2.2.1. Sərsəng su anbarının işğalı nəticəsində qəzalı vəziyyət və onun beynəlxalq səviyyədə müzakirəyə çıxarılması

Qeyd edildiyi kimi, işğal edilmiş ərazilərdə həmçinin, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir sıra obyektlər qalıb. Əlbəttə ki, bu strateji obyektlərə işğal altında qalmış bir neçə su anbarı da aiddir. Odur ki, Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin uzun illər ərzində işğal altında qalması cəbhəyanı rayonlarda iqtisadiyyata, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurub. Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış əhalinin təcavüzkar tərəfindən qəsdən sudan məhrum edilməsi və su ehtiyatlarından həmin əhaliyə qarşı təhdid kimi istifadə olunması neqativ nəticələrə gətirib çıxarıb.

Sərsəng su anbarı işğal altında qalmış su anbarlarından ən böyüyüdür. Həmin su anbarı Tərtər çayı üzərində inşa olunub və 1976-cı ildə istifadəyə verilib. Sərsəng su anbarının ümumi su tutumu 570 mln m3, işlək su tutumu isə 560 mln m3, ölü həcmi isə 60 mln m3-dir. Anbarın normal dolma səviyyəsi 726 m, daşqın suları axıdan zaman maksimum dolma səviyyəsi 728,5 m, ölü həcmin səviyyəsi 662 m, normal dolma səviyyəsində su anbarının uzunluğu 11,75 km, eni 1,75 km, normal səviyyədə suyun dərinliyi 103 m-dir. Normal səviyyədə su güzgüsünün sahəsi 1346 ha, ölü həcmin səviyyəsində su güzgüsünün sahəsi 270 ha-dır. Sahil xəttinin uzunluğu 50,25 km-dir. Anbarın bəndinin hündürlüyü 125 m, uzunluğu 555,1 m, üstdən eni isə 10,2 m-dir.

Qeyd etmək lazımdır ki, Tərtər hidrokompleksi həm də əsas su anbarından 20 km aşağıda yerləşən daha kiçik tənzimləyici kimi 5,86 mln. m3 su tutumuna malik Madagiz su anbarından və bənddən ibarətdir. Madagiz su anbarı Sərsəng su anbarından və Torağaçay çayından gələn suları gündəlik nizamlamaq məqsədilə Tərtər çayı üzərində yaradılıb. Bu su anbarında yerləşən hidroqovşaqdan su götürən ümumi uzunluğu 92,6 km olan Tərtər sağ və sol magistral kanallarının 80 km-lik hissəsi işğal zonasında qalıb. Bu səbəbdən uzun illərdən bəridir ki, Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarının 56 min hektardan çox torpaq sahələrinə suvarma suyu verilmir ki, bu da regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur.

Sərsəng su anbarı ilk növbədə elektrik və irriqasiya məqsədilə inşa olunmuşdu. Su anbarında hər birinin gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Hər bir turbinin su buraxma qabiliyyəti maxsimin 30 m3/san olduğundan, SES-dən cəmi 60 m3 su buraxılması nəzərdə tutulmuşdu. SES işləmədiyi hallarda suvarma məqsədilə çaya su buraxmaq üçün anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdı. Bu siyirtmələr vasitəsilə hər biri 5 m3/san olmaqla Tərtər çayına cəmi 30 m3/san su buraxmaq olur. Su anbarının dolduğu hallarda qəza su tullayıcısı vasitəsilə 740 m3/san miqdarında daşqın sularının Tərtər çayına axıdılması nəzərdə tutulmuşdu.

Sərsəng su anbarı istifadəyə verilərkən, Azərbaycanın 6 rayonunda (Tərtər, Ağdam, Goranboy, Bərdə, Yevlax və Ağcabədi) əkin sahələrinin suvarılması məqsədilə şimal və cənub istiqamətlərində ümumi uzunluğu 240 km olan irriqasiya kanalı tikilmişdi.

