1.6. AŞPA-da Azərbaycan günü: Ştrasserin qərəzli məruzəsi qəbul edilmədi…

AŞPA-nın 2013-cü il qış sessiyasının gedişatında 23 yanvar gününü, bir tərəfdən, Azərbaycan günü, digər tərəfdən isə Avropa Şurası parlamentarilərinin hüququn aliliyi və obyektivlik imtahanından şərəflə sınaqdan keçmə günü kimi qiymətləndirmək olar.

Həmin gün Assambleyanın plenar iclasında Azərbaycana dair iki vacib məruzə eyni vaxtda müzakirəyə çıxarılmışdı. Bunlardan biri Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (EPP) və Joze Debono Qrek (SOC) tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na, digəri isə Hüquq Məsələləri Komitəsinin məruzəçisi Kristof Ştrasserin (SOC) hazırladığı “Azərbaycanda siyasi məhbusların izlənilməsi”nə dair idi.

Həmməruzəçilər Aqramunt və Debono Qrekin məruzəsində göstərilirdi ki, Assambleya “Azərbaycanın Avropa Şurasına üzv olduqdan bəri demokratik institutların fəaliyyəti üçün bəzi həlledici sahələrdə qanunverici çərçivənin yaradılması ilə bağlı əldə etdiyi irəliləyişi tanıyır, eyni zamanda, Azərbaycan hakimiyyətini bu sahələrdəki qanunvericiliyi icra etmək səylərində irəli addımlamağa həvəsləndirir”. Məruzədə “dünyəvi və çoxdinli cəmiyyət olan” Azərbaycanın strateji əhəmiyyəti xüsusi qeyd edilir və Azərbaycan hökuməti “Avropayönümlü meyilləri bəyan etdiyinə” və “indiyə qədər İslam fundamentalizmini uzaq tutmağa” müvəffəq olaraq, “Avro-Atlantik strukturlarla inteqrasiya siyasəti yürütdüyünə” görə təqdir edilirdi.

Məruzənin “Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonun daxil olduğu təqribən 20% Azərbaycan torpaqlarının işğal altında qalması” faktını xatırladan geniş bölməsi Dağlıq Qarabağ müharibəsinə həsr olunmuşdu. Məruzədə “ölkə əhalisinin 10%-ni təşkil edən təxminən 900 000 insanın Azərbaycanın siyasi və sosial vəziyyətinə ağır yük olaraq məcburi köçkün kimi qalması” və “Ermənistan tərəfinin əməkdaşlıq etməməsinin ad-hok komitəyə mane olduğu” təəssüflə qeyd edilirdi.

Məruzə iqtisadi və sosial məsələlər, azad və ədalətli seçkilərdən tutmuş qanunun aliliyi, söz, toplaşma və birləşmə azadlığına kimi bir çox məsələlərə toxunurdu.

Məruzənin 20-dən artıq bəndində siyasi məhbuslar məsələsi müzakirə edilirdi. Məruzədə həmin vaxt müxtəlif beynəlxalq QHT-lər tərəfindən mövcudluğu iddia edilən 22 siyasi məhbusun (onlardan 21-i Prezidentin son əfv fərmanları əsasında azadlığa buraxılıb) siyahısı da nəzərdən keçirilirdi.

Ümumiyyətlə, Monitorinq Komitəsinin məruzəsi tarazlaşdırılmış və hərtərəfli sənəd idi. Belə ki, həmməruzəçilər səlahiyyətləri çərçivəsində dəfələrlə Azərbaycana faktaraşdırıcı səfərlər etmişdilər. Həmməruzəçilər bu səfərlər zamanı müxalifət, hakimiyyət, QHT-lər və vətəndaş cəmiyyəti ilə görüşlər keçirmişdilər. Onlar Azərbaycan iqtidarı, müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq etmişdilər, hər hansı bir məsələ ilə bağlı obyektiv qiymətləndirmə nümayiş etdirməyə çalışmışdılar. Bunun nəticəsində həmməruzəçilərin hazırladıqları məruzə balanslaşdırılmış bir sənəd kimi dəyərləndirilmişdi.

