2.4.3. Məruzələr komitələrdə qəbul edilir

Ermənistan tərəfi hər vəchlə məruzələrin hazırlanmasının, Komitələrdə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışırdı. Bunun üçün Ermənistan rəsmiləri, prezident və xarici işlər naziri səviyyəsində, AŞPA üzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər etmişdilər. Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları AŞPA üzvləri ilə görüşərək, onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışmışdılar. Onlar məruzəçilərin faktaraşdırıcı missiya ilə Dağlıq Qarabağa və Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzələrin gündəlikdən çıxarılmalarını tələb edirdilər.

AŞPA-nın Siyasi Məsələlər Komitəsinin 4 noyabr 2015-ci il tarixində Parisdə keçirilən iclasında məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırladığı məruzə müzakirə edildi. Məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən art;q müddət ərzində işğal altında saxlanılması öz əksini tapmışdı. Sənəddə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələri xatırladılırdı. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 16 iyun 2015-ci il tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilirdi. Sənəddə girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilirdi.

Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 16 iyun 2015-ci il tarixli qərarında Ermənistan hökumətinin Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsini vurğulayır. Qərarda Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyətin Ermənistanın üzərinə düşməsi öz təsdiqini tapıb. Məhkəmə bildirir ki, “Ermənistan hərbi iştirak vasitəsilə və hərbi avadanlıq və təcrübəni təmin etməklə, hələ ilk gündən Dağlıq Qa­rabağ münaqişəsində əhəmiyyətli dərəcədə rola malik olub. Ermənistanın hərbi dəstəyi sözügedən ərazilərə nəzarət üçün həlledici olaraq qalıb”.

Bununla belə Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” məruzəsinə 3 düzəliş irəli sürülmüşdü. Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “…Dağlıq Qarabağ regionuna dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin “… Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz edilməsini ehtiva edirdi. İkinci düzəlişdə isə, D.Əsgərov və Ş.Quliyevin qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı “…işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilmişdi. Nəhayət, 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pisləyir” ifadəsi ilə əvəzlənməsi təklif edilirdi.

Əvvəlcədən aydın idi ki, Ermənistan nümayəndə heyəti və ermənipərəst qüvvələr Komitə iclasında qeyd edilən məruzənin qəbul edilməsinin qarşısını almaq üçün təxribat tərkibli müxtəlif vasitə və metodlardan istifadə edəcəklər. Ermənistan tərəfinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsi bunu sübuta yetirdi. Bundan əlavə, işğalçı Ermənistanın kütləvi informasiya vasitələri Komitənin 4 noyabrda Parisdə keçiriləcək iclası ərəfəsində məruzədə çoxsaylı anti-erməni müddəaların olması və məruzənin bütövlükdə Azərbaycan yönümlü xarakter daşıdığı barədə materiallar dərc etmişdi. Digər tərəfdən, müzakirələrdə Ermənistan nümayəndə heyətinin rəhbəri Naqdalyan, üzvlər Rustamyan və Karapetyan iştirak edirdi. Onlar inadkarlıqla riyakarlıq nümayiş etdirərək, məruzənin qəbul edilməsinin qarşısını almağa çalışırdılar. Onlar hətta bütövlüklə reallığı inkar edərək, həyasızcasına bu qətnamənin ləğv edilməsi və bir daha bu mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Erməni tərəfinin bu sərsəm təklifi səsə qoyuldu və 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi.

Beləliklə, Ermənistan nümayəndə heyətinin üzvlərinin bütün riyakarlıq və təxribatlarına baxmayaraq, Siyasi Məsələlər Komitəsi məruzənin qəbul edilməsi barədə qərar qəbul etdi. Vurğulanmalıdır ki, bizim təklif etdiyimiz hər 3 düzəliş qəbul edildi, Azərbaycanın maraqlarına zidd olan 3 düzəliş isə qəbul edilmədi. Məruzənin yekun qəbulu üçün növbəti və sonuncu mərhələ – Assambleyanın plenar iclası qalırdı və bizi burada da ciddi mübarizə gözlədiyini anlayırdıq.

Vurğulanmalıdır ki, Ermənistan tərəfi AŞPA Siyasi Məsələlər Komitəsinin 4 noyabr tarixli iclasında britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” məruzə qəbul edildikdən sonra ciddi narahatlıq keçirməyə başladı. Bu narahatlıq təlaşı xatırladırdı. Vəziyyət o həddə çatdı ki, Ermənistan parlamentində məsələ ilə bağlı müzakirələr aparıldı, nümayəndə heyətindən bu qərarın qarşısını ala bilmədiklərinə görə nə ilə məşğul olmaları barədə hesabat tələb edildi. Maraqlısı odur ki, müzakirələrin sonunda parlamentin spikeri Qalust Saakyan bu uğursuzluğa görə günahkar axtarmamağa, AŞPA-nın 2016-cı il yanvar sessiyasında həmin qətnamənin qəbulunun qarşısını almaq üçün səfərbər olmağa çağırdı.

