XX əsrin 80-ci illərinin ikinci yarısı və 90-a illərin əvvəllərində keçmiş SSRİ ərazisində mürəkkəb ictimai-siyasi proseslər gedirdi. Həmin proseslər sovet imperiyasının subyektləri olan bəzi respublikalarda silahlı münaqişələrlə müşayiət olunurdu. Ermənistan Respublikasının ərazisində və Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə yaşayan mülki azərbaycanlı əhali bu hadisələrdən daha çox əziyyət çəkirdi. 1988-1989-cu illərdə cəmi bir neçə ay ərzində rəsmi Yerevan 250 mindən artıq etnik azərbaycanlını öz tarixi torpaqları olan indiki Ermənistan Respublikası ərazisindən deportasiya etdi. Bu hadisələr eyni zamanda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları fonunda baş verirdi. Ermənistan bu iddialarını reallaşdırmaq üçün beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycana qarşı genişmiqyaslı silahlı təcavüzə başladı.
Ermənistanın beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən bir sıra sənədlər qəbul etməsi isə öz işğalçı siyasətinə legitimlik donu geyindirmək məqsədi güdürdü. Ermənistan SSR Ali Sovetinin”Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr 1989-cu il tarixli qərarı və Ermənistanın dövlət suverenliyi haqqında 23 avqust 1990-a il tarixli bəyannamə bu baxımdan xüsusi olaraq vurğulanmalıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini “Ermənistan Respublikasının ayrılmaz hissəsi” elan edən bu sənədlər beynəlxalq hüquq normalarına daban-dabana zidd idi.
Ermənistanın silahlı qüvvələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan etnik ermənilərdən ibarət silahlı muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları Azərbaycana qarşı silahlı döyüşlərdə iştirak edirdilər.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonunun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) ərazisi Ermənistanın silahlı təcavüzü nəticəsində işğal edildi. Adları qeyd olunan rayonlarla yanaşı, Azərbaycanın cəbhəyanı və Ermənistanla sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri (Naxçıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) işğal olundu, bir neçəsinə isə ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vuruldu. Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 81 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-ü, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, bu gün də işğal altında qalmaqdadır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı Ermənistanın torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xarabazarlığa çevrilməsi, minlərlə insanın həlak olması, 1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə müşayiət olunub. Ermənistan silahlı qüvvələri tərəfindən 20 mindən çox insan öldürülüb, 50 mindən çox insan yaralanıb və şikəst edilib, minlərlə insan itkin düşüb, məhkəməsiz edamlar və mülki əhalinin kütləvi qırğını, girov götürülməsi, onlardan icbari işlərdə istifadə olunması halları baş verib. Hərbi əsirlər və girovlar işgəncələrə və digər qeyri-insani rəftarlara məruz qalıb, yaralılar və xəstələrə adi tibbi yardım belə göstərilməyib.
Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən qırğın tarixin ən dəhşətli cinayətlərindən biridir. 1992-d il fevralın 25- dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri ilə birgə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edib və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirib. Keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və texnikası Xocalı şəhərində törədilmiş cinayətlərin bilavasitə iştirakçısıdır.
Şəhər hücumdan əvvəl, fevralm 25-i axşam çağından etibarən toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulub. Atəş nəticəsində şəhərdə yanğınlar başlayıb və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali belə bir vəziyyətdə azərbaycanlıların məskunlaşdığı yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Ancaq qaçaraq canım qurtarmağa çalışan dinc əhali erməni silahlılarının əvvəlcədən hazırladıqları pusqulara düşərək, qəddarcasına qətlə yetirilib.
Dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca Xocalının işğalı zamanı bir gecədə xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər şikəst olub. Onlardan 76-sı həddi-buluğa çatmayanlardır. 8 ailə bu qırğın nəticəsində tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib, 56 nəfər işgəncə ilə öldürülüb. Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib.
Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bu əraziləri monoetnik zonaya çevirib. Yerli azərbaycanlı əhali həmin ərazilərdən çıxarılıb və məcburi köçkünə çevrilib. Belə ki, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti işğal edildikdən sonra azərbaycanlı əhali zorla öz vətənindən qovulub, Azərbaycanın digər işğal edilmiş ərazilərində də eyni hadisələr təkrarlanıb. Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş Laçın rayonundan 71 000, Kəlbəcər rayonundan 74 000, Ağdam rayonundan 165 600, Füzuli rayonundan 146 000, Cəbrayıl rayonundan 66 000, Qubadlı rayonundan 37 900, Zəngilan rayonundan isə 39 500 nəfər Azərbaycan vətəndaşı öz ölkəsində məcburi köçkünə çevrilib. Başqa sözlə desək, Azərbaycanın işğal edilmiş ərazilərindən 660 000-dən artıq dinc əhali Ermənistanın silahlı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkün olub. 100 000- dən artıq Azərbaycan vətəndaşı isə Ermənistanla həmsərhəd və işğal xətti ilə təmasda olan ərazilərdən ölkənin digər ərazilərinə pənah gətirib. İndiki Ermənistan Respublikasının ərazisindən də yuxarıda qeyd etdiyimiz kimi, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində, 250 mindən artıq etnik azərbaycanlı deportasiya edilib və onlar qaçqın qismində Azərbaycanda məskunlaşıb. Bir sözlə, Azərbaycanın 20% ərazisinin işğalı və işğal edilmiş ərazilərdə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində minlərlə insan öldürülüb, müxtəlif dərəcəli xəsarət alıb, əsir götürülüb və itkin düşüb, dinc əhali ağır psixoloji və mənəvi gərginlik keçirib, indiki Ermənistandan azərbaycanlıların deportasiyası da daxil olmaqla 1 milyondan artıq azərbaycanlı öz tarixi vətənindən, evindən didərgin salınıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Ermənistanın silahlı təcavüzü işğal etdiyi ərazilərdə apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda fövqəladə humanitar vəziyyət yaranmışdı. Təcavüz nəticəsində regionda yaranmış fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatlıq BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı Qətnamələrdə də öz əksini tapıb. BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/114 saylı “Azərbaycanda qaçqınlara və köçkünlərə fövqəladə humanitar yardım vəziyyətinə dair” qətnaməsində çox sayda mülki şəxsin yerdəyişməsi ilə bağlı Azərbaycanda humanitar vəziyyətin daimi pisləşməsi ilə əlaqədar ciddi narahatlığını ifadə edilib, ilk dəfə beynəlxalq sənəddə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda qaçqınların və köçkünlərin sayının bir milyonu aşdığı təsdiqlənib.
Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı Azərbaycan xalqının milli-mədəniyyət abidələri də qəddarcasına uçurulub və dağıdılıb, dünya xalqları mədəniyyətinin tərkib hissəsi olan zəngin mədəni irsimizə misli görünməmiş zərər vurulub. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilir və qəsdən dağıdılır. Nadir abidələr olan Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Fuzuli rayonlarının ərazilərindəki qəbristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və Azərbaycan xalqının digər milli abidələri məhv edilib. Genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparan işğalçılar kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.
Qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidəsi Ermənistanın işğalı altında qalıb.
247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt də erməni işğalı altındadır. Böyük əhəmiyyət kəsb edən bu təbiət abidələrinin əksəriyyəti hazırda işğalçı dövlət tərəfindən amansızcasına məhv edilməkdədir. İşğal edilmiş ərazilərdə meşələrin qırılması və məhv edilməsi hesabına Ermənistanda ağac emalı sənayəsi inkişaf edir.
Belə ki, Kəlbəcər rayonunda “Azərbaycan Respublikasınını Qırmızı Kitabı”na daxil edilmiş 968 hektar ərazini əhatə edən ayı fındığı ağacları kütləvi şəkildə qırılaraq xarici ölkələrə satılır. Hazırda işğalçı Ermənistan tərəfindən Azərbaycanın təbiətinə qarşı planlaşdırılmış ekosid siyasəti həyata keçirilir. Azərbaycanın ekoloji əhəmiyyətə malik və Ermənistanın işğalı altında olan bir çox gölləri hazırda böyük antropogen təsirə məruz qalır və bununla da regionda ekoloji tarazlıq ciddi şəkildə pozulur. Kəlbəcər və Laçın rayonlarının yaylaqlarındakı Böyük Alagöl, Kiçik Ala- göl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayonu ərazisində (Tərtərin qolu Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatlan hazırda işğal altındadır.
Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan – cəmi 558 km dövlət sərhəddi Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demarkasiya xətləri Ermənistan tərəfindən dağıdılıb. Baxımsız vəziyyətdə qalan Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələrin daşınması əməliyyatı həyata keçirilir.
Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əksipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılıb və işğal olunub. Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində Ermənistanla sərhəddə yaradılan və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edən Ağstafaçay su anbarının su tutumu 120 milyon kub metrdir və uzunluğu 72,3 km olan suvarma kanalma malikdir.
Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində 900-dən artıq yaşayış məntəqəsi (şəhər, qəsəbə, kənd və s.), ümumi sahəsi 9,1 mln m2 olan 150 minə yaxın yaşayış evi və mənzil, 4366 sosial-mədəni təyinatlı obyekt, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 7000 ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə müəssisəsi, o cümlədən 695 xəstəxana və digər tibb müəssisəsi, 4 sanatoriya-müalicə kompleksi, 1510 mədəniyyət müəssisəsi, 927 kitabxana, 598 rabitə obyekti dağıdılaraq məhv edilmişdir. Həmçinin, 5198 km avtomobil yolu, 286 km dəmir yolu xətti, 348 körpü, 116 dəmir yolu körpüsü, 7568 km su xətti, 224 su anbarı, 2000 km qaz kəməri xətti, 76940 km elektrik xətti dağıdılmışdır. İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğu, 36 ədəd nasos stansiyası, 26 ədəd suvarma sistemi, 18 ədəd suvarma sisteminin baş qurğusu, 1200 km təsərrüfatlararası suvarma kanalı, 5600 km təsərrüfatdaxili system sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarılan torpaq qalmışdır.
Beləliklə, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan xalqının tarixi, milli-mədəniyyət abidələrinə, regionun təbii sərvətlərinə, sosial-iqtisadi obyektlərinə və bölgənin ekoloji vəziyyətinə külli miqdarda zərər vurulub, bölgədə fövqəladə humanitar vəziyyət yaranıb.
Silahlı təcavüz nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər vurulub. Çoxsaylı tarixi milli mədəniyət abidələri, dövlət müəssisələri və sosial-ictimai obyektləri işğal edilmiş ərazilərdə məhv edilib, regionun ekoloji vəziyyətinə külli miqdarda zərər vurulub.
Göründüyü kimi, bölgədə baş verənlər Ermənistan və Azərbaycan arasında hər hansı münaqişə deyil. Bu Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsi və silahlı təcavüzüdür. Ermənistanın apardığı müharibə və silahlı təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisi işğal edilmiş, Azərbaycan dövlətinə və xalqma külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur.
Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Avopa Şurası Parlament Assambleyası bölgədə baş vermiş silahlı qarşıdurma və humanitar böhranla bağlı müxtəlif sənədlər qəbul ediblər. Bu beynəlxalq qurumlar öz sənədlərində Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib, dərhal silahlı hücumları dayandırmağı və erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını tələb ediblər. Bu sənədlər sırasında BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini və Baş Assambleyasının rəsmi sənədlərini xüsusilə qeyd etmək zəruridir. Belə ki, bu sənədlər universal xarakter daşıyır və özlərində, ümumilikdə, aşağıdakı müddəaları ehtiva edirlər:
- -Dağlıq Qarabağ Azərbaycanın bir regionu kimi tanınır və bu regionun Azərbaycana mənsub olması birmənalı şəkildə təsdiq edilir;
- -Azərbaycan ərazilərinin işğal olunması faktı etiraf edilir;
- -aparılmış etnik təmizləmə nəticəsində Azərbaycan əhalisinin qovulmasından sonra Dağlıq Qarabağ ərazisində qalmış əhali “Dağlıq Qarabağ xalqı” kimi yox, “Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri” kimi tanınır;
- -regionda olan bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazinin əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyi təsdiqlənir;
- -Azərbaycanın işğal olunmuş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur;
