3.7. ATƏT/DTHİB-nin Corc Sorosla şübhəli işbirliyi

ATƏT/DTİHB Seçki Müşahidə Missiyası (SMM) 2008-ci ildə Bakıda baş ofisdəki 12 beynəlxalq ekspertin daxil olduğu əsas komanda və komandalar şəklində regionlarda yerləşdirilmiş 28 uzunmüddətli müşahidəçidən ibarət olub. SMM müşahidəçilərinin əksəriyyəti ATƏT qərargahlarının yerləşdiyi “Vyananın Qərbi”ndən olmaqla, ATƏT-ə üzv 23 Dövlətdən göndərilmişdi. Cəmi iki ildən sonra – 2010-cu ildə ATƏT/DTİHB SMM-i 15 nəfərlik əsas komanda və 22 nəfərlik uzunmüddətli müşahidəçi qrupundan ibarət olub. 2013-cü il seçkilərində SMM 15 nəfərlik əsas komanda və 30 uzunmüddətli müşahidəçidən ibarət idi. ATƏT/DTİHB SMM 11 aprel 2018-ci il prezident seçkilərində isə 11 ekspertdən ibarət əsas komanda və ümumilikdə 28 uzunmüddətli müşahidəçi ilə təmsil olunmuşdu.

Digər nəzərə çarpan məqam isə odur ki, Azərbaycanda 9,5 milyon əhalinin olmasına baxmayaraq, buraya 325 milyondan artıq əhalisi olan ABŞ-la müqayisədə daha çox müşahidəçi göndərilmişdi. Məntiqi sual yaranır: Nə üçün ATƏT/DTİHB Azərbaycanda seçkini müşahidə etmək üçün 28 uzunmüddətli müşahidəçi, Azərbaycandan 35 dəfə artıq əhalisi olan ABŞ-a isə cəmi 26 ekspert göndərir? ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə yalnız 13 müşahidəçidən ibarət əsas komanda göndərildiyi halda, Azərbaycanda keçirilən ötən növbəti seçkilərə daha çox sayda müşahidəçi göndərməkdə məqsəd nədən ibarətdir?

ATƏT/DTİHB SMM-inin tərkibində İsveç, Norveç, Danimarka, ABŞ, Birləşmiş Krallıq, Almaniya və İsveçrə həmişə Azərbaycana seçki müşahidəçiləri göndərir və bu ölkələrin təmsilçiləri ATƏT və Avropa Şurası kimi təşkilatlarda Azərbaycana qarşı tez-tez tənqidi mövqe nümayiş etdirirlər. Bu səbəbdən ATƏT/DTİHB-nin metodologiyası ikili standartlar və o cümlədən “Vyananın Qərbi”ndən SMM-lərin bir mərkəzdə birləşdirilməsi ilə nəticələnir.

Bundan əlavə, metodun olmaması və seçkilərin müşahidəsi üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilərin sayının həddindən artıq çox olması ATƏT/DTİHB müşahidə missiyalarının arxasında hansı siyasi məqsədlərin dayandığını üzə çıxarır. ATƏT/DTİHB-nin Azərbaycana böyük nümayəndə heyəti göndərmək istəyi göstərir ki, vəziyyətin kənar vasitə ilə daxildən formalaşdırılması üçün açıq şəkildə siyasiləşdirilmiş yanaşma əvvəlcədən hazırlanır.

Bu isə bir daha müəyyən dairələrin təsiri altında olan ATƏT/DTİHB rəhbərliyinin seçkidən sonra Azərbaycana qarşı əsassız iddialar irəli sürmək üçün platforma hazırlamaq məqsədilə seçkilərin monitorinqini planlaşdırılmış şəkildə siyasiləşdirdiyini göstərir. Məlumdur ki, ATƏT/DTİHB-nin əsas rolu 1992-ci ildə qəbul edilmiş Helsinki Sənədi ilə müəyyən edilib və bu sənədə əsasən, ATƏT/DTİHB-nin əsas rolu insan hüquqları sahəsində öhdəlikləri icra etmələri üçün üzv dövlətlərə yardım etməkdən ibarət olmalıdır. Lakin bu qurum Azərbaycanda seçkiləri müşahidə etmək imkanlarından sui-istifadə edərək, öz mandatını aşıb və siyasi motivli qərarlar qəbul edib.

