3.8. Avropanın parlament qurumları ATƏT/DTİHB-nin diqtəsinə tabe edilir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə müşahidə missiyası 11 apreldə Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ilkin hesabatda açıq-aşkar qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirdi və Azərbaycan xalqının azad və müstəqil şəkildə ifadə edilmiş iradəsinə qarşı çıxdı.

Təqdim edilən hesabatın dəsti-xətti və onun məzmununun təhlili göstərir ki, bu sənəd ATƏT/DTİHB tərəfindən təqdim edilib, birgə müşahidə missiyasının digər üzvləri olan ATƏT PA və AŞPA missiyaları isə onu dəstəkləyiblər.

Doğrudan da, ATƏT/DTİHB-nin 9 oktyabr 2013-cü il pre­zident seçkiləri ilə bağlı ilkin hesabatı ilə birgə missiyanın 11 aprel 2018-ci il hesabatını müqayisə etdikdə görmək olar ki, bu sənədlər mahiyyətcə eynidir və ATƏT/DTİHB-nin Azərbaycanla bağlı qərəzli mövqeyi 2013-cü ildən 2018-ci ilədək “inkişaf” edərək daha da sərtləşib. Bu kontekstdə bəzi müqayisələr aparmaq istərdim.

ATƏT/DTİHB-nin 2013-cü ildə ilkin hesabatında “9 oktyabr Prezident seçkiləri ifadə, toplaşma və təşkilatlanma azadlıqlarına tətbiq edilən məhdudiyyətlərin təsiri altında keçiril­miş və namizədlərə bərabər şərait təmin edə bilməmişdir” yazılırdısa, 2018-ci il hesabatının müvafiq bölməsində vurğulanır ki, “11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilərin keçirilməsi üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə baş vermişdir”.

2013-cü ilin ilkin hesabatında olan “namizədlərin və seçicilərin hədələnməsi və məhdudlaşdırıcı mətbuat mühiti təşviqat kampaniyasına ləkə salmışdır” ifadəsi 2018-ci ildə daha da sərtləşdirilərək “plüralizmin, o cümlədən mediada olmadığı şəraitdə, bu seçkilərdə həqiqi rəqabət olmamışdır, digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər” ifadəsi ilə əvəzlənmişdir.

ATƏT/DTİHB 2013-cü il prezident seçkiləri ilə əlaqədar “ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə əlaqədar Azərbaycanın götürdüyü öhdəlikləri bütövlüklə yerinə yetirməkdə üzləşdiyi çatışmazlıqların ciddi mahiyyətini” vurğulayırdısa, 2018-ci ildə artıq prezident seçkilərində “icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmaması, şəffaflığın olmaması və seçki qutularına topa halda bülletenlərin atılması kimi çox sayda ciddi pozuntu faktları” olmasını israrla bəyan edir.

Ümumiyyətlə, qeyd edilən hər iki sənədin müqayisəsi göstərir ki, bu sənədlərin hazırlanması arasında 5 il müddət fərqi olsa da, onların müəllifləri və ideya mənbəyi dəyişməyib. Bu isə hesabatın əvvəlcədən hazırlanmasından xəbər verir. Bu, o deməkdir ki, ATƏT/DTİHB missiyası Azərbaycana seçkiləri müşahidə etmək adı altında gəlsə də, onun məqsədi tam fərqli olub – Azərbaycanı istənilən halda tənqid etmək və bununla da ölkəmizə qarşı qərəzli kampaniyaların yeni dalğasına start vermək.

Bu fikirlərin doğru olduğuna əmin olmaq üçün ATƏT/DTİHB-nin müşahidə missiyasının Azərbaycanda 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərinə dair hesabatlarının mətninə diqqət yetirmək kifayətdir. Görünən odur ki, müxtəlif seçki illərində hazırlanmış hesabatlarda cümlələr, ifadələr və ya sözlər davamlı olaraq təkrarlanır, bu hesabatlarda əsasən dəyişən yalnız rəqəmlərdir. Aydındır ki, qeyd edilən seçkilərdə müşahidə missiyalarının rəhbərləri və üzvləri müxtəlif adamlar olub. Belə olan halda, 2008, 2013 və 2018-ci illərdə hazırlanmış hesabatlarda eyni cümlələri, eyni fikirləri olduğu kimi təkrarlamaq necə mümkündür və buna görə kim məsuliyyət daşıyır? ATƏT/DTİHB-in müxtəlif seçkilərlə bağlı belə təkrarlamalar və Azərbaycanla bağlı davamlı olaraq qərəzli və qeyri-obyektiv mövqe sərgiləməyi dəyişməz saxlamaq, dünyada geosiyasi vəziyyətin ağır olduğu bir şəraitdə siyasi sabitliyin pozulmasına yönəlmiş fikirlər irəli sürmək bu qurumun bitərəf seçki müşahidəçisi kimi etibarlılığını şübhə altına alır.