Lakin Hüquq Məsələləri Komitəsinin məruzəsi ilə bağlı bu fikirləri qətiyyən söyləmək olmazdı. Belə ki, Ştrasser Hüquq Məsələləri Komitəsinin məruzəçisi təyin edildikdən dərhal sonra Azərbaycan hakimiyyəti və cəmiyyətinin müxtəlif qanadları ilə əməkdaşlıq qurmaq əvəzinə, Azərbaycan hakimiyyətinə təzyiqlər etmə yolunu və məsələni siyasiləşdirmə yolunu tutmuşdu. Azərbaycan tərəfi Ştrasserə 2 dəfə dəvət məktubu göndərmişdi. O, müxtəlif bəhanələr gətirərək, məruzəçi mandatı çərçivəsində bir dəfə də olsun ölkəmizə səfər etmədi. Onun Azərbaycana gəlmək istəyində olmadığını gördükdə isə Komitə katibliyinə məktub göndərildi və bu məktubda Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsinin Strasburqda Ştrasserlə görüşməyə hazır olduğu diqqətə çatdırıldı. Lakin Ştrasser bu imkandan da istifadə etmədi. Ştrasser bunun əvəzində məsələni siyasiləşdirməkdə davam etdi, ölkəyə səfər etməsi üçün ona viza verilməməsi barədə yalançı iddialarla Azərbaycana qarşı siyasi kampaniyalar təşkil etməyə başladı.

Bundan əlavə, Ştrasserin məruzəçi olduğu dövr ərzində Hüquq Məsələləri Komitəsində ziddiyyətli müzakirələr gedirdi. Ştrasser bütün üzv dövlətlərdə məsələyə dair inkluziv və hərtərəfli araşdırma aparmaqdan imtina edirdi. O, şəxsən Azərbaycanı ayırmaqda təkid edirdi. Bu səbəbdən də onun bitərəfliyi və neytrallığı ilə bağlı suallar yaranırdı.

Nəticədə, Ştrasserin hazırladığı məruzə birtərəfli, qərəzli və reallıqdan tam uzaq bir yazı kimi gündəmə gəldi. Bu səbəbdən Ştrasserin hazırladığı məruzənin Hüquq Məsələləri Komitəsinin 26 iyun 2012-ci il tarixli iclasında müzakirəsi, yuxarıda qeyd etdiyim kimi, çox gərgin bir şəraitdə keçmişdi. Bu gərginlik AŞPA-nın qış sessiyası ərəfəsində pik həddə çatmışdı.

Ştrasserin məruzəsində diqqət yalnız siyasi məhbuslar məsələsində cəmlənmişdi. Məruzəyə siyasi məhbus olduğu iddia olunan 85 nəfərdən ibarət vahid siyahı əlavə edilmişdi. Bu məhbusların bəzilərinin azad edildiyini özü də qəbul etsə də, məruzəçi siyahısını yemləməmişdi.

Assambleyanın plenar iclasında hər iki məruzə ilə bağlı qızğın müzakirələr gedirdi. Bir çox deputatlar Monitorinq Komitəsinin məruzəsini tərifləyir, İnsan Hüquqları Komitəsinin məruzəsindəki nöqsanlara diqqət yetirirdilər.

Birləşmiş Krallıqdan Avropa Demokratlar Qrupunun (EDG) lideri Robert Volter öz qrupunun Ştrasserin məruzəsini inkar edəcəyini elan etdi. Birləşmiş Vahid Avropa Solçuları Qrupunun (UEL) lideri Almaniyadan Katerin Verner bitərəf qalacağı barədə şərh verdi. Avropa Xalq Partiyası (EPP) Qrupu azad səsverməni seçdi. Yalnız Avropa Liberal və Demokratlar İttifaqının lideri Ann Brassör (Lüksemburq, ALDE) bildirdi ki, onun qrupu yekdilliklə Monitorinq məruzəsini dəstəkləyəcək. O, eyni zamanda bildirdi ki, qrupda Ştrasserin məruzəsinin xeyrinə çoxluq var. Faktiki olaraq, Ann Brassör əvvəlcədən ALDE qrupunda Ştrasserin məruzəsi ilə bağlı indikativ (göstərişli) səsvermənin təşkil edilməsinə çalışmışdı və nəticədə 11 liberalın məruzənin lehinə, 9 deputatın isə əleyhinə olduğu məlum olmuşdu. Müzakirə zamanı aydın oldu ki, çıxış edən, demək olar ki, bütün liberallar həqiqətən də məruzəni inkar etməyə çağırdılar. Sonda Sosialistlər özlərinin solçu həmkarı Ştrasserə qəti şəkildə dəstək verməyə çağırdılar.

Viola von Kramon-Taubadel (Almaniya, SOC), Liz Kristofferson (Norveç, SOC), Maykl Maknamara (İrlandiya, SOC), Marina Şuster (Almaniya, ALDE) kimi anti-Azərbaycan deputatların, o cümlədən Ermənistan nümayəndə heyətinin üzvlərinin tənqidləri hər iki məruzənin lehinə və əleyhinə olan arqumentləri bütünlüklə təhlil etmiş məsuliyyətli deputatlar tərəfindən çevik şəkildə cavablandırılırdı.

Bir çoxları iki müxtəlif məruzənin eyni mövzuda verdiyi ziddiyyətli ismarışlara görə qeyri-rasional vəziyyətlə üzləşdiklərini qeyd etsələr də, bir siyasətçi kimi, Assambleya¬da vəzifələrinin öz mühakimələrindən istifadə etmək və rasional səs vermək olduğunu vurğuladılar. Faktiki olaraq, Hüquq Məsələləri məruzəsi 85 siyasi məhbus olduğunu bildirsə də, Monitorinq Komitəsinin məruzəsində 22 şəxsin qeyd edilməsi bir çox deputatlar tərəfindən vurğulandı və onlar hansı rəqəmin düzgün olduğunu və həmin siyahıların bu gün nə dərəcədə etibarlı və yenilənmiş olduğunu soruşdular. Bəzi deputatlar bu yaxınlarda 75 siyasi məhbusun əfv edildiyini xatırladaraq, Ştrasserin siyahısındakı bir çoxlarının həbsdə olmadığmı vurğuladılar.

Deputatlar bu gün kimin həbsdə olmasına aydınlıq gətirilməsini xahiş etdilər və həmin şəxslərin həqiqətən də, yalnız “siyasi” səbəblərlə həbs edildiklərinə tam əmin olmaq istədilər.

Deputatlar eyni zamanda Monitorinq Komitəsinin həmməruzəçilərinin və cənab Ştrasserin yanaşmalarında ziddiyyətlərin olduğunu gördülər.

Bir çox deputatlar Monitorinq Komitəsinin məruzəçilərinin öz araşdırmalarını faktiki olaraq Azərbaycana faktaraşdırıcı missiyalarına və müxtəlif səpkili beynəlxalq və yerli QHT-lərin məlumatlarına əsaslanaraq hazırladıqlarını xatırlatdılar.

Bəzi deputatlar Hüquq Məsələləri Komitəsinin məruzəsinin əsasən məruzəçi ilə görüşmək üçün Berlinə səfər edən iki azərbaycanlı hüquq müdafiəçisinin məlumatına əsaslanmasından şikayətləndilər. Onlar cənab Ştrasseri uzaqdan idarə ilə nəticə çıxarmaqda və real vəziyyəti hərtərəfli, səmərəli şəkildə görə bilməməkdə ittiham etdilər.

Deputatlar belə nəticəyə gəldilər ki, iki ziddiyyətli məruzə eyni gündə təsdiqlənə bilməz, bu nəinki çaşdırıcıdır, hətta bütün Assambleyanın axmaq kimi görünməsinə səbəb olacaq. Monitorinq Komitəsinin məruzəsinin Assambleya üçün vacib olduğunu, əlbəttə, daha hərtərəfli və 20 bənddə siyasi məhbuslar məsələsini də əhatə edərək, dəqiq adlar və rəqəmlərlə daha aydın olduğunu nəzərə alaraq, bir çoxları Monitorinq məruzəsini bəyəndi və Hüquq Məsələləri Komitəsinin məruzəsinə qarşı səs vermək qərarına gəldi.

Bəzi deputatlar Assambleya daxilində iş bölgüsünü başa düşməkdə çətinlik çəkdiklərindən şikayət etdilər. Onlar Monitorinq Komitəsinin işinin yalnız bir üzv dövlətin – Azərbaycanın insan hüquqlarına dair vəziyyətini izləmək olduğunu və eyni tapşırığın Hüquq Məsələləri Komitəsinə də verildiyini qeyd etdilər. Deputatlar bunun Monitorinq Komitəsinin öz işini icra etmək bacarığının olmaması kimi yanlış fikir yaradacağını bildirdilər, öz həmkarlarını diqqətli olmağa çağırdılar. Onlar diqqəti üst-üstə düşən, bir-birini təkrar edən paralel sistemlərin yaranma riskinə yönəltdilər.