Qeyd edim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 22 yanvar 2016-cı il tarixdə Vyanadan press-reliz yaymışdılar: ATƏT-in Minsk qrupunun həmsədrləri-Rusiya Federasiyasından İqor Popov, Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik və Fransadan Pyer Andre Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi cəhdlərini təqdir edir və sülh yolu ilə həllinə görə məsul olanlarla əməkdaşlıq etməyə hazırdır.

Biz başa düşürük ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaxın gələcəkdə münaqişə ilə bağlı qətnamələr qəbul edə bilər və AŞPA və digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk Qrupu yeganə qəbul edilmiş danışıq formatı olaraq qalır. Biz AŞPA üzvlərinin göstərdiyi marağı yüksək qiymətləndiririk, lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun mandatına xələl gətirəcək və ya davam edən danışıqları mürəkkəbləşdirə biləcək addımlar atmamağa çağırırıq.”

Beləliklə, aydın idi ki, Ermənistan tərəfi Sosial Məsələlər Komitəsinin iclasında da “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qəbul edilməsinin qaşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək. Biz həmçinin Siyasi Məsələlər Komitəsinin iclasında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalına dair məruzənin, ümumiyyətlə, gündəlikdən çıxarılmasına və bir daha bu məsələyə qayıdılmamasına dair təxribat xarakterli təklif irəli sürüldüyünü və bu təklifin səsvermə nəticəsində qəbul edilmədiyini unutmamışdıq. Analoji təklifin Sosial Məsələlər Komitəsinin iclasında da irəli sürülməsi gözlənilən idi.

Bundan əlavə, Azərbaycana qarşı qatı düşmən mövqeyi nümayiş etdirən Baş Katib Savitskinin rəhbərliyi altında fəaliyyət göstərən katibliyin də təxribat xarakterli “sürprizlər” etməsi real görünürdü. Ermənistan nümayəndə heyəti ilə bir mövqedən çıxış edən digər anti-Azərbaycan qüvvələrin birləşərək, öz məruzəsini geri götürməsi üçün Bosniya və Hersoqovinadan olan məruzəçi Militsa Markoviçə təsir göstərmələri də istisna edilmirdi. Qeyd etmək lazımdır ki, həmin qüvvələrin Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərə dair məruzəçi Robert Volterə təzyiqləri nəticəsiz qalmışdı. Zənnimizcə, bu məsələdə cənab Volterin Avropanın böyük təcrübəyə malik tanınmış siyasətçi olması və dünyanın aparıcı dövlətlərindən biri olan Birləşmiş Krallığın deputatı olması vacib rol oynadı. Lakin anlayırdıq ki, xanım Markoviç XX əsrin sonunda dövlət müstəqilliyi əldə etmiş kiçik dövlət olan Bosniya və Herseqovinadandır. Belə bir narahatlıq olmasına baxmayaraq, xanım Markoviçin müzakirələr zamanı obyektivlik və prinsipiallıq nümayiş etdirəcəyinə ümid edirdik.

Eyni zamanda qeyd edilməlidir ki, AŞPA Siyasi Məsələlər Komitəsində işğal edilmiş torpaqlarımızla bağlı qətnamə qəbul edildikdən sonra məğlubiyyət təlaşı yaşayan ermənilər 23 noyabr 2015-ci ildə Sosial Məsələlər Komitəsində Sərsəng su anbarına dair qətnamə layihəsinin də qəbul edilə biləcəyindən dərin təşvişə düşdülər. Onlar böhtan, yalan, iftira və sair bu kimi özlərinə xas olan yollarla öz riyakarlıqlarını həyata keçirməyə başladılar. Bütün bunlarla yanaşı onlar məruzəçiyə, onun təmsil etdiyi dövlətə də bütün mümkün vasitələrlə təsir və təzyiq etdilər.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan 20 noyabr 2015-ci il tarixində geniş müsahibə ilə çıxış etdi. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin bu çərçivədən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə olduqlarını, Minsk Qrupu həmsədrlərinin bu qətnamənin danışıq formatının dəyişdirilməsi cəhdlərinin nizamlanma prosesinə mane ola biləcəyi fikrində olduqlarını bəyan etmişdi. Halbuki, Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik 06 noyabr 2015-ci il tarixində yerli xəbər agentliyinə verdiyi müsahibədə AŞPA-nın bu qətnaməsini alqışladığını, AŞPA məruzəçiləri ilə bu məsələnin həllində məsləhətləşmələr aparılmasına hazır olduqlarını bildirmişdi. Lakin AŞPA-nın qətnamə layihələrinə 12 noyabr 2015-ci il rəylərində Minsk Qrupu həmsədrləri bildirirdilər: “Tərəflər Minsk Qrupu formatınını qəbul edib və o, ATƏT-in üzv dövlətləri tərəfindən tam etimad qazanmışdır. Danışıqların həssaslığını nəzərə alaraq, formatın dəyişdirilməsi və ya paralel mexanizmin yaradılması cəhdləri danışıqlar prosesini poza və ya irəliləyişin əldə edilməsinə mane ola bilər.” Həmsədrlər eyni zamanda münaqişənin ədalətli və davamlı tənzimlənməsinə maraq göstərən istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazır olduqlarını vurğulamışdılar. Lakin nə Ermənistan tərəfi, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri etiraf etmək istəmirdilər ki, AŞPA-da problemlə bağlı müzakirələrin aparılması heç də mövcud olan formatı dəyişdirmək məqsədi daşımırdı.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iddiasına görə, məruzəçi Robert Volter Dağlıq Qarabağa səfər etmək üçün guya 22 sentyabr tarixində qondarma “DQR” rəhbərliyinə yazılı müraciət edib, guya qondarma “DQR” Sərsəng su anbarı məsələsində də əməkdaşlıq etmək niyyətindədir, onlar AŞPA məruzəçisini qəbul etməyə hazırdırlar.

Buradan da açıq-aydın görünür ki, işğalçı tərəf separatçı rejimin adını hallandırmaqla siyasi dividend qazanmaq, işğalı qanuniləşdirmək istəyindən əl çəkmir. Əlbəttə ki, AŞPA-nın tanımadığı bir quruma məruzəçinin məktub göndərməsi və ya belə bir qondarma qurumla hər hansı bir əməkdaşlıq edilməsi tam cəfəngiyat idi. Qəbul edilmiş son qətnamədə də AŞPA birmənalı olaraq Ermənistanı işğalçı adlandırır, AŞPA ilə məruzələrin hazırlanması prosesində əməkdaşlıq etmədiyinə görə Ermənistanı ittiham edir.

Bu faktlar bir daha sübüt edirdi ki, Nalbandyan, düşdükləri məğlub durumdan çıxmaq üçün yalan danışmaqdan, dün­ya ictimaiyyətini açıq şəkildə aldatmaqdan belə çəkinmir. Öz məğlubiyyətləri ilə barışa bilməyən ermənilər eyni zamanda günahkar axtarışına da çıxmışdılar.

Lakin Ermənistan tərəfinin səylərinə və riyakarlıqlarına baxmayaraq, Milisa Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi Sosial Məsələlər Komitəsinin Parisdə keçirilən 23 noyabr tarixli iclasında müzakirəyə çıxarıldı. Müzakirələr gərgin keçdi. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. Bu təklif səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi.

Bundan əlavə, məruzənin qətnamə layihəsinə anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilmədi. Diqqəti çəkən məqam ondan ibarət idi ki, irəli sürülən düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və 4 noyabrda Siyasi Məsələlər Komitəsi tərəfindən qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Aydın idi ki, bu təklifi irəli sürənlər bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən çıxarmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və bu cəfəngiyat xarakteri daşıyan düzəliş də qəbul edilmədi. Sonda Bosniya və Herseqovinalı deputat, xanım Milisa Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi bütövlükdə səsverməyə qoyuldu və 22 səs lehinə, 3 səs isə əleyhinə olmaqla, əksər səs çoxluğu ilə qəbul edildi.

AŞPA Prosedur Qaydalarına əsasən, Komitələrdə qəbul edilmiş qətnamələr Assambleyanın plenar iclasında müzakirə edilərək səsvermə yolu ilə təsdiq edilməli idi. Odur ki, AŞPA-nın prosedur qaydalarına əsasən, Assambleya iclasında Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələri özünün plenar iclasında təsdiq edilməli idi. Gözlənildiyi kimi, AŞPA Bürosunun 26 noyabr 2015-ci ildə Sofiyada keçirilən iclasında qeyd edilən məruzələri təsdiq üçün Assambleyanın 2016-cı ilin yanvar sessiyasında müzakirəyə çıxarılması barədə qərar qəbul edildi. Beləliklə, Robert Volterin Azərbaycan torpaqlarının işğalına dair hazırladığı məruzə və Miliça Markoviçin Sərsəng su anbarına dair məruzəsi ətrafında mübarizənin yekun və ən vacib mərhələnin Assambleyanın 26 yanvar 2016-cı il tarixli iclasında baş verməsi reallığa çevrilirdi.