Həmin vaxt AŞPA-da da kifayət qədər güclü mövqeyə malik olan anti-Azərbaycan qüvvələr mövcud idi. Bu qüvvələr hər vəchlə AŞPA-nın Azərbaycanda 2015-ci il parlament seçkilərini müşahidə etməsinin qarşısını almağa çalışırdılar.
Digər tərəfdən, Avropa Parlamenti, ATƏT PA və ATƏT/ DTİHB Azərbaycanda 1 noyabr 2015-ci il parlament seçkilərini müşahidə etməkdən imtina etməklə kifayətlənmədilər. Bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etməyə başladılar. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaq idi.
Eyni zamanda, 2013-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərinin nəticələrinə dair verdikləri müsbət qiymətləndirmənin reallıq olduğunu, Azərbaycanın demokratiya yolunda inamla addımladığını həm Avropa Parlamenti, həm AŞPA, həm də ATƏT PA çox gözəl anlayırdı. Onlar sadəcə bu reallığı növbəti dəfə görmək və dünyaya bəyan etmək, Azərbaycanda demokratik, şəffaf və azad seçkilərin şahidi olmaq istəmirdilər. Bu səbəbdən təcrid və siyasi təzyiq vasitəsilə Azərbaycanı şantaj etməyə çalışırdılar.
AŞPA bu təzyiqlər altında Azərbaycana 1 noyabr 2015-ci il parlament seçkilərinə müşahidə missiyası göndərilməsi ilə bağlı verdiyi qərarına 3 dəfə hörmətsizlik etdi. Bu barədə AŞPA Bürosunda qəbul edilmiş və sessiyada təsdiq edilmiş qərar təkrar-təkrar, yenidən Büronun müzakirəsinə göndərilirdi.
Belə ki, AŞPA-nın iyun sessiyası zamanı Azərbaycanda 2015- ci ildə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün seçki müşahidə missiyası (SMM) göndərmək barədə qərar qəbul edilmişdi. Seçki müşahidə missiyasının tərkibi 30 nəfər AŞPA üzvü və 2 nəfər həmməruzəçi olmaqla 32 nəfər müəyyən edilmişdi. Liberallar qrupunun rəhbəri, Cordi Çukla AŞPA seçki müşahidə missiyasının rəhbəri təyin edilmişdi.
Hətta iyun ayında Assambleyanın plenar iclası Monitorinq Komitəsinin “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzəsində digər Avropa qurumlarının Azərbaycana SMM göndərmələrinin ləğv edə biləcəyinin mümkünlüyünü müzakirə etmişdi. Assambleya səsvermə yolu ilə qərar qəbul etmişdi ki, digər Avropa qurumları Azərbaycana SMM göndərməyi ləğv edəcəyi halda, AŞPA öz missiyasını artırmalıdır. Assambleya eyni zamanda ATƏT/DTİHB SMM göndərməyəcəyi təqdirdə, AŞPA-da SMM göndərilməsinə yenidən baxılması barədə təklifi rədd etmişdi. Odur ki, Assambleyanın verdiyi son qərarın əksinə addım atılması, bu qərarın ləğv edilməsinin təklif edilməsi çox pis siyasi təcrübə idi. Bu, Assambleyaya, bütövlükdə Avropa Şurasına hörmətsizlik idi.
Digər tərəfdən, AŞPA-nın yeganə Qərb təsisatı kimi seçkiləri müşahidə etmək praktikası var idi. Belə ki, Rusiya Federasiyasında 2 mart 2008-ci ildə keçirilən prezident seçkilərinə ATƏT/DTİHB, ATƏT PA və Avropa Parlamenti müşahidə missiyası göndərməmişdi. AŞPA müşahidə missiyası bu seçkiləri müşahidə edən yeganə rəsmi Qərb seçki müşahidə missiyası idi və AŞPA SMM-nə İsveçrədən Andreas Qross (SOC) rəhbərlik etmişdi.
Qeyd edilənlərə baxmayaraq, AŞPA prezidenti Ann Brassör və Baş Katib Savitski iyun sessiyasında müşahidə missiyasının formalaşdırılmasına dair protokolda ATƏT/DTİHB dəvət edilməyəcəyi təqdirdə” qeydini etmişdilər. Bu qeyd 31 avqust tarixində Sədarət Komitəsinin və Büronun iclaslarında bu məsələyə yenidən baxılmasının nəzərdən keçirilməsi barədə idi. Ann Brassör və Savitski hər dəfə anti-Azərbaycan qüvvələrin dəstəyi ilə Azərbaycanda 2015-ci il parlament seçkilərinin müşahidə edilməsi məsələsini müxtəlif bəhanələrlə yenidən müzakirələrə çıxarıb, əvvəlcədən qəbul edilmiş qərarın ləğv edilməsinə çalışırdılar.
Büronun 31 avqust 2015-ci il tarixli iclasında məsələyə yenidən baxıldı və Büro Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun seçki müşahidə missiyasının (SMM) tərkibini bir daha təsdiqlədi. Həmin vaxt Azərbaycan hakimiyyəti artıq ATƏT/DTİHB-ni seçkiləri müşahidə üçün dəvət etmişdi. Buna baxmayaraq, Savitski Büronun 31 avqust tarixli iclasının protokolunda növbəti saxtakarlıq etdi. Büronun əvvəlcədən heç bir rəsmi razılığı olmadan və heç bir müzakirələr aparılmadan Savitski tərəfindən Büro iclasının protokolunda “ATƏT/DTİHB-nin dəvət edilməsi fonunda vəziyyəti nəzərdən keçirdi” ifadəsi yazılmışdı və beləliklə də, AŞPA və ATƏT/DTİHB arasında müşahidə missiyasının göndərilməsi məsələsində asılılığın olması üçün zəmin yaratmaq istəmişdi.
Qeyd etməliyəm ki, AŞPA-da seçkilərin müşahidəsi ətrafında aparılan təkrar “müzakirələr” Azərbaycana qarşı ayrı-seçkiliyin aşkar göstəricisi və ikili standart siyasətinin təzahürü idi. Belə ki, AŞPA-nın seçkiləri müşahidə ilə bağlı Azərbaycan qarşısında öhdəçiliyi var idi. Bundan əlavə, Azərbaycan AŞPA-nın monitorinqi altında olan üzv ölkədir. Prosedur Qaydalarına əsasən, monitorinq altında olan üzv ölkələrdə seçkilərin müşahidəsinin aparılması zəruridir. AŞPA-nın Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməsi tək Azərbaycan üçün deyil, eyni zamanda AŞPA-nın özü üçün çox önəm daşıyırdı.
Belə ki, bu, AŞPA-nın üzv dövlətlə yaxşı, qarşılıqlı anlayış əsasında əlaqələr qurmasını sübut edəcəkdi. Bu, eyni zamanda sübut edəcəkdi ki, AŞPA Azərbaycanla təşkilati səviyyədə açıq, konstruktiv dialoq aparılmasının həqiqi dəstəkçisidir.
Lakin Avropa qurumlarında anti-Azərbaycan kampaniyasının genişlənməsinə baxmayaraq, AŞPA seçkiqabağı missiyası 21-22 sentyabr tarixlərində Azərbaycanda səfərdə oldu. Missiya parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalar, insan hüquqları müdafiəçiləri, QHT-lər, vətəndaş cəmiyyəti fəalları və KİV nümayəndələri ilə bir sıra görüşlər keçirdi.
Bundan sonra da AŞPA-da Azərbaycanın düşmənləri AŞPA- da SMM barədə qərarı yenidən nəzərdən keçirmək və onu ləğv etmək üçün istənilən bəhanədən istifadə etmək arzularını gerçəkləşdirmək istəyirdilər. Lakin onların bu məkrli planları baş tutmadı.
Nəticədə, 5 fraksiyanı təmsil edən 32 üzvdən ibarət AŞPA müşahidə missiyası 1 noyabr 2015-ci il parlament seçkilərini müşahidə etdi və qəbul etdiyi bəyanatla aşağıdakı qiymətləndirməni verdi:
“Seçkilər demokratik seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni təmin edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə keçirildi.
Seçki günü bütün ölkə üzrə sakit və dinc şəraitdə keçdi. Səsvermə prosesinin adekvat və beynəlxalq standartlara müvafiq olduğu müşahidə edildi.
Müşahidə missiyası bu seçki prosesinin dinc və sakit keçməsi ilə bağlı Azərbaycan xalqını təbrik edir.
Seçkilərə hazırlıq və səsvermə prosesləri peşəkar və texniki baxımdan yaxşı səviyyədə təşkil olunmuşdur.
Seçki günü Missiya Seçki Məcəlləsinin hər hansı mühüm yaxud sistemli pozulması hallarını qeydə almamışdır.
Missiya müşahidələrini ümumiləşdirərək bildirir ki, 1 noyabr parlament seçkilərində müəyyən çatışmazlıqların qeydə alınmasına baxmayaraq, seçici fəallığının mühüm dərəcədə artması, səsvermə və səslərin sayılması vaxtı şəffaflıq Azərbaycan Respublikasının azad, ədalətli və demokratik seçki istiqamətində atdığı növbəti addımların göstəricisidir və bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir”.
AŞPA-nın bu qiymətləndirməsi 1 noyabr seçkilərini boykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açdı və onların məkrli niyyətlərini ifşa etmiş oldu.
Qeyd etməliyəm ki, AŞPA Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə keçirilən 26 sentyabr 2016-cı il tarixli referenduma rəsmi müşahidə missiyası göndərən yeganə Avropa parlament qurumu oldu.
Referendumu müşahidə etmək məqsədilə AŞPA-nın rəsmi nümayəndə heyətinin göndərilməsi barədə qərar Sədarət Komitəsinin və Büronun sentyabrın əvvəlində keçirilən iclaslarında qəbul edilmişdi. AŞPA müşahidə missiyasının Monitorinq Komitəsinin həmməruzəçilərindən və 5 siyasi fraksiyanın hər birinin 1 üzvündən ibarət olmaqla təşkil edilməsi barədə razılıq əldə edilmişdi. AŞPA Bürosunun qərarı ilə nümayəndə heyətinin formalaşdırılması AŞPA Prezidenti Pedro Aqramunta həvalə olunmuşdu. O, siyasi fraksiyaların sədrləri ilə razılaşdırdıqdan sonra 15 sentyabrda rəsmi müşahidə missiyasını 7 nəfərdən ibarət tərkibdə formalaşdırmışdı.
AŞPA missiyası referendumun ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilməsi, qanuni və legitim olması qənaətinə gəlmişdi. AŞPA missiyasının bəyanatında vurğulanırdı ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsinə dair referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir, demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib.