Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may 2014-cü il tarixi ərəfəsində bir sıra ənənəvi anti-Azərbaycan təşkilatların ölkəmizə qarşı kampaniyalarının yeni dalğası geniş vüsət aldı. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch, Freedom Files və digərləri xüsusi canfəşanlıqları ilə seçilirdilər.
Əslində bu təşkilatlar Azərbaycana qarşı apardıqları qərəzli kampaniyalarını dayandırmamışdılar. Onların bu kampaniyaları son bir neçə ay ərzində dinamik olaraq şiddətlənmişdi, 8 mayda Avropa Şurasının Baş Katibi Torbyöm Yaqlandın, 11 mayda Fransa Prezidenti Fransua Ollandın ölkəmizə səfəri və 14 mayda Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması ərəfəsində özünün pik həddinə çatmışdı.
Diqqət çəkən məqam ondan ibarət idi ki, yuxarıda adı çəkilən təşkilatlar Azərbaycana qarşı kampaniyalarını bu dəfə xüsusi dəqiqliklə sinxronlaşdırılmış şəkildə aparmağa çalışırlar. Digər maraqlı məqamı da qeyd edirəm. Həmin təşkilatlar Azərbaycana qarşı kampaniyalarında həmişə olduğu kimi bu dəfə də eyni üsullardan və öz “sevimli” mövzularından – “siyasi məhbus” mövzusundan istifadə edirdilər.
Belə ki, Human Rights Watch təşkilatı 22 aprel 2014-cü ildə Fransa Prezidenti Fransua Ollanda, Avropa Sabitlik Təşəbbüsü təşkilatı 23 apreldə bir sıra Avropa ölkələrinin ictimai-siyasi xadimlərinə və AŞPA-nm 114 üzvünə məktub ünvanlamış, Freedom House isə 6 may tarixində bəyanatla çıxış etmişdi. Maraqlıdır ki, bu müraciətlərin leytmotivi tam eynidir, sanki onlar eyni mərkəz tərəfindən hazırlanıb.
Human Rights Watch təşkilatının məktubunda Azərbaycanda “hakimiyyət orqanlarının onlarla siyasi fəalı və hakimiyyəti tənqid edən şəxsləri həbs etməsi, dinc ictimai nümayişləri dağıtması və əsas azadlıqlara qadağa qoyan qanun qəbul etməsi” iddia edilirdi. Məktubda Fransa Prezidentinin 11-12 may 2014-cü ildə Bakıya səfəri zamanı Azərbaycanı “Avropa Şurası standartlarına uyğun davranmağa” çağıracağına ümidvarlıq ifadə olunmuşdu.
Freedom House öz bəyanatında demokratik dövlətlərin “Azərbaycanı onun Avropa Şurasında sədrliyə hazırlaşdığı bir dövrdə ölkədə daha vacib məsələ olan insan hüquqları göstəricilərinin aşağı olması üçün məsuliyyətə çağırmalı” olduğunu bildirir.
Avropa Sabitlik Təşəbbüsü təşkilatı daha irəli gedərək, AŞPA üzvlərini 2013-cü ilin yanvar ayında Azərbaycanda siyasi məhbuslara dair məruzəçinin hazırladığı qətnamə layihəsinin əleyhinə səs verməkdə ittiham etmişdi. Təşkilat AŞPA üzvləri tərəfindən “qətnamə rədd edildiyinə və yeni məruzəçinin təyin edilmədiyinə görə” Azərbaycanda “yeni həbslər dalğasının başladığını iddia etmiş və bildirmişdi ki, ölkədə insan hüquqları sahəsində vəziyyət kəskin şəkildə pisləşir və siyasi motivlərlə həbslər aparılır.