Bir çox deputat monitorinq prosedurunda olan xüsusi bir ölkəyə gəldikdə, Monitorinq Komitəsi məruzəsinin 2 bölməsində (7.1. və 7.2. bölmələri) geniş şəkildə əhatə olu­nan məsələ ilə bağlı əlavə ayrıca məruzənin hazırlanmasının mənasının olmadığını bildirdilər və “siyasi məhbuslar”a dair müqayisəli hüquqi məruzənin hazırlanmasına çağırdılar və dəstək verdilər.

Bəzi deputatlar daha da irəli gedərək, iddia olunan siyasi məhbus məsələsindən bəhs edən memorandumda monitorinq proseduru altında olduqları üçün digər ölkələri əhatə etmək niyyətində olmadığını bildirmiş cənab Ştrasseri ikili yanaşmada ittiham etdilər.

Bəzi deputatlar bildirdilər ki, “iddia olunan siyasi məhbusların birləşdirilmiş siyahısı” adlı 85 nəfərdən ibarət məruzəyə əlavə olan və hətta müzakirəyə və digər deputatların düzəlişlərinə açıq olmayan siyahı qeyri-dəqiqdir. Onlar vurğuladılar ki, hətta Ştrasser “iddia olunan siyasi məhbusların birləşdirilmiş siyahısındakı bir çox şəxslərin müxtəlif əsaslarla azad olunduğunu qəbul edir” (Bənd 11). Daha sonra onlar Ştrasseri hal-hazırda həbsdə olan şəxslərin adlarından ibarət düzgün siyahı hazırlaya bilmədiyinə görə tənqid etdilər. Belə nəticəyə gəldilər ki, o, məqsədli şəkildə araşdırma apardığı ölkənin nüfuzuna xələl gətirmək istəyir. Onlar AŞPA məruzəçisinin yanlış bəyannamələrinin həqiqəti əks etdirmədiyini və beləliklə, həm Azərbaycanın nüfuzuna, həm də Avropa Şurasının etibarlılığına ziyan vurduğunu bildirdilər.

Bir sıra deputatların səs verməməsinin səbəbi cənab Ştrasserin məruzəsinin Monitorinq Komitəsinin əsas missiyasına birbaşa müdaxilə etməsi idi. Onlar Monitorinq Komitəsinin məruzəsinin prioritet olmasını qeyd etdilər. Bildirildi ki, iddia olunan siyasi məhbuslar mövzusu davamlı, müntəzəm şəkildə araşdırılmalıdır, bu isə məhz Monitorinq prosedurunun metodologiyasıdır.

Bir qrup deputat cənab Ştrasserin məruzənin 16 və 37-ci bəndlərində qəbul etdiyi “Şübhəsiz, Konvensiyanın presedent şərhi Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna hüququdur” və “mən xəbərdaram ki, bu Assambleya qanun məhkəməsi deyildir. Buna görə də mən diqqətimə çatdırılan iddia olunan siyasi məhbusların işlərinə dair son nəticə çıxarmayacağam.” sözlərini sitat gətirərək, Avropa İnsan Hüquqları Məhkəməsinin missiyasına müdaxilə edilməsindən narahat olduqlarını ifadə etdilər.

Lakin o, fərdi işlərdə onlarla qəti nəticələr verərək bunun əksini etmişdi:

“Mən bu şəxsləri iddia olunan siyasi məhbuslar siyahısına daxil etmək qərarına gəlmişəm” (Bənd 36)

“Mən cənab Səmədovu siyasi məhbus hesab edirəm.” (Bənd 104)

“Mən cənab Dadaşbəylini və digər qrup üzvlərini iddia olunan siyasi məhbuslar hesab edirəm.” (Bənd 117)

“Mən Fərhad Əliyevi meyarlarımıza müvafiq olaraq ehtimal olunan siyasi məhbus hesab edirəm.” (Bənd 143)

“Mənim fikrimcə, Rafiq Əliyev də siyasi məhbus hesab edilir…” (Bənd 145)

“Lakin mən əminən ki, eyni meyarlardan istifadə etməklə, o da siyasi məhbus kimi də tanına bilərdi” (Bənd 146).

Cənab Ştrasserin məruzəsindəki bəyanata əsaslanaraq, deputatlar arasında onun Azərbaycanın hakimiyyət rəsmiləri ilə küsülü olması təəssüratı yaranmışdı: (Bənd 197): “…onların mənimlə əməkdaşlıq etməkdə göstərdiyi uğursuzluqdan sonra mən əmin deyiləm ki, indiki Azərbaycan rəhbərliyində bu siya­si iradə var.”

