatlar arasında yaymağa çalışırdılar. Sosialistlər Qrupunun bəzi üzvləri bildirirdilər ki, bu qrupun rəhbəri Qross, məruzəçi Ştrasser və alman deputatlar da katibliyin əməkdaşlarının dəstəyi ilə lobbiçilik edərək, digər qruplardan olan AŞPA üzvlərini irəli sürülmüş düzəlişlərin əleyhinə və məruzənin lehinə çıxışlar etməyə və müvafiq səs verməyə çağırırdılar.
Ştrasserin təhriki ilə Almaniya nümayəndə heyətinin rəhbəri və üzvləri hazırda iqtisadi çətinliklərlə üzləşən digər üzv ölkələrin nümayəndə heyətinin üzvlərini açıq-aşkar təhdid edirdilər, onları irəli sürülən düzəlişlərin əleyhinə səs verməyə məcbur etməyə çalışırdılar. Alman deputatlar həmkarlarını düzəlişlərin lehinə səs verəcəkləri təqdirdə, Bundestaqda onların ölkələrinə qarşı iqtisadi sanksiyaların qəbul edilməsi və yardımların qarşısının almması məsələsini qaldıracaqları ilə təhdid etməkdən belə çəkinmirdilər.
Nəhayət, 3 oktyabr tarixində günün ikinci yarısında Hüquq Məsələləri Komitəsində məruzə layihəsinə irəli sürülmüş hər iki düzəliş səsverməyə çıxarıldı. İclas zamanı katibliyin rəhbəri Drjemçevski mövcud prosedur qaydalarını kobud şəkildə pozdu. O, düzəlişlərin səsə qoyulmasından əvvəl çıxış edərək bəyan etdi ki, komitə bu düzəlişləri qəbul etsə də, AŞPA sədri öz səlahiyyətlərindən istifadə edərək düzəlişlərə veto qoyacaq.
Məruzəçi Ştrasser və çıxış edən alman deputatların çoxu ilə xeyli gərgin müzakirədən sonra ilk düzəliş iki texniki korrektə ilə səsverməyə qoyuldu və bu düzəliş Komitə tərəfindən qəbul edildi.
Çıxışlar zamanı, müzakirənin mahiyyətini təşkil edən ikinci düzəlişə daha çox etiraz edildi. Bununla belə, səsvermə zamanı düzəliş 30 səs lehinə, 28 səs əleyhinə olmaqla qəbul edildi. Bu düzəlişin qəbul edilməsi, bir tərəfdən, obyektivliyin təntənəsi idi, digər tərəfdən, AŞPA üçün əsl sürpriz oldu. Əlbəttə, Ştrasser, alman deputatlar və onların katiblikdəki müttəfiqləri səsvermənin nəticəsinə görə həddindən artıq məyus olmuşdular.
Komitə iclasından sonra bir sıra üzvlər qeyd edirdilər ki, düzəlişlərin lehinə olan səslər əslində 30 deyil, 34 idi. Lakin katiblik məruzəçinin xeyrinə yalan danışmağa və nəticəni saxtalaşdırmağa cəhd etdi. Bununla belə, düzəlişlərin lehinə səslər həddindən artıq güclü olduğundan yekun nəticə saxtalaşdırıla bilməzdi. Komitədə səsverməyə yalnız 30 dəqiqə vaxt verildiyindən anti-Azərbaycan təbliğatı aparmağa imkan olmadı. Nəticədə, Komitə üzvləri səsvermə zamanı obyektivliyə və ədalətə səs verdilər.