- -Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına olan ayrılmaz hüququ təsdiqlənir və belə qayıdış üçün müdaxilədən zərərçəkmiş ərazilərin hərtərəfli reabilitasiyası da daxil olmaqla, lazımi şəraitin yaradılması zərurəti qeyd olunur;
- -Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmaları üçün normal, təhlükəsiz və bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir;
- -xüsusi qeyd olunur ki, Azərbaycan Respublikasının ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyətin qanuni olmasını heç bir dövlət tanımamalıdır və belə vəziyyətin saxlanılmasına kömək və ya yardım etməməlidir.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul edildikdən sonra AŞPA-nm xüsusi məruzəçisi David Atkinsonun 29 noyabr 2004-cü ildə təqdim etdiyi məruzəsində (Sənəd 10364) qeyd olunur ki, “Azərbaycan ərazisinin mühüm bir hissəsi hələ də erməni qüvvələri tərəfindən işğal olunub”. Məruzədə xüsusi qeyd olunur ki, “Azərbaycanın sərhədləri ölkənin 1991-ci ildə müstəqil dövlət kimi tanınması anında beynəlxalq tanınmış idi. Azərbaycanın ərazisinə Dağlıq Qarabağ regionu daxil idi” (b.5, bölmə III).
Bu məruzənin əsasında AŞPA “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı Qətnamə qəbul edib. Qətnamədə AŞPA Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini bildirərək, yüz minlərlə insanın hələ də köçkün olmasını və acınacaqlı şəraitdə yaşamasını, Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin hələ də erməni qüvvələri tərəfindən işğal edilməsini və separatçı qüvvələrin hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət etməsini bildirir. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmalara və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edərək bir daha təsdiq edib ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik təmizləmələrə və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya qətnamədə Azərbaycan ərazisinin mühüm bir hissəsinin Ermənistan qüvvələri tərəfindən işğal olunmasına işarə edərək, təşkilata hər hansı üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edib. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladıb və tərəflərin silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət olunmasını tələb edərək, AŞPA Bürosundan ATƏT-in Minsk Konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu alt komitə yaratmağı xahiş edib.
Bu prosesin davamı kimi AŞPA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda 2006-a il yanvar ayının 9-da keçirilən iclasında mərhum Lord David Rassel-Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapdı. Lakin Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqe tutması nəticəsində AŞPA-nm 1416 saylı Qətnaməsi əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyəti faktiki olaraq Lord Rassel-Constonun vəfatından sonra dayandırıldı. Alt komitənin fəaliyyətinin bərpa edilməsi barədə AŞPA-da 2011-ci ildə qərar qəbul edilsə də, Ermənistan nümayəndə heyəti alt komitənin işinə qatılmaqdan imtina edib və indiyədək onun fəaliyyətini boykot edir.
AŞPA 2008-ci ildə özünün yay sessiyasında bir daha Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini bildirdi. AŞPA-nın bu Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova tərəfindən hazırlanmış “Azərbaycanda demokratik institutların fəaliyyət göstərməsi haqqında” adlı məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 nömrəli eyniadlı qətnamə qəbul edildi. Qətnamənin 25.1 bəndində deyilirdi ki, Assambleya “hesab edir ki, ölkənin ərazi bütövlüyü bərpa edilməyənə qədər Azərbaycanda sabit demokratik inkişaf çox çətin olacaqdır”.
AŞPA-da Ermənistan tərəfindən işğal edilmiş ərazilərlə bağlı “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ adlı bölgəsi üzərində münaqişəyə dair” 1416 (2005) saylı Qətnamənin qəbul edilməsindən xeyli vaxt keçmişdi. Silahlı qüvvələrin təmas xəttində dövri olaraq vəziyyətin gərginləşməsi, cəbhə bölgəsinə yaxın ərazilərdə mülki əhali arasmda ölüm hallarının artması, uzun müddət ərzində davam edən mövcud status-kvonun qəbuledilməz olması, dünyada sürətlə dəyişən siyasi vəziyyət Azərbaycan ərazilərinin işğalına dair yeni məruzənin hazırlanmasını tələb edirdi…