3.2. Bakı üçün hazırlanmış Maydan planları iflasa uğrayır…

Müəyyən qüvvələr 2013-cü il prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra Azərbaycanda sabitliyi pozmağa və Bakı üçün Ukraynada olduğu kimi “Maydan” hərəkatı formalaşdırmağa cəhdlər göstərirdi. Azərbaycanda stabilliyi pozmaq məqsədi daşıyan belə istiqamətlərdən biri ölkə vətəndaşları olan müxtəlif etnik qruplara qarşı guya ayrı-seçkiliyin olması kimi iddialar ortaya qoymaqdan ibarət idi. Bu kontekstdə AVRONEST PA-nın Büro üzvü Gerben-Yan Gerbrandinin təşkilatçılığı ilə 3 oktyabr 2013-cü ildə, səsvermədən cəmi 6 gün əvvəl, Avropa Parlamentində keçirilən “Azərbaycanda Prezident Seçkiləri: Odlar Yurdunu hansı gələcək gözləyir?” adlı tədbir xüsusilə qeyd edilməlidir. Gerben-Yan Gerbrandinin təşkil etdiyi tədbirin özəlliyi ondan ibarət idi ki, həmin tədbirə əksəriyyət etibarilə müxalifət mənsubları və milli azlıqların separatçılıq şüarları ilə çıxış edən nümayəndələri dəvət edilmişdi. Həmin tədbirdə Azərbaycanda guya milli azlıqlarla bağlı problemlərin olması barədə absurd iddialar irəli sürülmüşdü.

Ümumiliklə, Gerben-Yan Gerbrandinin təşkil etdiyi tədbirin əsas məqsədi ölkə daxilində sabitliyi pozmaq, etnik zəmində qarşıdurma və iğtişaşlar yaratmaqdan ibarət idi. Məlumdur ki, Azərbaycan çoxsaylı milli və dini qrupların dinc yaşadığı bir ölkədir, tarix boyu bu ölkədə nə etnik, nə də dini zəmində münaqişə olmayıb, Azərbaycan dünyada öz milli, etnik, dini to­lerantlığı ilə nümunə göstərilən ölkələrdəndir. Odur ki, Gerben-Yan Gerbrandinin səyləri öz hədəfinə çata bilməzdi.

Təxribat xarakterli digər addım seçkilərdən sonra Avropa Parlamentində atıldı. Belə ki, 23 oktyabr 2013-cü ildə Avropa Parlamentində Avropa Qonşuluq siyasəti üzrə Qətnamə qəbul edildi. Qətnamənin 32-ci bəndində bildirilirdi ki, Azərbaycanda 2013-cü il prezident seçkiləri ATƏT-in standartlarına cavab verməyib.

Qətnamədə Azərbaycanda 2013-cü il prezident seçkiləri ilə bağlı belə bir iddianın əks etdirilməsi anlaşılan deyildi. Belə ki, Avropa Parlamentinin müşahidə missiyası həmin seçkiləri müsbət qiymətləndirmişdi. AŞPA və Avropa Parlamentinin müşahidə missiyalarının 2013-cü il seçkilərinin nəticələrinə dair birgə bəyanatında bildirilirdi ki, “seçkilər azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir”. Lakin Avropa Parlamenti bu qətnamədə öz müşahidə missiyasının seçkilərlə bağlı qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, digər bir qurumun nəticələrinə istinad edərək qərar qəbul etmişdi. Belə bir qərarın qəbul edilməsi beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin təcrübəsində analoqu olmayan utancverici bir hadisə idi. Bu, AP-nin müstəqil qərar qəbuletmə imkanlarını şübhə altına alan qərar idi. Bu qərar Avropa Parlamentinin kənar qüvvələrin təsiri altında Azərbaycanla bağlı gələcəkdə obyektiv siyasət yeritmə qabiliyyətində olmadığını göstərirdi.

Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, 32-ci bəndin qəbul edilməsində Azərbaycandakı seçkilərdən xəbərsiz olan AP üzvləri əsas rol oynamışdı. Görünür, 2013- cü il prezident seçkilərini müşahidə missiyasının müsbət qiymətləndirmələrindən qəzəblənmiş anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində AP rəhbərliyi qətnamə layihəsinin 32-ci bəndinə həmin seçkilərin ATƏT standartlarına uyğun olmamasını və ATƏT-in tələblərinin yerinə yetirilməməsini ehtiva edən müddəanı daxil etmişdi. Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT sədri Leonid Kojaranın, AP, AŞPA və ATƏT PA-nm, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirmələrini unutmuşdu. Bəlkə də elə bunlardan da qəzəblənmişdi.

Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT- in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən dörd beynəlxalq qurumdan üçünün – Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmələri göz önündə idi. Buna baxmayaraq, AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT/DTİHB müşahidə missiyası qərəzli qətnaməsinə təkidlə əsaslanırdı. Bu isə Avro­pa Parlamenti deputatlarından ibarət missiyaya etimadsızlıq, bütövlükdə isə AP, AŞPA və ATƏT PA-ya vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıq idi.

ATƏT/DTHİB-nin faktlara söykənməyən bu qərəzli hesabatının bir məqsədi vardı – yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc mərkəzlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etmirdilər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaq.

Hələ ki, Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycanın təkidli tələblərindən sonra 25 ildən artıq dövr ərzində işğal olunmuş torpaqlarımız haqqında icra olunmayan və Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən Qətnamələrlə beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldadır. Avropa Parlamentinin Prezidenti Martin Şultz mənə yazdığı 11.07.2013 tarixli cavab məktubunda deyirdi: “Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir”. Bu, ikiüzlü cavab idi.

Qeyd edilənlərə baxmayaraq, Azərbaycanda 2013-cü il prezi­dent seçkilərinin başa çatmasından bir müddət sonra AP seçki müşahidə missiyasının rəhbəri Arlakki seçkilərlə bağlı yekun məruzə hazırlayıb Avropa Parlamentinə təqdim etdi. Məruzədə AP seçki müşahidə missiyası Azərbaycanda seçkilərin demokratik, azad, şəffaf, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirildiyini bir daha təsdiq etdi. Beləliklə, Avropa Par­lamentinin rəhbəri Pino Arlaki, üzvləri Filip Kaçmarek, Yoahim Zeller, Yevgeni Kirilov, Norika Nikolau, Fiorello Provera və Milan Kabrnoxdan ibarət rəsmi seçki müşahidə missiyasının (AP SMM) Azərbaycanda president seçkilərinin müşahidəsi üzrə fəaliyyəti başa çatdı.

Qeyd edim ki, Azərbaycanda 2013-cü il prezident seçkilərini Avropa Parlamentinin rəsmi seçki müşahidə missiyasının üzvləri ilə yanaşı, digər beynəlxalq müşahidə missiyalarının tərkibində yer almış bir sıra AP üzvü də müşahidə etmişdi. Onlar beynəlxalq QHT-lərin nümayəndə heyətlərinin tərkibində müşahidə etmişdilər, başqa sözlə, qeyri-rəsmi müşahidə missiyalarının üzvləri olmuşdular. Avropa Parlamentinin Məşvərət Komitəsi onları 11 fevral 2014-cü ildə keçirilən dinləmələrə dəvət edərək, Davranış Kodeksini pozmaqda ittiham etmişdi.

Bildirim ki, Məşvərət Komitəsi 2012-ci ilin yanvarından AP üzvünün Davranış Kodeksi qəbul olunduqdan sonra fəaliyyət göstərməyə başlamışdı. Komitə 5 daimi üzvdən və 2 ehtiyat üzvdən ibarətdir. Həmin vaxt Karlo Kasini (EPP, İtaliya), Evelin Regner (SD, Avstriya), Sesilia Vikstrom (ALDE, İsveç), Gerald Hafner (Yaşıllar, Almaniya) və Sayyad Karim (ECR, Birləşmiş Krallıq) Komitənin daimi üzvləri, Jiri Mastalka (GUE, Çexiya) və Francesco Speroni (EFD, İtaliya) isə ehtiyat üzvlər idilər.