AŞPA missiyası Avropa Parlamenti və ATƏT PA missiyaları ilə birlikdə 2013-cü il prezident seçkilərində ATƏT/DTİHB-nin mövqeyi ilə razılaşmadılar və ayrılıqda bəyanatla çıxış etdilər. ATƏT/DTİHB təkləndi. Sual doğur: bəs AŞPA müşahidə missiyası nə üçün bu dəfə ATƏT/DTİHB-ni dəstəklədi? Zənnimcə, burada bir neçə amil qeyd edilməlidir.

Birincisi, AŞPA missiyası üzvlərinin və missiya rəhbərinin mövqe nümayiş etdirmək və öz iradəsindən çıxış etmək qabiliyyəti. AŞPA missiyasının rəhbəri və üzvləri 2013-cü ildə iradə nümayiş etdirərək fərqli qiymətləndirmə ortaya qoydular.

İkincisi, 2013-cü ildə baş verənlərdən məyus olmuş Azərbaycanın qatı düşməni olan AŞPA Baş katibi Voytsix Savitski dərhal ATƏT PA, AP, NATO PA, ATƏT/DTİHB rəhbərləri ilə gələcək seçki missiyalarının formalaşması barədə danışıqlara başladı. Savitski keçən beş il ərzində bu danışıqları davam etdirmək üçün qeyd edilən təşkilatların rəhbərləri ilə bir neçə görüş keçirib. Danışıqlarda bu qurumların gələcəkdə müşahidə missiyalarının ATƏT/DTİHB-nin rəhbərliyi altında aparılması barədə müəyyən razılıq əldə edilib. Bu məsələdə AP öz müstəqilliyini qorumağa qərar verib. ATƏT/DTİHB-nin rəhbərliyi altında birgə missiyaların formalaşdırılması barədə müəyyən razılıq əldə edilsə də, indiyədək məsələ ilə bağlı hər hansı sənəd qəbul edilməyib.

Bununla belə, AŞPA müşahidə missiyası formalaşdırılarkən və missiya rəhbəri təyin edilərkən, Savitski xüsusi aktivlik göstərirdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikasında 11 aprel 2018-ci ildə prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Avropa qurumlarında fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr üçün gözlənilməz oldu. Bu, daim anti-Azərbaycan mövqedən çıxış edən, fəaliyyətinin vacib hissəsini Azərbaycana qarşı qərəzli təzyiqlərin təşkil edilməsinə həsr edən AŞPA-nın Baş katibi “əvəzedilməz” Voytsix Savitskinin hərəkətlərində özünü biruzə verdi.

Baş katib Voytsix Savitski AŞPA-nın Büro üzvlərinə məktub göndərərək, Assambleyanın bu seçkilərin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT PA ilə əməkdaşlıq şəraitində müşahidə edilməsini təklif etdiyini bildirdi. Savitskinin məktubuna əsasən, Assambleya Prezidenti “bu müstəvidə təklif etdi ki, Büronun ad-hok komitəsi yaradılsın və seçkiqabağı missiya təyin edilsin”.

İlk baxışda fövqəladə heç nə baş verməyib. AŞPA Baş katibi Assambleya Prezidentinin mövqeyini Büro üzvlərinə çatdırıb. Bu ilk baxışda belədir, amma mahiyyət etibarı ilə demokratiyadan çox uzaq olan hadisələrin baş verməsindən xəbər verir. Belə ki, məktubda Assambleya Prezidenti adından Büro üzvlərinin hansı qərarı qəbul etməli olduğu göstərilir: “Büronun ad-hok komitəsi yaradılsın və seçkiqabağı missiya təyin edilsin”. Sanki Büro üzvlərinə əmr edilir və onlara bildirilir ki, məhz göstərilən qərarı qəbul etməlidirlər.

Məsələ burasındadır ki, Assambleya Prezidenti AŞPA üzvlərinə göstəriş verə bilməz, onun belə bir səlahiyyəti yoxdur. O, eyni zamanda hansı qərarın qəbul edilməli, hansının isə qəbul edilməməli olduğunu bildirə bilməz. Odur ki, sual edilir: Nə vaxtdan bəri Assambleya Prezidenti Büro üzvlərinə göstəriş verir? Nə üçün Assambleya Prezidenti öz təkliflərini Büro üzvlərinə – Komitə və siyasi qrupların rəhbərlərinə özü müraciət edərək çatdırmır?

