2.3. Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri AŞPA gündəliyinə çıxarılır

AŞPA 10 aprel 2014-cü ildə Ukraynada baş verən hadisələrlə bağlı Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edən 1990 (2014) saylı Qətnamə qəbul etdi. Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların qəbul edilməsini şərtləndirən əsas amil kimi Krımın işğal edilməsi göstərilirdi. Bu qətnamənin qəbul edilməsi suallar doğururdu: Nə üçün Rusiya nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilir, amma Azərbaycanın 20% ərazisini işğal etmiş və uzun illər işğal altında saxlayan Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilmir?

Odur ki, mənim təşəbbüsümlə 2014-cü ilin iyun ayında Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiqini tələb edən qətnamə təklifi irəli sürüldü və bu qətnamə təklifi 18 iyunda AŞPA-nın saytında dərc edildi. Qətnamə təklifində Ukraynada baş verən hadisələrlə bağlı AŞPA-nm 10 aprel 2014- cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnaməsi ilə Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsi barədə iqtibas gətirdim. Və eyni standarta hörmət edərək, Azərbaycan ərazilərinin silahlı işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə eyni sanksiyaların tətbiq edilməsi barəsində çağırış etdim.

Qətnamə təklifi AŞPA-nm 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı və 7 iyun tarixdə elektron formada AŞPA Katibliyinə göndərildi. İyun ayının 10-da Katiblik həmin imzaların elektron versiyalarını aldığını təsdiq etdi. Prosedur Qaydalarına əsasən iyun ayınm 16-da qətnamə təklifi 58 deputatın orijinal imzası ilə Katibliyə təqdim edildi. Eyni zamanda, Büro üzvlərinə, AŞPA rəhbərliyi və AŞPA Katibliyinin ümumilikdə və xüsusilə təqdim olunmuş qətnamə layihəsi ilə bağlı Azərbaycana münasibətdə obyektivlik nümayiş etdirəcəyinə səmimi ümid ifadə edən məktub göndərdim.

Baş katib Voytsix Savitski AŞPA çərçivəsində müzakirəyə çıxarılan məsələlərdə daim özünün kəskin anti-Azərbaycan mövqeyi ilə seçilib, ölkəmizə qarşı qərəzlilik və açıq-aşkar ayrı-seçkilik nümayiş etdirib. Mən çox gözəl başa düşürdüm ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi ilə bağlı da o öz anti-Azərbaycan mövqeyindən çıxış etmək ənənəsinə sadiqlik nümayiş etdirəcək və hər vəchlə təqdim edilmiş qətnamə sənədinin qarşısını almağa çalışacaq. Doğrudan da 22 iyunda Sədarət Komitəsinin iclasında AŞPA-nın Baş katibi Savitski qətnamə layihəsinə qarşı son dəqiqədə prosedur etirazı qaldırdı. 0,9-cu Qaydaya şərh verərək sanksiyaları xatırladan qətnamə təklifində mandat məsələsinə istinad edilməli olduğunu bildirdi.

Lakin qeyd edilməlidir ki, ümumiyyətlə, hər hansı prosedur etirazı halında aidiyyəti maddə iclasda dərhal Katiblik tərəfindən sözbəsöz sitat gətirilir. Lakin qətnamə təklifi vasitəsilə sanksiyaların tətbiqinə çağırmağı qadağan edən hər hansı maddə (yaxud maddənin bir hissəsi) sitat gətirilə bilməz, sadəcə ona görə ki, heç bir qayda bunu qadağan etmir. Qaydaların heç bir maddəsində sanksiyaları müzakirə yaxud tətbiq etmək məqsədilə əvvəlcə mandatın sual altına qoyulmasının zəruriliyi göstərilməyib.

Bundan əlavə, mənim irəli sürdüyüm qətnamə təklifində Ermənistan nümayəndə heyətinin mandatının şübhə altma alınması elə bir maraq kəsb etmirdi. Məqsəd, faktiki olaraq, ondan ibarət idi ki, Assambleya mandatın sual altına qoyulmasma dair tələsik prosedur məruzəsi deyil, səlahiyyətli Komitənin lazımi qaydada hazırladığı məruzə əsasında ermənilərin səsləndirdiyi arqumentlər daxil olmaqla, işğal edilmiş Azərbaycan əraziləri məsələsini geniş müzakirə etsin. Belə ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, hər şeydən əvvəl, real faktdır. Ümumi prinsipə görə, Assambleya qərarların verilməsində suverendir, beləliklə, o, eyni zamanda real fakt əsasında sanksiyalar qəbul edə bilər. Əslində, bunun əksi parlament demokratiyasının bütün prinsiplərinə, eləcə də sağlam düşüncəyə zidd olar.

Bununla yanaşı, qətnamə təklifi təqdim və dərc edilmişdi, AŞPA-nın saytında yerləşdirilmişdi, bu isə sənədin müvafiqliyini açıq-aydın sübut edirdi. Bu qətnamə təklifi Assambleyanın rəsmi sənədi idi. Belə ki, Qayda 24.3 ehtiva edir ki, “Qaydalara müvafiq olan qətnamə təklifi ən qısa vaxtda dərc ediləcək və paylanacaq.”

Bundan əlavə, bir qayda olaraq, qətnamə təklifi müvafiq olmadıqda belə, aidiyyəti qeydlər və düzəliş üçün təkliflərlə birgə müəllifə geri göndərilir. Bu, Katibliyin rəhbərliyi ilə icra edilən vahid və müsbət təcrübədir. Lakin təqdim etdiyim qətnamə təklifi qeydlər və düzəlişlərin nəzərə alınması üçün müəllif kimi mənə qaytarılmamışdı, əksinə, hər hansı qeyd olmadan dərc edilmişdi. Odur ki, AŞPA Baş katibi Savitskinin riyakarlığı özünü bir daha çılpaqlığı ilə göstərmiş oldu.

Bu azmış kimi, Savitski Sədarət Komitəsinin iclasında qətnamə təklifini Ermənistana dair hazırlanan cari monitorinq məruzəsinə daxil edilməsi üçün Monitorinq Komitəsinə yönləndirməyi təklif etdi. Beləliklə, Sədarət Komitəsinin iclasında katibliyin rəsmi istinad təklifi oldu. Lakin Sədarət Komitəsinin bu istinadı deyil, fərqli bir istinadı dəstəklədiyi ortaya çıxan kimi, qəflətən müəyyən prosedur maneəsi yarandı: qətnamə təklifinin redaksiyası arüq müvafiq deyil! Lakin məntiqi sual ortaya çıxırdı: nə üçün bu sənədin redaksiyası bir istinad təklifi üçün müvafiq olduğu halda, digər istinad təklifi üçün müvafiq deyil? Bu sualın cavabı açıq qalırdı…

Nəticə etibarilə, Katiblik qətnamə təklifinin məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsinə o şərtlə razılıq verdi ki, mən müəllif kimi bu təklifi yenidən yazmalı və yenidən imza toplamalıyam. Aydın idi ki, belə bir qərarın qəbul edilməsinin səbəbi katibliyin qərəzli olmasıdır.

Həmin gün Savitski məni görüş üçün dəvət etdi. O, görüş zamanı əvvəlcə özünü dostyana apararaq, mənə qətnamə təklifini geri götürməyi təklif etdi, bunun mümkün olmayacağına əmin olduqda isə məni təhdid etməyə başladı. Nəticədə katiblik bir gün ərzində yeni qətnamə təklifi təqdim edəcəyim təqdirdə sənədi məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsinə razılıq verəcəyini bildirdi. Mən dərhal yeni qətnamə təklifi hazırlamaq məcburiyyətində qaldım və qısa müddət ərzində 16 üzv dövlətdən olan həmkarlarımdan 28 yeni imza toplayaraq katibliyə təqdim etdim. Hələ əvvəldən bizə qarşı mübarizə aparan Katiblik buna olduqca təəccübləndi və bu yeni qətnamə təklifini qəbul etməli oldu. Bu yeni qətnamə layihəsi rəhbərliyin son dəqiqədə irəli sürülmüş tələblərinə tam müvafiq formada hazırlanmışdı. Bazar günü, iyunun 22-də Sədarət Komitəsində artıq mövzuya dair siyasi konsensus əldə edildi. Beləliklə, yeni qətnamə təklifi təqdim etməklə, AŞPA- da işğal edilmiş Azərbaycan ərazilərinə dair açıq və şəffaf müzakirəyə başlamaqda və bu mövzuda məruzə və qətnamə hazırlanmasında israrlı olduğumu təsdiq etdim.

