3.3. Avropa Parlamentində Azərbaycana qarşı təcridetmə kampaniyası aparılır

Azərbaycanda 2013-cü il prezident seçkilərindən sonra aparıcı güc mərkəzlərində və beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikası hədsiz dərəcədə gücləndi. Həmin qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə ciddi səylər göstərməyə başladılar.

Belə səylərdən biri 2015-ci ilin ortalarında Avropa Parlamentində özünü açıq şəkildə göstərdi. Avropa Parlamen­tinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun 11 iyun 2015-ci il tarixli iclasında ilin ikinci yarısında keçiriləcək seçkilər nəzərdən keçirildi və bu seçkilərə göndəriləcək seçki müşahidə missiyaları haqqında ətraflı müzakirələr aparıldı.

Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun həmsədrləri almaniyalı deputat Elmar Brok (EPP) və britani­yalı deputat Linda MakAvan (Sosialistlər) iclasda çıxış etdilər və qəti şəkildə 2015-ci ildə Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməsinə qarşı çıxdılar. Onlar bunun səbəbini Azərbaycanda 2013-cü il prezident seçkilərini Avropa Parlamentindən rəsmi və qeyri-rəsmi nümayəndə heyətlərinin müşahidə etməsi və qeyri-rəsmi nümayəndə heyətinin nizam-intizam komissiyasına çağırılması ilə izah edirdilər. Brok və MakAvan Azərbaycan və digər ölkələrdə (məsələn Qazaxıstan) bəzən hətta rəsmi nümayəndə heyətinin olmasına baxmayaraq, qeyri-rəsmi nümayəndə heyətinin olmasından və əksər hallarda qeyri-rəsmi nümayəndə heyətinin mövqeyinin Avropa Parlamenti mövqeyindən fərqləndiyini bildirmişdilər.

İclasda rəsmi seçki müşahidə missiyasının formalaşmasından imtina edilməsi ilə yanaşı, parlamentin bütün üzvləri üçün rəsmi nümayəndə heyətinin olmayacağı və deputatların seçkilərə qeyri-rəsmi müşahidəçi kimi gəlməsinin də qadağan ediləcəyi barədə məktubun hazırlanmasına göstəriş verildi.

Həmsədrlər Elmar Brok və Linda MakAvan 30 iyun 2015-ci ildə Avropa Parlamentinin prezidenti Martin Şultsa məktub ünvanlayaraq Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun 11 iyun 2015-ci il tarixli iclasında Avropa Parlamenti seçki müşahidəsi nümayəndə heyətləri üçün 2015-ci ilin ikinci yarısında mümkün prioritet ölkələrin nəzərdən keçirildiyini bildirirdilər.

Məktubda vurğulanırdı ki, “1 noyabr 2015-ci ildə prezident seçkilərinin keçirilməsi planlaşdırılan Azərbaycan Qrup tərəfindən AP-nin seçki müşahidəsi üçün nümayəndə heyəti göndərə biləcəyi ölkə qismində seçilməyib. Çünki nümayəndə heyətinin göndərilməsi üçün şərtlərə cavab verilməyib. Qrup üzvləri razılaşıb ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yoxdur və ölkədə ifadə, toplaşma və birləşmə azadlıqlarına qoyulan məhdudiyyətlər namizədlərə bərabər şərtlər yaratmağı və həqiqi rəqabətli səsvermə təşkil etməyi qeyri-mümkün edir”.

Həmsədrlər göstərdikləri səbəbləri əsas gətirərək, daha sonra yazırdılar ki, “… AP Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci il prezident seçkilərinin müşahidəsinə dair dəvətnamə alarsa, Qrup bu dəvəti rədd etməyi tövsiyə edir”.

Məktubun müəllifləri bu qərarın arxasında duran səbəblərin ictimaiyyətə açıqlanmalı olduğunu bildirir və AP üzvlərinin seçkiləri öz adından müşahidə etmək qərarının nəinki qurumun rəsmi mövqeyinə xələl gətirə biləcəyini, eyni zamanda keçmişdə baş verdiyi kimi, bu tipli iştirak elan edilməzsə, Davranış Kodeksinin pozulması ilə nəticələnəcəyini vurğulayırdılar.

Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupu həmsədrlərinin AP Prezidenti Şultza göndərdikləri məktubda Azərbaycana dair vəziyyət barədə məlumatlı olduqlarını iddia etsələr də, təkrarən “Azərbaycanda 1 noyabr 2015-ci il seçkilərini parlament seçkiləri deyil, prezident seçkiləri kimi təqdim edirdilər. Bunun təsadüfi və texniki səhv olması şübhəli görünürdü.

Təəccübləndirici və təəssüfləndirici hal idi ki, AP, AŞPA və ATƏT PA müşahidə missiyaları 2013-cü il seçkilərini müsbət qiymətləndirdiyinə, bu seçkilərin ədalətli və demokratik standartlara cavab verdiyini bildirdiklərinə baxmayaraq, Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun həmsədrləri tam fərqli və saxta iddia ilə çıxış edirdilər.

Azərbaycan hakimiyyəti 2015-ci il parlament seçkilərini müşahidə etmək üçün ATƏT/DTİHB-yə dəvət göndərmişdi. ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ölkəyə səfər edib hesabat hazırlamışdı. EQM hesabatda 30 nəfər uzunmüddətli, 350 nəfər isə qısamüddətli olmaqla seçkiləri müşahidə edəcək müşahidəçilərin sayı ilə bağlı təklif irəli sürmüşdü. Lakin Azərbaycan hakimiyyəti danışıqlar zamanı bildirdi ki, DTİHB seçki müşahidə missiyaları aşağıdakı tərkibdə dəyişib:

  • -2005-ci il parlament seçkilərində 30 uzunmüddətli, 500 qısamüddətli müşahidəçi;
  • -2008-ci il prezident seçkilərində 28 uzunmüddətli, 450 qısamüddətli müşahidəçi;
  • -2010-cu il parlament seçkilərində 22 uzunmüddətli, 405 qısamüddətli müşahidəçi;
  • -2013-cü il prezident seçkilərində isə 30 uzunmüddətli, 280 qısamüddətli müşahidəçi.

Azərbaycan hakimiyyəti əvvəlki seçkilərdə müşahidəçilərin sayının mövcud dinamikası fonunda 2015-ci il seçkilərində EQM-dən müşahidəçilərin sayı ilə bağlı təklifini əsaslandırmağı xahiş etsə də, qaneedici cavab ala bilməmişdi. Odur ki, Azərbaycan hakimiyyəti EQM-nin təklifini qəbul etməmişdi.

Çox maraqlıdır ki, Avropa Parlamenti ATƏT/DTİHB ilə Azərbaycan XİN arasında müşahidəçilərin sayı ilə bağlı qarşıdurma yaranandan dərhal sonra yeni təxribata əl atdı – 10 sentyabr 2015-ci ildə Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli təcili qətnamə qəbul etdi.

Bu heç bir hüquqi qüvvəyə malik olmayan siyasi sənədin qəbulu Avropa Parlamentində Azərbaycanın beynəlxalq aləmdən təcridinə dair bir müddət əvvəl start verilmiş kampaniyanın növbəti mərhələsi idi. Belə ki, AP tərəfindən bu kampaniyaya iyunda Azərbaycanda seçkiləri müşahidə etməkdən imtinaya dair qərarın qəbul edilməsi ilə start verilmişdi.

Diqqəti çəkən məqam ondan ibarət idi ki, AP-nin 10 sentyabr tarixli təcili qətnaməsi ATƏT/DTİHB Ehtiyacların Qiymətləndirilməsi Missiyasınm Hesabatının 31 avqust 2015-ci ildə açıqlanmasından sonra bu qurum ilə Azərbaycan XİN arasında müşahidəçilərin sayı ilə bağlı yaranmış qarşıdurmadan sonra qəbul edilmişdi.

AP-nin təcili qətnaməsinin ideoloqlarının və müəlliflərinin Azərbaycanı təcridetmə kampaniyasını genişləndirmək məqsədilə yaranmış situasiyadan yararlanacağı gözlənilən idi. Belə ki, AP öz məqsədlərinə nail olmaq üçün digər beynəlxalq qurumların, ilk növbədə, ATƏT/DTİHB-nin Azərbaycanda parlament seçkilərini müşahidə etməsində maraqlı deyildi və müxtəlif vasitələrlə bunun qarşısını almağa çalışırdı.

Qeyd edilməlidir ki, təcili qətnamələrə dair səsvermələr bir qayda olaraq, AP sessiyasının tam sonunda, çox az sayda AP deputatının qaldığı bir vaxtda keçirilirdi. Lakin təcili qətnamə layihəsi bu dəfə iclas zalında AP deputatlarının çox olduğu bir vaxtda səsverməyə çıxarıldı. AP üzvlərindən 202 nəfərin qətnamənin əleyhinə səs verməsi, 72 nəfərin bitərəf qalması və ümumiliklə, 274 nəfər AP deputatının bu qətnaməni dəstəkləməməsi Azərbaycanı dəstəkləyənlərin heç də az olmadığını göstərirdi. Lakin Azərbaycan geniş bir kampaniya ilə üzləşmişdi və 365 nəfər bu təcili qətnamənin lehinə səs verdi.

AP-də qərəzli təcili qətnamənin müəllifləri əmin idilər ki, çoxsaylı saxtalaşdırılmış məlumatlara əsaslanan sərt anti-Azərbaycan sənədinin qəbul edilməsi Azərbaycan hakimiyyəti və ictimaiyyəti tərəfindən ciddi təpkilərlə qarşılanacaq. Onlar belə qərəzli qətnamənin qəbul edilməsinə nail olmaqla Azərbaycan hakimiyyətini konkret praktiki addımlar atmağa, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqrammda iştirakını da­yandırmağa vadar etməyə çalışırdılar.

Onların hesablamalarına görə, Azərbaycan hakimiyyəti Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırmaq barədə qərar qəbul edəcəyi təqdirdə artıq anti-Azərbaycan kampaniyası zəncirvari xarakter alacaq: Müşahidəçilərin sayı ilə bağlı Azərbaycan XİN ilə qarşıdurmanı əsas gətirərək ATƏT/DTİHB seçkiləri müşahidə etməkdən imtina edəcək. Bu ssenariyə əsasən, ATƏT/DTİHB-nin seçkiləri müşahidə etməkdən imtina etməsindən sonra ATƏT PA və AŞPA da seçkiləri müşahidəyə dair qəbul etdikləri qərarlarını dəyişib, seçkiləri müşahidə etməkdən imtina edəcək. Beləliklə, bu ssenariyə əsasən, Avro­pa strukturlarının (AP, AŞPA, ATƏT PA və ATƏT/DTİHB) heç biri Azərbaycana seçkiləri müşahidə üçün rəsmi müşahidə missiyası göndərməyəcək və Azərbaycan təcrid edilmiş vəziyyətə düşəcək.

Doğrudan da, ölkə Kİ V-ləri 11 sentyabr 2015-ci ildə Azərbaycan XİN mətbuat xidmətinə istinad edərək bildirirdilər ki, AP-nin qərəzli qətnaməsinə görə “Azərbaycan ilə Avropa İttifaqı ara­sında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasınm nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır”. Həmin məlumatlarda vurğulanırdı ki, “ümumiyyətlə, anti-Azərbaycan və antiislam meyillərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”.

Bundan əlavə, 11 sentyabrda məlum oldu ki, Azərbaycan tərəfi Ehtiyacların Qiymətləndirilməsi Missiyasının Hesabatında (EQMH) müşahidəçilərin sayı ilə bağlı (30 – uzunmüddətli, 350 – qısamüddətli müşahidəçi) tövsiyəni qəbul etməyəcəyi halda, ATƏT/DTİHB Azərbaycana rəsmi seçki müşahidə missiyası göndərməkdən imtina edəcəyini bildirib.

Bununla belə, ATƏT/DTİHB EQM əvvəlki seçkilərdə müşahidəçilərin sayının mövcud dinamikası fonunda 2015-ci il seçkilərində müşahidəçilərin sayı ilə bağlı təklifini əsaslandıra bilməməsi səbəbindən Azərbaycan hakimiyyəti bu təklifi qəbul etmədi. ATƏT/DTİHB bunu bəhanə gətirərək, 11 sentyabrda Azərbaycanda 2015-ci il parlament seçkilərini müşahidə etməkdən imtina etdi.

ATƏT PA rəhbərliyi yaranmış vəziyyətdə 2 sentyabr 1997-ci ildə Kopenhagendə imzalanmış “ATƏT Parlament Assambleyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Əməkdaşlıq Sazişi”ni əsas gətirib, ATƏT PA-nın da bu seçkiləri müşahidə etməyəcəyini bildirdi.

Beləliklə, anti-Azərbaycan qüvvələrin planlarına əsasən AP-nin qəbul etdiyi bu qərar 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanın təcridedilmə kampaniyasının növbəti mərhələsinə start verməli idi. Avropa Parlamentinin ardınca ATƏT/DTİHB və ATƏT PA da 2015-ci ilin sentyabr ayında müxtəlif bəhanələrlə noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina etdi. ATƏT/DTİHB-də seçkiləri müşahidə etməkdən imtina qərarı qəbul edilərkən, anti-Azərbaycan qüvvələr bütün beynəlxalq təşkilatların oxşar qərarlar verəcəyinə ümid edirdi.