Ermənistanın işğalından əvvəl su anbarında quraşdırılmış 50 MVt-lıq iki turbin vasitəsilə suyun axını tənzimlənirdi. Bunun sayəsində su Azərbaycanın qeyd edilən 6 rayonunun əkin sahələrinin suvarılması məqsədilə irriqasiya kanalma yönləndirilirdi. Azərbaycanın düzənlik hissələrində yerləşən və qeyd edilən rayonların ərazisindəki 100 000 hektardan çox əkin sahəsi Sərsəng su anbarından öz başlanğıcını götürən magistral kanallar vasitəsilə suvarılırdı. Sərsəng su anbarının işğal altında qalması səbəbindən uzun illərdir ki, həmin rayonlar magistral kanallardan istifadə etmək imkanlarından məhrum olunublar.

Vurğulamaq lazımdır ki, coğrafi mövqeyi və yerləşdiyi ərazinin quruluşuna görə Sərsəng su anbarı dünyanın ən mürəkkəb su anbarlarından biri kateqoriyasına aid edilir. Belə ki, Sərsəng su anbarının yerləşdiyi ərazi hipsometrik nöqteyi-nəzərdən çox yüksəkdədir, təxminən 726 m hündürlükdə inşa edilib. Bu fakt baş verə biləcək qəzanın nəticəsinin ağır ola biləcəyi ehtimalını ciddi şəkildə artırır.

Qeyd edilməlidir ki, hipsometrik parametrlərə malik ərazidə inşa edilmiş Sərsəng su anbarı kimi mürəkkəb anbarlara mütəmadi olaraq texniki müayinələrin, baxışların keçirilməsi zəruridir. Amma işğal altında olduğu 25 ildən artıq müddət ərzində hidroqurğulara və avadanlıqlara texniki xidmət göstərilməyib. Su anbarı yuxarıda qeyd olunduğu kimi 1976-cı ildə, yəni 42 il əvvəl istifadəyə verilib. Arüq su anbarındakı avadanlıq və hidroqurğular istismar üçün texniki resurslarını başa vurublar. Bir sözlə, hazırda Sərsəng su anbarı qəzalı vəziyyətdədir və istənilən an qəza baş verə bilməsi gözləniləndir.

Qəzaların baş verə bilməsi üçün səbəblər isə yetərincədir. Birincisi, qəza texniki xarakterli ola bilər. Yuxarıda qeyd edildiyi kimi, su anbarında quraşdırılmış avadanlıqlar və hidroqurğular texniki resurslarını başa vurublar. İşğal alünda qaldığı illər ərzində texniki xidmət göstərilməməsi üzündən istənilən anda qəza baş verə bilər.

İkincisi, Sərsəng su anbarında təbii fəlakətlər, daşqınlar və digər təbiət hadisələri səbəbindən qəza baş verə bilər. Son illər dünyanın müxtəlif regionlarında təbii fəlakətlərin, daşqınların, zəlzələlərin və s. baş vermə intensivliyi və miqyası ciddi şəkildə artıb. Bu qəbildən olan təbiət hadisələri onlar üçün xarakterik olmayan regionlarda da tez-tez baş verir. Sərsəng su anbarının yerləşdiyi Kiçik Qafqaz dağları olan bölgədə belə hadisələrin baş verməsi ehtimalını istisna etmək olmaz.

