Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin iyununda Əbülfəz Elçibəy prezident seçildi və onun prezidentliyi 1993-cü ilin iyun ayına kimi davam etdi. Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq, 1993-cü ildə prezident seçildi. Prezident Heydər Əliyev Ermənistanın silahlı təcavüzü nəticəsində davam edən müharibə şəraitinə baxmayaraq, ölkədə siyasi hərc-mərcliyə son qoydu və ölkənin gələcək inkişafını təmin edə biləcək siyasi sistem və hüquqi baza formalaşdırdı. 1995-ci ildə ölkə Konstitusiyası qəbul edildi.
Konstitusiyada müəyyən edilmiş prioritetlərə uyğun olaraq, Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradıldı. Beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hakimiyyəti 1997-ci ildən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etməyə başladı. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu əməkdaşlıq çərçivəsi daha da genişləndirildi və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edildi. Bu əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildi. Bu Məcəllə həmin dövrdə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdi. Venesiya Komissiyasının və ATƏT/DTİHB-nin Yekun rəyində bildirilirdi ki, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.
Konstitusiyaya əsasən, ölkədə hər beş ildən bir prezident və parlament seçkiləri keçirilməyə başladı. Konstitusiyaya dəyişikliklərə dair 2016-cı il referendumunun nəticələrinə uyğun olaraq, Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı.
Qeyd edilənlər kontekstində son dövrlərə kimi ATƏT-in hesabatlarında vurğulanırdı ki, “seçki Ermənistan ilə davam edən münaqişə şəraitində keçəcək və Azərbaycanın əhəmiyyətli hissəsinin işğal altında olması, çox sayda məcburi köçkünün olması seçkilərin idarəsini çətinləşdirir”.
Azərbaycan Respublikasında keçirilən seçkiləri müşahidə edən Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) bir qayda olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA), Avropa Şurası Parlament Assambleyasının (AŞPA), Avropa Parlamentinin (AP) və NATO Parlament Assambleyasının (NATO PA) birgə fəaliyyəti olub. NATO PA 2005-ci il parlament seçkilərindən sonra bir daha Azərbaycanda seçkiləri müşahidə etməyib. ATƏT/DTİHB, AŞPA, AP və ATƏT PA seçki müşahidə missiyaları 2010-cu il parlament, 2008 və 2013-cü il prezident seçkilərini müşahidə ediblər. AP və onun ardınca ATƏT/DTİHB ilə ATƏT PA 2015-ci ildə keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməmək barədə qərar qəbul etdilər. AŞPA seçkiləri müşahidə missiyası 2015-ci il parlament seçkilərini və 2016-cı il Konstitusiyaya əlavə və dəyişikliklərə dair referendumu izləyən yeganə rəsmi Qərb missiyası oldu. ATƏT/DTİHB, AŞPA və ATƏT PA seçki müşahidə
missiyaları 2018-ci il prezident seçkilərini izlədilər, lakin AP bu prosesdən kənarda qaldı.
Hazırki prezident cənab İlham Əliyev 2003-cü ildə keçirilmiş seçkilərdə 77% səs qazanaraq ölkə prezidenti seçildi. Azərbaycanda 2008-ci ildə keçirilmiş seçkilərdə cənab İlham Əliyev seçicilərin etimadmı qazanaraq ikinci dəfə prezident seçildi. ATƏT/DTTHB-nin həmin müddətdə hazırlanmış hesabatlarında seçkilərin nəticələri ilə bağlı deyilirdi: “ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara riayət edilməsində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır”.
Azərbaycanda 2013-cü il prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP), ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/ DTİHB) müşahidə missiyası da izləyib. Ümumiyyətlə, 2013-cü il prezident seçkiləri 50 mindən çox yerli müşahidəçi və dünyanın müxtəlif regionlarını təmsil edən, təxminən 100 ölkədən 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən müşahidə edilib. Beynəlxalq müşahidəçilər ABŞ və Avropa ölkələrinin əksəriyyəti daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirdilər.