Əlbəttə ki, Baş Katib Savitskinin Ermənistan nümayəndə heyətinə AŞPA-da sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə təklifinin qarşısını almaq istiqamətində xüsusi canfəşanlıq göstərməsi diqqətdən kənarda qala bilməzdi. O, yay sessiyası çərçivəsində bu qətnamə təklifinin qarşısmı almaq üçün əlindən gələnləri etsə də, məsələni sona çatdıra bilmədi. Sözsüz ki, cənab Savitskinin məsələ ilə bağlı həlledici qərarın qəbul edilməsi üçün sentyabr ayınadək əldə etdiyi zaman fasiləsindən səmərəli istifadə edərək Ermənistan nümayəndə heyətinin toxunulmazlığını təmin etmək istiqamətində yeni addımlar atacağı aydın idi.

Doğrudan da, rahatlıq tapa bilməyən Savitski yenidən təxribat xarakterli yeni üsullara əl atdı. Onun təşkilatçılığı və ermənilərin güclü dəstəyi ilə deputatları açıq-aşkar çaşdırmaq məqsədilə başqa bir qətnamə təklifi yazıldı. Beləliklə, sanksiyalar tətbiq edilməsini nəzərdə tutmamaqla Ermənistana xidmət edən “Dağlıq Qarabağ münaqişəsi” adlı formal xarakterli və faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini özündə ehtiva etməyən üçüncü qətnamə təklifi yazılaraq katibliyə təqdim edildi. Katiblik Yunanıstandan olan xanım Bakoyannisi aldadaraq, “Dağlıq Qarabağ münaqişəsi” adlanan bu təklifi imzalamağa inandıra bildi. Bu qətnamə təklifi işğal edilmiş ərazilərə dair istənilən müzakirənin qarşısını almaq məqsədi daşıyır və avropalı deputatlar üçün ilk baxışda qəbuledilən görünsə də, onları, şübhəsiz, tamamilə çaşdırırdı.

Sədarət Komitəsinin cümə axşamı, 26 iyun tarixli iclasında qeyd edilən 3 qətnamə təklifi ətrafında aparılan müzakirələr olduqca gərgin və əvvəllər olduğundan daha aqressiv keçdi. Liderlər bir-birini birbaşa və şəxsən təhqir edir, vəziyyət dramatik və xaotik gedişat alırdı. Nəhayət, Sədarət Komitəsində sanksiyalara dair ilk qətnamə təklifini yalnız məlumat üçün Monitorinq Komitəsinə yönləndirmək, işğal edilmiş ərazilərə dair ikinci qətnamə təklifi ilə “Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü qətnamə təklifini isə sentyabr ayına qədər təxirə salmaq barədə üç səs lehinə, iki səs əleyhinə olmaqla, konsensus əldə edildi.

