2.4.1. Məruzəçilər Ermənistanın və AŞPA katibliyinin təzyiqləri ilə üzləşir

Ermənistan tərəfi davamlı olaraq Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupu çərçivəsindən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə çıxış edir, bunun danışıq prosesinə mane olduğunu bəhanə gətirib öz işğalçı siyasətini ört-basdır etməyə çalışır, Azərbaycan ərazilərini işğal etməsi və işğal altında olan Sərsəng su anbarı ilə bağlı AŞPA-da hər hansı müzakirələr aparılmasının və qətnamələr qəbul edilməsinin qarşısını almağa cəhd edirdi. Odur ki, Ermənistan tərəfi “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəçi Robert Volterlə və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi”nə dair məruzəçi Milisa Markoviçlə də əməkdaşlıq etməkdən imtina etmişdi.

Bundan əlavə, məruzələrin hazırlanmasının qarşısının alınması istiqamətində həm Ermənistan tərəfindən, həm də Avropada fəaliyyət göstərən ermənipərəst qüvvələr tərəfindən müxtəlif təxribatlara əl atılırdı. Belə bir təxribat AŞPA-da Savitskinin rəhbərlik etdiyi katiblik tərəfindən törədilmişdi. Belə ki, 6 mart 2015-ci ildə AŞPA-nın rəsmi xəbərlər saytında məruzəçi Robert Volterin Azərbaycana baş tutacaq faktaraşdırıcı səfəri ilə bağlı yerləşdirilmiş məlumatda məqsədyönlü şəkildə məruzənin adı təhrif edilmişdi. Dəqiq olmaq üçün həmin məlumatın tam mətnini təqdim etməyi zəruri sayıram:

“AŞPA məruzəçisi Azərbaycana faktaraşdırıcı səfər edəcək:

Avropa Şurası Parlament Assambleyasınm Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volter (Birləşmiş Krallıq, EC) Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hazırlayacağı məruzə kontekstində 12-13 mart 2015-ci ildə Bakıya faktaraşdırıcı səfər edəcək.

Cənab Volter qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq ictimaiyyətlə görüşlər keçirəcək.”

AŞPA-nın bütün xəbər materiallarında hər zaman yeni məruzənin tam və düzgün adı verildiyi halda, bu dəfə bu “unudulmuşdu”. Bundan əlavə, qəribə təsadüfdür ki, məhz Baş Katibin üstünlük verdiyi “Dağlıq Qarabağ münaqişəsinə dair…” başlığı məlumatda yenidən iki dəfə qeyd edilir. Xatırlatmaq lazımdır ki, Baş katib Savitskinin iştirakı ilə gedən gərgin müzakirələrdən sonra məhz “Dağlıq Qarabağ münaqişəsi” başlığı dəfələrlə açıq-aydın rədd edilmiş, “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” başlığı dəstəklənmişdi. Başlıq Assambleyanın plenar iclasında təsdiqlənmiş və Siyasi Məsələlər Komitəsində ermənilərin yenidən başlığı dəyişmək cəhdi böyük əksəriyyət tərəfindən rədd edilmişdi.

Qeyd edilməlidir ki, AŞPA-nın rəsmi saytında xəbərlər səhifəsinin baş redaktoru kimi, AŞPA Baş Katibi ictimaiyyətin AŞPA barədə nəyi və necə öyrənməli olması məsələsində müstəsna səlahiyyətə malikdir. Lakin qəbuledilməz məqam odur ki, bir “bitərəf” əməkdaş olan Baş Katib bu səlahiyyətdən sui-istifadə edərək, şəxsi siyasi proqramını ifadə etmişdi, Büro, Assambleya və Komitənin uzun müzakirələrdən sonra qəbul etdiyi rəsmi və həlledici qərarlara qarşı çıxmışdı. Savitski həmin məqalənin müəllifi olmadığını iddia etsə belə, AŞPA-da yaxşı məlumdur ki, Baş Katib sayt üçün bütün materialları diqqətlə nəzərdən keçirir və təsdiqləyir. Şübhəsiz, administrasiya rəhbəri kimi, bu məsələdə yekun məsuliyyət istənilən halda Baş katibin üzərinə düşürdü.

Robert Volter bir neçə dəfə Ermənistan tərəfinə müraciət edib, işğal altında olan ərazilərə faktaraşdırıcı səfər etmək və vəziyyəti yerindəcə qiymətləndirmək istədiyini bildirmişdi. Lakin Ermənistan hakimiyyəti cənab Volterə işğal altında olan ərazilərə səfər etməyə şərait yaratmamışdı və onunla əməkdaşlıqdan imtina etmişdi. Eyni zamanda qeyd edilməlidir ki, Volter məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana faktaraşdırıcı səfər etmişdi, Azərbaycanda yüksək səviyyəli görüşlər keçirmişdi, cəbhə bölgələrində olmuşdu, cəbhəyanı ərazilərdə vəziyyətlə tanış olmuşdu.

Volter təkidlə müraciət etməsinə baxmayaraq Ermənistan hakimiyyətinin ona mandata çərçivəsində işğal edilmiş ərazilərə səfər etməsinə icazə verməməsi və faktiki olaraq Ermənistanın onunla əməkdaşlıq etməkdən imtina etməsi barədə 2015-ci ilin sentyabr ayında Siyasi Məsələlər Komitəsini məlumatlandırdı. O, eyni zamanda qeyd edilənlərə baxmayaraq, AŞPA-nın oktyabr sessiyası zamanı məruzəni təqdim edəcəyini bəyan etdi. Nəhayət, Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” məruzəsi Siyasi Məsələlər Komitəsinin 4 noyabr tarixli iclasınm gündəliyinə daxil edildi.

Qeyd edilməlidir ki, Sosial Məsələlər Komitəsinin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi”nə dair məruzəçisi Milisa Markoviçə də müxtəlif kontekstlərdə təsir cəhdləri olmuşdu. Belə cəhdlərdən biri Sosial Məsələlər Komitəsinin katibliyindən olmuşdu. Belə ki, Komitənin katibliyi məruzəçi xanım Markoviçə göndərdiyi məktubda vurğulayırdı ki, “su ilə bağlı problemlərin əsas səbəbkarı Azərbaycan hakimiyyətidir”. Məktubda sual edilirdi: “bu hakimiyyət qonşu ölkəyə təzyiq etmək üçün öz xalqından instrument kimi istifadə edirmi?” Aydındır ki, katiblik belə bir sual verməklə məruzəçini istiqamətləndirməyə cəhd edir və hazırlanacaq məruzənin anti-Azərbaycan xarakterli olmasının məqsədə müvafiqliyinə işarə edirdi. Məktubun sonunda Katibliyin nümayəndəsi Aiste Ramanauskaite məruzə layihəsini hazırladığını bildirir və onu xanım Markoviçə göndərməzdən əvvəl “öz ierarxiyalarının reaksiyasını” bilməli olduğunu diqqətə çatdırır. Əlbəttə, məktubun məzmunundan aydın olur ki, məruzədə obyektivlik yox, Katibliyin rəhbərliyinin mövqeyi öz əksini tapmalıdır. Qeyd edilənlər AŞPA-da aparılan anti-Azərbaycan kampaniyasının sistemli xarakter daşımasından xəbər verirdi. Və bu səbəbdən katiblik tərəfindən hazırlanmış məruzə layihəsinin anti-Azərbaycan xarakterli olması şübhə doğurmurdu.

Qeyd edilməlidir ki, işğal altında olan Sərsəng su anbarının AŞPA-da gündəmə gətirilməsindən sonra ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkədə öz səhifəsində Sərsəng su anbarının fotosunu yerləşdirərək yazırdı: “Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu, müsbət addım olardı”. Amerikalı həmsədrin fikirləri tam aydın idi – o, işğalçını beynəlxalq hüquq normalarına əməl edərək qeyd-şərtsiz əraziləri azad etməyə çağırmaq əvəzinə, işğalçı tərəfi və işğala məruz qalmış Azərbaycanı Sərsəng su anbarından birgə istifadə etməyə çağırırdı.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin Sərsəng su anbarının birgə istifadə edilməsi barədə fikirləri təsadüfi deyildi. Hesab edirəm ki, Uorlikin bu fikirləri konkret məqsədlərə xidmət edir və məqsədyönlü şəkildə Sərsəng su anbarı üzrə məruzəçinin araşdırmalarına təsir etmək məqsədi daşıyırdı. Belə ki, cənab Uorlik diplomat kimi dəqiq bilirdi ki, beynəlxalq hüququn imperativ prinsiplərinə əsasən, heç bir halda digər dövlətin ərazisinin silahlı işğalı qanuni hesab edilə bilməz və işğalçı tərəfin bu ərazilərdəki istənilən fəaliyyəti qeyri-qanunidir. Bu o deməkdir ki, Ermənistanın və onun formalaşdırdığı separatçı rejimin işğal altında olan Azərbaycan ərazilərində istənilən fəaliyyətinin qeyri-legitim olmasını amerikalı həmsədr bilməmiş deyildi.

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ardınca işğalçı dövlət tərəfindən yaradılmış “Dağlıq Qarabağ Respublikası” (“DQR”) adlanan separatçı rejimin qondarma “baş nazirinin müavini” Artur Ağabekyan 2013-cü ilin avqust ayında bidirmişdi: “Sərsəng su anbarının su ehtiyatı bizim ehtiyacımızdan çoxdur. Əgər Sovet dövründə tikilən su kanallarından düzgün istifadə edilərsə, həm Azərbaycan, həm də erməni tərəfi bundan qazanar”. Qeyd edilməlidir ki, Artur Ağabekyan Ermənistanın müdafiə nazirinin keçmiş müavini idi və bir il əvvəl İrəvandan Xankəndinə köçmüşdü. Göründüyü kimi, işğalçı Ermənistanın yaratdığı separatçı rejimin “yüksək səviyyəli rəsmi nümayəndəsi” də Azərbaycan ərazilərinin azad edilməsini dilə gətirməmişdi. Əksinə, öz işğalçı əməllərinə legitimlik donu geyindirməyə və bununla da AŞPA-da Sərsəng su anbarı ilə bağlı istənilən müzakirələrin qarşısmı almağa çalışmışdı. Amerikalı həmsədrin və separatçı rejimin “rəsmi”sinin təkliflərinin tamamilə üst-üstə düşməsi təsadüfidir, yoxsa bir mənbədən qaynaqlanır? Hesab edirəm ki, belə üst-üstə düşmək təsadüfi ola bilməzdi və burada məqsəd, necə deyərlər, bir güllə ilə iki dovşan vurmaqdan, yəni ikili məqsədə nail olmaqdan gedirdi -Azərbaycanın əməkdaşlıqda maraqlı olmaması iddiasını əsas gətirərək, Ermənistanı müdafiə etmək və beynəlxalq sanksiyalardan sığortalamaq.

Əlbəttə, cənab Uorlik və ermənilərin digər havadarları gözəl başa düşürlər ki, işğala son qoyulmayanadək Azərbaycan işğalçı dövlətlə, həmçinin onun formalaşdırdığı separatçı rejimlə heç bir əməkdaşlıq etməyəcək. Belə olan halda düşmən tərəfin və onu müdafiə edən mərkəzlərin işğalın aradan qaldırılması istiqamətində Ermənistanın guya konstruktiv əməkdaşlığa hazır olması barədə fikirlər səsləndirməsi üçün imkan yaranacaq. Bununla da onlar dünya ictimaiyyətinə nümayiş etməyə çalışacaqlar ki, Ermənistan əməkdalıq etməyə hazırdır, ermənilər sülhsevərdir, lakin Azərbaycan əməkdaşlıq etmir, bölgədə sülhün bərqərar olmasını istəmir. Beləliklə, amerikalı həmsədr Ceyms Uorlikin və separatçı rejimin “rəsmi”si Artur Ağabekyanın təklifi, bir tərəfdən, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və onun guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdürdü, digər tərəfdən isə, beynəlxalq təşkilatlara işğalçı Ermənistanın toxunulmazlıq çətiri altında olması və ona qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğun olmaması barədə mesaj xarakteri daşıyırdı. Odur ki, belə bir təklif təsadüfi sayıla bilməzdi və birbaşa Azərbaycana qarşı yönəlmişdi.

AŞPA katibliyi Ermənistan tərəfinə məruzəçi Milisa Markoviçin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə faktaraşdırıcı səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə müraciət ünvanladı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər etməsi üçün şərait yaratmaqdan imtina etdi. Ermənistanın AŞPA Katibliyinə cavabı isə qeyri-ciddi və gülünc oldu. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”na müraciət etməyi məsləhət gördü. Ermənistanın bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya “DQR”-i tanıması və onunla əməkdaşlıq etməsi barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmiş oldu.

Ermənistanın bu destruktiv mövqeyinə baxmayaraq, xanım Milisa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə faktaraşdırıcı missiya məqsədilə Azərbaycana səfər etdi. Bu missiyalar vəziyyəti obyektiv qiymətləndirmək məqsədilə qış (14-19 dekabr 2014-cü il) və yay (24-28 avqust 2015-ci il) mövsümlərində həyata keçirildi. Səfərlər zamanı məruzəçini texniki ekspert Dr. Lidia Vamvakeridu-Lirudia və Sosial Məsələlər Komitəsinin katibi Aiste Ramanauskaite müşayiət edirdi. Onlar səfər çərçivəsində Azərbaycanda rəsmi dövlət orqanları ilə, Sərsəng su anbarının işğal altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər edib yerli əhali ilə söhbətlər apardılar, yerlərdə real vəziyyətlə tanış oldular və məruzəni hazırlayıb, Sosial Məsələlər Komitəsinə təqdim etdilər. Həmin məruzənin müzakirəsi Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci il ta­rixli iclasının gündəliyinə daxil edildi.