Azərbaycanda 2013-cü il prezident seçkiləri zamanı Mişel Vuazan (Fransa) ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Xüsusi Əlaqələndirici vəzifəsinə təyin olunmuşdu və ATƏT PA-nın qısamüddətli müşahidə missiyasına rəhbərlik edirdi. Robert Volter (Birləşmiş Krallıq) AŞPA nümayəndə heyətinə rəhbərlik edirdi. Sosialistlər Qrupunun üzvü Pino Arlaki (İtaliya) Avropa Parlamenti müşahidə missiyasına rəhbərlik edirdi. Tana de Zulueta (İtaliya) isə 28 avqust 2013-cü il tarixindən fəaliyyətə başlayan ATƏT/DTİHB -nin Seçki Müşahidə Missiyasının (SMM) rəhbəri təyin edilmişdi.
ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, bütün müşahidə missiyaları və müşahidə qrupları 9 oktyabr 2013-cü il prezident seçkilərini azad, şəffaf və ədalətli seçkilər və demokatiyaya doğru irəliləyiş kimi qiymətləndirdilər.
Avropanın ən nüfuzlu beynəlxalq qurumları olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin (AP) müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat qəbul etdilər. Həmin bəyanatda deyilirdi: “Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik”. Birgə bəyanatda vurğulanırdı ki, “seçkilər azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir”.
Bu iki nüfuzlu beynəlxalq təşkilatın müşahidə missiyalarının birgə bəyanatında Azərbaycan hökumətinin seçkilərdə böyük sayda müşahidəçiləri dəvət etməsinin təqdirəlayiq hesab edilməsi ilə yanaşı seçkidən əvvəl və seçki günü seçki proseslərinin dinc və peşəkar şəraitdə keçirilməsi, seçki günü seçki məntəqələrində və kənarda təzyiqlərin qeydə alınmaması, seçki məntəqələrinə yaxın ərazidə polislərin görünməməsi, əvvəlki seçkilərlə müqayisədə seçki debatlarının daha yaxşı təşkil olunması vurğulanırdı.
Diqqət çəkən məqam ondan ibarətdir ki, ATƏT PA müşahidə missiyasının seçkilərin nəticələri ilə bağlı mövqeyi də AŞPA və
Avropa Parlamenti müşahidə missiyalarının mövqeyi ilə əsasən üst-üstə düşürdü. Bu mövqe ATƏT-in fəaliyyətdə olan Sədrinin Xüsusi Əlaqələndiricisi və ATƏT müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazanın 10 oktyabr tarixli bəyanatında öz əksini tapmışdı. Mişel Vuazan öz bəyanatında vurğulayırdı ki, “bu seçki kampaniyası namizədlərin sayı, televiziyalarda kampaniyaların bütün namizədlərə açıq olması, seçicilərin seçkilərdə 72 %-dən artıq iştirakı, Mərkəzi Seçki Komissiyası tərəfindən yaxşı təşkilatçılıq və şəffaflıq vasitəsilə demokratik inkişafı mümkün etmişdir”.
ATƏT müşahidə missiyasının rəhbəri öz bəyanatında seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və bununla bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin bəyanatına tamamilə qoşulduğunu vurğulayırdı. Mişel Vuazan həmçinin ATƏT/DTİHB məruzəsinin ATƏT PA müşahidəçilərinin və qısamüddətli seçki müşahidəçilərinin seçki haqqmda qeyd etdikləri müsbət fikirləri əks etdirmədiyini də diqqətə çatdırmışdı.