Büronun cümə günü, 27 iyun 2014-cü il tarixli iclasında qətnamələrlə bağlı məsələ yenidən gündəlikdə idi. AŞPA Prezidenti Ann Brassör məsələ ilə bağlı Sədarət Komitəsinin rəyinin xülasəsinə şərh verdi. Müzakirələr zamanı Monitorinq Komitəsinin sədri birinci qətnamə təklifinin yalnız məlumat üçün olsa belə, onun komitəsinə yönləndirilməsində təkid edirdi. Büronun sədri razılığa gələrək, digər iki qətnamə təklifini təxirə salmağı təklif edirdi. Lakin EPP rəhbəri həmin gün məsələ ilə bağlı səsvermə keçirmək və digər iki qətnamə təklifinə səs vermək üçün çıxış etdi. Sosialistlərlə kommunistlərin sərt reaksiyaları və sonrakı çıxışlar üzvlər arasında çaşqınlıq yaratdı. Odur ki, səsvermə dayandırıldı və bütün qətnamə təkliflərini sentyabra kimi təxirə salmaq barədə dərhal yeni təklif irəli sürüldü. Nəticə etibarilə, bu təklif qəbul edildi. Beləliklə, Büro iclası tam çaşqınlıq vəziyyətində bitdi və qərar yenidən Büronun Parisdə keçiriləcək 2014-cü il sentyabr iclasına qədər təxirə salındı. Bu qədər riyakarlıqlar, bu qədər maneələr və təxribatlardan sonra 2 sentyabr 2014-cü il tarixli Paris iclası həlledici qərar qəbul etməli idi.

Maraqlıdır ki, AŞPA sessiyasının başa çatmasından cəmi bir neçə gün sonra Ermənistan nümayəndə heyətinin üzvü Arpin Hovhannisyan və digərləri tərəfindən “Azərbaycanda korrupsiya barədə yazan tədqiqatçı jurnalistlərin sıxışdırılması” adlı qətnamə təklifi təqdim edildi. Tələsik, məntiqi ardıcıllığı olmayan, qərəzli və qeyri-obyektivliyi ilə diqqəti çəkən bu layihənin dərhal yay sessiyasından sonra təqdim edilməsi, əlbəttə, bir sıra suallar doğururdu:

  1. Nə üçün belə bir qətnamə təklifi yay sessiyasında Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə təklifinin müzakirəsindən dərhal sonra təqdim edildi?
  2. Bu qətnamə layihəsinin ideya müəllifləri və əsl təşkilatçıları kimlərdir?
  3. Bu qətnamə layihəsinin meydana gəlməsinin başlıca məqsədi nədən ibarətdir?

Qeyd etməliyəm ki, yay sessiyasından bir neçə gün keçdikdən sonra Ermənistana xidmət edən qətnamə təklifinin gündəmə gəlməsi gözlənilən idi. Bu qətnamə təklifinin Ermənistan nümayəndə heyətinin üzvü Arpin Hovhannisyan və Assambleyanın digər üzvləri tərəfindən irəli sürülməsi göstərilsə də, onun ideya müəlliflərinin Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Savitski və onun anti-Azərbaycan həmkarlarının olması şübhə doğurmurdu. Belə ki, cənab Savitski yay sessiyası zamanı ikilikdə görüş zamanı mənə çox maraqlı sualla müraciət edərək soruşmuşdu: “Nə üçün beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da işğala məruz qalmış Moldova, Gürcüstan və digər xalqlara münasibətdə qayğı və həssaslıq nümayiş etdirildiyi halda Azərbaycana qarşı analoji münasibət yoxdur və hətta bəzilərinin nifrəti var?”

Savitski belə məzmunlu sualı verməklə, faktiki olaraq AŞPA-da Azərbaycana qarşı ayrı-seçkiliyin, hətta bəzi üzvlər tərəfindən Azərbaycana qarşı nifrətin mövcudluğunu və bu yaxınlaşmanın AŞPA-nın tək ayrı-ayrı sıravi üzvlərinə deyil, hətta rəhbərliyinə də sirayət etdiyini etiraf etmiş oldu. Deməli, görünür, o, bu sualla demək istəmişdi ki, siz müsəlmansınız və bunu anlamalısınız. Bu səbəbdən də mən ona cavab verdim ki, belə münasibət yəqin Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır. Savitski mənim cavabımı sükutla qarşıladı. O, bu cavabı sükutla qarşılaması ilə AŞPA-da mövcud olan anti-Azərbaycan münasibətlərinin daha dərin köklərə malik olması və dini motivlərdən qaynaqlanması ilə görünür ki, razılaşmış oldu.