Bəziləri ona xatırlatdılar ki, fərziyyələrə yox, faktlara əsaslanmış ədalətli, qərəzsiz, obyektiv və bitərəf məruzə hazırlamaq üçün məruzəçisi olduğu üzv dövlət ilə qarşılıqlı inama əsaslanan konstruktiv iş münasibətlərini yaratmaq məhz onun işidir. Onun Bakı ilə işə başlamazdan əvvəl yaranmış problemli münasibətlərini başa düşməkdə çətinlik çəkən deputatlar cənab Ştrasserin mühakimə yürütməzdən əvvəl bütün tərəflərlə əlaqə saxlaya bilməməsindən məyus olduqlarını ifadə etdilər.

Daha sonra onlar cənab Ştrasserin incik və təhdidedici tonundan və Azərbaycana qarşı məruzəsinin 37-ci bəndində açıq-aydın görünən düşmən mövqeyindən təəssüfləndiklərini bildirdilər. Məruzənin 37-ci bəndində deyilirdi: “Azərbaycan hakimiyyət orqanları məruzə hazırlandığı zaman güman edilən faktların həqiqətə uyğun alternativ versiyasını təmin etməyə müvəffəq olmadı və indi onlar tamamilə cavabdeh hesab edilməkdən qaçmaq üçün bununla məsələnin izlənilməsi prosesinin bir hissəsi kimi məşğul olmalıdırlar.”

Bir sıra çıxışlarda bildirildi ki, Assambleyanın üzv dövlətlərlə bağlı rolu xüsusilə nisbətən yeni demokratiyalarda insan hüquqları sahəsində islahatları irəli çəkməkdən ibarətdir. Bu proses həmin üzv dövlətlərdə demokratiyanın səviyyəsinin yüksəldilməsi üçün təhdidedici və təcridedici deyil, konstruk­tiv və xoş olmalıdır.

Çıxış edənlər Ştrasserin məruzəsinin ətraflı və dəqiq təhlili deyil, əsasən məruzəçinin şəxsi ümidsizliyini ifadə etməsini diqqətə çatdırdılar. Onlar bildirdilər ki, Ştrasser məruzəni özü ilə üzv ölkə olan Azərbaycan arasında şəxsi güc davasına çevirib, bu sağlam vəziyyət deyil, açıq-aydın qərəzli hisslərlə korlanıb.

Parlamentarilər məruzəçinin Avropa Məhkəməsinin prosedurlarına birbaşa müdaxiləsinə qarşı xəbərdarlıq etdilər.

Onlar öz həmkarlarını ehtiyatlı olmağa səslədilər, belə ki, bu məruzənin bəyənilməsi bütün bu fərdi nəticələrin bir məruzəçinin, yəni bir şəxsin fərdi mövqeyi deyil, AŞPA-nın rəsmi və ictimai mövqeyi olduğunu göstərmiş olacaq.

Misal üçün, Aleksandr Sidyakin (Rusiya Federasiyası) bildirdi ki, oktyabr ayının 89/89 səs nisbəti çox mübahisəli idi – bir deputat kofe içmək üçün iclası tərk etməsəydi, Assambleyada tərif qəbul olunmazdı. O bildirdi ki, hər kəs öz işi ilə məşğul olmalıdır və əgər Monteskyö bir dövlətin digər dövlətlərə diktə etdiyini görsəydi, öz qəbrində çevrilərdi.

Çox sayda deputat Monitorinq və Hüquq Məsələləri Komitəsinin məruzəçiləri tərəfindən iddia olunan siyasi məhbuslarla bağlı təklif olunan iki siyahı arasındakı böyük fərqlə bağlı narahatlıqlarını bildirdilər; xəbərdarlıq etdilər ki, əgər hər iki məruzə qəbul edilərsə, bu, eyni mövzuda ziddiyyətli nəticələrə gətirib çıxaracaq.

Andorralı liberal deputat Meritxell Mateu Pi bildirdi ki, rəqəmlər mübarizəsində böyük çaxnaşmaya səbəb olan ikinci məruzəni Assambleyanın nə üçün müzakirə etdiyini başa düşmür. “Kim Avropa Şurasının digər ölkələrində siyasi məhbusun olduğunu inkar edər?”, “Niyə təkcə Azərbaycan?”, – deyə Mateu Pi məruzəçiyə sual verdi və bildirdi ki, “Siyasi məhbuslar hər yerdə və Ştrasserin tərifinə əsasən, hətta Qərbi Avropada da var. Biz üzv ölkələrin hamısında siyasi məhbusları nəzərdən keçirməliyik. Əks halda aidiyyəti ölkənin qüdrətindən və ya nüfuzundan asılı olaraq, ikili standartlar tətbiq etmiş olacağıq”.