Nəhayət, üçüncüsü, Ermənistan tərəfinin məqsədyönlü şəkildə Sərsəng su anbarını partlatması ehtimalı böyükdür və belə bir vəziyyət yaranacağı halda, su işğalçı dövlətin əlində kütləvi qırğın silahına çevrilmiş olur. Sərsəng su anbarı Ermənistanın işğalı altındadır. İşğalçı rejim dəfələrlə Azərbaycan tərəfini su anbarlarını partlada biləcəyi ilə təhdid edib. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistana qarşı diplomatik təzyiqlər artan kimi bu işğalçı dövlət düşünülmüş şəkildə cəbhə xəttində vəziyyəti gərginləşdirir, silahlı diversiyalar təşkil edir. Ermənistan Azərbaycan tərəfini su amilindən istifadə etməklə təhdid edir, Azərbaycana məxsus su anbarlarını partlada biləcəyini bildirir. Transsərhəd çay olan Araz çayı Ermənistan tərəfindən mütəmadi olaraq məişət və sənaye tullantıları ilə çirkləndirilir. Bu çayda ağır metalların, toksik elementlərin, o cümlədən sağlamlıq və ətraf mühit, kənd təsərrüfatı məhsulları üçün təhlükəli olan digər maddələrin miqdarı normada nəzərdə tutulduğundan dəfələrlə artıqdır. Azərbaycana daxil olan digər kiçik çaylar vasitəsilə Ermənistan ərazisindən vaxtaşırı olaraq Azərbaycan ərazisinə partlayıcı maddələr axıdılır. Belə hallardan biri bir neçə il əvvəl faciə ilə nəticələnmişdi. Rusiyadan Azərbaycanın Tovuz rayonuna öz qohumlarına qonaq gəlmiş ailənin azyaşlı uşağı kiçik transsərhəd çay vasitəsi ilə axıb gələn itəbənzər oyuncağı götürərəkən, bu oyuncaq onun əlində partlamış və həmin uşaq həlak olmuşdu.

Bəs Sərsəng su anbarında baş verə biləcək qəzanın neqativ nəticələri və onun miqyası haqqında nə demək olar? Hər hansı səbəblər üzündən qəza baş verəcəyi halda su anbardan çıxandan sonra onun sürəti azalmır. Su hövzəsi hündürlükdə yerləşdiyinə görə, əksinə, böyük kinetik enerjiyə malik olaraq artan sürətlə hərəkət etməyə başlayır. Fövqəladə Hallar Nazirliyi ekspertlərinin hesablamalarına görə, müxtəlif səbəblərdən baş verə biləcək qəza zamanı böyük su kütləsi təxminən 60-70 dəqiqə ərzində 48 kilometr məsafəni qət edərək Bərdə şəhərinə çatacaq. Şəhəri basmış suyun hündürlüyü təxminən 40-50 sm təşkil edəcək. Nəticədə 30 min hektara yaxın ərazi qısa bir müddət ərzində böyük su kütləsinin alünda qalacaq və su bu ərazilərdəki infrastrukturu, flora və faunanı, ümumiyyətlə, canlı aləmi tamamilə məhv edəcək.

Həmin vəziyyətdə bölgədə humanitar böhranın meydana gəlməsi qaçılmaz olacaq, çünki qəfildən baş verəcək qəza nəticəsində böyük su kütləsi artan sürətlə qısa müddətdə (cəmi 1 saat ərzində) 48-50 km məsafəni qət edəcək və öz yolunda qarşılaşdığı bütün canlı aləmi məhv edəcək. Qısa müddət ərzində həmin ərazilərdə məskunlaşmış əhalini təhlükəsiz yerə köçürmək qeyri-mümkündür.

İşğal nəticəsində Sərsəng su anbarından istifadə etməkdən məhrum edilmiş Azərbaycanın yuxarıda qeyd edilən 6 cəbhəyanı rayonun əhalisi təxminən 400 min nəfərdir. Aydındır ki, həmin rayonlarda məskunlaşmış əhalinin həyatı daim təhlükə altındadır.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində yaşayış yerlərini dəyişmiş məcburi köçkünlərin bir qismi yuxarıda adı çəkilən cəbhəyanı rayonlarda məskunlaşdırılıblar. Bu insanlar Ermənistanın silahlı təcavüz zamanı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində artıq bir dəfə humanitar böhran vəziyyətini yaşayıblar. Uzun illərdən sonra isə yenidən analoji təhdidlə üzləşiblər.