Məktubda Azərbaycan Prezidentinə çağırışlar vardı. Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamazdan əvvəl bir sıra fəalı əfv etməsi üçün müraciət etmək; Avropa Şurasının Baş Katibinin Azərbaycana təcili səfər etməsi, siyasi məhbuslarla bağlı güclü və inandırıcı danışması üçün müraciət etmək; və, nəhayət, siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin edilməsi təşəbbüsünü dəstəkləmək barədə çağırış etmək Avropa Sabitlik Təşəbbüsü bu məktubla sakitləşmədi. O, Avropa Şurasının Baş Katibi Torbyöm Yaqlandın 8 may 2014-cü il tarixində Bakıya səfər edəcəyi barədə qərar açıqlandıqdan sonra 5 mayda yeni bir materialla çıxış etdi. Həmin materialda bu təşkilat bütün etik normalardan kənara çıxaraq, Azərbaycan-Avropa Şurası münasibətlərini siçan-pişik oyununa bənzətmiş, Baş Katib cənab Yaqlanda təsir etməkdən belə çəkinməyərək, onun eyni zamanda Nobel Sülh Mükafatı Komitəsinin sədri olduğunu xatırlatmış və onu səfər zamanı “may ayında Azərbaycanın Nazirlər Komitəsində sədrliyinin başlaması ilə əlaqədar siyasi məhbus problemi ilə ciddi məşğul olmağa” çağırmışdı.
Sırf anti-Azərbaycan ritorikası ilə tanınan Avropa Sabitlik Təşəbbüsü təşkilatı 14 noyabr 2014-cü ildə yeni materialla çıxış etdi. Bu dəfə Avropa Sabitlik Təşəbbüsü təşkilatının qəzəbinə tək Azərbaycan hakimiyyəti deyil, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə heç bir mövqe bildirməyən və ya tarazlaşdırılmış mövqe nümayiş etdirən təşkilatlar və Avropa təşkilatlarının rəsmi nümayəndələri tuş gəlmişdilər.
Avropa Sabitlik Təşəbbüsü materialda 2014-cü ilin may-noyabr ayları ərzində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrü xarakterizə edərək yazırdı ki, “ümumiyyətlə, son hadisələr Strasburqda Avropa Şurasını cəfəngiyatın siyasi tamaşası üçün səhnəyə çevirib”. Materialı imzalamış olan Avropa Sabitlik Təşəbbüsünün rəhbəri Gerald Knaus öz iddialarını sübuta yetirmək üçün Anar Məmmədlinin may aymda 5 il müddətinə mühakimə edilməsini misal göstərir və qəzəblə vurğulayırdı ki, “bu günə qədər nə AŞ Nazirlər Komitəsi, nə də AŞ Baş Katibi və həmçinin Norveçin keçmiş baş naziri Torbyöm Yaqland onu qeyd-şərtsiz azad etməyə çağırmayıb”.
Material müəllifləri öz qəzəblərini cilovlaya bilməmişdilər. Azərbaycan hakimiyyətinin onların əsassız və qərəzli iddialarına məhəl qoymadığını anlayaraq ürəklərini soyutmaq məqsədilə bu dəfə AŞ Baş Katibi cənab Yaqlandı əsas hədəf kimi seçmişdilər. Onlar “Guardian” qəzetində çap olunmuş məqalədə cənab Yaqlandın Azərbaycanı “köməyə ehtiyacı olan gənc demokratiya” kimi təsvir etməsinə görə daha da hiddətlənmişdilər. Bu, azmış kimi, Avropa Sabitlik Təşəbbüsü təşkilatının rəhbəri Gerald Knaus cənab Yaqlandın “biz Azərbaycanda insan hüquqları müdafiəçilərinə qarşı bir neçə məhkəmə işini yaxından izləyirik” ifadəsinə irad tutub, bunun əksinə olaraq, “bu məhkəmələri və ədalətin bu kimi təhrifi hallarinı dayandırmağa” çağırmalı olduğunu vurğulamışdı.
Göründüyü kimi, Avropa Sabitlik Təşəbbüsü təşkilaü açıq-aşkar Azərbaycanla bağlı hər hansı pozitiv deyil, neytral xarakterli fikrin belə ifadə edilməsini qəbul etmir. Qeyd edilməlidir ki, qaldırılan məsələlər (süni şəkildə şişirdilməsindən və ya real olaraq mövcudluğundan asılı olmayaraq) birmənalı şəkildə hüquqi müstəvidə həll olunmalıdır. Lakin Avropa Sabitlik Təşəbbüsü bu məsələləri Azərbaycan hakimiyyətinə təzyiq formasında həll etməyə çağırırdı.