Britaniyalı deputat Robert Volter əlavə olaraq bildirdi ki, “Cənab Ştrasserin siyahısı Azərbaycanda məhbusları ziyarət etmiş Amnesty International və ya ATƏT-in göstərdiyi rəqəmlərə uyğun gəlmir. Təəssüf ki, Hüquq Məsələləri Komitəsinin məruzəçisi ölkəyə səfər etmədi”. Volter inadla bildirdi ki, “Monitorinq məruzəsi cənab Ştrasserin dolaşıq məruzəsini və onun əlavəsini təkzib etdi”.

ALDE-dən olan britaniyalı Mayk Hankok 13 üzv dövlətdə siyasi məhbus problemini işıqlandıran Human Rights Watch təşkilatının hesabatına istinad etdi. O təklif etdi ki, bütün bu dövlətlər üçün məruzə tərtib edilsin. Cənab Hankok əlavə olaraq bildirdi ki, “Bir üzv dövlət hədəflənmişdir. Yanaşma ədalətli və düzgün ola bilməz və buna Assambleyada göz yumulmamalıdır”. Sonda o dedi: “Avropa Şurası ciddi institutdur və bu qurumun məruzəçisinin belə həssas məsələlərlə məşğul olarkən daha dəqiqliyə və mahiyyətə varma bacarığına malik olması gərəkdir. Belə qərəzli və fərdi bəyanatlara əsaslı mülahizə olmadan mən imzamı ata bilmərəm, belə ki, sizin məruzəni təqdir etməyəcəyəm”.

Bəzi parlamentarilər prokurorun öncədən düşünülmüş qətli (bənd 178) kimi qeyri-siyasi cinayətlərə görə məhkum olunmuş şəxslər də daxil olmaqla, Ştrasserin məruzəsindəki özəlliyə diqqəti yönəltdilər.

Onlar əlavə etdilər ki, belə işlər əvvəllər müstəqil ekspertlər tərəfindən “siyasi” hesab olunmurdu, bununla belə, cənab Ştrasserin şəxsi hiss və mülahizəsi “bu fikirlərə məhəl qoyulmamasına görə narahat olan” ekspertlərin fikrini rədd edir. “Bu məsələləri daha dərindən yoxlamaq üçün böyük resurslara malik müstəqil ekspertlərin qənaətlərini qiymətləndirməyə qadir olmadığından, cənab Ştrasser 85 nəfərdən ibarət şəxsi siyahısına alü nəfərin hamısını daxil edir”.

Bəzi şəxslər müstəqil ekspertlərin baxışlarının məruzəçi tərəfindən hətta ciddi qəbul olunmadığını görüb təəccüblənmişdilər. Halbuki bu, cənab Ştrasseri öz məruzəsini tərtib etməyə və öz araşdırmasının əsas hissəsini bu üç nəfərin qənaətləri ilə əsaslandırmağa ruhlandırmışdı.

Deputat Aqustin Konde (EPP, İspaniya) ekspertlər tərəfindən siyasi məhbus hesab edilməmiş şəxslərin və öncədən düşünül­müş qətl kimi qeyri-siyasi cinayətlərin Ştrasserin siyahısına daxil edilməsi ilə bağlı öz narahatlığını bildirdi. “Bizim 2012-ci ilin oktyabrında qəbul etdiyimiz məruzəyə əsasən, qatil və ya terrorçu heç vaxt siyasi məhbus hesab edilə bilməz” – ispanyalı deputat yenidən xatırlatdı. “Bu, tamamilə qəbuledilməzdir. Kimsə mənim ölkəmdə prokuroru əvvəlcədən düşünülmüş şəkildə qətlə yetirirsə, o, heç vaxt özünü siyasi məhbus adı al­tında gizlədə bilməz.”

Deputat Aqustin Konde həm də bildirdi ki, məruzəçinin “saxlanılan bu üç şəxsin iddia edilən siyasi məhbus kimi tanınmaması ilə bağlı bir qədər narahatlıq hiss etməsini” başa düşməkdə çətinlik çəkir. Çox sayda deputatlar diqqəti cənab Ştrasserin İslam ekstremizmi haqqında verdiyi təhlükəli ismarışlara yönəltdilər.

