Assambleyanın 2013-cü il yanvar sessiyasında Ştrasserin “Azərbaycanda siyasi məhbusların izlənilməsi” adlı məruzəsi rədd edildikdən sonra anti-Azərbaycan qüvvələr məyus oldular. Buna baxmayaraq, qısa müddətdən sonra həmin qüvvələr bu məsələni təkidlə yenidən AŞPA gündəliyinə qaytarmaq istəyirdilər. Onlar AŞPA-da Azərbaycana qarşı yeni siyasi təsir imkanları əldə etmək üçün səfərbər olaraq yeni strategiyalar hazırlamağa başladılar, bu strategiyaların əsasında qondarma siyasi məhbus məsələsinin hər vəchlə yenidən gündəliyə qaytarılması və ondan Azərbaycana qarşı istifadə edilməsi dayanır. Belə ki, siyasi məhbus məsələsi AŞPA-da istənilən üzv dövlətə, o cümlədən Azərbaycana təsir vasitəsi kimi ən effektli alət hesab edilir.
Bununla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı, Sərsəng su anbarının işğal altında saxlanılması və sudan mülki əhaliyə qarşı silah kimi istifadə edilməsi və cəbhəyanı azərbaycanlı əhalinin qəsdən sudan məhrum edilməsi kimi məsələlərdə Azərbaycan tərəfinin davamlı mübarizəsi, qətnamə təkliflərini irəli sürülməsi, nəhayət, 2085 (2016) saylı Qətnamənin qəbul edilməsi nəticəsində Ermənistan tərəfi, ermənipərəst və anti-Azərbaycan qüvvələr səylərini daha da birləşdirdilər və Azərbaycan dövlətinin beynəlxalq imicinə zərər vurulması, onun dövlət səviyyəsində korrupsiya ilə məşğul olması kimi əsassız iddialar gündəmə gətirildi.
Lakin Azərbaycanın dövlət səviyyəsində korrupsiya ilə məşğul olmasını sübuta yetirmək üçün motivlər lazım idi. Bu motivlər də tapıldı: 2013-cü ildə Ştrasserin məruzəsinin qəbul olunmaması; Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair məruzənin hazırlanmasına nail olunması; Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsinə dair 2085(2016) saylı Qətnamənin qəbul edilməsi; 2008, 2010, 2013-cü illərdə keçirilmiş seçkilərə AŞPA müşahidə missiyasının verdiyi müsbət qiymətləndirmələrin məhz Azərbaycan hakimiyyətinin AŞPA üzvlərini ələ alması nəticəsində mümkün olduğu barədə fikir formalaşdırılmasına start verildi. Azərbaycanın qeyd edilən uğurlarının əldə edilməsinə töhfə vermiş AŞPA üzvlərinə qarşı rüşvət almaq iddiaları irəli sürüldü.
Anti-Azərbaycan qüvvələr daha inamlı görünməsi üçün Ştrasserin məruzəsinin qəbul edilməməsinin mənim (Elxan Süleymanov) keçmiş AŞPA üzvü Luka Volonteyə pul verməyim müqabilində mümkün olması iddiası ilə çıxış etdilər. Beləliklə, Azərbaycana qarşı təzyiqləri davam etdirmək və gücləndirmək məqsədilə mənə (Elxan Süleymanov) və Müslüm Məmmədova qarşı əsassız korrupsiya ittihamı irəli sürüldü, hüququn aliliyinə xidmət edən beynəlxalq qurum olan AŞPA-da isə heç bir məhkəmə qərarı olmadan bu əsassız ittihamlara inandılar.
Anti-Azərbaycan qüvvələr həm AŞPA üzvlərini, həm də beynəlxalq ictimaiyyəti inandırmaq üçün Avropa Sabitlik Təşəbbüsü təşkilatı vasitəsi ilə hesabatların hazırlanmasına, İtaliyanın RAİ telekanalında, digər KİV-lərdə mənim (Elxan Süleymanov) keçmiş AŞPA üzvü Luko Volonteyə pul verməyim, AŞPA-nı korrupsiya məkanına çevirməyim kimi sərsəm iddiaları əks etdirən silsilə materialların yayımlanmasına nail oldular. Burada anti-Azərbaycan qüvvələr nasizmin baş ideoloqu Gebbelsin “yalan nə qədər çox təkrar edilərsə, o daha çox həqiqətə çevrilir” fikrindən istifadə edirdi.