Mənim qəti mövqedə olduğumu görən Savitski hətta məni şantaj etməkdən belə çəkinmədi. O, Büronun iclası zamanı öz çıxışında guya mənim ona gələcək seçkilərdə yenidən Baş Katib seçilməsinə səs verəcəyim barədə təklif etdiyimi söyləmişdi.

Mən çox gözəl anlayıram ki, Savitski mənimlə görüş zamanı həm yuxarıda qeyd edilən sualla mənə müraciət etmədiyini, həm də Büronun iclasında mənə böhtan atıldığını söyləməyəcək. Odur ki, ona bu məlumatların dürüstlüyünü yoxlamaq üçün ikitərəfli görüşümüzün və Büro iclasının stenoqramlarmı yenidən nəzərdən keçirməyi məsləhət bilirəm.

Bəs yay sessiyasından sonra Savitskinin təşkilatçılığı ilə Ermənistan nümayəndə heyətinin üzvü Arpin Hovhannisyan və digərləri tərəfindən anti-Azərbaycan qətnamə təklifinin əsas məqsədi nədən ibarətdir? Aydındır ki, bu qətnamənin gündəmə gəlməsində əsas məqsəd Azərbaycan torpaqlarının işğal altında olmasının unutdurulmasına və Ermənistanın işğalçılıq siyasətinin ört-basdır edilməsinə nail olmaq idi. Belə olan halda birmənalı şəkildə Ermənistan nümayəndə heyəti AŞPA-da sanksiyalardan sığortalanır, onların toxunulmazlığını təmin edən, Savitskinin təşəbbüsü və təşkilatçılığı ilə təqdim edilmiş “Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamə təklifinin qəbul edilməsi təmin edilmiş olur.

Beləliklə, Azərbaycan ərazilərini işğalda saxladığına görə Ermənistan nümayəndə heyətinə sanksiyaların tətbiqini tələb edən qətnamə təklifi ətrafında baş verənlər bir daha göstərdi ki, AŞPA-nın Baş Katibi Savitski, onunla həmfikir olan bəzi AŞPA rəhbərləri müxtəlif bəhanələrlə Azərbaycan nümayəndə heyətinin fikrini əsas məsələdən yayındırmağa, işğal faktını unutdurmağa, Ermənistan nümayəndə heyətini sanksiyaların tətbiqindən sığortalamağa və ümumiyyətlə, Ermənistan tərəfinin toxunulmazlığını təmin etməyə çalışırdılar.

Qeyd edilməlidir ki, aparılan debatlar artıq AŞPA üzvləri arasında məsələyə dair müəyyən məruzənin hazırlanmasına dair bir konsensus formalaşdıra bilmişdi. Lakin əsas narahatlıq doğuran məqam həmin məruzənin adı ilə bağlı idi. Savitski və onun rəhbərlik etdiyi katiblik məruzənin başlığının “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasını istəyirdi, biz isə mütləq “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin başlığa daxil edilməsi uğrunda çalışırdıq.

Eyni zamanda aydın idi ki, mübarizə başa çatmayıb, onun yeni, daha gərgin mərhələsi hələ qabaqdadır. Buna AŞPA-nın Baş katibi Savitskinin Büronun 27 iyun 2014-cü il tarixli iclasında təqdim edilən qətnamə təklifi haqqındakı şərhi əminlik verirdi. Belə ki, Savitski qətnamə təklifini açıq-aşkar Ermənistana qarşı təxribat, təklif edilən məruzə başlığını isə tamamilə qəbuledilməz adlandırdı.

