2.4.4. Məruzələrin qəbulu uğrunda mübarizənin yekun mərhələsi

Lakin Ermənistan hakimiyyəti hər iki qətnamənin qarşısını almaq üçün 2015-ci ilin dekabr ayından başlayaraq bütün səylərini səfərbər etmişdi. Ermənistan Prezidenti Serj Sarkisyan 15 dekabr 2015-ci ildə Avropa Xalq Partiyasının (EPP) prezidenti Daula məktub göndərib, “AŞPA-nın qış sessiyasının gündəliyinə salınmış (25-29 yanvar 2016-cı il) iki qətnaməyə – “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” sənədlərinə diqqətinizi yönəltmək” istədiyini bildirirdi. Sarkisyan qətnamələrin adlarının “onların qərəzli və təhlükəli xarakterindən xəbər” verdiyini iddia edir və riyakarcasına yazırdı ki, “hər iki qətnamə AŞPA-nın Siyasi Komitəsi və Sosial Komitəsi tərəfindən AŞPA-nın Prosedur Qaydaları və AŞPA məruzəçilərinin Davranış Kodeksinə zidd olaraq qəbul edilmişdir: Ermənistana və/və ya Dağlıq Qarabağa faktaraşdırıcı missiya göndərilməmişdir”. O, məktubda qətnamə layihələrinin “davam edən Dağlıq Qarabağ sülh prosesinə yeni dil təqdim” etdiyini, “bunun isə yeganə razılaşdırılmış danışıqlar formatı olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Fransa, ABŞ, Rusiya) istifadə etdiyi terminologiyaya zidd” olduğunu iddia edirdi. Sarkisyan sonda EPP Prezidenti Dauldan “AŞPA-da təmsil olunan EPP üzvlərinə yuxarıdakı sənədlərin kəskin destruktiv xarakteri barədə məlumat” verməyi və “onları Assambleyanın 26 yanvar iclasında həmin sənədlərin qəbulunu rədd etmələrini təşviq” etməyi xahiş edirdi.

EPP Prezidenti Daul, Ermənistan Prezidenti Sarkisyanın xahişini nəzərə alaraq, səsvermədən 1 gün əvvəl bütün EPP üzvlərini açıq şəkildə məruzə layihəsinin əleyhinə səs verməyə çağırdı: “…Bu gün dünyada olduqca çox münaqişələr var. Gəlin həmin münaqişələrin həlli üzrə beynəlxalq xüsusi qrupların fəaliyyətinə müdaxilə etməyək və bu qruplardan biri Minsk Qrupudur.”

Eyni zamanda, qeyd edilməlidir ki, Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Rene Ruke 14 yanvar 2016-cı ildə AŞPA-da milli nümayəndə heyətlərinin rəhbərlərinə və AŞPA Prezidenti Ann Brassörə məktub göndərərək “Robert Volterin Dağlıq Qarabağ münaqişəsinə dair məruzəsini böyük təəssüf hissi ilə” oxuduğunu bildirdi. Rene Ruke məktubda “məruzənin tamamilə tarixi aspektə söykənməməsi”ndən təəccübləndiyini qeyd edirdi. O bölgənin tarixi ilə bağlı tam diletant səviyyəsində mülahizələr yürüdürdü və yazırdı ki, “adi münaqişə deyil, böyük bir tarixin bir hissəsidir və bu səbəbdən izahat vermədən, sanki məsələ 1990-cı illərin əvvəllərində başlayıbmış kimi, Azərbaycanın “işğal edilmiş əraziləri”ndən danışmaq olmaz”. O, Ermənistana qarşı başqa bir məruzənin də gündəlikdə olduğunu diqqətə çatdırır və bu məruzələrin qəbul edilməsinin AŞPA-nm etibarlı qurum olmasını şübhə altına alacağını vurğulayırdı.

Bundan əlavə, Ermənistan rəhbərləri üzv dövlətlərin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri ilə danışıqlar apararaq, AŞPA-da milli nümayəndə heyətlərinin qeyd edilən qətnamənin əksinə səs vermələrini tələb etmişdilər.

  • -Ermənistan XİN öz nümayəndələrini 2016-cı ilin yanvar ayından üzv ölkələrə ezam etmiş, həmin ölkələrin nümayəndə heyətlərini qətnaməni dəstəkləməkdən çəkindirmək üçün müxtəlif təlimatlar vermişdi.
  • -Erməni kilsəsinin rəsmi nümayəndələri həmin ölkələrin nümayəndə heyətindən qətnamələrə qarşı çıxmağı tələb etmişdilər.
  • -Ermənistanda və onun işğal altında saxladığı ərazilərdə yaratdığı qondarma “DQR”-də fəaliyyət göstərən QHT-lər, o cümlədən Bratislavada yerləşən “Avropa Erməni Assosiasiyaları Forumu” adlı qurumun prezidenti kütləvi şəkildə AŞPA üzvlərinə məktublar göndərərək, onlara bu qətnamələri dəstəkləməkdən çəkinməyi “məsləhət” görmüşdülər.
  • -Ermənistan hakimiyyəti AŞPA-nın üzv ölkələrinin tanınmış ictimai, siyasi və mədəniyyət xadimləri ilə intensiv əlaqələr quraraq, onların AŞPA üzvlərinə təsir etmələri istiqamətində işlər aparmışdılar.
  • -Ermənistan parlamentinin üzvləri Levon Zurabyan AŞPA-da ALDE Qrupunun üzvlərinə, Armen Rüstəmyan isə Sosialistlər (SOC) qrupunun üzvlərinə məktub göndərərək, onları Assambleyanın 26 yanvar sessiyasında həmin qətnamələrin əleyhinə səs verməyə çağırırdılar.

Ermənistan dövlətinin səyləri nəticəsində sessiya ərəfəsində bir çox üzv ölkələrin xarici işlər nazirləri və digər ali rütbəli səlahiyyətliləri öz nümayəndə heyətlərinin üzvlərinə göstəriş verərək, onları məruzənin əksinə səs verməyə çağırmışdılar.

Sessiya ərəfəsi və sessiya günləri Strasburqda Ermənistan parlamentinin spikeri, hakimiyyət nümayəndələri, nümayəndə heyətlərinin rəhbərləri ilə gizli görüşlər keçirir, Ermənistan QHT-ləri gərgin təbliğat işləri aparır, deputatlara bu məruzələrin əksinə səs vermək üçün müxtəlif təzyiqlər göstərirdilər. Sessiya dövründə çoxsaylı Ermənistan diplomatları AŞPA üzvlərini nəzarətdə saxlamaq üçün Parlament Assambleyasının binasının ətrafında gəzinirdilər.

Qeyd edilməlidir ki, səsvermə ərəfəsində Ermənistan nümayəndə heyəti və ermənipərəst deputatlar tərəfindən Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsinə heç bir düzəliş təklifi irəli sürülməmişdi. Volterin məruzəsinə heç bir düzəliş təklifi irəli sürməməkdə əsas və yeganə məqsəd bu məruzənin qəbul edilməməsinə və birdəfəlik gündəlikdən çıxarılmasına nail olmaq idi. Bununla belə, Ermənistan tərəfi və anti-Azərbaycan qüvvələr hər iki məruzənin qarşısını almağa çalışsalar da, əsas hədəf kimi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsinin qarşısının alınmasını seçmişdi.

Nəhayət, bu səylər nəticəsində AŞPA-nın 26 yanvar 2016-cı il tarixli plenar iclasında Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsi səsverməyə çıxarıldı və səsvermə zamanı 66 lehinə, 70 əleyhinə və 45 səs bitərəf olmaqla, cəmi 4 səs fərqi ilə qəbul edilmədi.

Assambleya bu qərarı qəbul etməklə öz qurumu olan Siyasi Məsələlər Komitəsinə və problemlə bağlı özünün əvvəlki qərarlarına hörmətsizlik nümayiş etdirdi. Bundan əlavə, AŞPA açıq-aşkar olaraq tək özünün deyil, eyni-zamanda digər beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, ATƏT PA-nın Azərbaycan ərazilərinin işğalını ehtiva edən qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirmiş oldu.

Həmin gün AŞPA-nın 26 yanvar 2016-cı il tarixli plenar iclasında bosniya və herseqovinalı deputat Milisa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi lehinə 98, əleyhinə 71 və bitərəf 40 səs olmaqla qəbul edildi. Ermənistan nümayəndə heyəti və ermənipərəst deputatlar Markoviçin məruzəsinə 21 düzəliş təklifi irəli sürsə də, bu məruzə cüzi düzəlişlər edilməklə qəbul edildi.

Ermənistan tərəfi bütün səylərini toplayaraq, bu məruzənin də qarşısının alınmasına çalışırdı və ümid edirdi ki, AŞPA üzvləri Robert Volterin məruzəsi kimi, Milisa Markoviçin də məruzəsinin əksinə səs verəcəklər. Lakin həmin gün qısa bir müddətdən sonra AŞPA xanım Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzəsi əsasında 2085 (2016) saylı Qətnamə qəbul etdi. Bu qətnamədə çox mühüm müddəalar öz əksini tapmışdı. Xüsusi əhəmiyyət kəsb edən bu müddəalarda:

  • -Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanması vurğulanmış;
  • -Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş;
  • -Azərbaycanın Ermənistan işğalı altındakı ərazilərində yerləşən Sərsəng su anbarında 20 ildən artıq müddətdə baxımsızlığın xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanmış;
  • -Təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş, “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş;
  • -Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmişdir.

Beləliklə, AŞPA 2085 (2016) saylı Qətnaməni qəbul etməklə, Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin məhz Ermənistan dövləti tərəfindən işğalını aydın şəkildə bəyan etdi. Eyni zamanda, AŞPA Sərsəng su anbarının səbəb olacağı humanitar və ekoloji fəlakətə görə məsuliyyəti birmənalı olaraq Ermənistan dövlətinin üzərinə qoydu.

Bundan əlavə, qeyd edilməlidir ki, AŞPA-da qəbul edilmiş 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı Qətnaməni Azərbaycanın işğal altında qalmış strateji obyekti olan Sərsəng su anbarına dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir. Bütövlükdə, bu sənəd Ermənistanın işğalçı siyasətinin mahiyyətini bir daha təsdiqləyir, Ermənistanın işğalı nəticəsində bölgədə yaranmış vəziyyətlə dünya ictimaiyyətini məlumatlandırır, danışıqlarda Azərbaycanın mövqeyini gücləndirir, beynəlxalq aləmdə Ermənistana siyasi təzyiqlərin artırılması üçün Azərbaycanın imkanlarının genişləndirilməsinə xidmət edir.