Savitskinin məktubunda təəccüb doğuran müddəalardan biri də Büronun qəbul edəcəyi qərarla bağlıdır. Büro üzvlərinə birbaşa göstəriş verilir: “Qərar verilsin ki, ATƏT/DTİHB hər hansı səbəbə görə missiya göndərə bilmirsə, Assambleyanın müşahidə missiyası ləğv olunacaq.” Məlumdur ki, AŞPA və ATƏT/DTİHB tamamilə fərqli təşkilatların təsisatlarıdır. AŞPA üzvləri parlamentarilərdir, seçicilər tərəfindən mandat alıblar. ATƏT/DTİHB əməkdaşları isə təyin edilirlər və məmurdurlar, seçicilər qarşısında öhdəlikləri yoxdur, onlar öz himayədarlarının göstərişlərinə uyğun olaraq qərarlar qəbul edirlər. Buna baxmayaraq, Savitskinin məktubunda AŞPA missiyasının taleyi ATƏT/DTİHB-nin qəbul edəcəyi qərardan asılı vəziyyətə salınır.

Beləliklə, aydın olur ki, AŞPA-nın Baş katibi Voytsix Savitski Assambleya Prezidenti adından Büro üzvlərinə göstəriş verir, onlara hansı qərar qəbul etməli olduqlarını bildirir. Belə çıxır ki, AŞPA-da seçki missiyasının təşkil edilməsi ilə bağlı bütün məsələləri Baş katib həll edir: O, Baş katib kimi Assambleya Prezidenti, Büro, Komitələrin sədrləri və siyasi qrupların rəhbərləri əvəzinə qərar qəbul edir. Belə çıxır ki, AŞPA-da istənilən məsələni Baş katib Savitski həll edir, yəni qurumda “AŞPA bərabərdir Savitski” status-kvo vəziyyəti hökm sürür.

Maraqlıdır ki, Assambleya parlament təsisatıdır, burada qərarlar parlamentarilərdən ibarət olan Plenar sessiyada, Büroda, Komitələrdə, siyasi qruplarda qəbul edilir. Baş katib və onun aparatı isə texniki-təşkilati qurumdur, bu qurum parlamentarilərin fəaliyyətinə müdaxilə edə bilməz. Lakin praktikada əksini görürük – bütün məsələlər Savitski tərəfindən həll edilir. Bu sovet dövründə zavodlarda fəaliyyət göstərən sex rəislərini xatırladır – istənilən məsələ ilə bağlı ona müraciət edilməli idi. Sual edilir: Demokratiya və insan hüquqları məbədi sayılan AŞPA-da bütün məsələləri icraçı məmur olan Baş katib həll edirsə, onda Büro, Komitələr, siyasi fraksiyalar nəyə lazımdır?

AŞPA-nın seçki müşahidə missiyasının formalaşdırılması kontekstində qeyd etmək istərdim ki, məhz Savitskinin “yorulmaz” fəaliyyəti və xüsusi canfəşanlığı nəticəsində AŞPA-da ənənəvi anti-Azərbaycan “cəbhədə” olan deputatlar seçki müşahidə missiyasında yer aldılar. Həmçinin Savitskinin destruktiv anti-Azərbaycan fəaliyyəti nəticəsində AŞPA Bürosunun iclaslarında missiya rəhbərinin təyin edilməsi ətrafında gərgin müzakirələr getmişdi.

AŞPA-nın Sədarət Komitəsinin yanvar iclasında missiyaya rəhbərliyin Vahid Avropa Solçuları siyasi qrupuna həvalə edilməsi barədə razılıq əldə edilmişdi, bu siyasi qrupun sədri, Azərbaycana qarşı qərəzli mövqedə olan Tini Koks isə müşahidə missiyasına rəhbərliyi öz üzərinə götürmüşdü. Lakin Tini Koks sonradan bu təyinatdan imtina etmişdi. AŞPA-nın Baş Katibi Voytsix Savitski bu istefanı gizli saxlayaraq, AŞPA Prezidenti Mişel Nikoletti ilə Sosialistlər Qrupunun üzvü xanım Marianne Mikonu (Estoniya) müşahidə missiyasına rəhbər təyin etmək qərarına gəlmişdilər.

Əlbəttə, AŞPA Prezidenti ilə Baş katibin bu sövdələşməsi qeyri-qanuni idi. Belə ki, belə bir qərarın verilməsi Büronun səlahiyyətlərinə aiddir. Digər tərəfdən, 14 aprel 2018-ci il tarixində Monteneqroda keçiriləcək seçkilərə müşahidə missiyasının rəhbərliyi artıq Sosialistlər Qrupuna həvalə edilmişdi. Azərbaycanda müşahidə missiyasına rəhbərliyin də Sosialistlər Qrupuna həvalə edilməsi siyasi qruplar arasındakı balansı pozmuş olurdu və AŞPA-da ən böyük siyasi qrup olan EPP-ni bu proseslərdən kənarda saxlayırdı.