AŞPA Bürosunun 2 sentyabr 2014-cü il tarixdə Parisdə keçirilən iclasında qeyd edilən qətnamə təklifləri ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı diddəti çəkən məqamlardan biri Yunanıstandan olan deputat Bakoyannisin çıxışı oldu. Yuxarıda qeyd etdiyim kimi, xanım Bakoyannis yay sessiyası zamanı AŞPA Baş katibi Şavitskinin təklifi ilə mətni ilə tanış olmadan “Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamə təklifinə imza atmışdı. Lakin o, bu qətnamə təklifi ilə yaxından tanış olduqdan sonra həmin təklifin qeyri-obyektiv olduğunu, anti-Azərbaycan xarakter daşıdığını, ən başlıcası isə, işğal faktını təhrif etdiyini anlamış və onu imzalamaqla səhvə yol verdiyini başa düşmüşdü. Odur ki, Bakoyannis iclasda çıxış edərək, öz səhvini etiraf etmişdi, bu qətnamə təklifinin 7 ətraf rayonun işğalı faktını nəzərə almadığını diqqətə çatdırmışdı və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı qətnamə təklifini dəstəklədiyini bildirmişdi. Ümumiyyətlə, Büronun 2 sentyabr 2014-cü il tarixli iclasında sağlam düşüncə və obyektivlik Baş katib Savitskinin davamlı manevrlərinə üstün gəldi. Qətnamə layihələri 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirildi.

Lakin Savitski Büroya xəbərdarlıq etdi ki, qərar Assambleya tərəfindən təsdiqlənməlidir və Komitədə hələ də sual altına qoyula bilər. Şübhəsiz, Paris qələbəsi tarixi gün olsa da, açıq-aşkar aydın oldu ki, növbəti ay ərzində bütün hücumlar bərpa olunacaq. Məhz bu da baş verdi.

Ermənistan hakimiyyəti və qurumdakı ermənipərəst qüvvələr Büronun 2 sentyabr 2014-cü il tarixli qərarından ciddi narahatlıq keçirirək onun qarşısını hər vəchlə almağa çalışırdılar. Hətta Ermənistan Prezidenti Serj Sarkisyan 25 sentyabr 2014-cü ildə Avropa Parlamenti EPP-nin prezidenti Cozef Daula məktub ünvanlamışdı. Sarkisyan məktubunda AŞPA Bürosunun 2 sentyabr tarixində keçirilən iclasında Parlament Assambleyasına “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş digər ərazilərində gərginliyin artması» adlı qəbulolunmaz məruzə hesabat hazırlamağı tövsiyə etməyi qərara aldığını və bu tapşırığın Assambleyanın Siyasi Məsələlər və Demokratiya Komitəsinə yönləndirilməsini təklif etdiyini qeyd edirdi. O, Büronun tövsiyəsinin Parlament Assambleyası tərəfindən səsvermə yolu ilə 29 sentyabr tarixində plenar sessiyada bəyənilməli olduğunu xatırladırdı. Sarkisyan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinin beynəlxalq miqyasda qəbul olunmuş yeganə formatının ATƏT-in Minsk Qrupunun həmsədrlərinin formatı olduğunu və bu məzmuna uyğun olaraq, AŞPA daxilində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir məruzənin hazırlanmasının perspektivlərinin Ermənistanı dərindən narahat etdiyini vurğulayırdı. Sarkisyan Ermənistan nümayəndə heyətinin Büronun qərarına etiraz edəcəyini diqqətə çatdıraraq, EPP Qrupundan Ermənistanı dəstəkləməsini xahiş etmişdi. EPP Prezidenti Joze Daul isə öz növbəsində AŞPA-da EPP siyasi qrupunun sədri Pedro Aqramunta müraciət edərək Sarkisyanın xahişini nəzərə almağın mümkünlüyü barədə ona məlumat verməsini xahiş etmişdi.

Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərinə dair məruzə hazırlanması barədə Büronun 2 sentyabr tarixli qərarı Assambleyanın 29 sentyabr 2014-cü il tarixli plenar iclasında təsdiqlənmək üçün müzakirəyə çıxarıldı. Normal halda bu məruzə Büronun qərarları ilə birlikdə hər zaman səsvermə keçirilmədən yekdilliklə qəbul edilirdi. Qeyd edilməlidir ki, bir qayda olaraq, Assambleyanın belə iclaslarında çox az deputat iştirak edirdi. Lakin 29 sentyabr tarixli plenar iclasda digər analoji iclaslardan fərqli olaraq iştirak edən deputatların sayı kifayət qədər çox idi. Bu isə qəribə və təəccüblü görünürdü. Aydın idi ki, plenar iclasda deputatların çox olması, katibliyin dəstəyi ilə erməni diplomatların güclü lobbiçiliyi və səfərbərliyinin nəticəsində mümkün olmuşdu. Belə ki, onlar son həftələr ərzində Avropanın bütün paytaxtlarında deputatları Assambleyanın 29 sentyabr tarixli iclasında iştirak etməyə və Büronun qərarını ratifikasiya etməməyə inandırmaq məqsədilə onların hər birinə müraciət ünvanlamışdı.