Avropa Sabitlik Təşəbbüsü təşkilatının fikrincə, hazırlanmış materialda əks etdirilmiş hər bir iddia mütləq xarakter daşıyır. Bu təşkilat hesab edirdi ki, hüquqa zidd əməllərinə görə mühakimə edilmiş QHT fəalları heç bir məhkəmə qərarına məhəl qoyulmadan azad edilməlidir, bunun üçün hər hansı hüquqi prosedurlara əməl etməyə ehtiyac yoxdur. Bir sözlə, Avropa Sabitlik Təşəbbüsü təşkilatı özünü sonuncu instansiya hesab edirdi. Bu təşkilat faktiki olaraq hesab edirdi ki, onun iddiaları və tələblərielə hüququn özüdür, bu iddialar məhkəmələrin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından da səlahiyyətlidir.
Avropa Sabitlik Təşəbbüsü təşkilatı İnsan Hüquqları Məsələləri üzrə yeni İşçi Qrupuna münasibət bildirməyi də unutmayıb. Materialda bu İşçi Qrupunun yenidən yaradılması barədə cənab Yaqlandın 2014-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə əldə etdiyi razılıq xatırladılırdı. Qrupun tərkibinin “insan hüquqları müdafiəçiləri, parlamentarilər, prezident administrasiyasının rəsmiləri və Avropa Şurasının ekspertindən ibarət olması” bildirilirdi. Materialda daha da uzağa gedərək, “Azərbaycan hakimiyyətinin təsis etdiyi bu qrupa əsasən hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla seçilən “fəallar”ın daxil” olduğu iddia edilirdi.
Hadisələrin əsl mahiyyəti üzrə deyil, əvvəlcədən proqramlaşdırılmış məqsədlərə çatmaq üçün çıxış edən Avropa Sabitlik Təşəbbüsünün rəhbəri yeni yaradılan İşçi Qrupuna hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla seçilən “fəalların daxil” olması barədə iddiaları ilə beynəlxalq ictimaiyyəti məqsədyönlü şəkildə aldadır və buna görə heç bir vicdan əzabı çəkmək fikrində deyildi. Belə ki, Avropa Sabitlik Təşəbbüsü təşkilatında çox gözəl bilirdilər ki, 2005-2010-cu illərdə fəaliyyət göstərmiş İşçi Qrupunun üzvləri tanınmış QHT nümayəndələri olmuşdur. Onların əksəriyyəti yeni yaradılmış İşçi Qrupunun da üzvləridir. Bu sıradan Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zalihə Tahirova, Sahib Məmmədov və digərlərini qeyd etmək olar. Bu QHT nümayəndələrinin səyləri sayəsində qeyd edilən müddət ərzində bir çox məhbuslar müxtəlif hüquqi mexanizmlərdən istifadə edərək, o cümlədən əfv olunaraq azadlığa çıxmışdır. Odur ki, belə insanların qərəzli ictimai kampaniyalarla seçilməsi barədə iddialar ən yaxşı halda riyakarlıq idi.
Digər tərəfdən, İnsan Hüquqları Məsələləri üzrə yeni İşçi Qrupunun yaradılması Azərbaycan hakimiyyətinin dialoqa hazır olması, insan hüquqları sahəsində mövcud problemləri həll etmək niyyətini ortaya qoyması, bunun üçün tanınmış QHT nümayəndələri və Avropa Şurası nümayəndəsinin iştirakı ilə hazırlanmış tövsiyələri yerinə yetirmək əzmini ortaya qoyur. Bu sahədə qəbul ediləcək qərarların operativliyini təmin etmək məqsədilə İşçi Qrupunun insan hüquqlarının vəziyyətinə dair monitorinqlər keçirməsinə istənilən şəraitin yaradılması isə təqdirəlayiq hal idi.
