Sərsəng su hövzəsində gözlənilən humanitar fəlakət beynəlxalq müstəvidə ilk dəfə olaraq Avronest PA-da gündəmə gətirildi. 2013-cü ilin may ayında Avronest PA-da təcili qətnamə layihəsi təqdim edilmişdi. Qətnamə layihəsi prosedur qaydalarına əməl edilməklə və vaxtında təqdim edilmişdi. Lakin Avropa Parlamentinin bəzi deputatlarının və siyasi fraksiya rəhbərlərinin səyləri nəticəsində müxtəlif bəhanələrlə gündəlikdən çıxarılmışdı.
İşğal nəticəsində Sərsəng su anbarında yaranməş qəzalı vəziyyətə və onun təhdidlərinə növbəti dəfə ATƏT PA-nın 3 iyul 2013-cü il tarixində İstanbulda keçirilən sessiyası zamanı beynəlxalq müstəvidə diqqəti cəlb etməyə səy göstərilmişdi. Sessiya zamanı “Enerji Təhlükəsizliyinin Ətraf Mühit ölçüsü” adlı qətnamə layihəsinə Sərsəng su anbarı ilə bağlı 2 düzəliş təklifi təqdim edilmişdi. Lakin bu düzəlişlər səsvermə zamanı qəbul edilməmişdi.
Ermənistanın işğalı altında olan Sərsəng su anbarının vəziyyəti eyni zamanda 2013-cü ilin yazında AŞPA-da gündəliyə gəldi və qısa bir müddətdən sonra AŞPA Sərsəng su anbarına dair qətnamənin qəbul edilməsi uğrunda əsas mübarizə cəbhəsinə çevrildi. Belə ki, 2013-cü ilin aprel ayında mən Azərbaycan nümayəndə heyətinin üzvü kimi Ermənistanın işğalı alünda olan Sərsəng su anbarına dair ilk dəfə qətnamə təklifi irəli sürdüm. Qətnamə təklifi 24 Assambleya üzvü imzalamışdı. Lakin bu qətnamə təklifi AŞPA-nın 2013-cü ildə Strasburqda keçirilmiş yaz sessiyası zamanı Assambleyanın o vaxtkı prezidenti cənab Minyonun veto qərarı ilə rədd edildi.
Mən bu ədalətsizliklə razılaşmaq istəmədim və yeni qətnamə təklifi hazırlamaq qərarına gəldim. AŞPA-nın Avropa İttifaqı daxilindəki 8 müxtəlif ölkəsindən – Belçika, Polşa, Finlandiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, İrlandiya və Bolqarıstandan olan 31 üzvü ilə birlikdə 9 may 2013-cü ildə yeni qətnamə təklifi irəli sürdük. Bu təklif Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdakı sədrlik dövründə Ermənistanın mövqeyi ilə bağlı Avropa İttifaqı deputatlarının narahatlığını ifadə edir və Ermənistanın təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq məqsədilə təcili addımlar atılmasmı nəzərdə tuturdu.
Qətnamə təklifində bildirilirdi: “Beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində Ermənistan silahlı təcavüzə görə Avropa Şurası tərəfindən də açıq-aydın dəfələrlə pislənilən təcavüzkar dövlət kimi göstərilmişdir, belə ki, Ermənistanın bu məsələyə münasibəti AŞPA-nın əsas prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Parlament Assambleyasının üzvləri Ermənistanın bu münasibətindən o dərəcədə narahatdırlar ki, Ermənistanın 1 iyul 2013-cü ildə başlamalı olan sədrliyindən ciddi şəkildə ehtiyat edirlər. Hesab edirik ki, Nazirlər Komitəsindəki həmkarlarımıza tövsiyə vermək düzgün və müvafiq olar ki, onlar qarşıdakı sədrliyi dövründə Ermənistanın mövqeyini ciddi nəzərdən keçirsinlər və Ermənistan hakimiyyətinin öz təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq istiqamətində dərhal addımlar atacağını təmin etmək məqsədilə onlara istənilən təzyiqi göstərsinlər.”