Hüquq Məsələləri Komitəsinin iclası başa çatdıqdan sonra Assambleyanın plenar iclasına qədər 2 saat fasilə var idi. Bu iki saatlıq fasilə zamanı düzəlişlərə qarşı olan Sosialistlər qrupunun rəhbəri, Almaniya nümayəndə heyətinin üzvləri, Hüquq Məsələləri Komitəsinin katibləri Drjemçevski və Şirmer plenar sessiyada səsverməyə təsir etmək üçün həddindən artıq güclü lobbiçilik edirdilər. Onlar düzəlişləri dəstəkləyən Cənubi Avropa ölkələrinin nümayəndə heyətlərinin üzvlərinə yaxınlaşaraq, məsələ ilə bağlı mövqelərini dəyişməyi tələb edirdilər, əks halda iqtisadi və maliyyə böhranının həll edilməsində onların ölkələrinə Almaniyanın göstərə biləcəyi hər hansı dəstəyə ciddi mane olacaqlarını bildirirdilər. Almaniya nümayəndə heyətinin rəhbəri bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərlərini alman təlimatını yerinə yetirməyə çağırdı.
Hamıya aydın idi ki, Almaniya Avropanın yeganə real idarəçisi kimi hərəkət etdiyini gizlətmir və deputatları Xarici İşlər Nazirlərinə məlumat veriləcəyi və onlara şəxsi və ümumi sanksiyaların tətbiq ediləcəyi ilə hədələyərək, istənilən digər ölkə qarşısında öz tələblərini qoyur. Almaniya deputatlarının Baltikyanı və Skandinaviya ölkələrinin deputatlarının dəstəyi ilə nümayiş etdirdikləri amiranə davranış bütün müşahidəçiləri heyrətə gətirirdi.
Komitədə çıxış etmək imkanı olmayan bir çox ermənilər də ümumi müzakirədə çıxışçılar siyahısında çıxış etdilər. İndi ermənilər hər iki düzəlişə ciddi hücum etmək, almanlara öz dəstəklərini ifadə etmək, eyni zamanda bütün Assambleyaya təsir etməyə cəhd göstərərək, çox emosional və təhqiredici tərzdə birbaşa Azərbaycana hücum etmək imkanı əldə etmişdilər.
Plenar iclasda siyasi qrupların müəyyən edilmiş təmsilçiləri danışdı: onlar qrup rəhbərliyi tərəfindən əvvəlcədən təyin edilmiş və hazırlanmış şəxslər idi, xüsusilə sosialistlər və liberallar qrupunun təmsilçilərinin Azərbaycana qarşı qərəzli mövqedən hazırlanması açıq-aşkar hiss edilirdi.
Buna baxmayaraq, bəzi deputatlar düzəlişləri cəsarətlə müdafiə edirdilər. Ancaq hər dəfə müsbət çıxışlarından sonra həmin az sayda olan deputat, xüsusilə Almaniya, Baltikyanı və Skandinaviya ölkələrinin sosialistləri tərəfindən dərhal və açıq şəkildə ağır hücumlara və təhqirə məruz qalırdılar.
İki saat yarım davam edən plenar iclas zamanı sanki siyasi məhbus meyarları ilə bağlı müzakirələr aparılmırdı, Azərbaycan əleyhinə yönəlmiş qərəzli və düşmən mövqelər nümayiş etdirilirdi. Bu biabırçılığın əsas iştirakçıları almaniyalı deputatlar, sosialist və liberalların təmsilçiləri idi.
Düzdür, plenar iclasda çıxış edən bir çox deputatlar təklif edilən meyarların köhnəlmiş, istifadəyə yararsız olması barədə konkret faktlara istinad etməklə xeyli misallar gətirdilər. Onlar eyni zamanda qeyd etdilər ki, məruzənin 3-cü bəndinə təklif edilən düzəliş məsələnin ədalətli və hüquqi istiqamətdə həllini, yəni Avropa İnsan Hüquqları Məhkəməsinin Konvensiyada nəzərdə tutulmuş mövcud səlahiyyətləri çərçivəsində həllini nəzərdə tutur.