Nessa Pasquale (EPP, İtaliya) qeyd etdi ki, cənab Ştrasser məqsədi şəriət dövləti qurmaq olan ekstremist qruplara mənsub şəxslərin dərhal buraxılmasını istəyir – bu, Avropa İnsan Hü­quqları Konvensiyasının müdafiə etdiyi çoxsaylı hüquqlara son qoymuş olar. Deputat Nessa Konvensiyanın dövlətin öz konstitusiya nizamını onu devirmək istəyən qruplardan qorumaq hüququnu özündə ehtiva edən 17-ci bəndini xatırlatdı.

“Bu şəxslərdə Kalaşnikov, əl qumbaraları və sursat aşkar olunub. Belə bəyanatlar vermək və onsuz da mürəkkəb olan bu regionda fundamentalizmin təbliğinə şərait yaratmaq təhlükəli deyilmi?”, – deyə italiyalı deputat soruşdu və bir sıra ölkələrdə baş verən son hadisələri vurğuladı.

Tyerri Mariani (EPP, Fransa) öz həmkarına qoşuldu və əlavə etdi: “Biz nəzərə almalıyıq ki, İran Azərbaycanın böyük qonşusudur və Azərbaycanda siyasi partiya, eləcə də televiziya kanalını maliyyələşdirir.” O, həm də Azərbaycanda qadınların hüquqlarının tam qorunduğunu qeyd etdi və ölkənin damğalanması cəhdlərini pislədi. Bundan əlavə, Mariani Ştrasseri Azərbaycana getməsi üçün viza ala bilmədiyinə görə tənqid etdi, halbuki Monitorinq Komitəsinin həmməruzəçiləri heç bir problem olmadan öz faktaraşdırıcı missiyalarını yerinə yetirə bilirlər.

Teodora Bakoyannis (EPP, Yunanıstan) terrorçuların siyasi məhbus kimi təsnif edilməsi təhlükəsi ilə bağlı xəbərdarlıq etdi. O bildirdi: “Yunanıstan diktaturası altında atam kimi 14 yaşım olanda mən də siyasi məhbus idim. Terrorçular mənim yoldaşımı öldürdülər. Üç qatil, ancaq 10 icraçı var idi. Birincilər cinayəti törətdilər, ikincilər isə qərar verdilər. Onlar indi özlərinin siyasi məhbus adlandırılmasını istəyirlər. Bu isə qəbuolunmazdır.” O, bildirdi ki: “əgər biz əməkdaşlıq yolunu davam etdirsək, insanları öz təsir dairəmizdən çıxarmadan azad edə bilərik. Bunun üçün mən Aqramuntun məruzəsinin lehinə, Ştrasserin məruzəsinin isə əleyhinə səs verirəm”.

Toğrul Türkeş (Türkiyə) bildirdi ki, Ştrasserin məruzəsi faktiki səhvlərdən ibarətdir və azad olunmuş şəxslərin, eləcə də terrorçuların, qatillərin və hətta mövcud olmayan şəxslərin adını əks etdirir. O, həmçinin siyasi dustaq olduğu güman olunan və metroya basqın edib, 14 nəfəri öldürdüyünə və uşaqlar da daxil olmaqla, 20 nəfəri yaraladığına görə məhkum olunan şəxsi də nümunə gətirdi.

Terri Leyden (ALDE, İrlandiya) monitorinq prosesinin davam etdirilməsinə çağırdı və onu da qeyd etdi ki, Ştrasserin paralel məruzəsi Monitorinq Komitəsinin məruzəsinin gücünü zəiflədir. “Mən Monitorinq məruzəsinə səs verəcəyəm, çünki Ştrasserin məruzəsi tamamilə qeyri-dəqiqdir”,- deyə o bildirdi. “Biz onu da nəzərə almalıyıq ki, keçmiş Sovet Respublikası olan Azərbaycan uzun yol fəth edib və biz bu ölkənin bu günədək əldə etdiyi nailiyyətlərə inamla baxmalıyıq”.

Aleksey İvanoviç Aleksandrov (EDG), “Rusiya bu subyektiv siyahıların hüquq orqanlarının roluna xələl gətirdiyindən heç bir məna vermədiyini vurğulamışdır”.

Cənab Ştrasser öz məruzəsini davamlı araşdırmaya əsaslanan Monitorinq məruzəsinə bir əlavə olduğunu sübut edərək müdafiə etməyə çalışdı. Lakin bu arqumentlər və onun öz sözlərindəki “məyusluğu” onun məruzəsini xilas etmək üçün çox zəif idi.