Davranış Kodeksini pozmuş deputatla bağlı Məşvərət Komitəsində dinləmələrin nəticəsi kimi Komitə AP Prezidentinə təkliflərlə müraciət edərək, bu deputatın cəzalandırılmasını və ya ona bəraət qazandırılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, Davranış Kodeksini pozmuş AP üzvünə deputat maaşının kəsilməsi, Avropa Parlamentində olan bəzi fəaliyyətlərdən məhrum edilməsi, deputat ofisindən çıxarılması kimi cəzalar tətbiq edilə bilər.

Məşvərət Komitəsində 11 fevralda keçirilən dinləmələrə Azərbaycanda prezident seçkilərini beynəlxalq QHT-lərin nümayəndə heyətlərinin tərkibində müşahidə etmiş AP üzvləri dəvət edilmişdi. Qeyri-rəsmi müşahidə missiyası tərkibində Azərbaycana səfər etmiş deputatlara qarşı maliyyələşdirilmələri və qiymətli hədiyyələr almaları barədə əsassız iddialar irəli sürülmüşdü. Seçkilərdən 4 ay keçməsinə baxmayaraq, belə iddiaların irəli sürülməsinin kökündə bir sıra beynəlxalq güc mərkəzlərinin Azərbaycana təzyiqlərini yeni formada və yeni məzmunda davam etdirmək niyyəti dayanmışdı. Belə ki, həmin güc mərkəzləri Azərbaycanda keçirilən 9 oktyabr pre­zident seçkilərinin nəticəsi olaraq Azərbaycanı avtoritar ölkə, hakimiyyəti isə qeyri-legitim hakimiyyət kimi təqdim etməyə çalışırdılar. Lakin onların bu məkrli niyyətləri baş tutmadı, Azərbaycan xalqı öz seçimini etdi və bir missiya istisna olmaqla, bütün beynəlxalq seçki missiyaları Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf keçirildiyini bildirdilər.

Azərbaycana qarşı təzyiqləri səngiməyən həmin güc mərkəzlərinin başlıca məqsədlərindən biri Azərbaycanı avtoritar ölkə kimi təqdim etməklə onun dünya ictimaiyyəti qarşısında imicinə xələl gətirmək, davamlı olaraq qərəzli iddialarla çıxış edərək Azərbaycan ictimaiyyətinin başını bu məsələlərlə qarışdırmaq, onun diqqətini Ermənistan tərəfindən 20 ildən artıqdır ki, işğal altında saxlanılan Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla 20% ərazidən yayındırmaq və həmin ərazilərdən əl çəkdirməkdən ibarətdir. Digər tərəfdən, həmin güc mərkəzləri dünya ictimaiyyəti qarşısında Azərbaycanın mənfi imicini formalaşdırmaqla öz maraqlarını təmin etməyə çalışırlar.

Zənnimcə, belə iddiaların gündəmə gəlməsini şərtləndirən əsas amillərdən biri də belə təzyiqlər vasitəsilə Azərbaycanı Assosiasiya Sazişinə qoşulmağa məcbur etməkdən və əks halda, Ukraynada baş verən hadisələrin Azərbaycanda da təkrarlanacağına dair siqnal göndərməkdən ibarət idi.

Təəssüf doğuran hal ondan ibarət idi ki, Avropa Parlamenti özünün qeyd edilən məqsədlərinə çatmaq üçün hətta öz deputatlarının imicinə zərbə vurmaqdan belə çəkinmirdi. Sözdə Azərbaycanı Avropa İttifaqının tərəfdaşı hesab etsə də, praktikada Azərbaycana qarşı məkrli planlar həyata keçirirdi.