Lakin Avropa Sabitlik Təşəbbüsü təşkilatı üçün bu məqamlar qətiyyən maraqlı deyildi. Bu təşkilat əvvəlcədən proqramlaşdırılmış məqsədlərinə uyğun olaraq mövcud məsələlərin obyektiv həlli istiqamətində atılan istənilən addıma qarşı çıxır və siyasi müstəvidə müzakirələr doğuran hüquqi məsələlərin məhz hüquqi müstəvidə həllini məqbul saymırdı. Bu baxımdan iyunun 24-də Baş Katib Torbyörn Yaqlandm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı siyasi məhbus məsələsində son sözün Avropa İnsan Hüquqları Məhkəməsinə verilməli olduğu barədə fikri Avropa Sabitlik Təşəbbüsü təşkilatanı özündən çıxarmışdı. Bu təşkilat belə cəhdlərə görə AŞPA-nı, Avropa İnsan Hüquqları Məhkəməsini və katibliyi günahkar sayırdı.
Avropa Sabitlik Təşəbbüsü təşkilatı, ümumiyyətlə hazırladığı materialda açıq-aşkar Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulmuş insan hüquqları və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətlərinə aid olmasına qarşı çıxırdı. Materialda vurğulanırdı: “2012-ci ildə Azərbaycan və müttəfiqləri AŞPA-da aparılan müzakirədə aşağıdakı düzəlişi qəti dəstəklədi: “Parlament Assambleyası təsdiqləyir ki, siyasi məhbusu müəyyənləşdirən istənilən meyarın şərhi və tətbiqi, Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə qurum olan Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna hüququdur.” Bu qəbul edilməmiş düzəlişin arxasında duran siyasət hazırda Baş Katib tərəfindən istifadə edilir. AŞPA, Məhkəmə və Katiblik – hamısı Bakının cəfəngiyat tamaşasında öz rolunu ifa edir”.
Qeyd edilənlərlə bağlı vurğulamaq istərdim ki, siyasi məhbus məsələsi hüquqi məsələdir və öz həllini hüquqi müstəvidə tapmalıdır. Odur ki, cənab Yaqlandın siyasi məhbus məsələsində son sözün Avropa İnsan Hüquqları Məhkəməsinə verilməli olduğu barədə fikrini tam dəstəkləyirəm.
Avropa Sabitlik Təşəbbüsü təşkilata hazırladığı materialın sonunda maraqlı və zənnimcə, təhlükəli çağırış edirdi: “Hərəkət etmək vaxtadır. Həmişəki tədbirlər artaq çıxış yolu deyil”. Görəsən, belə bir çağırış etməklə və həmişəki tədbirlərin vaxtının keçdiyini, onların çıxış yolu olmadığını vurğulayan bu təşkilat hansı hərəkətlərin vaxtı olduğunu nəzərdə tuturdu?
Biz yalnız məntiqi yolla bu çağırışın mahiyyətinə aydınlıq gətirə bilərik. Belə ki, insan hüquqları və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətlərinə aid olmasına qarşı çıxan, Avropanın fundamental dəyərlərindən biri olan hüququn aliliyi prinsipinə hörmətsizlik nümayiş etdirən və konkret hüquq pozuntuları törətdilkərinə görə mühakimə edilən şəxslərin hər hansı hüquqi prosedurlara məhəl qoymadan dərhal azadlığa buraxılmasını tələb edən bu təşkilat hansı hərəkətlərə çağırış edə bilər? – Yalnız iğtişaşlara.
Beləliklə, Avropa Sabitlik Təşəbbüsü təşkilatının əvvəlcədən proqramlaşdırılmış məqsədləri aydın olur: Azərbaycanda siyasi sabitliyi pozmaq, iğtişaşlar yaratmaq. Amma beynəlxalq təşkilatların, o cümlədən Avropa Sabitlik Təşəbbüsü təşkilatının ölkədə insan hüquqlarının vəziyyətinin pisləşməsi və siyasi məhbusların olması iddiaları ilə Azərbaycana təzyiqlər etməsi cəhdlərinin arxasında bir məqsəd dayanır: Ermənistanın təcavüzünə xidmət etmək və Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi istiqamətində səylərdən diqqətini yayındırmaq.