Məruzəçi Debono Qrek son qeydlərini edərək bildirdi ki, o, siyasi məhbusun nə olduğunu bilir, çünki özü 40 il bundan əvvəl Britaniya hökumətinin əsarətində olub.

Cənab Aqramunt Azərbaycanın geosiyasi əhəmiyyətliliyi ilə yanaşı Avropa enerji təchizatında əhəmiyyətliliyini də vurğuladı.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, deputat belə izahat verdi: “Mənim erməni həmkarım cənab Davut Harutunyan (EDG) bundan qabaq qeyd etdi ki, Azərbaycan ərazilərinin 20%-i deyil yalnız 13%-i işğal edilib və 1 000 000 deyil, 900 000 insan məcburi köçürülüb. Bunun neçə faiz olmasının heç bir fərqi yoxdur. Problem yalnız bu torpaqların hələ də işğal altında qalmasındadır”.

Həqiqətən də, Ermənistan nümayəndə heyətinin dörd üzvü debat zamanı çox fəal idilər və Azərbaycanda insan hüquqlarının vəziyyətini çox tənqid etmək üçün söz alırdılar. Maraq­lıdır ki, onlar müstəqil qonşu dövlətlə bağlı daxili məsələlərə bu tərzdə müdaxilə edirdilər. Ən azı iki erməni deputat sübut edirdi ki, Azərbaycan insan hüquqları sahəsində mövcud olan problemlərini gizlətmək üçün Dağlıq Qarabağ münaqişəsindən bəhanə kimi istifadə edir. Bu cür düşməncəsinə qeydləri eşidən hər kəs Qafqaz regionunda sülh və təhlükəsizliyə ciddi maneə törədən Ermənistanla Azərbaycan arasındakı problemli münasibətin ciddiliyini hiss edə bilər. Eyni zamanda, erməni deputatlar Ermənistan təcavüzünün Azərbaycanda 1 000 000 şəxsin məcburi köçkünə çevrilməsinə səbəb olması faktını rədd edirdilər.

Buna baxmayaraq, deputatların əksəriyyəti bir daha əmin oldular ki, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı iddialar həmin Azərbaycan vətəndaşlarının insan hüquqlarının ciddi pozulması ilə nəticələnən və 1 milyon insanın məcburi köçkün olmasına səbəb olan Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalı kimi böyük təsir qarşısında cılız görünür.

Siyasi məhbus məsələsinə gəlincə, cənab Aqramunt vurğuladı ki, “onun siyahısındakı 22 siyasi məhbusdan 21-i azad edilib və Azərbaycanda cəmi 1 nəfər siyasi məhbus vardır” və elan etdi ki, onun məruzəsi Ştrasserin məruzəsi ilə ziddiyyət təşkil etdiyindən o, Ştrasserin məruzəsini rədd edir.

Səsvermənin nəticəsi çox aydın idi. Monitorinq Komitəsinin məruzəsi 196 səs lehinə, 13 səs əleyhinə olmaqla, böyük səs çoxluğu ilə qəbul edildi. Hüquq Məsələləri Komitəsinin Ştrasser tərəfindən hazırlanmış məruzəsi isə 125 səs əleyhinə, 79 səs lehinə olmaqla, açıq-aydın rədd edildi.

Belə ki, bir tərəfdən Monitorinq məruzəsinə demək olar ki, konsensus dəstəyi eyni zamanda hər iki həmməruzəçiyə böyük etibarın ifadəsi idi. Bir qədər əvvəl bəzi QHT-lər hər iki həmməruzəçini güclü tənqid etmiş, hətta onların istefasını istəmişdilər. Lakin Avropa ölkələri əhalisinin 225 təmsilçisindən 196-sı Monitorinq Komitəsinin həmməruzəçilərinə güclü dəstək ifadə etməklə, mandatlarının tamamilə mübahisəli olmadığını göstərdilər.

Ştrasserin məruzəsinin Assambleya tərəfindən birmənalı şəkildə rədd edilməsi Avropada ədalət və obyektivlik, insan hüquqları və hüququn aliliyi üçün böyük qələbə idi. Məhz bu məsələdə Azərbaycan uzun illərdən bəri beynəlxalq təşkilatlar daxilində ikili standartlara məruz qalmışdı və 23 yanvar 2013-cü ildə belə qərəzli münasibətlərə son qoyulacağı barədə yenidən ümidlər yarandı. Lakin hadisələrin sonrakı inkişafı bu ümidlərin əbəs olduğunu göstərdi…