Maraqlı idi ki, ATƏT-in fəaliyyətdə olan sədri cənab Leonid Kojara da seçkilərin nəticələrinə dair bəyanatla çıxış etdi. O, bəyanatda ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı müşahidəçiləri, eləcə də ATƏT-in İştirakçı Dövlətlərindən olan bir çox milli nümayəndə heyətləri tərəfindən müşahidə edilməsi faktını təqdir etdiyini bildirdi. L.Kojara diqqəti ATƏT Sədrinin Xüsusi Əlaqələndiricisinin bəyanatına, Avropa Şurası və Avropa Parlamentinin seçkini müşahidə edən nümayəndə heyətlərinin birgə bəyanatına, həmçinin beynəlxalq müşahidəçilərin bəyanatlarına yönəltdi. Bu bəyanatlarda Azərbaycanda 2013-cü il prezident seçkilərinin keçirilməsinin bir sıra aspektlərinin ATƏT və Avropa Şurasının prinsipləri və demokratik seçkilərə dair digər beynəlxalq standartlara cavab vermək istiqamətində irəliləyiş olduğunu vurğuladı.
Eyni zamanda təəssüflə qeyd edirəm ki, ATƏT/DTİHB müşahidə missiyasının seçkilərin nəticələri ilə bağlı qiymətləndirməsi köklü şəkildə fərqli idi. Hesabatda sənədin guya ATƏT/DTİHB və ATƏT PA-nın birgə səyləri nəticəsində ərsəyə gəldiyi qeyd edilirdi. ATƏT PA müşahidə missiyasının rəhbəri Mişel Vuazan ATƏT PA-nm 13-15 oktyabr 2013-cü il tarixində Monteneqronun paytaxtı Budva şəhərində keçirilən sessiyası zamanı Daimi Komitənin iclasında ATƏT/DTİHB hesabatındakı bu iddialara etiraz etdi. Mişel Vuazan birmənalı olaraq bildirdi ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. O, həmçinin vurğuladı ki, ATƏT PA missiyasının rəhbəri kimi özü də həmin sənədin hazırlanmasında iştirak etməyib, lakin bu sənədin müzakirəsində iştirak edib və qəbul edilən sənədə etirazını bildirib.
Diqqəti çəkən məqamlardan biri də ondan ibarət idi ki, ATƏT/DTİHB müşahidə missiyasının hesabatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəalar əks etdirilmişdi. Bunlar isə dəlil və sübutlarla əsaslandırılmır. Misal üçün, hesabatda “namizədlərin və seçicilərin hədələnməsi” kimi absurd iddialar irəli sürülür və bu iddialar heç bir sübutla təsdiqlənmir. Hesabatda məntəqələrin 11%-də seçki prosesinin mənfi olaraq qiymətləndirilməsinin özü də şübhəli idi. Belə ki, ATƏT/DTİHB müşahidə missiyasının tərkibində cəmi 280 nəfər müşahidəçi olub. Azərbaycanda seçki məntəqələrinin sayı isə 5300-dən artıqdır. Əgər iddialara inansaq, onda DTİHB-nin müşahidəçiləri təxminən 600-ə yaxın məntəqədə səslərin sayılması zamanı pozuntular olduğunu qeyd ediblər. 280 nəfərin 600 məntəqədə seçki prosesində və səslərin sayılmasında iştirak etməsi faktı isə özlüyündə şübhə doğururdu.
Çox maraqlıdır ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri cənab Məzahir Pənahov ATƏT/DTHİB müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşdə ondan bu iddiaları əsaslandırmağı xahiş etdikdə missiya rəhbəri bu iddiaları təsdiq edə biləcək heç bir dəlil və sübut təqdim edə bilməmişdi.
AŞPA, AP, ATƏT PA müşahidə missiyaları, ATƏT Sədri və dünyanın müxtəlif ölkələrini təmsil edən müşahidəçilərdən ibarət çoxsaylı müşahidə qrupları tərəfindən seçkilərin müsbət qiymətləndirilməsi barədə verilən bəyanatlara baxmayaraq, Azərbaycana siyasi təzyiq etmək istəyənlərin yalnız ATƏT/ DTİHB müşahidə missiyasınm qiymətləndirməsinə istinad etmələri təəssüf doğururdu.
Bununla bağlı qeyd etmək istərdim ki, AŞPA və Avropa Parlamenti siyasi baxımdan daha vacib qurumlardır. Bu qurumlar Avropa inteqrasiya proseslərinin mərkəzində duran Avropa İttifaqının və İnsan Hüquqları Evi olan Avropa Şurasının Azərbaycan haqqında mövqe və fikirlərini ifadə edirlər. Digər tərəfdən, AŞPA, AP və ATƏT PA müşahidə missiyalarının üzvləri öz seçiciləri tərəfindən seçilmiş və ölkələrinin milli parlamentlərini təmsil edən tanınmış ictimai-siyasi xadimlərdir, onlar bir qayda olaraq, seçki prosesi haqqmda kifayət qədər biliyə malik olan insanlardır.
ATƏT/DTİHB müşahidə missiyasınm üzvləri isə, bir qayda olaraq, ATƏT üzvü olan ölkələri təmsil edən orta və aşağı ranqlı məmurlardır. Onların adətən seçki prosesi haqqında məlumatları çox az olur. Bu insanlar bir sıra hallarda isə, ümumiyyətlə məlumatsız olurlar və bir qayda olaraq, kiçik məmurlardan ibarət olan DTİHB yüksək ranqlı məmurların tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə məcbur olurlar. Bu səbəbdən də onların bu və ya digər formada təsir altına düşməyə meyilli olmaları diqqəti çəkir. Odur ki, bəzi qüvvələrin ATƏT/ DTİHB müşahidə missiyasının qiymətləndirməsinə üstünlük verməsi anlaşılan deyildi.
ATƏT/DTİHB-nin məqsədi qərəzli hesabatla müxalifəti təxribata sövq etmək, bununla da iğtişaş yaradaraq ölkədə stabilliyi pozmaq və beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələməyə xidmət etmək idi.
Seçkilərin yekunu ilə əlaqədar bir məsələyə də xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. ABŞ-dan 120-dən artıq nüfuzlu ictimai-siyasi xadim, keçmiş və hazırkı konqresmen və senatorlardan ibarət müşahidə missiyası seçkiləri müşahidə edərək müsbət bəyanat verdi.
Bilavasitə ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək (VCİD) İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində 69 seçki dairəsini əhatə edən 450 seçki məntəqəsində, o cümlədən ATƏT/DTHİB-nin hesabatda istinad etdiyi Azərbaycan QHT-si olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin şimal bölgəsi üzrə koordinatorunun 6 dairədə keçirdiyi monitorinqin nəticələrinə əsasən də İlham Əliyev ölkənin 125 dairəsinin 75-də 81-85% səslə şübhəsiz qalib seçilmişdi.
Eyni zamanda, ABŞ-da birinci onluğa daxil olan “AJF & Associates, İnc.” Sorğu Şirkətinin və Fransanın “Opinion way” Tədqiqat İnstitutunun keçirdikləri ekzit-polların nəticəsi olaraq İlham Əliyevə müvafiq olaraq 83,7% və 84,9% səs verilməsi təsdiqlənmişdi. Lakin bütün bu uğurları ATƏT/DTİHB görmək istəmirdi.
Hər hansı böhtan və iftiralara baxmayaraq, bir məlum həqiqət xüsusilə vurğulanmalıdır ki, Azərbaycan çoxsaylı milli və dini qrupların dinc yaşadığı bir ölkədir, tarix boyu bu ölkədə nə etnik, nə də dini zəmində münaqişə olmayıb, Azərbaycan dünyada öz milli, etnik, dini tolerantlığı ilə nümunə göstərilən ölkələrdəndir.
ATƏT/DTİHB-nin qərəzli, faktlara söykənməyən bu hesabatının bir məqsədi vardı – özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək.