AŞPA-nın mətbuat azadlığı haqqında “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı məruzənin məruzəçisi, ukraynalı deputat Volodimir Ariev 24 yanvar 2017-ci ildə öz Facebook səhifəsində yazdığı mətndə son illər bəzi deputatların həqiqətlərə məhəl qoymadan Avropa Şurası Parlament Assambleyasından şəxsi maraqları naminə istifadə etdiyini açıqladı.
Volodimir Ariev eynilə Avropa Şurası Parlament Assambleyasının üç ermənistanlı üzvü – Samuel Fərmanyan, Naira Karapetyan və Naira Zöhrabyanın rəhbərlik etdiyi fəaliyyəti açıqlayırdı. İddia edildiyinə görə, onlar Arievin mətbuat azadlığı və beynəlxalq hüquqa hörmətə dair məruzəsinə dəyişiklik etmək məqsədilə ukraynalı parlamentarini rüşvətlə ələ almağa cəhd göstəriblər. Açıq şəkildə bəyan edildiyi kimi, erməni deputatların korrupsiya cəhdi Arievin məruzəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalına dair bütün istinadları çıxarmağa nail olmaq məqsədi daşıyırdı. Ariev bildirib ki, bu üç deputat 40 illik yaşı olan 1400 avro dəyərində bir şüşə erməni konyakı ilə onu ələ almağa çalışıblar.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) bu məlumatla bağlı araşdırmalar aparmışdı və bu araşdırmaların nəticələrinə dair 6 mart 2017-ci ildə hesabatla çıxış etmişdi. Hesabatda qeyd edilirdi: “Arievin ermənilərin tələbinə tabe olmaqdan imtina etməsi zorakı təzyiq və böhtan kampaniyası ilə nəticələndi. Ermənistan nümayəndə heyətinin üzvləri, o cümlədən Arievin siyasi partiyasından olan üzvlər 2017-ci il qış parlament sessiyası boyu bu hücumlara rəhbərlik etmişdir”. Daha dəhşətlisi ondan ibarət idi ki, “Arievin nənəsi azərbaycanlıdır” iddiası ortaya atıldı və onun milli mənşəyi Azərbaycan mənşəli ola bilməsi barədə iddialarla sual altına qoyuldu.
ASKTM hesabatında vurğulanırdı ki, daha çox narahatlıq doğuran məqam Ariev işinin daha dəhşətli sistemli problemin yalnız görünən tərəfi olmasıdır və beynəlxalq hüquqa zidd olaraq, Ermənistanın mənafeyinə xidmət edən bir neçə parlamentaridən ibarət mütəşəkkil şəbəkənin aydın sübutudur. Belə ki, araşdırmalar zamanı Ermənistanla və Avropa erməni diaspor təşkilatları ilə işbirliyi qurmuş, onlarla sıx əlaqədə olan bir qrup AŞPA üzvünün və Avropa Sabitlik Təşəbbüsü təşkilatının Azərbaycana qarşı təzyiq kampaniyaları təşkil etmək məqsədilə AŞPA-da geniş və dərin kök salmış rüşvət şəbəkəsi yaratdığı məlum olub.
Hesabatda 2012-ci il “erməni əlaqəsinin” Avropa Şurası strukturlarında köklərini genişləndirməyə başladığı həlledici il kimi qiymətləndirilir. Göstərilir ki, 2012-ci ildə Kristof Ştrasser Corc Soros Fondunun “beyin mərkəzi” adlandırılan Avropa Sabitlik Təşəbbüsü təşkilatının rəhbəri Cerald Knausla əlaqələr qurub. Vurğulanır ki, hazırda Soros tərəfindən maliyyələşdirilən bir sıra digər QHT-lər qeyri-kommersiya fəaliyyəti ilə maskalanaraq, əslində Avropa Şurasını öz təsiri altına alıblar və Ermənistanın maraqlarına xidmət edirlər.
ASKTM hesabatında bildirilirdi ki, 2012-ci ildən etibarən müəyyən şəxslər bir araya gələrək, Azərbaycan Respublikasını nüfuzdan salmaq istiqamətindəki siyasi manevrlərdə mühüm rol oynamağa sürətlə cəlb edildi. Qeyd edilir ki, Kristof Ştrasser 2006-cı ildə Alman Sosialist Partiyasının üzvü kimi, Avropa Şurası Parlament Assambleyasına qoşulub, 2012-ci ildə isə Azərbaycana qarşı gizli fəaliyyətin təşəbbüskarı Gerald Knausla tanış olub. Gerald Knaus Avstriyada doğulmuş iqtisadçıdır və 1999-cu ildə Berlində Avropa Sabitlik Təşəbbüsünü (ESI)
təsis edib. Avropa Sabitlik Təşəbbüsü “Corc Soros Fondu” ilə əlaqəli olan çoxsaylı araşdırma mərkəzlərindən biridir.
Knaus ABŞ milyarderi Corc Sorosun maliyyələşdirdiyi QHT-lər şəbəkəsində yaxşı tanınır. Vaxtilə sosialist düşərgəsinə aid olmuş bəzi Şərqi Avropa ölkələrində sabitliyi pozmağa cəhd göstərməkdə şübhəli bilinib. Bu ədalətli məsələləri müdafiə etdiyini iddia edən, əvəzində isə Avropa Şurasına nəzarəti təmin edən və Ermənistan Respublikasının maraqlarını müdafiə edən Corc Sorosun göstərişi ilə lobbi qrupları kimi fəaliyyət göstərən
Avropa Sabitlik Təşəbbüsü və digər QHT-lərin özlərini vətəndaş cəmiyyətinin dəstəkçiləri kimi təqdim etməsinə şərait yaradır.
ASKTM yazır ki, QHT-lərin şəffaflığı və yaxşı idarəçiliyinin təhlili sahəsində ixtisaslaşmış ONG Monitor təşkilatına görə, Soros Fondu təxminən 4 milyard avroya sahibdir və 50-dən artıq Avropa QHT-sinin, o cümlədən Human Rights Watch, Amnesty International, İnsan Hüquqları Evi Fondu, Açıq Dialoq, Avropa Sabitlik Təşəbbüsü və Helsinki İnsan Hüquqları Komitəsi təşkilatlarının maliyyələşməsinə töhfə verir.
Soros Fondunun maliyyələşdirdiyi bu təşkilatların hər birində şəffaflıq problemlərinin mövcud olduğunu qeyd edən ASKTM ekspertləri Gürcüstanın “Qızılgül inqilabı”nın və ya Ukraynanın “Narıncı inqilabı’nın irəli sürdüyü fikirlərdən asılı olmayaraq, həmin hadisələr zamanı Soros Fondunun QHT və beyin mərkəzi şəbəkəsinə diqqət yetirilməli olduğunu vurğulayırlar.
Sənəddə iddia edilir ki, Birləşmiş Ştatlar Prezident Obama administrasiyası dövründə Ukraynanın Rusiyaya qarşı çıxması üçün çevriliş təşkil etmək məqsədilə Ukrayna xalq inqilabı hərəkatından istifadə edib. Sızdırılmış gizli digər sənədlərə istinad edilərək bildirilir ki, Corc Soros şəxsən Ukrayna siyasətində çox mühüm rol oynayıb və bu işdə Prezident Obamanın ali kabinetləri, eləcə də Avropanın milli və beynəlxalq institutları ilə imtiyazlı əlaqələrdən istifadə edib. Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin keçmiş müavini Viktoriya Nuland və Ukraynadakı səfir Cefri Prat arasındakı telefon söhbətini əks etdirən stenoqram Ukraynada Vaşinqtonun rəhbərliyi ilə çevriliş nəzəriyyəsini açıq-aydın əsaslandırdı. ASKTM hesabatında qeyd edilir: “Corc Sorosa gəldikdə, fransız vebsayti “Mediapart”-ın dərc etdiyi sənədlər Ukraynanın ali hakimiyyət dairələrindəki rəsmilərə iqtisadiyyat, maliyyə və müdafiə məsələlərində qərarlar barədə məsləhət vermiş, hətta Ukrayna silahlı qüvvələrinə NATO üzvü Rumıniyada ABŞ təlimçiləri tərəfindən təlim keçilməsini tövsiyə etmiş Sorosun əhəmiyyətini təsdiqləmişdir”.
Qeyd edilməlidir ki, Corc Sorosun apardığı bu “şəxsi diplomatiya” Loqan Qanunu ilə qadağan edilir, belə ki, həmin federal Amerika qanunu istənilən ABŞ vətəndaşına xarici hökumətlə danışıq aparmağı və ya xarici siyasətə təsir etməyə cəhd göstərməyi qadağan edir. Lakin Corc Soros bu qanunun tələblərinə məhəl qoymur və görünür, özünü qanundan üstün tutur.
Çoxsaylı QHT-lər Ukrayna böhranında mühüm rol oynadı. Onların çoxu, o cümlədən Soros Fondu tərəfindən maliyyələşdirilən QHT-lər Ukrayna xalq üsyanında iştirak etdilər. Lakin Corc Sorosun Ukraynaya təzyiq etməsi istisna hal deyildi. Onun QHT və beyin mərkəzi şəbəkəsi on illər boyu diqqətini Azərbaycana böhtan atmağa yönəldərək, İranla sərhəddə ən sabit və dünyəvi Qafqaz ölkəsi olan Azərbaycanı avtokrat və korrupsiyalaşmış diktatorluq kimi təsvir etməyə cəhd göstərib.
QHT-lər siyasi həbs dalğası barədə məlumat yayır, lakin həbs edilənlərin törətdikləri cinayət əməllərinə göz yumurlar. Misal olaraq qeyd edilməlidir ki, həbs edilənlər arasında İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrin tərkibində vuruşmuş xeyli insanların olması qeyd edilmir. Bu, yanlış məlumatlandırmanın aydın sübutudur. Belə ki, onlar Avropa demokratiyalarının eyni məsələlərdə atdığı addımlara zidd olaraq, Azərbaycan hakimiyyətinin öz sərhədləri daxilində problemlə mübarizə üçün gördüyü mükəmməl hüquqi və əsaslandırılmış tədbirlərə baxmayaraq, hakimiyyəti gözdən salmaq məqsədi güdürlər.
Qeyd edilməlidir ki, Soros yalnız Avropa hakimiyyətinin arxa səhnəsində müdaxilə etmir. O, hələ də Birləşmiş Ştatlarda böyük Ermənistanyönümlü strategiya aparmaq üçün xeyriyyə şəbəkəsindən istifadə edir. O, bu məqsədlə Açıq Cəmiyyət İnstitutunun Yerevan filialını Ermənistan diplomatiyasının aparıcı elementinə çevirib. Soros eyni zamanda “Azərbaycanda sabitliyi pozmaq məqsədilə Ermənistanla oynamaq” strategiyasını işə salmaq üçün Amerikadakı güclü erməni lobbisinə arxalanır.
Azərbaycan və Ermənistanın eyni gündə – 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv seçilməsi Avropa ideallarına vahid sadiqlik hər iki dövlət arasında konstruktiv dialoqa ümid yaratmışdı. Təəssüf ki, əksinə, Azərbaycan mütəmadi olaraq əsassız və davamlı hücumların hədəfinə çevrildi.
Soros Fondunun idarə heyətinin üzvü və Avropa Sabitlik Təşəbbüsü təşkilatının prezidenti Gerald Knaus Azərbaycanı korrupsiyalaşmış ölkə kimi təqdim edərək, lakin ittihamların sübut edən heç bir dəlil irəli sürmədən Azərbaycana qarşı düşmənçiliyə başladı. Gerald Knaus Azərbaycanda sabitliyi pozmağa cəhd göstərmək üçün bütün mövcud vasitələrdən istifadə edərək, Azərbaycan Respublikasının nüfuzuna hücumlar etdi və buna müvəffəq oldu.
Avropa Şurası Parlament Assambleyasında 2012-ci ildə anti-Azərbaycan şəbəkəsi qurulmağa başlayanda Avropa Sabitlik Təşəbbüsü təşkilatı “Kürü Diplomatiyası” adlı böhtan xarakterli və xüsusilə kəskin hesabat dərc etdi. Bu hesabat böhtana əsaslanan şübhəli mühiti dəstəkləməklə, Azərbaycana qarşı siyasi müharibəyə qoşulmuş parlamentarilər şəbəkəsinin təşkilinə şərait yaratmaqdan başqa məqsəd daşımırdı. Corc Soros Fondunun adamı Avropa Şurasında səmərəli işləmək məqsədilə Parlament Assambleyasında etibarlı tərəfdaşlar yerləşdirməklə quruma nüfuz etməli idi. Şübhəsiz, erməni deputatların qeyd- şərtsiz dəstəyini qazanmaq onun üçün çətin deyildi, lakin ona digər ölkələrdən, xüsusilə Aİ-yə üzv dövlətlərdən olan deputatların köməyi və sədaqəti lazım idi. Kristof Ştrasser və bir sıra AŞPA üzvü anti-Azərbaycan layihəsinə qoşulanda buna uğurla nail olundu.
Knausun şəxsi dostu Ştrasser 2016-cı ilin fevral ayma qədər Almaniya Federal Hökumətinin İnsan Hüquqları və Humanitar Yardım üzrə Komissarı idi. Almaniya Xristian-Demokratik İttifaqı (CDU) siyasi partiyası tərəfindən barəsində istintaq başlananda o, bu vəzifədən istefa verdi. Qeyd etmək lazımdır ki, 2013-cü ilin yanvar sessiyası zamanı hazırladığı ‘Azərbaycanda siyasi məhbusların izlənilməsi” adlı hesabatı Assambleyada rədd edildikdən sonra Ştrasser Azərbaycan Respublikasına hücum etmək məqsədilə tələsik italyan jurnalist Milena Qabanelli ilə əməkdaşlıq etməyə başladı.
İtaliyanın RAİ 3 ictimai televiziya kanalına nəzarət edən bu ölkənin siyasi solçuları tərəfindən dəstəklənən aparıcı italiyalı jurnalist Qabanelli 2016-cı ilin noyabrmda erməni maraqlarını açıq müdafiə edən və Avropa Şurasının parlamentarilərinə hücum edən qalmaqallı və çaşdırıcı proqram yayımladı. Solçulara meyilli bu qadın uğurlu televiziya aparıcısı olmaqla yanaşı, həm də realist menecerdir, çünki Corc Sorosun öz fondu vasitəsilə onun verilişinə havadarlıq etməsi faktı onda çaşqınlıq yaradıb. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, Milena Qabanelli 2013-cü ildə İtaliyada keçirilən “Tiziano Terziani” adlı bədii müsabiqədə münsiflər heyətinin üzvü idi və burada Corc Soros “Avropa və Amerika Birləşmiş Ştatlarında maliyyə böhranı” adlı kitabına görə qalib olmuşdu. Qeyd etmək vacibdir ki, Qabanelli həmçinin Ermənistanın “köhnə dostu”dur. O, Dağlıq Qarabağ müharibəsində Ermənistan tərəfinin mətbuat müxbiri olub və o vaxtdan bəri azərbaycanlı qaçqınların taleyi və ya Ermənistanın qanunsuz işğalı barədə narahatlığını bildirmədən, yaxud Ermənistanda demokratiyanın mübahisəli vəziyyətini nəzərə almadan, həmişə Yerevanı dəstəkləyib. Birtərəfli öhdəlik nümayiş etdirməsi onu Ermənistan mediasının az qala ulduzuna çevirmişdi.
Ştrasserə gəldikdə isə, o, Qabanelliyə öz xidmətlərini təqdim etməklə bərabər, ukraynalı Volodimir Arievi rüşvətlə ələ almağa çalışmış erməni deputatlardan biri – Samuel Farmanyanla
birlikdə onun proqramında iştirak edib. Bu yaxınlıq olduqca şübhəlidir və Kristof Ştrasserin nə dərəcədə bitərəf olduğunu aşkar edir.
Qeyd edilənlər kontekstində 2010-cu ildən AŞPA üzvü olan Niderland əsilli Pyeter Omtziqtin (EPP) fəaliyyəti diqqəti cəlb edir. Omtziqt mandatının ilk iki ilində Ermənistandakı siyasi vaziyyətlə bağlı dəfələrlə narahatlığını ifadə etmişdi. Lakin o, 2012-ci ildə gözlənilmədən öz mövqeyini tamamilə dəyişdi və Azərbaycanı hədəf almağa başladı. O, birdən-birə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı “maraqlanmaq” qərarına gəldi. Bu dəyişiklik Azərbaycan siyasətindəki hər hansı bir dəyişikliklə əlaqəli deyildi.
ASKTM ekspertləri düşünürlər ki, Pyeter Omtziqtin mövqeyindəki və Azərbaycan Respublikası ilə yaxınlığındakı qəfil dəyişiklik həmin vaxta təsadüf edir və 2012-ci ildə ildə Niderlandda keçirilən qanunvericilik seçkiləri ilə bağlıdır. Belə ki, həmin seçkilərdə onun mənsub olduğu siyasi partiya məğlubiyyətə uğradı. Lakin Pyeter Omtziqt möhtəşəm kampaniya apardı və təəccüblü olsa da, böyük səs çoxluğu ilə (36 750 səslə) seçildi. Sonradan Omtziqt AŞPA-da Azərbaycan Respublikasına qarşı əsassız və ədalətsiz hücumlarını davam etdirdi. Daha sonra Pyeter Omtziqt Gerald Knausun rəhbərlik etdiyi Avropa Sabitlik Təşəbbüsü təşkilatı ilə olan əlaqələrini gizlətməmiş və “Kürü Diplomatiyası” hesabatının ikinci hissəsinin hazırlanmasında onunla əməkdaşlıq etmişdi. Azərbaycan Respublikasına qarşı bu qərəzli və qalmaqallı hücumda Frank Şvabe ona kömək etmişdi.
Frank Şvabe 2011-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv qəbul olundu. O, həmin vaxtdan bəri Alman Sosialistləri – Sosial-Demokrat Partiyası (SPD) karyera pillələrində irəliləməkdə dəstək əldə etmək üçün öz siyasi fikirlərini həmkarı Kristof Ştrasserinki ilə birləşdirdi. Bu strategiya onu anti-Azərbaycan şəbəkəsinin yeni mükəmməl iştirakçına çevirdi. Ştrasser və Şvabe Sosial-Demokrat Partiyası daxilində 1915-ci il qondarma erməni soyqırımının tanınmasının təşviqi kampaniyasının aparıcı aktorları olublar. Şvabe Azərbaycana qarşı məqsədyönlü qərəzli münasibətini gizlətmir.
Fransa-Ermənistan sosialist parlament dostluq qrupunun prezidenti Rene Ruke və “Fransa-Qarabağ” Dostluq Dairəsinin maraqlarını müdafiə edən Fransua Roşbluan da anti-Azərbaycan kampaniyasının aktiv üzvləridir. Roşbluan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna dəfələrlə qeyri-qanuni səfərlər təşkil edib və bununla da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı hörmətsizlik nümayiş etdirib.
Fransanın AŞPA-da nümayəndə heyətinin keçmiş rəhbəri, AŞPA-nın vitse prezidenti Rene Ruke Azərbaycana qarşı daim qərəzli və düşmən mövqedən çıxış edib. Rene Ruke 2010-cu ildə Azərbaycan hökumətindən icazəsiz bir neçə fransalı deputatla birlikdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etmiş və separatçı rejimin “rəhbərliyi” ilə görüşmüşdür. Azərbaycan hakimiyyəti bu hərəkətinə görə Rene Rukeni “persona non-qrata” elan edərək, onun ölkəyə girişinə qadağa qoyub.
Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri
Andreas Herkel ve Joze Debono Qrekin hazırladığı 12270 saylı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzənin müzakirəsi zamanı Rene Ruke Azərbaycanı qərəzli tənqid etməklə yanaşı, Fransa parlamentinin bir neçə deputatının Dağlıq Qarabağa səfərinə haqq qazandırıb, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı reaksiyasını pisləyib.
AŞPA üzvü olan 32 deputat 2011-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış separatçı qurum olan “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi tanınması ilə bağlı birgə bəyanatla çıxış ediblər. Rene Ruke bu sənədi imzalayanlar sırasında olub.
Rene Ruke AŞPA-nın 2016-cı il yaz sessiyasında aprel ayının əvvəlində qoşunların təmas xəttində gərginliyin artması və baş vermiş döyüşlərlə bağlı Fransa nümayəndə heyəti adından sırf anti-Azərbaycan təklif irəli sürüb.
Qeyd etməliyəm ki, AŞPA-nın 22-23 may 2014-cü il tarixində Bakıda keçirilən Büro və Daimi komitə iclaslarında iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi üçün Rene Rukeyə viza verilməyib. Büro 22 may tarixdə Rene Rukenin Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərə görə ölkəmizə buraxılmaması məsələsini iclasda müzakirəyə çıxarmışdı və təşkilatın komitələrinin iki il ərzində Azərbaycanda nəzərdə tutulan iclaslarını keçirməmək barədə qərar qəbul edilmişdi.
Beləliklə, təqdim edilmiş qısa təhlil 2012-ci ildən bəri Avropa Şurasında Azərbaycana qarşı səfərbər edilmiş gizli şəbəkənin fəaliyyət göstərdiyini sübut edir. Bu şəbəkənin taktikası müxtəlif bəhanələrlə Azərbaycana təzyiqlər etmək və son məqsəd kimi Azərbaycanın Dağlıq Qarabağ regionu və digər ərazilərinin Ermənistan tərəfindən işğalını gizlətməklə, Azərbaycanın sabitliyini pozmağa yönəlmiş böhtanlı hücumlar və qarayaxmaları artırmaq olub.
Bu şəbəkə özündə bir sıra parlamentariləri və beynəlxalq QHT-ləri birləşdirir və Soros fondu tərəfindən maliyyələşdirilir. Bu şəbəkənin həyata keçirdiyi təhlükəli siyasət AŞPA-nın etibarlılığını və prinsiplərini şübhə altına alır.