Lakin Ştrasser, Şuster, sosialist və liberallar qrupunun digər üzvləri yalvarışla plenar iclas üzvlərinə müraciət edərək məruzənin 3-cü bəndinə düzəlişin qəbul ediləcəyi halda yanvar ayında Azərbaycana qarşı yönələcək məruzənin qəbul edilməyəcəyindən ehtiyatlanmalarını isterik formada ifadə edirdilər. Ştrasser açıq deyirdi: “Məni düzgün başa düşün, düzəliş qəbul edilsə, yanvarda mənim Azərbaycana qarşı məruzəm qəbul edilməyəcək”. Məhz bu cür ermənipərəstlərin, Qrossun təzyiq etdiyi sosialistlər və liberalların çıxışları mövqelərə ciddi təsir etdi, hətta bu cür siyasi oyunbazlıqdan sonra belə səsvermə 89/89 hesabı ilə heç-heçə nəticələndi.
Liberal-demokratlar Qrupunun rəhbərliyi həmkarlarına təzyiq edərkən Azərbaycanın Avropa Şurasında fəaliyyətinə qərəzli mövqe nümayiş etdirmiş və bu təşkilatın nüfuzuna yaraşmayan ifadələrlə ölkəmizə qarşı ittihamlar yağdırmışdı.
Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin üzvləri dözümlülük nümayiş etdirərək, provokasiyalara uymadılar və hətta Ştrasserin bu məruzəsinin müzakirəsi zamanı söz alıb bir kəlmə belə söyləmədilər.
Məruzə layihəsinə irəli sürülmüş ilk düzəliş iki texniki korrektə ilə qəbul edildi. İkinci düzəlişə səsvermənin nəticəsi belə oldu: 89/89 və 5 nəfər səs vermədi. Düzəlişin qəbul edilməsi üçün bir səsə ehtiyac var idi.
Təəssüf ki, qayda belədir və heç nə etmək mümkün deyil. Bir daha, təəssüf ki, Mühafizəkarlar Qrupunun rəhbəri olan Prezident plenar sessiyaya sədrlik etdiyinə görə onun səs verməsinə icazə verilmədi. Onun səsi düzəlişin qəbul edilməsi üçün nəticəni dəyişə bilərdi.
Bəzi qocaman deputatlar Avropa Şurasında belə səs bərabərliyi və böyük fikir ayrılığı görmədiklərini bildirdilər!
Son səsvermə məruzənin yekun qəbulu ilə bağlı idi. AŞPA üzvlərinin əksəriyyəti 3-cü bəndə düzəlişlərin qəbul edilməməsindən sonra keçirilən ümumi səsvermənin əhəmiyyətinə varmadılar.
Diqqəti çəkən məqam ondan ibarət idi ki, məruzə nəzəri cəhətdən Avropa Şurasına üzv olan bütün dövlətlərə şamil olunsa da, siyasi məhbus məsələsi ilə bağlı bütün çıxışlar Azərbaycana qarşı yönəlmişdi. Azərbaycan bir çox hallarda bu ümumi müzakirədə siyasi məhbus məsələsi ilə əlaqədar müxtəlif istiqamətlərdən kəskin hücumlara məruz qalırdı. Bütün bunlar səsvermənin nəticəsinə təsir etdi.
Almanların və onların tərəfdaşlarının çağırışı çox emosional idi. Onlar debatlarda dramatik çağırış edirdilər və bu da nəticəyə birmənalı olaraq təsir etdi. Hüquqi məsələyə dair müzakirələr qışqırıq və şəxsi təhqirlərlə sona çatdı. Bir çoxları təəccüblənirdilər ki, düzəlişlərə qarşı açıq şəkildə kəskin çıxışlar olmasına baxmayaraq, ikinci düzəlişlə bağlı səslər bərabər (89/89) oldu.
Strasburqda əvvəllər çox nadir hallarda görülmüş bu siyasi trillerdən sonra, sözsüz ki, bu müzakirə və səsvermə AŞPA-nm etibarlılığını həqiqətən sarsıtdı və məsələ ilə bağlı Assambleyada dərin parçalanma olduğunu göstərdi.
Hamıya aydın oldu ki, Ştrasser diqqətini yalnız Azərbaycana hücum etmək üzərində toplayıb və meyarlara dair müzakirə ilə heç vaxt həqiqətən də maraqlanmayıb. Həmçinin daha çox deputata məlum oldu ki, onun Azərbaycana dair qarşıda gələn məruzəsi Avropa Məhkəməsinin müstəsna səlahiyyətinə ciddi müdaxilə etmək riski daşıyır və müzakirələr belə riskin çox böyük olduğunu aydın göstərdi.
Nəhayət, Ştrasserin 3-cü bəndə dair təklifi 89/89 səs nəticəsi ilə qəbul edildi. Onun və ya bütünlükdə AŞPA-nm “qələbə” ilə fəxr etməyə heç bir mənəvi haqqı yox idi. Belə ki, səsvermədə iştirak etmiş deputatların 50%-i (89 nəfər) Assambleyanın məsələ ilə bağlı Avropa Məhkəməsinin müstəsna səhaliyyətinə müdaxilə etməsini istəmirdi.
Düşünürəm ki, bu 89/89 hesabı ilə heç-heçə siyasi oyun Avropa Şurası kimi nüfuzlu təşkilatın tarixinə ləkə kimi yazıldı. Əgər futbol oyununda komandalar heç-heçə ilə oyunu tamamlayırlarsa, onlar və azarkeşləri məyusluqla meydançanı tərk edirlər. Hətta final oyununun əsas hissəsi heç-heçə ilə bitərsə, komandaların birinin üstünlüyü aşkar edilənə qədər oyun davam edir. Bu müqayisəni gətirməklə demək istəyirəm ki, futbol oyununun nəticəsi yalnız komandalara və onların azarkeşlərinə təsir edir, Avropa Şurasının qərarı isə bütün insanların taleyində həlledici rol oynayır və ona görə də bu qurumun qaydalarının daha mükəmməl olması vacibdir.
Beləliklə, Avropa Şurasında yalnız prosedur qaydalarının mübahisəli olması nəticəsində 89/89 hesab ilə heç-heçə nəticələnən bu “qələbə” qurumun nüfuzuna, onun haqq və ədalətin keşiyində duran imicinə ağır zərbə vurdu. Strasburqda 89/89 hesabı ilə qərar qəbul edilən gün demokratiya sanki ölmüşdü. Belə ki, heç-heçə (89/89) hesabı ilə qərar qəbul edilməsinə nail olmaq üçün:
– Sosialistlər və liberalların rəhbərləri demokratik müzakirənin qarşısını almaq məqsədilə anti-Azərbaycan lobbiçilik fəaliyyəti aparmaqla, öz neytrallıq öhdəliklərini pozmuşdular;
– Məlumatlara əsasən, Sosialistlərin lideri isveçrəli deputat Andreas Qross siyasi qrupun iclaslarında üzvləri indikativ səsvermə ilə düzəlişlərə qarşı səs verməyə təhrik edərək, onları qrupdan qovulma ilə qorxutmuş və nominativ siyahılar tərtib etmişdi;
– Almaniya nümayəndə heyəti iqtisadi çətinliklərlə üzləşən bəzi ölkələrin nümayəndələrini həlledici maliyyə dəstəyini kəsəcəkləri ilə hədələyərək, onları Ştrasserin məruzəsinin lehinə səs verməyə məcbur etmişdi. Səsvermə siyasi şantaj və hətta şəxsi təhdidlərlə müşayiət olunmuşdu;
– Ştrasser müzakirə zamanı “məni düzgün başa düşün, düzəliş qəbul edilsə, yanvarda mənim Azərbaycana qarşı məruzəm qəbul edilməyəcək” bəyanatını verərək, üzv ölkələr üçün tətbiq oluna biləcək siyasi məhbus meyarlarına dair planlaşdırılmış obyektiv müzakirədənsə, Azərbaycana qarşı mütəşəkkil qərəzli və düşmən mövqe nümayiş etdirmişdi.
– Belə bir qərəzli anti-Azərbaycan isteriyası şəraitində Ştrasserin “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsi prosedur qaydalarının təkmil olmaması səbəbindən hüquqi baxımdan qəbul edildi. Lakin bu qərar Avropa Şurasının tarixinə siyasi, mənəvi və əxlaqi baxımdan utancverici hadisə kimi yazıldı…