AŞPA-nın yanvar sessiyasında “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 (2016) Qətnaməsi qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti uzun müddət səngimək bilmirdi. Bu ölkənin siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edib, Ermənistan KİV-ində Azərbaycan tərəfinə, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlarla dolu və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirdilər.
Bu dəfə 2016-cı ilin əvvəlindən AŞPA-nın yeni prezidenti olmuş Pedro Aqramunt Ermənistanın “həqiqət carçılarının” hədəfinə tuş gəlmişdi. Belə ki, cənab Aqramunt 2016-cı ilin fevral ayında Avropa Şurası Nümayəndələr Komitəsində çıxışı və martın əvvəlində Bakıya rəsmi səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini, Ermənistanın 20 ildən artıq müddət ərzində beynəlxalq normaları pozaraq Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlaması faktını açıq şəkildə bəyan etmişdi. AŞPA Prezidentinin bu çıxışlarından sonra Ermənistan mediasında “AŞPA Prezidentinin öz vəzifəsindən xəbərsiz” olduğu bildirilmişdi. Cənab Aqramunt “Azərbaycanın maraqlarına xidmət edən” adlandırılmış və onun ünvanına heç bir əsas olmadan təhqiredici ifadələr işlədilmişdi.
Məntiqi sual ortaya çıxır: Nə üçün Ermənistan rəsmiləri, siyasətçiləri cənab Aqramuntun bu çıxışlarını hədsiz dərəcədə qəzəblə qarşılayırdılar?!
Məsələ burasındadır ki, AŞPA Prezidenti Pedro Aqramunt 2085 (2016) saylı Qətnamədə təsbit edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsindən dəfələrlə istifadə etməklə, Ermənistanın beynəlxalq səviyyədə “toxunulmazlıq” limitinin tükəndiyini bildirdi. Bununla da 90-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasa uğradığını bəyan etmiş oldu. Bu, Ermənistan tərəfini təlaşa salan və onları narahat edən ən ciddi məsələlərdən biri idi. Bundan əlavə, beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti Pedro Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə etmişdi. Məhz bu səbəbdən o, Ermənistan hakimiyyətinin, mediasının və siyasətçilərinin qəzəbinə tuş gəlmişdi.
Ermənistan tərəfi AŞPA-da işğal faktını özündə təsbit edən sənədin qəbul edilməsini ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xələl gətirdiyini və problemlə yalnız Minsk Qrupunun məşğul olmalı olduğunu bildirir. Çünki ATƏT-in Minsk Qrupunun 25 il ərzində problemin həlli istiqamətində heç bir irəliləyiş əldə etməməsi, Ermənistanın işğalçı siyasətini “Dağlıq Qarabağ münaqişəsi” adı altında gizlətməsi birbaşa Ermənistanın maraqlarına xidmət edir.
Ermənistan tərəfi yeri gəldi-gəlmədi problemin sülh yolu ilə həll edilməli olduğunu və AŞPA-da qətnamə qəbul edilməsinin sülh prosesinə maneçilik törətdiyini bildirir. Çünki işğala son qoyulmasına, işğalçı Ermənistanın silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsinə çağıran bu sənədin problemin sülh yolu ilə həllinə mane olmadığını etiraf etmək onların uzunmüddətli strategiyalarını məhv edə bilər. Halbuki 2085 (2016) saylı Qətnamə problemin sülh yolu ilə həllinə bir töhfədir.
Nəhayət, Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayırdı. Bu ölkənin rəsmi təmsilçiləri hər vəchlə öz işğalçılıq əməllərini gizlətmək üçün “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin saxlanılmasına və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin gecikmiş də olsa, ictimai-siyasi, elmi dövriyyədə öz təsdiqini tapmasının qarşısını almağa çalışırlar.
Ümumiyyətlə, son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olub. Bu uğurlar əsasən 2 məsələ – qondarma insan hüquqları pozuntuları, siyasi məhbus məsələləri ilə təyziq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər əldə edilən uğurun göstəricilərindən biri AŞPA üzvlərinin mütləq əksəriyyətinin 2013-cü ildə Kristof Ştrasserin “Azərbaycanda siyasi məhbusların izlənilməsi” adlı məruzəsinin əleyhinə səs verməsi idisə, digəri Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalı faktının qəbul edilmiş müxtəlif sənədlərin müddəalarında ehtiva edilməsindən ibarət idi. Bu istiqamətdə qəbul edilmiş son sənəd Bosniya və Herseqovinadan deputat Milisa Markoviçin müəllifi olduğu “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 (2016) saylı Qətnamə idi. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir. Sənəddə həmçinin Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu vurğulanır, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnəcəyi bildirilir. Qətnamədə, bütövlüklə, Azərbaycan ərazilərinin işğalına və onun nəticələrinə görə Ermənistanın məsuliyyət daşıdığı birmənalı şəkildə təsbit edilir.
Bu uğurları şübhə altına almaq üçün erməni lobbisi və digər anti-Azərbaycan qüvvələr “kürü diplomatiyası” adı altında qondarma araşdırmalar uyduraraq bütün uğurların kökündə avropalı deputatların rüşvət almalarını iddia edirlər. Çox təəssüf ki, ermənipərəst və anti-Azərbaycan qüvvələrin güclü olduğu dövlətlərdə bu məsələ mətbuatda da yer almağa başlayırdı.