Beynəlxalq Human Rights Watch təşkilatı 2015-ci il mart ayının sonu aprelin əvvəlləri özünün növbəti anti-Azərbaycan bəyanatını yayımladı. Bəyanat Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın Bakı səfəri ərəfəsində dərc edilmişdi. Xatırlatmaq istərdim ki, bir qrup xarici QHT Avropa İttifaqının İnsan hüquqları üzrə Xüsusi Nümayəndəsi cənab Stavros Lambrinidisin 23-26 fevral tarixlərində Azərbaycana rəsmi səfəri ərəfəsində analoji anti- Azərbaycan bəyanatı ilə çıxış etmişdi.
Qeyd edilməlidir ki, Human Rights Watch təşkilatı növbəti dəfə də öz “ənənəsinə” sadiqlik nümayiş etdirərək, heç bir əsas olmadan Azərbaycanda insan hüquqlarına qarşı radikal təzyiqlərin artdığını və repressiyaların dərinləşdiyini iddia edirdi. Əlbəttə, burada heç bir yenilik yox idi və Human Rights Watch təşkilatı öz ampluasında çıxış edərək, Azərbaycana qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışırdı.
Maraqlı idi ki, bəyanat anti-Azərbaycan xarakter daşısa da, əsasən Azərbaycan ictimaiyyətinə deyil, Avropa İttifaqına və onun Bakıya səfər edən Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hana ünvanlanmışdı. Human Rights Watch bəyanatda Avropa İttifaqını Azərbaycanla əməkdaşlıq etdiyinə görə qınaq obyektinə çevirmişdi. Bəyanat müəllifləri iddia edirdilər ki, “ölkədə insan hüquqlarına radikal təzyiqlər artdıqca, Avropa İttifaqı əksər hallarda kənara çəkilmişdir” və “dərinləşən repressiyalara baxmayaraq, Aİ Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindədir”.
Qeyd edilənlər Human Rights Watch təşkilatının məkrli məqsədlərinə tam aydınlıq gətirir. Göründüyü kimi, bu təşkilatın əsas məqsədi Azərbaycanın Aİ ilə, bütövlükdə isə dünya ictimaiyyəti ilə əlaqələrinin kəsilməsinə, ölkəmizin dünyadan təcrid edilərək təklənməsinə nail olmaqdan və nəticədə onu “izqoy”a çevirərək dövlət kimi yox etməkdən ibarət idi.
Digər tərəfdən, Human Rights Watch təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, bu təşkilat Azərbaycan ərazilərinin 25 ildən artıq müddət ərzində işğalına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpa edilməsi istiqamətində addımlar atardı. Bu təşkilatın əsl məqsədi insan hüquqlarının müdafiəsi deyil, onların əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır.
Üçüncü bir tərəfdən, hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə insan hüquqları ilə bağlı aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, Human Rights Watch təşkilatının bəyanatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Oyunları və parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdə idi.
AŞPA-nın 2017-ci il aprel sessiyası ərəfəsində Soros fondu tərəfindən maliyyələşdirilən digər bir QHT – Freedom Files Analitik Mərkəzi “Alınıb-satılan Avropa dəyərləri” adlı irihəcmli hesabat yayımladı. Hesabatda Azərbaycanda sistemli korrupsiyanın baş alması, Azərbaycanın beynəlxalq lobbiçilik və korrupsiya şəbəkəsi formalaşdırması kimi iddialar irəli sürülüb, lakin bu iddiaları sübuta yetirmək üçün hesabatda heç bir fakt və dəlil göstərilməyib.
Soros fondunun maliyyələşdirdiyi Avropa Sabitlik Təşəbbüsü (ESİ) adlı digər QHT-nin bir müddət əvvəl hazırlayaraq, AŞPA üzvləri arasında yayımladığı materiallar kimi, Freedom Files Analitik Mərkəzinin hazırladığı hesabat da anti-Azərbaycan xarakteri daşıyır və qərəzlidir.
Son zamanlar Avropa Sabitlik Təşəbbüsü (ESİ), Freedom Files və digər bir neçə beynəlxalq QHT-nin hazırladığı anti-Azərbaycan xarakterli hesabatların təhlili aşağıdakı qənaətə gəlməyə imkan verir:
- – Müxtəlif beynəlxalq QHT-lərin, o cümlədən Avropa QHT- lərinin (Amnesty International, Human Rights Watch, Freedom House, ESI, Freedom Files və s.) Azərbaycana qarşı qərəzli hücumları təsadüfi xarakter daşımır, bu, uzağagedən məkrli anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir, bu QHT-lərin böyük əksəriyyəti Soros fondu tərəfindən maliyyələşdirilir və onların fəaliyyəti vahid mərkəzdən planlı şəkildə idarə edilir.
- – Bəzi beynəlxalq KİV-də anti-Azərbaycan xarakterli materialların dərc edilməsi, Soros fondu tərəfindən maliyyələşdirilən QHT-lərin Azərbaycana qarşı vaxtaşırı qərəzli və heç bir faktla təsdiqlənməmiş ittiham iddiaları ilə dolu hesabatlar hazırlaması beynəlxalq aləmdə Azərbaycanın imicinə xələl gətirmək məqsədi güdürdü və əsas hədəf 2018-ci ildə Azərbaycanda keçiriləcək seçkilərin legitimliyinə kölgə salmaq və seçkilər zamanı ölkədə iğtişaşların yaranması üçün şərait formalaşdırmaqdan ibarət idi.
Beləliklə, anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində beynəlxalq QHT-lər vasitəsilə yenidən Azərbaycana qarşı siyasi məhbus iddiaları ilə genişmiqyaslı kampaniyaya başlamışlar. Beynəlxalq QHT-lər qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu dəfə şəbəkə şəklində sinxronlaşmış formada fəaliyyət göstərirdilər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə milli QHT bu anti-Azərbaycan qüvvələr ilə işbirliyi qurub. Həmin milli QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edirlər və öz qəyyumları olan anti-Azərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu siyasi məhbus olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər.
Dünyada, xüsusən də Avropa Şurasına üzv ölkələrdə baş verənlərin təhlili göstərir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət AŞ-na üzv olan digər ölkələrdən çox da fərqlənmir. Lakin AŞPA-da indiyədək Azərbaycandan başqa heç bir ölkəyə siyasi məhbus məsələsi şamil edilməyib. Belə olan halda məntiqi sual ortaya çıxır: Nə üçün yenidən 47 üzv dövlətdən yalnız Azərbaycanda siyasi məhbusların olması iddia edilir və yuxarıda qeyd etdiyim etibarlılığı şübhə doğuran meyarlar yalnız bizim ölkəmizə qarşı tətbiq edilir? Bu, AŞPA-da dövlətlərin bərabər hüquqlu olması prinsipinin pozulması və Azərbaycana qarşı açıq-aşkar ayrı-seçkiliyin nümayişi deyilmi?
Təqdim edilmiş siyahılarda siyasi məhbus olmaları iddia edilən hər bir şəxs konkret cinayət əməlləri törətdiyinə görə məsuliyyətə cəlb edilib. Onlar barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilib. Həmin şəxslər milli məhkəmələrin qərarlarına etiraz etdikləri təqdirdə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.
Siyasi məhbus məsələsi hüquqi məsələdir, həbsdə olanlar barədə məhkəmə qərarları mövcuddur. Odur ki, məhkəmənin qərarı yalnız mövcud olan hüquqi mexanizmlərdən istifadə edilməklə dəyişdirilə bilər. Lakin bir neçə milli QHT, onların havadarları olan beynəlxalq təşkilatlar və xarici anti-Azərbaycan qüvvələr bu hüquqi mexanizmdən istifadə etmək istəmirlər, məsələni məqsədyönlü şəkildə hüquqi müstəvidən çıxararaq siyasiləşdirirlər.