Sənədi imzalayan 31 avropalı deputat bu qətnamə təklifi vasitəsilə diqqəti Avropa Şurasının Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməməsi faktına yönəltmək istəyirdilər. Lakin Sədarət Komitəsi bu qətnamə təklifi ilə bağlı da “heç bir addım atmamağa” qərar verdi və bu təklif də veto ilə nəticələndi. Buna baxmayaraq, qətnamə təklifi sonda çap və nəşr olundu və Prosedur Qaydalarına müvafiq olaraq, AŞPA-nın 25 iyun 2013- cü il tarixində Strasburqda keçirilən Büro iclasının gündəliyinə daxil edildi. Lakin AŞPA üzvlərinin 1/10-i tərəfindən imzalanmış bu təklifə heç bir diqqət yetirilmədi. Onlar müzakirə üçün vaxtın kifayət etmədiyini bəhanə gətirdilər və beləliklə, Sədarət Komitəsinin əvvəlki qərarına Büroda baxılmadı, halbuki sənədlərdə guya məsələyə baxılması qeyd olunub.
Bununla belə, qətnamə təklifinə imza atmış Birləşmiş Krallıqdan olan deputat Mayk Hankok Assambleyanın 25 iyunda keçirilmiş plenar iclasında məsələnin qaldırılmasında təkid etdi. O, Assambleyanı vəziyyətlə daha yaxşı tanış olmağa və bütün üzvləri buna məsuliyyətlə yanaşmağa çağırdı. Mayk Hankok Büronun bu vacib məsələ barədə hətta müvafiq müzakirə də keçirmədiyinə təəssüfünü bildirdi. Təəssüf ki, onun şərhləri və tələbi 32 səs əleyhinə, 22 səs lehinə olmaqla, bir daha Assambleya tərəfindən əngəlləndi.
Beləliklə, 2013-cü ildə hər iki qətnamə təklifi qaydalara müvafiq hazırlanmış olsa da, müxtəlif bəhanələrlə açıq-aydın heç bir müzakirə aparılmadan rədd edildi.
Lakin AŞPA rəhbərliyi tərəfindən törədilən ciddi maneələrə baxmayaraq, mübarizəni dayandırmaq və geri çəkilmək fikrində deyildim. Odur ki, işğal edilmiş ərazilərə dair istənilən ümumi müzakirənin AŞPA rəhbərliyi tərəfindən rədd edilməsinə baxmayaraq, Ermənistanın işğalı altında qalmış Sərsəng su anbarının strateji əhəmiyyətini və yaratdığı real təhdidləri vurğulayaraq, bu müzakirənin təcililiyini nümayiş etdirdim. 26 iyun 2013-cü ildə 18 müxtəlif ölkəyə mənsub 45 AŞPA üzvü tərəfindən imzalanmış üçüncü qətnamə təklifini irəli sürdüm.
Qətnamə təklifində göstərilirdi ki, AŞPA Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının ən azı bir milyona yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan çox bərbad və təhlükəli vəziyyətə düşməsinin humanitar faciə ilə nəticələnəcəyini və onun ətraf rayonların əhalisi üçün təhlükəli olduğunu vurğulayır. Bu səbəbdən Assambleya işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla, Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləyir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsini qeyri-insani davranış hesab edir. Qətnamə təklifinə əsasən, mühüm əhəmiyyət kəsb edən bir məqam kimi, Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırırdı.
Lakin Prezident və Sədarət Komitəsi tərəfindən Azərbaycan, İtaliya, San Marino, Birləşmiş Krallıq, Finlandiya, Bolqarıstan, Fransa, Polşa, Andorra, İspaniya, Makedoniya, Türkiyə, Bosniya-Herseqovina, Albaniya, Rumıniya, Litva, İrlandiya və Avstriya kimi ölkələrdən olan AŞPA üzvlərinin imzaladığı bu qətnamə təklifinin də qarşısı alındı.
Sərsəng su anbarının vəziyyəti və təhdidləri ilə bağlı məruzə hazırlanmasına dair cəhdlərin AŞPA rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə qarşısının alınmasına baxmayaraq, 2014-cü ilin mart ayında “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı yeni qətnamə təklifini irəli sürdüm. Bu təklif əvvəlcə 6 aprel 2014-cü il tarixdə Strasburqda Sədarət Komitəsinin iclasında müzakirə edildi. Bu dəfə Sədarət Komitəsi qətnamə təklifinə dair məruzə hazırlanması barədə rəy qəbul etdi. AŞPA Bürosu 11 aprel 2014-cü il tarixli iclasında məruzə hazırlanması üçün məsələni Sosial Məsələlər Komitəsinə göndərmək qərarı verdi. Bu qərar elə həmin gün Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqləndi. Nəhayət, 2014-cü ilin 12 may tarixində Sosial Məsələlər Komitəsi Nikosiyada keçirilən iclasında bosniyalı deputat xanım Milisa Markoviçi “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin etdi.
Bu, irəliyə doğru atılmış böyük addım idi. Belə ki, uzun illərdən sonra ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalmış strateji obyektinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması və bu məsələyə dair məruzə hazırlanması barədə razılıq əldə edilmişdi.
Ermənistan tərəfi problemin ATƏT-in Minsk Qrupu çərçivəsindən başqa beynəlxalq platformaya keçirilməsinin
əleyhinə çıxış edir və bunun danışıqlar prosesinə mane olduğunu bəhanə gətirərək, öz işğalçı siyasətini ört-basdır etməyə çalışırdı. Onlar Azərbaycan ərazilərinin işğal olunması və işğal altında olan Sərsəng su anbarı ilə bağlı AŞPA-da hər hansı müzakirələr aparılmasının və qətnamələr qəbul edilməsinin qarşısını almaq istəyirdilər. Odur ki, “Azərbaycanın cəbhəyənı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir “adlı məruzə üzrə məruzəçi Milisa Markoviçlə də əməkdaşlıqdan imtina etdilər.
AŞPA Katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanladı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər etməsi üçün şərait yaratmaqdan faktiki olaraq imtina etdi. Ermənistanın AŞPA Katibliyinə cavabı qeyri-ciddi və gülünc idi. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “DQR”-ə müraciət etməyi məsləhət görmüşdü. Ermənistanın bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya “DQR”-i tanıması və onunla əməkdaşlıq etməsini bildirmək barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmiş oldu.
Ermənistanın bu destruktiv mövqeyinə rəğmən, xanım deputat Milisa Markoviç məruzəçi olduğu müddət ərzində iki dəfə Azərbaycana səfər etdi. Bu səfərlər zamanı Azərbaycanın rəsmi dövlət orqanları və QHT nümayəndələri, o cümlədən “SOS Sərsəng” layihəsini həyata keçirən AVCİYA nümayəndələri ilə görüşlər keçirildi. Məruzəçi öz səfərləri çərçivəsində Sərsəng su anbarının işğal alünda qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etdi, yerli əhali ilə müzakirələr apardı, yerlərdə real vəziyyətlə tanış oldu və məruzəni hazırlayaraq, Sosial Məsələlər Komitəsinə təqdim etdi.
Ermənistan tərəfi hər vəchlə məruzənin hazırlanmasının, Komitədə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışırdı. Bunun üçün Ermənistan rəsmiləri, prezident və xarici işlər naziri səviyyəsində AŞPA üzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər edir, Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları AŞPA üzvləri ilə görüşərək onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışır, məruzəçinin Sərsəng su anbarı yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzənin gündəlikdən çıxarılmasını tələb edirdilər.