Plenar iclasda Ermənistan nümayəndə heyəti üzvlərinin hamısı çıxış edərək, Büronun qərarını kəskin tənqid etdilər. Onlar bu məsələnin ATƏT-in Minsk Qrupunun səlahiyyətində olduğunu və heç kəsə bunu müzakirə etməyə icazə verilmədiyini hiddətlə bildirdilər. Erməni deputatlar Assambleyanın məsələni müzakirə etməyə səlahiyyəti olmadığına israrla təkid edirdilər. Əlbəttə ki, bu yolla Assambleya üzvlərinin rəğbətini qazanmaq olmazdı və ermənilərin bu təkidləri açıq-aşkar onların özünə qarşı yönəlmiş arqument idi.

Digər bir neçə deputat Azərbaycanın xeyrinə əlavə arqument kimi, məruzəyə dəstək olaraq, Parisdə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla nəticələnən böyük çoxluğu xatırlatdı. İki saatlıq müzakirədən sonra səsvermə keçirildi və ermənilərin qətnamə təklifimin məruzə üçün yönləndirilməsinin qarşısını almağa yönəlmiş təklifi 74 səs əleyhinə, 41 səs lehinə və 13 səs bitərəf olmaqla rədd edildi.

Assambleyanın plenar iclasında erməni deputatların və onların tərəfdarlarının müqaviməti göstərirdi ki, yekun mübarizə Siyasi Məsələlər Komitəsində məruzənin adını təsdiqləmək və məruzəçi təyin etmək uğrunda baş verəcək.

Doğrudan da, Siyasi Məsələlər Komitəsinin 1 oktyabr 2014- cü il tarixində keçirilən iclasında iştirak edən 70-ə yaxın deputat yenidən ermənilərin bu məruzənin başlanmasını rədd etmək üçün göstərdiyi son cəhdlə qarşılaşdı. Lakin Assambleyada aparılan müzakirələrdən sonra ermənilərin arqumentlərinin etibarsızlığı deputatların böyük əksəriyyətinə aydın olmuşdu. Odur ki, Ermənistanın mövqeyi yalnız 3 deputat tərəfindən dəstəkləndi, halbuki onlarla deputat Azərbaycanın mövqeyini dəstəklədi. Hazırlanacaq məruzənin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adında olması səsvermə vasitəsilə təsdiq edildikdən sonra ermənilər Komitə otağının qapılarını çırparaq iclası tərk etdilər. Onlar üçün mübarizənin bu mərhələsi də uğursuzluqla başa çatdı.

Lakin mübarizə davam edirdi. Belə ki, məruzəçinin təyinatı mübarizənin bu mərhələsinin kulminasiyası idi. Britaniyalı deputat Robert Volterin məruzəçi vəzifəsinə namizədliyi qrup rəhbərləri tərəfindən qeyri-rəsmi qəbul edilmişdi və onun təyin ediləcəyi güman olunurdu. Lakin son məqamda Sosialistlər Qrupunun rəhbəri Andreas Qross Assambleyanın keçmiş prezidenti Minyonun namizədliyini irəli sürdü. Minyon buna qədər bir neçə dəfə özü öz namizədliyini irəli sürmüş və geri götürmüşdü. Bu səbəbdən Minyonun məruzəçi kimi namizədliyinin irəli sürülməsi təəccüblü görünürdü.

Minyon Komitə iclasında çıxış edərək, Ermənistan nümayəndə heyətinin üzvlərinin iclasda “iki ölkə arasında dialoqun tərəfdarı olduğu üçün məruzəyə etiraz etdiklərini” bildirdi. Bu isə onun ermənilərə və erməni diasporuna nə dərəcədə yaxın olduğunu bir daha göstərirdi. Minyon AŞPA-da prezidentliyi dövründə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini dayandırmışdı. O, yaxşı bilirdi ki, ermənilər “dialoqu gücləndirmək” üçün heç bir iclasda iştirak etməyiblər, çünki onlar işğal etdikləri ərazilərdə törətdikləri cinayət əməlləri ilə üzləşməkdən qaçırlar. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, Minyon AŞPA-da prezidentliyi dövründə iki dəfə Sərsəng məruzəsinə veto qoymuşdu. Odur ki, onun bu sənədə qarşı çıxacağı məlum idi. Göründüyü kimi, Minyonun məruzəçi təyin edilməsi Azərbaycanın maraqlarına cavab vermirdi. Odur ki, Komitə iclasında cənab Minyonun qərəzli mövqeyini bütün komitə üzvlərinə çatdıraraq onun namizədliyini dəstəkləməməyə çağırdım.

Səsvermə nəticəsində Volter 35 lehinə, 32 əleyhinə səslə Minyona qalib gələrək məruzəçi təyin edildi.

Nəhayət, uzun sürən gərgin mübarizədən sonra Siyasi Məsələlər Komitəsində britaniyalı deputat Robert Volter tərəfindən “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması barədə qərar qəbul edildi. Məruzənin başlığının “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” kimi təsdiq edilməsi Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyırdı. Belə ki, bu başlıq problemin mahiyyətini obyektiv və dolğun şəkildə ehtiva edirdi.

Bu arada, daha doğrusu, 2014-cü ilin iyun ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan qüvvələri tərəfindən girov götürülmüş, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülmüş və onun nəşi sonradan Azərbaycan tərəfinə verilərək dəfn edilmişdi.

Bu torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarındadır və Azərbaycan əraziləridir. Azərbaycan vətəndaşları öz ölkələri hüdudlarında sərbəst hərəkət etmək hüququna malikdirlər və yalnız Azərbaycan qanunları onların hərəkətlərinə məhdudiyyətlər tətbiq edə bilər. Odur ki, mülki insanlar öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən heç bir cinayət əməli törətməmiş və heç bir hüquqa- zidd hərəkət etməmişdilər.

Lakin Ermənistan tərəfindən işğal altında olan ərazilərdə yaradılmış “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı rejimin “birinci instansiya məhkəməsi”nin “qərarı” ilə 19 dekabr 2014-cü ildə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olundu. Bu hökmü çıxarmış “məhkəmə” tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınmır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlmir. Belə ki, bu “məhkəmədə” həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyildir.

Odur ki, AŞPA-nın 2015-ci il yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə təklifi təqdim etdim. Qətnamə təklifində yuxarıda göstərilən hadisələrin mahiyyətinin qısa şərhi ilə yanaşı bildirilirdi ki, “Assambleya D.Əsgərovun və Ş. Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərdən, eləcə də bu vəziyyətin uğurla həll edilməsinə töhfə verə biləcək milli, yaxud beynəlxalq təşkilatlardan saxlanılmış şəxslərin əsas insan və qanuni hüquqlarına hörməti təmin etməyə çağırır və hər iki şəxsin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna zəmanət verməyi tələb edir”.

Katibliyə təqdim etdiyim “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair” adlanan həmin qətnamə layihəsi 24 ölkəni təmsil edən 46 AŞPA üzvü tərəfindən imzalanmışdı. AŞPA-nın Sədarət Komitəsinin 5 mart 2015-ci il tarixli iclasında qeyd edilən qətnamə təklifinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə almması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edildi. Sonradan Büro Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul etdi və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair” qətnamə təklifi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə almması üçün məruzəçi Robert Volterə göndərildi.

Beləliklə, AŞPA-da iki il davam edən gərgin mübarizə nəticəsində Sosial Məsələlər Komitəsində “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” və Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzələrin hazırlanması barədə qəbul edilmiş qərarlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını yenidən beynəlxalq aləmin gündəminə gətirmiş oldu.