Odur ki, Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may 2014-cü il tarixi ərəfəsində bir sıra ənənəvi anti-Azərbaycan təşkilatların ölkəmizə qarşı kampaniyaların yenidən geniş vüsət alması təsadüfi deyildi. Bu, geniş anti-Azərbaycan kampaniyasının tərkib hissəsi idi. Bu kampaniya çərçivəsində Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digər QHT-lər Azərbaycanda korrupsiyanın vüsət alması, demokratiya və insan hüquqları sahəsində vəziyyətin kəskin dərəcədə pisləşməsi, siyasi məhbusların sayının artması kimi iddialarla dolu materiallar yayımlamağa başladılar.
Belə cəhdlərdən biri də AŞPA-da irlandiyalı cənab MakNamara tərəfindən həyata keçirildi. Belə ki, cənab MakNamara və digərləri 8 aprel 2014-cü ildə “Azərbaycanın Avropa Şurasına Sədrliyi: insan hüquqlarına hörmətlə bağlı nə edilməlidir?” başlıqlı qətnamə təklifi təqdim etdilər. Bu qətnamə təklifi Hüquq Məsələləri Komitəsində Ştrasserin daha əvvəl məğlub olmuş məşhur məruzəsinə oxşar yeni məruzəyə başlamaq məqsədi daşıyırdı. Qətnamə təklifini imzalayan şəxslərin 70%-dən çoxu Sosialist Qrupuna mənsub idi. Bu, Azərbaycana qarşı yeni hücum idi.
Qeyd edilməlidir ki, təklifdə iddia edilən üç siyasi məhbusun adı çəkilirdi. Onlardan birincisi Bakıda Avropa Şurasının Siyasi Araşdırmalar üzrə Məktəbinin direktoru İlqar Məmmədov idi. O, müəyyən dərəcədə birbaşa Avropa Şurası ilə əlaqəli olduğundan, aydındır ki, İlqar Məmmədovun həbs edilməsi bəzi AŞPA rəhbərlərini xeyli məyus etmişdi.
Qətnamə təklifinə Sədarət Komitəsi tərəfindən 10 aprel iclasında baxıldı və həm Baş Katib Savitski, həm də Sosialistlər Qrupunun rəhbəri Qross “tezləşdirilmiş” prosedur üçün təkid etdilər. Başqa sözlə, Büro aprelin 11-də artıq məsələni nəzərdən keçirə və dərhal məruzə üçün Hüquq Məsələləri Komitəsinə yönləndirə bilərdi. Bu “tezləşdirilmiş” prosedur olduqca müstəsna hal idi və bu səbəbdən məsələ ilə bağlı tam konsensus olmalı idi. Müəlliflərin məqsədi açıq-aydın daha əvvəl məğlub olmuş Ştrasserin siyasi məhbuslara dair məruzəsinin yeni versiyasına başlamaqdan ibarət idi. Bu, Azərbaycana qarşı olduqca yaxşı hazırlanmış hücum idi və tam gizli saxlanılırdı. Lakin uzun müzakirələrdən sonra Sədarət Komitəsi heç razılıq əldə edə bilmədi.
Sonradan üzvlər arasında “centlmen” sazişi əldə edildi və razılaşma Büronun 23 iyun 2014-cü il tarixli iclasında təsdiqləndi. Bu “centlmen” sazişinə əsasən qətnamə təklifi məruzə üçün deyil, yalnız məlumat məqsədilə Azərbaycana dair cari Monitorinq məruzəsinə daxil edilməli və Monitorinq Komitəsinin 2015-ci il yanvar sessiyasında təqdim olunacaq məruzədə yer tapmalı idi.
Lakin Assambleyanın həmin gün, 23 iyunda keçirilən iclasının sonunda AŞPA Prezidenti Ann Brassör çaşqınlıq yaradaraq de-fakto Büronun qərarını sual altına qoydu və yalnız onlarla üzvün olduğu iclasda səsvermə nəticəsində məsələnin məruzəyə göndərilməsi barədə qərar qəbul edildiyini elan etdi. Zənnimcə, belə bir təcrübə sübut edirdi ki, anti-Azərbaycan qüvvələr mübarizədə normal yolla qələbə çala bilmirlər və ləyaqətdən kənar həll yolları axtarırlar.
Hüquq Məsələləri Komitəsinin 25 iyun tarixli iclasında məruzəçinin seçilməsi ilə bağlı uzun sürən yorucu müzakirədən sonra səsvermə nəticəsində Pedro Aqramunt niderlandlı Omtziqtə qalib gələrək “Azərbaycanın Avropa Şurasına Sədrliyi: insan hüquqlarına hörmətlə bağlı nə edilməlidir?” mövzusunda məruzə hazırlamaq üçün məruzəçi təyin edildi. Pedro Aqramunt AŞPA Prezidenti seçildikdən sonra Hüquq Məsələləri Komitəsinin sədri Alain Desteks məruzəçi təyin edildi. Alain Desteks həmin məruzəni 2017-ci ilin yay sessiyası ərəfəsində hazırlayaraq Hüquq Məsələləri Komitəsinə təqdim etdi. Bu məruzə Komitə tərəfindən qəbul edildi. Lakin AŞPA-nın yay sessiyası zamanı qərəzli tənqidlər və ittihamlarla üzləşdiyi üçün Alain Desteks Komitə sədrliyindən, məruzəçi postundan, ümumiyyətlə AŞPA üzvlüyündən istefa verdi. Onun hazırladığı məruzə Assambleyanın 2017-ci il payız sessiyasında təsdiqləndi.
Qeyd etməliyəm ki, anti-Azərbaycan qüvvələr AŞPA-da hər vəchlə Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlarını davam etdirirdilər. Bu məqsədlə müxtəlif örtüklər altında qətnamə layihələri irəli sürür və məruzələrin hazırlanmasına çalışırdılar. Onlar bu dəfə yeni taktika seçərək irəli sürdükləri qətnamə təkliflərini başlığında açıq şəkildə Azərbaycanın adını çəkmirdilər, həmin qətnamə təkliflərində qaldırılmış məsələləri Avropa Şurasına üzv dövlətlər kontekstində göstərirdilər. Belə məsələlər sırasında estoniyalı deputat xanım Mailis Reps (ALDE) tərəfindən hazırlanmış “Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması” və lüksemburqlu deputat cənab İv Kruxten (SOC) tərəfindən hazırlanmış “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı?” başlıqlı məruzələri göstərməyi zəruri hesab edirəm. Belə ki, hər iki məruzə formal olaraq Avropa Şurasına üzv dövlətlərə və ya Avropa ölkələrinə şamil edilsə də, onların əsas hədəfi Azərbaycan idi. Bundan əlavə hər iki məruzəçi, həm xanım Reps, həm də cənab Kruxten daim qəti anti-Azərbaycan mövqeyindən çıxış etmişdilər, ölkəmizə qarşı qərəzlilik və düşmənçilik nümayiş etdirməklə məşhurlaşmışdılar. Misal olaraq göstərmək istərdim ki, xanım Reps “insan hüquqları müdafiəçilərinin qorunması” üzrə məruzəçi vəzifəsindən sui-istifadə edərək, son illər ərzində tamamilə əsassız və qərəzli şəkildə Azərbaycana hücumlar edirdi. O, AŞPA Katibliyinin fəal dəstəyi ilə AŞPA-nın internet səhifəsində və beynəlxalq mətbuatda Azərbaycana qarşı çox qərəzli bəyanatlar dərc etdirirdi. Hər dəfə komitələrdə və plenar iclasda keçirilən müzakirələr zamanı o, AŞPA-nın rəsmi mövqeyinə məhəl qoymadan Azərbaycana qarşı qərəzli iddialarla çıxış edirdi. Bundan əlavə, AŞPA Baş katibi Savitski və onun rəhbərlik etdiyi katiblik öz qəti anti-Azərbaycan mövqeyinə sadiqlik nümayiş etdirərək, xanım Repsi fəal surətdə dəstəkləyirdi. Assambleyanın rəsmi qəbul etdiyi mətnlər əvəzinə, onun şəxsi bəyanatlarına daha çox əhəmiyyət verir və onları daha çox işıqlandırırdı.