Bununla bağlı İtaliyanın erməni lobbisinin təsiri altında olan mətbuatı və televiziya verilişləri səfərbər edilmişdi. Onlardan biri də “Rai 3” telekanalında yayımlanan “Report” verilişi idi. Bu verilişin aparıcısı Milena Gabanelli mütəmadi olaraq Azərbaycan əleyinə fəaliyyətlə məşğul olmuşdu, Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edən erməni tərəfindən müsahibələr götürmüşdü, Azərbaycan tərəfindən heç bir müsahibə almadan Azərbaycana dair qərəzli və haqsız reportaj hazırlamışdı. Bu verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olmuşdu.
Sonradan “Report” verilişinin aparıcısı Milena Gabanelli mütəmadi olaraq qərəzli, kəskin və haqsız fikirlərə yol verdiyinə görə onun müəllifi olduğu veriliş bağlanmış, hətta kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxmışdı. Məlum olmuşdu ki, verilişdə ayrı-ayrı şəxslər barəsində qərəzli və böhtan xarakterli məlumatlar yaydığına görə, “Report” verilişi və “Rai 3” telekanalına qarşı müxtəlif vaxtlarda məhkəmədə külli miqdarda təzminat iddiaları qaldırılıb.
Ermənilərin Azərbaycana qarşı genişmiqyaslı təxribatları davam etməkdədir. 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı Qətnamənin müəllifi Milisa Markoviç də müxtəlif təzyiqlərə və qarayaxma kampaniyasına məruz qalmışdı. Belə ki, 2016-cı ilin son aylarında Bosniya və Herseqovina mətbuatının verdiyi məlumata əsasən ölkə parlamentinə və mətbuatına anonim məktub daxil olub. Məktubda iddia edilirdi ki, 2016-cı ilin əvvəlində AŞPA-da qəbul edilmiş 2085 saylı Qətnamənin hazırlanması dövründə qətnamənin müəllifi deputat Milisa Markoviç erməni tərəfi ilə əməkdaşlıq etməyib və ermənilər üçün tam qərəzli olan bir mətn hazırlayıb. Məktubda xanım Markoviç bu qətnaməni rüşvət müqabilində hazırlamaqda birbaşa ittiham edilirdi.
Qeyd edilməlidir ki, məktub müəllifi məqsədyönlü şəkildə ölkə parlamentarilərini və ictimaiyyətini aldatmağa çalışmışdı. Belə ki, 2085 saylı Qətnamə hazırlanarkən Ermənistan tərəfi məruzəçinin və AŞPA rəhbərliyinin təkidlərinə baxmayaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina etmişdi. Məhz bu səbəbdən həmin qətnamənin 8-ci bəndində vurğulanırdı ki, “Assambleya Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məsələyə dair məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir. Assambleya belə rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir”.
Bosniya və Herseqovina parlamentinə göndərilən anonim məktub dərhal ictimaiyyətə ötürülmüş və Bosniya parlamentinin deputatı Mladen Bosiç tərəfindən təbliğ edilmişdi. Mladen Bosiç bu məktubla bağlı hər yerdə müsahibələr verərək erməni nümayəndə heyəti ilə görüşdüyünü və eyni ittihamları eşitdiyini demişdi, xanım Markoviçi bir xristian kimi ermənilərin əleyhinə olan sənəd hazırlamaqda ittiham etmişdi.
Xanım Markoviç isə yerli mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, araşdırma apardığını və məktubun müəllifinin ermənilər deyil, Bosniya və Herseqovinanın AŞPA yanında daimi nümayəndəliyinin səfiri Predraq Qrqiç olduğunu aşkar edib. Mətbuatın verdiyi məlumata əsasən, xanım Markoviç dərhal səfirlə əlaqə saxlamış, o əvvəl bunu inkar etsə də, sonradan məktubu Mladen Bosiçin xahişi ilə yazdığını etiraf etmişdi. Predraq Qrqiç eyni zamanda bu məktubun ictimaiyyətə verilmək üçün nəzərdə tutulmadığını və sırf Bosiçi məlumatlandırmaq üçün hazırlandığını bildirmişdi.
Bosniya və Herseqovina KİV-lərində yayımlanan məlumatlara əsasən, keçmiş məruzəçi Markoviç həm bu ölkənin AŞPA-da nümayəndə heyətinin rəhbəri Bosiçi, həm də səfir Qrqiçi məhkəməyə vermiş və bu barədə bütün mətbuat orqanlarını məlumatlandırmışdı. Hadisələrin gedişindən ciddi narahat olan səfir Qrqiç ölkə KİV-lərinə müraciət edərək, deputat Mladen Bosiçin onu aldatdığını, onun məktubunun mətbuata verilməsinin ucuz və məsuliyyətsiz bir hərəkət olduğunu bildirmişdi. Yerli mətbuat eyni zamanda bildirirdi ki, Qrqiçin bu bəyanatından sonra Mladen Bosiç jurnalistlərin zənglərinə cavab vermir.
Beləliklə, ermənilərin ölkəmizə qarşı növbəti təxribatı müxtəlif müstəvilərdə və müxtəlif kontekstlərdə davam etdirilirdi…