Beləliklə, uzun illərdən bəri texniki xidmət göstərilmədiyindən qəzalı vəziyyətdə olan su anbarı üzündən düzənlik ərazilərdə məskunlaşmış Azərbaycan əhalisi hazırda təhlükə alünda yaşayır. Üstəlik, təcavüzkar Ermənistan suyu Sərsəng su anbarından qışda buraxır və bunun nəticəsində torpaqlar su alünda qalır, yollar dağılır, sel baş verir. Yay mövsümündə, insanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu dövrdə isə əksinə, suyun qarşısını kəsir. Nəticədə torpağın üst qatındakı üzvi tərkib parçalanmalara məruz qalıb, kənd təsərrüfatına ciddi ziyan vurulub və məhsuldarlıq kəskin şəkildə aşağı düşüb. Bir çox ərazilərdə yaşıllıqlar quruyaraq məhv olub, səhralaşma prosesi başlayıb, bölgədə ekoloji tarazlıq pozulub və biomüxtəlifliyə ciddi zərbə dəyib.

Sərsəng su anbarında yaranmış qəza vəziyyəti, bu su anbarının ətraf ərazilər üçün törətdiyi təhdidlərin beynəlxalq siyasi və hüquqi aspektlərinə baxarkən mənsubiyyət və beynəlxalq-hüquqi məsuliyyət baxımından ən vacib məsələlərdən hesab edilir. Mənsubiyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, Sərsəng su anbarı Azərbaycan ərazisində və onun büdcə xərcləri hesabına inşa edilib. Sərsəng su anbarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yerləşir və Azərbaycanın əmlakıdır.

Qeyd etmək lazımdır ki, Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altındadır. Beynəlxalq hüquq normalarına əsasən işğal altında qalmış obyektlərdə işğalçı tərəfindən istənilən fəaliyyətin həyata keçirilməsi qeyri-qanuni hesab edilir. İşğal altında qalmış obyektlərdə istənilən fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində baş vermiş və ya baş verə biləcək qəzaya görə həmin əraziləri işğal etmiş tərəf beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Beləliklə, Sərsəng su anbarında müxtəlif səbəblərdən baş verə biləcək qəza nəticəsində bölgədə yaranacaq humanitar və ekoloji böhran vəziyyətinə görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət daşıması şəksizdir.

Belə olan təqdirdə Sərsəng su anbarında baş verə biləcək qəzanın, eləcə də bu qəza nəticəsində yaranacaq humanitar və ekoloji böhranın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Nəzərə alınmalıdır ki, Sərsəng su anbarı ilə bağlı problemə avtonom (ayrıca) problem kimi baxıla bilməz. Bu problem birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, bu işğalın 25 ildən artıq müddət ərzində davam etməsi nəticəsində meydana gəlmişdir və məhz bu kontekstdə də baxılmalıdır.

Digər tərəfdən, Azərbaycan əraziləri işğaldan azad edilmədən bu problemin uzunmüddətli həllinə nail olmaq mümkün deyil. Buna görə də Azərbaycan əraziləri tezliklə Ermənistanın işğalından azad edilməlidir. Bunun üçün dünya ictimaiyyəti beynəlxalq hüquq normalarına hörmət və obyektiv münasibət nümayiş etdirməli, işğalçı dövlət olan Ermənistanı həm universal, həm də regional səviyyələrdə arsenalda olan mexanizmlər vasitəsilə tezliklə işğala son qoymağa məcbur etməlidir. Nəhayət, işğala son qoyulduqdan sonra dərhal mütəxəssislər tərəfindən Sərsəng su anbarının texniki ekspertizası aparılmalı, müvafiq bərpa və yenidənqurma işləri həyata keçirilməli, irriqasiya şəbəkələri müasir tələblərə uyğun şəkildə yenidən qurulmalıdır.