Odur ki, EPP-nın sədri Sezar Florin Preda rəhbəri olduğu siyasi qrupun mənafeyini qorumaq məqsədilə həm Prezident Nikoletti, həm də Baş katib Savitski ilə telefonla danışmışdı. Cənab Preda onların bu qərarının özbaşına və qeyri-qanuni olduğunu bildirmişdi və missiya rəhbərinin Büro iclasında təyin edilməli olduğunu vurğulamışdı. Preda Sədarət Komitəsinin və Büronun mart iclaslarında missiya rəhbəri postuna EPP üzvünün təyin edilməsinə nail olmuşdu. Belə bir cəsarətli və obyektiv addım atdığına görə Sezar Florin Preda 2018-ci ilin aprel-may aylarında AŞPA-da ciddi təzyiqlərə məruz qaldı və sanksiyalarla üzləşdi.

Görünən odur ki, Savitski AŞPA missiyasının üzvlərini və rəhbərini ciddi təlimatlandıraraq, istənilən halda ATƏT/DTİHB-nin təqdim edəcəyi nəticələri dəstəkləmək barədə onlara göstəriş vermişdi. O, əks halda, onların problemlərlə üzləşəcəklərini bildirmişdi. Görünür, AŞPA missiyasının rəhbəri və üzvləri Savitskinin təhdidləri qarşısında zəiflik göstərmişdi və onlar müstəqil mövqe nümayiş etdirmək hüququnu qurban vermişdilər.

Qeyd edilməlidir ki, ATƏT/DTİHB-nin müşahidəçiləri bu qurumun müraciəti əsasında əsasən üzv ölkələrin ezam etdiyi asanlıqla təsirlərə məruz qala biləcək kiçik ranqlı məmurlardan təşkil edilir. Bu məmurlar digər məmurlar tərəfindən təyinat alıblar, onlar heç bir seçici auditoriyasına malik deyillər. Lakin AŞPA ən nüfuzlu ixtisaslaşdırılmış Avropa təşkilatının parlament qurumudur. Bu qurumun üzvlərinin hər biri böyük seçici auditoriyasına malikdir, onlara təmsil etdikləri ölkələrin parlamentlərindən mandat verilib.

Beləliklə, paradoksal vəziyyət yaranıb: Avropa ölkələrinin böyük seçici auditoriyasını təmsil edən parlamentarilərdən ibarət AŞPA missiyası müxtəlif məmurların təyin etdikləri kiçik ranqlı məmurlardan ibarət missiyanın rəhbərliyi altında fəaliyyət göstərir. Bu paradoksal vəziyyət anti-Azərbaycan mərkəzlərin səyləri nəticəsində reallaşdı və Avropa Şurasının parlament təsisatı olan AŞPA təşkilatın nizamnaməsində göstərilmiş səlahiyyətlərini Savitski və onun kimilərin istəklərinə uyğun olaraq məhdudlaşdırdı.

Beləliklə, 11 aprel 2018-ci il prezident seçkilərindən sonra ATƏT/DTİHB-nin faktiki rəhbərliyi ilə fəaliyyət göstərmiş birgə müşahidə missiyasının təqdim etdiyi ilkin hesabat anti-Azərbaycan mərkəzlər tərəfindən əvvəlcədən hazırlanmış bir layihə olub.

Bununla ATƏT/DTİHB-nin 11 aprel 2018-ci il prezident seçkilərinin nəticələrinə dair mövqeyi ilə bağlı mülahizələrə son qoymaq olardı. Lakin ATƏT/DTİHB-nin seçkiləri müşahidə missiyasının rəhbərinin siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədovun seçkilərdən 2 gün sonra – 13 apreldə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər göstərdi ki, bu qurumun illər ərzində hazırladığı hesabatların hazırlanma mexanizmlərinin dərindən təhlil edilməsinə ciddi ehtiyac var.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi çıxış etdi və Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT/DTİHB seçkiləri müşahidə missiyasının bütün görüşlərində olduğunu qeyd etdi. O, bildirdi ki, ATƏT/DTİHB seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı. Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi.

Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəlibmiş və yaxud da mərkəz özü missiyaya əvvəlcədən hazırlanmış hesabat göndəribmiş. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi.

Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabata jurnalistlər etiraz etməkdə tam haqlı idilər.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi hesabatın hazırlanmasında missiya rəhbərinin müavini Stefan Krausun fəal iştirak etdiyini və onun Azərbaycana mənfi münasibət bəslədiyini bildirdi. O, tam əminliklə təqdim edilən hesabatın seçkilərdən əvvəl hazırlandığını, sadəcə, seçkilərdən sonra elan edildiyini vurğuladı və buna etiraz əlaməti olaraq istefa verdiyini diqqətə çatdırdı.

Necə deyərlər, hər şey aydındır və şərhə ehtiyac yoxdur!