Qeyri-rəsmi müşahidə missiyası tərkibində seçkiləri müşahidə etmiş AP deputatlarına qarşı iddiaların irəli sürülməsini şərtləndirən amillərdən birini də qeyd etmək istəyirəm. Bu amil Azərbaycana təzyiq edən güc mərkəzlərinin ölkə daxilində sabitliyi pozmaq cəhdlərinin nəticə verməyəcəyinə əmin olduqdan sonra onu xaricdən göstərilən hər hansı bir dəstəkdən məhrum etmək və beynəlxalq aləmdə Azərbaycanı təkləməkdən ibarət idi. Həmin güc mərkəzləri Azərbaycana obyektiv münasibət bəsləyən deputatlara təzyiqlər göstərilməsinə dəstək verməklə Azərbaycana loyal münasibət göstərən insanları öz mövqelərinə yenidən baxmağa məcbur etməyə çalışırlar. Odur ki, qeyri- rəsmi missiya tərkibində seçkiləri müşahidə etmiş AP deputatlarına qarşı iddiaların irəli sürülməsi və bu məqsədlə Məşvərət Komitəsində dinləmələrin keçirilməsi Azərbaycanı beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum etmək məqsədilə ölkəmizə loyal münasibəti ilə seçilən parlamentarilərə, xarici ictimai-siyasi xadimlərə qarşı başlanmış de-fakto təqib kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Avropa Parlamenti Məşvərət Komitəsinin dinləmələri ilə eyni gündə, 11 fevral 2014-cü ildə, Rusiyanın nüfuzlu mətbuat orqanı olan “Nezavisimaya qazeta” “Qərb Bakıda Maydan hazırlayır” başlıqlı sensasiya xarakterli məqalə dərc etdi. Məqalədə yazılırdı ki, qərbli hüquq müdafiəçiləri Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair aktual problemləri öz gündəliklərinə daxil ediblər. Yerli ekspertlər Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan ilk Avropa Oyunları ərəfəsində Qərb institutları ilə işləyən yerli QHT-lərin bu ərəfədə aktivləşəcəyini öncədən bildirirlər.

Məqalədə qış olimpiadası zamanı Soçiyə yüksək səviyyəli səfərin təsadüfi olmadığı və Bakının olimpiya oyunlarının keçirilmə təcrübəsini diqqətlə öyrəndiyi vurğulanır. Belə ki, bir il sonra tarixdə ilk dəfə Avropa Yay Oyunları Azərbaycanda keçiriləcək, hazırda ölkə avropalı qonaqları qəbul etməyə, eləcə
də oyunların möhtəşəm açılışma və bağlanışına hazırlaşır.

Nezavisimaya qazeta” eyni zamanda böyük ehtimalla bəzi ölkələrin və beynəlxalq təşkilatların idmanı siyasətin girovuna çevirmək təcrübəsindən yararlanmaqda davam etdiyini diqqətə çatdırırdı. Beynəlxalq İnsan Hüquqları Klubunun icraçı direktoru Rebekka Vinsent “Azadlıq radiosu”na müsahibəsində qış olimpiya oyunlarında bütün dünyanın diqqətinin Soçidə olacağını bildirərək demişdi: “Olimpiada hazırlıqları, keçirilməsi, eləcə də korrupsiya faktları diqqətdə idi. Soçidən sonra diqqət Bakıya yönələcək. Bakıda keçiriləcək tarixdə ilk dəfə olan Avro­pa Yay oyunlarını demək olar ki, 500 gün qaldı”.

Qəzet yazırdı ki, R. Vinsent ABŞ-m Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Lakin o, Dövlət Departamentindən gedəndən sonra Azərbaycanda insan hüquqları ilə bağlı işləməyi dayandırıb. O, yerli QHT-lərə də fəal şəkildə kömək edirdi.