Məlumdur ki, ATƏT/DTİHB 1991-ci ildə təsis edilib. Hazırda burada 35 ölkədən 180-dən çox heyət üzvü işləyir. DTİHB-nin fəaliyyətləri hər il üzv dövlətlər tərəfindən qəbul edilən əsas büdcədən, eləcə də könüllü töhfələrdən maliyyələşir.

Təhlillər göstərir ki, 2008-ci ildən bəri DTİHB-nin bütün direktorları Amerikanın birinciliyini bütün dünyaya yaymaq məqsədilə digər ölkələrdə sabitliyin pozulması və qloballaşdırıcı məqsədlərə xidmət edən Soros şəbəkəsi ilə əlaqədə olmuş və ya bu şəbəkə ilə gizli sövdələşməyə girmək üçün ən azından ciddi səylər göstərmişlər.

ATƏT/DTİHB-nin 2008-2014-cü illərdə direktoru Yanez Lenarçiç (Sloveniya) olub. Bu vəzifədə onu 2014-2017-ci illərdə Maykl Georq Link (Almaniya) əvəz edib. İngibyörq Solrun Gisladöttir (İslandiya) 2017-ci ilin iyulundan indiyədək DTİHB-nin direktorudur.

DTİHB rəhbərliyi və Corc Soros QHT-lər ilə əlaqəsi olan fərdlər arasında hər hansı bağın olmasını və onların hər ikisi arasında hər hansı koordinasiyanın olub-olmamasını araşdırarkən məlum olur ki, 2008-2014-cü illərdə director vəzifəsini daşımış Səfir Janez Lenarçikin Corc Sorosla və onun Avropada ən etibarlı əməkdaşı, Avropa Sabitlik Təşəbbüsünün (ESİ) direktoru Gerald Knausla şəxsi münasibətləri var. ESİ təşkilatı Soros tərəfindən maliyyələşdirilir, “Açıq Cəmiyyət İnstitutu”na məxsusdur və öz fəaliyyətini Azərbaycandakı sabitliyi pozmaq üçün ölkə hökumətini tənqid etməyə həsr edib.

Məlumdur ki, “Açıq Cəmiyyət İnstitutu”nun keçmiş Sovet İttifaqı ölkələrində seçki prosesinə qarışması bir sıra ictimai hərəkatlara təkan verib və bu, “rəngli inqilablar” vasitəsilə Sorosla dost olmayan hökumətlərin devrilməsi ilə kuliminasiya nöqtəsinə çatıb. Həmin dəstək bir neçə formada olub:

  • • Vətəndaş cəmiyyəti təşkilatlarını uzun müddət dəstəkləməklə fəallardan ibarət kadrların formalaşdırılması;
  • • Baş qaldıran siyasi hərəkatların pul və təcrübə ilə təmin olunması;
  • • Fəalların adından Qərb hökumətləri ilə danışıqlar aparılması;
  • • Seçkilərdən sonra hakimiyyətə gələn reformistlərə dəstəyin təmin olunması.

Sorosun “Açıq Cəmiyyət” İnstitutu regionda əsaslı dəyişikliklərin çoxunda iştirak edib. Bu sıradan Slovakiya (1998-1999), Xorvatiya (1999-2000), Serbiya (2000), Gürcüstan (2003-2004), Ukrayna (2004, 2014) və Qırğızıstan (2005) kimi ölkələri misal gətirmək kifayətdir. “Açıq Cəmiyyət” eyni zamanda regionda seçkilər ərəfəsində yerli aktorlar kimi fəaliyyət göstərən bir sıra QHT-lərə maliyyə yardımı göstərib və bu təşkilatlar Sorosun maraqlarını reallaşdırmaq üçün fəaliyyət göstərib.

Qeyd etdiyim kimi, Səfir Lenarçiçdən sonra 2014-2017-ci illərdə DTİHB-nin Direktoru vəzifəsini almaniyalı Maykl Georq Link tutub. Link 2005-ci ildə Azad Demokrat Partiyasının (FDP) üzvü kimi Heilbronn /Baden-Württemberg-dən Almaniya Parlamentinə üzv seçilib və 2013-cü ilə kimi işləyib. Həmin dövr ərzində (2006-2013) Link ATƏT Parlament Assambleyasının üzvü kimi güclü ATƏT əlaqələri qurub. 0,2012-ci ilin yanvarından 2013-cü ilin dekabrına kimi Almaniya Hökumətində Avropa üzrə Dövlət Naziri vəzifəsində işləyib və burada ATƏT, Aİ, Avropa Şurası və NATO məsələlərinə görə məsul şəxs olub.

Maykl Georq Link Beynəlxalq Sülh Əməliyyatları Mərkəzinin (ZİF) Nəzarət Şurasının keçmiş sədridir. Beynəlxalq Sülh Əməliyyatları Mərkəzi (ZİF) Almaniyada, digər məsələlərlə yanaşı, seçki müşahidəsinə həsr olunan çox mühüm təşkilatdır. Maykl Georq və Gerald Knaus orada dəfələrlə görüşüblər və birlikdə ATƏT və Avropa Şurası kimi institutlarda Azərbaycan hökumətinə qarşı ən kəskin tənqidi fikirdə olan nümayəndələrlə bir sıra görüşlər keçirilib.

ZİF ATƏT/DTİHB-də böyük təsir dairəsinə malik bir təşkilatdır. Misal üçün, ZİF 2014-cü ildə seçki müşahidə missiyalarının işini müzakirə etmək üçün tədbir təşkil etmişdi. Paneldə Sorosun Azərbaycana qarşı işçisi Gerald Knaus, Almaniya Xarici Əlaqələr İdarəsində Strategiyanın Planlaşdırılması Heyətinin rəhbəri Tomas Bagger, ATƏT/DTİHB-nin Seçki Departamentinin rəhbər müavini Nikola Şmidt, Almaniya Hökumətində İnsan Hüquqları Siyasəti və Humanitar Yardım üzrə Komissar və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı olduqca tənqidi fikirdə olan Sosialist deputat Kristof Ştrasser yer almışdı. Tədbirin moderatoru ZİF-in Direktoru və Baş Analitiki Vibke Hansen idi. Tədbirdə Gerald Knaus açıq şəkildə ATƏT/DTİHB-nin işinə dair təkliflər irəli sürmüşdü və təşkilatın gücləndirilməsinin vacibliyini vurğulamışdı və uzunmüddətli peşəkar missiyalar ilə rəyə əsaslanan qısamüddətli (siyasi) missiyalar arasındakı fərqi daha qətiyyətlə izah etmişdir. Debat zamanı Kristof Ştrasser parlament müşahidə missiyalarının azaldılmasının və onun əvəzinə uzunmüddətli peşəkar missiyaların gücləndirilməsinin daha yaxşı ideya olması ilə razılaşıb. Knaus əlavə edib ki, parlamentarilər monitorinq aparmağa davam etməlidir, lakin qısamüddətli səfərlər əsasında “nümayəndə heyəti” adından qiymətləndirmə verilməməlidir. Bundan



əlavə, o tövsiyə edib ki, DTİHB yerli monitorinq təşkilatlarını siyasi partiyalar və hakimiyyətin idarə etdiyi təşkilatlan fərqləndirmək üçün onları (onların müstəqilliyi saxlanılacaq) sertifikatlaşdırmalıdır.

Tomas Bagger izah edib ki, Almaniya DTİHB-ni ciddi şəkildə nəzərə alır və ümid edir ki, onun direktorluğa namizədi üstünlük təşkil edəcək. Gerald bununla razılaşıb, lakin eyni zamanda ümid edir ki, təşkilat batmazdan əvvəl Avropa Şurasının növbəti baş katib seçkilərində alman namizəd qalib gələcək. Avropanın həm güclü və müstəqil DTİHB-yə, həm də etibarlı Avropa Şurasına ehtiyacı var. Almaniya gərək Avropa Şurası böhranını ciddi qəbul etsin və müttəfiqlərlə birlikdə ciddi islahatlar üçün aidiyyəti demokratlar klubunu sıxışdırsın.

Avrasiyada demokratiyalar və diktatorluqlar arasında debat üçün ehtiyac duyulan platformaya çevrilən ATƏT ilə gah demokratiyalar klubu olan, gah da bütün legitimliyini itirən Avropa Şurasını fərqləndirmək lazımdır. Seçki monitorinqinin vacibliyi və legitimliyini daha geniş ictimaiyyətə izah etmək lazımdır. Standartın qəbul edilməsinə ehtiyac var, belə ki, Avropa Şurasına üzv dövlətdə heç bir seçki bu standartdan aşağı səviyyəyə düşməməlidir. Məsələn, sistemli şəkildə seçki qutularının doldurulması halının aşkarlanması belə standartdan çox aşağıda dayanır.

Sorosun “Açıq Cəmiyyət”inin hakimiyyətə öz lobbiçiliyi barədə müvafiq qaydada hesabat vermədən illərlə DTİHB-nin fəaliyyətinə təsir göstərməsi barədə kifayət qədər dəlillər var. Bir-biri ilə çoxsaylı əlaqələri olan, digərinin nə etməsi barədə çox məlumatı olan və eyni məqsəd uğrunda əzmlə çalışan bu iki təsisatın əməkdaşlıq etmək üçün yol tapa bilməməsi bu məqamda həqiqətən də nəzərəçarpan bir təsadüf olardı.

Maykl Georq Link Azərbaycan hökumətini legitimsizləşdirmək məqsədilə 2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edəcək missiyanı ləğv edən ATƏT/DTİHB-nin direktoru olub. O demişdi: “Azərbaycan hakimiyyətinin məhdud sayda müşahidəçilərin gətirilməsində təkid etməsi birbaşa ölkənin ATƏT qarşısındakı öhdəlikləri və DTİHB-nin seçki müşahidə mandatı ilə ziddiyyət təşkil edir”.

Eyni zamanda qeyd edilməlidir ki, Maykl Georq Link ATƏT/DTİHB direktoru vəzifəsində olduğu müddətdə Avropa Şurasının seçki müşahidələrinə təsir göstərmək və qısamüddətli müşahidə missiyalarının vacibliyinin azaldılması məqsədinə nail olmaq üçün AŞPA ilə münasibətlərdə fəal rol oynayıb.

İslandiyalı İngibyörq Solrun Gisladöttir 2017-ci ilin iyulunda ATƏT/DTİHB-nin direktoru mandatını qəbul etdi. Gisladöttir almaniyalı Maykl Georq Linkdən sonra bu vəzifəyə gəlib. DTİHB-nin direktoru olmamışdan əvvəl o, 2014-cü ildən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru və Komitənin Türkiyədə Ölkə Təmsilçisi olub. 2011-2014-cü illərdə bu Komitənin Əfqanıstanda Ölkə Təmsilçisi kimi işləyib. ATƏT/DTİHB-nin Azərbaycanda 11 aprel 2018-ci il prezident seçkiləri ilə bağlı mövqeyi göstərdi ki, bu qurum İngibyörq Solrun Gisladöttirin direktorluğu müddətində də DTİHB-nin etibarlılığının artırılması və Azərbaycan kimi ölkələrə ikili standartların tətbiq edilməsinin qarşısının alınması istiqamətində heç bir addım atmayacaq.