“Nezavismaya” yerli mediaya istinad edərək belə iddia irəli sürürdü ki, R. Vinsent 2015-ci il Avropa oyunları ərəfəsində Azərbaycana qarşı daha çox kəşfiyyat dairələri ilə bağlı olan yeni strategiya üzərində işləyir. Qəzetin yazdığına görə, Rebekka Vinsent bunu özü də inkar etmirdi və oyunlar ərəfəsində beynəlxalq diqqətin Bakıya tuşlanacağını və Azərbaycanda insan hüquqlarının vəziyyətini öyrənəcəklərini bildirirdi. Onun sözlərinə görə, bu zaman Azərbaycanın problemlərinə uzaqdan baxmaq lazım gəlməyəcək, bu baxımdan beynəlxalq cəmiyyətin konkret ölçülərini qəbul etmək lazımdır.

Məqalədə qeyd edilirdi ki, Vinsentin hansı ölçüləri nəzərdə tutduğunu təxmin etmək mümkündür. Belə ki, “Avroviziya” mahnı müsabiqəsi öncəsi etiraz aksiyalarının keçirilməsi, həmçinin 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində “Facebook inqilabı” reallaşdırmaq cəhdləri uzaq tarix deyil. “Nezavisimaya qazeta” yerli analitiklərin fikrinə istinad edərək yazırdı ki, bu gün bir sıra Avropa ölkələri, o cümlədən ABŞ öz strateji maraqlarını gerçəkləşdirmək üçün Azərbaycan iqtidarına problemlər yarada bilən yerli QHT-ləri bol-bol maliyyələşdirirlər.

Beləliklə, Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB- yə istinad edilməsinə təkidli çağırışı, qeyri-rəsmi beynəlxalq missiyaların tərkibində 2013-cü il seçkilərini izləmiş üzvlərin cəzalandırılması Azərbaycana qarşı təxribat və iğtişaş planlarının tərkib hissəsi olmuşdu. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra Azərbaycanda növbəti Maydanın yaradılması, ölkənin Liviya və Suriyaya çevrilməsi kimi təxribat planlarının baş tutmamasından çox məyus olmuşdular.

Lakin Avropa Parlamenti Azərbaycana qarşı apardığı təcridetmə kampaniyasını 11 aprel 2018-ci il prezident seçkiləri dövründə də davam etdirdi. Belə ki, Avropa Parlamenti həmin seçkiləri müşahidə üçün rəsmi missiya göndərməmişdi. Lakin Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər (ECR) Qrupunun üzvləri bu seçkiləri müşahidə etməyə dəvət edilmişdi. Nümayəndə heyəti üç üzvdən ibarət idi. Polşalı avrodeputatlar Riçard Çametski və Kosma Zlotovski, o cümlədən britaniyalı avrodeputat Devid Kempbell Bannerman nümayəndə heyətinin üzvləri idilər. Onlar 10 aprel 2018-ci il tarixində Bakıya gəlmişdi. ECR Qrupunun nümayəndə heyəti 12 apreldə bəyanatla çıxış edərək seçkilərin “peşəkar və hüquqi qaydada və dinc, azad və şəffaf mühitdə” həyata keçirildiyini bildirmişdilər.

Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun həmsədrləri David MakAllister və Linda MakAvan 13 aprel 2018-ci ildə Avropa Mühafizəkarlar və Reformistlər (ECR) Qrupunun rəhbərliyinə və Avropa Parlamentinə məktub ünvanlayıb Azərbaycanda “demokratik mühitin pisləşməsini əsas gətirərək, bu seçkilərin müşahidəsi üçün Avropa Parlamentinin rəsmi nümayəndə heyəti göndərməsinin əleyhinə konkret və yekdil qərar qəbul” edildiyini diqqətə çatdırmışdılar. Onlar bildirirdilər ki, “Avropa Parlamentinin nümayəndə heyəti göndərməyəcəyini təsdiqləyən bəyanat verilmişdi və onun heç bir üzvünə parlamentin adından prosesi müşahidə etmək və rəy bildirmək mandatı verilməmişdir”.

Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun həmsədrləri ECR Qrupunun dəvət əsasında seçkiləri izləmək üçün Azərbaycana nümayəndə heyəti göndərdiyinə işarə edərək yazırdılar ki, “istənilən siyasi qrupun seçkilər zamanı üçüncü ölkələrə nümayəndə heyəti göndərmək hüququnu qəbul etsək də, hesab edirik ki, AP-nin müstəsna şəkildə müşahidə etməyəcəyini bəyan etdiyi ölkələrə müşahidəçi göndərmək əməli Avropa Parlamentinin imicinə böyük zərbə vurur”. Onlar belə “saxta” missiyaların Avropa Parlamentinin “vahidliyinə xələl” gətirdiyini və “seçki müşahidə sahəsində ən nüfuzlu aktor kimi etibarlılığına zərbə” vurduğunu bildirirdilər. Məktubda ECR Qrupu nümayəndə heyəti üzvlərinin “bu seçkilərin idarə edilməsi və keçirilməsi barədə səsləndirdiyi razılıq dolu fikirlər bütöv seçki kampaniyası müddətində ölkədə olmuş və son on ildə dəfələrlə sınaqdan keçirilmiş ciddi metodologiyaya əməl edən, beynəlxalq səviyyədə tanınmış, təcrübəli, peşəkar və müstəqil ekspertlər və müşahidəçilərdən ibarət ATƏT/DTİHB missiyasının ilkin faktları ilə açıq-aşkar ziddiyyət təşkil” etdiyi ön plana çəkilir. Həmsədrlər sonda Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunda qəbul edilmiş aşağıdakı qərarı diqqətə çatdırırlar: “Yazılı surətdə sizə bildiririk ki, cənab Riçard Çarnetski, cənab David Kampbell Bannerman və cənab Kosma Zlotovkiyə bu mandatın qalan hissəsində Avropa Parla­mentinin seçki müşahidəsi üzrə rəsmi nümayəndə heyətlərində iştirak etmələrinə artıq icazə verilməyəcək. Bu qərar dərhal qüvvəyə minir.”

Beləliklə, aydın olur ki, ECR nümayəndə heyətinin üzvləri – cənab Riçard Çarnetski, cənab David Kampbell Bannerman və cənab Kosma Zlotovki dəvət əsasında Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdiklərinə görə cəzalandırılırlar. ECR Qrupunun nümayəndə heyəti üzvlərinin cəzalandırılması üçün əsas şərt kimi onların fikirlərinin “ATƏT/DTİHB missiyasının ilkin faktları ilə açıq-aşkar ziddiyyət” təşkil etməsi göstərilirdi və onların Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdiklərinə görə cəzalandırılmasına dair qərarın qəbul edilməsi işıq sürəti ilə dünyanın aparıcı KİV-lərində tirajlanırdı. Bununla belə, məktubda ATƏT/DTİHB missiyasının “beynəlxalq səviyyədə tanınmış, təcrübəli, peşəkar və müstəqil ekspertlər və müşahidəçilərdən ibarət” olması barədə yer almış fikir dərin təəssüf və təəccüb doğurur. Belə ki, bir qayda olaraq ATƏT/DTİHB missiyasının üzv dövlətlərdən olan kiçik ranqlı və heç də müstəqil olmayan məmurlardan təşkil olunduğu məlumdur. Odur ki, Avropada böyük seçici auditoriyasına malik olan və onlar qarşısında öhdəlik daşıyan avrodeputatların öz fikirlərinin belə məmurlardan təşkil olunmuş ATƏT/DTİHB missiyasının mövqeyinə zidd olduğuna görə cəzalandırılmaları ən azı anlaşılan deyil…