Avropanın ermənipərəst və anti-Azərbaycan qüvvələri Sorosun maliyyələşdirdiyi Avropa Sabitlik Təşəbbüsü və digər QHT tərəfindən səsləndirilmiş qərəzli spekulyasiyalara və böhtana əsaslanaraq 2016-cı ilin son ayları və AŞPA-nın 2017-ci il yanvar sessiyası ərəfəsində öz təqib kampaniyalarını daha da kəskinləşdirdilər və ardıcıl olaraq hesabatlar hazırlayaraq Azərbaycana qarşı əsassız korrupsiya iddiaları ilə çıxış etdilər. Əsassız korrupsiya iddialarına dair hesabatların yayımlanması intensivliyi, hərbi terminlərlə desək, hücumdan əvvəl “artilleriya hazırlığı”nı xatırladırdı.
Belə ki, 21 noyabr 2016-cı ildə İtaliyanın ictimai televiziyası RAİ 3-ün aparıcı tədqiqat formatı olan “Report” verilişi Avropa Şurasında korrupsiya barədə sənədli film təqdim etdi.
Bunun ardınca, 17 dekabr 2016-cı ildə Avropa Sabitlik Təşəbbüsü təşkilatı “Kürü Diplomatiyası – Avropa bataqlığı (Kürü Diplomatiyası 2-ci hissə) – ittihamçılar, korrupsiya və Avropa Şurası” adlı ikinci hesabatını dərc etdi.
Qlobal anti-korrupsiya QHT-si hesab edilən Transparency International və onun altı Avropa ofisi 20 yanvar 2017-ci ildə yaydıqları müraciətdə “Avropa Şurasının ali rəsmilərini təşkilatdakı ciddi korrupsiya iddialarını”, o cümlədən “2013-cü ilin yanvar ayında siyasi məhbuslara dair AŞPA səsverməsi zamanı vəziyyəti və Azərbaycan nümayəndə heyəti üzvlərinin davranışını bu məsələlər üzrə ekspertin rəhbərliyi ilə müstəqil araşdırmağa” çağırdı.
Amnesty International təşkilatı da yanvarın 20-də AŞPA-nın rəhbərlərinə ünvanladığı məktubda yazırdı ki, “AŞPA üzvlərinin Assambleya qətnamələrinin məzmununa və səsverməsinə təsir göstərmək müstəvisindəki qeyri-müvafiq davranışı ilə bağlı iddialar ciddidir.”
Beləliklə, AŞPA-nın 2017-ci il sessiyası ərəfəsində çox gərgin bir vəziyyət yaranmışdı. Odur ki, AŞPA-nın 23-27 yanvar 2017-ci il tarixli sessiyası çərçivəsində Sədarət Komitəsində Azərbaycan nümayəndə heyətinin və adları bəzi QHT-lər tərəfindən əsassız olaraq korrupsiyada hallanan 2 üzvünün (Elxan Süleymanov və Müslüm Məmmədov) səlahiyyətlərinin dayandırılması məsələsinin müzakirə edilməsinə cəhdlər göstərildi. Lakin Sədarət Komitəsində bunun Assambleyanın qaydalarına zidd olduğu bildirildi. Bununla yanaşı Sədarət Komitəsi Ermənistan Parlamentinin 2 üzvünün İtaliyanın RAİ 3 TV kanalına AŞPA-da qondarma korrupsiya halları ilə bağlı müsahibə verməsini parlament etikası baxımından qəbuledilməz davranış kimi qiymətləndirdi. AŞPA Baş katibi Savitskiyə 25 yanvardan gec olmayaraq, Ermənistan Parlamentinin spikerinə həmin deputatların davanışı məsələsinə baxılması və bu haqda AŞPA-ya məlumat verilməsini tələb edən məktub ünvanlamaq barədə göstəriş verildi.
Sədarət Komitəsi eyni zamanda Azərbaycana qarşı qərəzli mövqedə olan Avropa Sabitlik Təşəbbüsü təşkilatının Assambleya üzvlərinə qarşı əsassız ittihamlar irəli sürməsini onların azad və müstəqil səsverməsinə təsir etmək cəhdi kimi qiymətləndirdi. Komitə AŞPA Baş katibi Savitskiyə həmin təşkilata bu barədə xəbərdarlıq məktubu göndərilməsi barədə göstəriş verdi.
Lakin anti-Azərbaycan qüvvələr sessiya zamanı hadisələri başqa məcraya yönləndirməyə nail oldular. Assambleyanın 2017-ci il qış sessiyasının ilk günü – 23 yanvarda keçirilən plenar iclası “insan hüquqları məsələlərinə dair səsvermələrə təsir göstərmiş” ciddi korrupsiya iddialarını araşdırmaq barədə çağırışlar ilə müşayiət olundu. Plenar iclasda fransalı deputat Jozet Durye və danimarkalı deputat Dogens Yensen, niderlandlıdeputat Tini Koks, britaniyalı Yan Liddel-Qreyncer, AŞPA-nın keçmiş prezidenti Ann Brassör çıxış edərək, korrupsiya iddialarının təcili araşdırılmasına çağırışlar etdilər.
AŞPA Prezidenti Pedro Aqramunt məsələ ilə bağlı mövqeyini ortaya qoyaraq, korrupsiya ilə bağlı müzakirəni “şərəf” məsələsi adlandırdı. Pedro Aqramunt bildirdi: “Mən, Assambleyanın Prezidenti kimi Assambleyanın və ya onun hər hansı üzvünün şərəfinə böhtan atılmasına icazə verə bilmərəm. Mən bu Assambleyadan bəzilərinin rəqib və ya düşmən kimi gördüyü dövlətlərə qarşı öz maraqları üçün mübarizə platforması kimi istifadə etməsinə icazə verə bilmərəm. Mən səsvermənin nəticələrindən qane olmayan kəslərin təşəbbüsü ilə irəli sürülmüş nifrət kampaniyalarına, söz hücumlarına, qarayaxmaya və ya təzyiqə icazə verə bilmərəm… Anlamaq lazımdır ki, fərdin şərəfinə və nüfuzuna qarşı qeyri-qanuni hücumlar məhkəmə müdafiəsi tələb edə bilər.”
Qeyd edilməlidir ki, AŞPA-da EPP Qrupunun rəhbəri Aksel Fişer 25 yanvarda Aqramunta ünvanladığı məktubda deputatların davranışını deyil, bu məsələni qaldıran QHT-ləri araşdırmağa çağıraraq yazırdı: “Biz hesab edirik ki, Parlament Assambleyasının bütün hazırki və … keçmiş üzvləri Assambleyanın qaydalarına hörmət etməli və QHT-lərlə əməkdaşlıq etməmişdən əvvəl həmin QHT-lərin işi, məqsədləri və maliyyə prosedurları ilə tanış olmalıdır…”.
Lakin Aksel Fişerin AŞPA üzvlərinə qarşı korrupsiya iddiaları irəli sürən “QHT-lərin işi, məqsədləri və maliyyə prosedurları ilə tanış” olmaq barədə çağırışlarına nə Assambleya rəhbərliyi, nə də Assambleya üzvləri məhəl qoymadı. Artıq korrupsiya iddiaları ilə bağlı anti-Azərbaycan “təkəri” işə salınmışdı…
Yaranmış vəziyyətdən yararlanan sərt anti-Azərbaycan mövqeli niderlandlı deputat Pyeter Omtziqt (EPP) və alman deputat Frank Şvabenin (Sosial-demokrat) rəhbərliyi altında bir qrup deputat 25 yanvar 2017-ci ildə “Parlament Assambleyasının bütövlüyü” adlı bəyannamə ilə çıxış etdilər. Bir neçə saat ərzində 25 ölkəni təmsil edən 64 nəfər AŞPA üzvü imzaladığı bu bəyannamənin müəllifləri AŞPA-nı iki konkret addımı atmağa, digər tərəfdən isə siyasi partiya qrupları üzrə bütün üzvləri bu çağırışı dəstəkləməyə çağırırdı. Bəyannamədə “Bəzi üzvlərin ağır qeyri-müvafiq davranışı barədə son ciddi və etibarlı iddiaların Parlament Assambleyasının vahidliyinə olan ictimai etimada xələl gətirə” biləcəyi qeyd edilərək bildirilirdi:
“Biz, aşağıda imza edən Parlament Assambleyası üzvləri hesab edirik ki, Parlament Assambleyası
1. son illər Assambleyanın işinə təsir göstərmiş qeyri-müvafiq davranış və ya korrupsiya ilə bağlı bütün iddiaların, xüsusilə 2013-cü ilin yanvar ayında Azərbaycanda siyasi məhbuslara dair səsvermə barədə iddiaların yubanmadan kənar, tam müstəqil və bitərəf araşdırmasını aparmalıdır. Araşdırmanın nəticələri və tövsiyələr birbaşa Assambleyaya və ümumilikdə ictimaiyyətə açıqlanmalıdır.
2. təmin etməlidir ki, Assambleyanın Davranış Kodeksi beynəlxalq təcrübəyə və GRECO-nun verdiyi tövsiyələrə müvafiq şəkildə gücləndirilsin və Assambleya yanında daimi müstəqil mexanizm bu standartlara ciddi riayət olunmasma nəzarət etsin və bu standartları tətbiq etsin.”
Maraqlıdır ki, cənab Omtziqt və cənab Şvabe deputatlara yaxınlaşaraq “diqqət, yaxşısı budur, bunu imzalayasınız: əgər Azərbaycanı tənqid etməsəniz, siz açıqcasına şübhəli hesab ediləcək, tənqid olunacaq və qara siyahıya salınacaqsınız” şüarı ilə onları şantaj edirdilər. Bu cənablar deputatları irəli sürdükləri qətnamə təklifini imzalamağa, milli nümayəndə heyətlərini isə oxşar məktublar yazmağa sövq edirdilər. Beləliklə, mart ayının əvvəlində bəyanatı artıq 88 AŞPA üzvü dəstəkləmişdi.
AŞPA Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsi 26 yanvarda Pyeter Omtziqt-Frank Şvabe bəyannaməsini qəbul etdi və Büronu Assambleyada korrupsiya iddialarını araşdırmaq və ona şərait yaradan gizli təcrübələri aşkar etmək məqsədilə müstəqil istintaq orqanı təsis etməyə çağırdı. Büro Assambleyanın 2017-ci il qış sessiyasının son günü – 27 yanvarda keçirilən iclasında məsələ ilə bağlı qərar qəbul etdi. Büronun qərarında deyilirdi: “korrupsiyaya şərait yaradan gizli təcrübələri aşkar etmək məqsədilə müstəqil kənar istintaq aparılmalıdır. Büro AŞPA Baş Katibinə müstəqil kənar istintaq orqanının mümkün ilkin səlahiyyətlərinə dair Memorandum hazırlamağı tapşırdı.”
Diqqəti çəkən məqam ondan ibarət idi ki, Qaydalar Komitəsində “müstəqil kənar istintaq orqanı təsis etməyə” çağıran qərar Milan Məhkəməsinin Volontenin işi ilə bağlı iclasından cəmi bir gün əvvəl qəbul edilmişdi. AŞPA Bürosu Milanda bu iddia edilən ittihama dair İtaliya hakiminin verəcəyi qərarı belə gözləmədən, buna bənzər təzyiq altında “Komitənin müraciəti”ni icra etməyə məcbur edildi.
Bununla belə, Milan Məhkəməsi 27 yanvar 2017-ci il tarixində Luka Volonte işi ilə bağlı qərar qəbul etdi. Vacibliyini nəzərə alaraq, bu qərardan aşağıdakı sitatı gətirmək istərdim:
“İtaliya xalqı adından
Bəyan edir:
İtaliya Konstitusiyasının 68-ci maddəsinin 1-ci bəndi, İtaliya Parlamentinin Aşağı Palatasının 140/2003 nömrəli Qanunu, Avropa Şurasının Nizamnaməsi, Avropa Şurasının üzvlərinin imtiyazları üzrə Ümumi Sazişin 14-15 maddələri, 3-cü və 5-ci əlavə Protokollarında göstərilən imtiyaz müddəası əsas gətirilərək, Luka Volonte Giuseppe barədə qaldırılan iddianın əssassız olması səbəbindən, onun öz səlahiyyətlərinin icrası zamanı rüşvət alması ittihamı üzrə cinayət təqibinə xitam verilməsinə qərar verilir.”
Lakin artıq AŞPA Bürosu qərar vermişdi. Bununla da bir qrup deputatın şantajı və əsassız iddiaları AŞPA üzvləri arasındakı vahidliyi tamamilə pozdu və təəssüf ki, AŞPA-nın qlobal etibarlılığına açıq xələl gətirdi.
Yeri gəlmişkən bildirmək istərdim ki, 13 fevral 2018-ci il tarixində 6-cı seksiya məhkəməsinin (Milan şəhəri) hakimi cənab Qalli qərar verib ki, cənab Volonteyə qarşı çirkli pulların yuyulması maddəsi ilə qaldırılmış iddia əsassız olduğu üçün rədd edilir. Milan Prokurorluğu bu qərardan narazı qalaraq birbaşa Kassasiya Məhkəməsinə şikayət edib. Kassasiya Məhkəməsi 18 oktyabr 2018-ci il tarixində qərar verib ki, Milan Prokurorluğunun Kassasiya Məhkəməsinə əvvəlki qərardan şikayət vermələri üçün göstərdikləri səbəblər əsassızdır, qərardan verilən şikayət rədd edilir.
Eyni zamanda məntiqi sual ortaya çıxır: Bir qrup deputatın 2013-cü il Ştrasser məruzəsinin araşdırılmasını, səsvermənin nəticələrinin ləğv edilməsini, qondarma siyasi məhbus problemi ilə bağlı Azərbaycan üzrə yeni məruzəçi təyin edilməsini və bu məlumatların araşdırılması üçün müstəqil qurumun yaradılmasını tələb edən bəyanatla çıxış etməsi və AŞPA Bürosunda Milan Məhkəməsinin qərarına məhəl qoymadan “müstəqil kənar istintaq orqanı təsis etmək” barədə qərarın qəbul edilməsi nəyi sübut etdi? – Bu qurumda Azərbaycana qarşı siyasi təsir göstərilməsinin sporadik xarakter daşımadığını və uzunmüddətli planlaşdırılmış anti-Azərbaycan strategiyasının tərkib hissəsi olduğunu.
Nəhayət, AŞPA-nın Baş Katibi Voytsix Savitski 3 mart 2017-ci ildə “Assambleya daxilində korrupsiya iddiaları – müstəqil kənar istintaq orqanının təsis edilməsi” adlı memorandum layihəsini hazırlayaraq AŞPA Sədarət Komitəsinin və Bürosunun 9 mart tarixində Madriddə keçirilən iclasına təqdim etdi. Büronun Madrid iclasında Savitskinin təqdim etdiyi memorandum layihəsi ilə bağlı qəbul etdiyi qərarında deyilirdi: “Assambleya baş katibin hazırladığı memorandumu nəzərə aldı və növbəti Büro iclasında qəbul ediləcək yenilənmiş təklif hazırlanması məqsədilə beş siyasi qrup rəhbərini dəvət etmək qərarı verdi.” Lakin siyasi qrup rəhbərləri məsələ ilə bağlı vahid təklif hazırlamaq üçün razılığa gələ bilmədilər.
Bununla belə, Büro 24 aprel 2017-ci il tarixli iclasında faktiki olaraq Voytsix Savitskinin hazırladığı “Assambleya daxilində korrupsiya iddiaları – müstəqil kənar istintaq orqanının təsis edilməsi” adlı memorandum əsasında İstintaq Orqanının səlahiyyətlərinə dair qərar qəbul etdi. Büro eyni zamanda AŞPA Baş katibinə orqanın tərkibi ilə bağlı danışıqlar aparmağı, bu barədə təklif verməyi və orqanın müvafiq fəaliyyətini təmin etmək üçün tələb olunan resurslara zəmanət vermək məqsədilə zəruri addımlar atmağı tapşırdı. Assambleya 28 aprel 2017-ci ildə İstintaq Orqanının səlahiyyətlərini təsdiqlədi.
Büro 29 may 2017-ci ildə Müstəqil Kənar İstintaq Orqanının üç nəfərdən ibarət tərkibini təsdiq etdi. Bunlar keçmiş hakim və Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş Prezidenti Ser Nikolas Bratza (Birləşmiş Krallıq), terrorçuluqla bağlı istintaqlar üzrə məsul keçmiş hakim və anti-terrorçuluq məsələləri üzrə beynəlxalq ekspert Jean-Louis Brugiere (Fransa), o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi və İsveçin keçmiş Baş Parlament Ombudsmanı Elizabet Fura (İsveç) idilər. İstintaq Orqanının tərkibi 26 iyun 2017-ci ildə Assambleyanın plenar sessiyası tərəfindən təsdiqləndi.
Müstəqil Kənar İstintaq Orqanının səlahiyyətlərinə əsasən, yekun məruzəsini təqdim etdikdən sonra və ya ən geci 31 dekabr 2017-ci ildə onun vəzifələrinə xitam verilməlidir. Lakin sənəddə eyni zamanda nəzərdə tutulmuşdur ki, Büro, lazımi təqdirdə, orqanın səlahiyyət müddətini uzada bilər. Odur ki, Büro 23 noyabr 2017-ci il tarixli iclasında İstintaq Orqanının səlahiyyət müddətini uzatmaq qərarı verdi və onu öz məruzəsini 15 aprel 2018-ci il tarixində təqdim etmək barədə təlimatlandırdı.
Qeyd edilməlidir ki, Assambleya tərəfindən Müstəqil Kənar İstintaq Orqanının təsis edilməsi Avropa Şurasının Nizamnaməsi ilə ziddiyyət təşkil edirdi. Belə ki, Nizamnamənin 24-cü maddəsinə əsasən, Parlament Assambleyası “bütün prosedur məsələləri üzrə rəylərin hazırlanması üçün komitə və ya komissiyalar təsis edə bilər”. Beləliklə, Nizamnamədə Parlament Assambleyası tərəfindən təhqiqat, istintaq və ya hüquqi araşdırma aparmaq məqsədilə kənar ekspertlərdən ibarət hər hansı müstəqil istintaq orqanının yaradılması imkanı nəzərdə tutulmayıb.
Eyni zamanda, yaradılan Kənar İstintaq Orqanının müstəqilliyi həqiqətə uyğun deyildi. Belə ki, Büronun qərarı ilə”AŞPA Baş Katibinə orqanın tərkibi ilə bağlı danışıqlar aparmaq, bu barədə təklif vermək və orqanın müvafiq fəaliyyətini təmin etmək üçün tələb olunan resurslara zəmanət vermək məqsədilə zəruri addımlar atmaq” tapşırılırdı. Amma məlum idi ki, AŞPA-nın baş katibi Voytsix Savitski sərt anti-Azərbaycan mövqedən çıxış edirdi, o, Azərbaycana qarşı irəli sürülmüş korrupsiya ittihamlarının əsas “dirijorlarından” biridir. Odur ki, AŞPA Baş Katibi məsələ ilə bağlı marağı olan tərəf olduğu üçün onun verdiyi zəmanət heç bir vəchlə qərəzsiz və neytral ola bilməzdi.
Bununla barabər kənar ekspertlərdən ibarət istintaq orqanına Assambleya üzvlərinin fəaliyyəti ilə bağlı faktlarla təsdiq edilməmiş hər hansı əsassız iddiaları araşdırmaq məqsədilə istənilən deputatı sorğu-suala tutmaq, üzv dövlətlərdən tələb etmək və s. kimi əlahiddə səlahiyyətlər verilirdi. Kənar istintaq orqanına belə səlahiyyətlərin verilməsi AŞPA üzvlərinə açıq-aşkar inamsızlıq və hörmətsizlik idi. Belə ki, AŞPA üzvü olmaq üçün mandatı milli parlamentlər verir, üzv dövlətlər deputatların toxunulmazlığına zəmanət verir və onun toxunulmazlığı zəruri hallarda milli dövlət orqanları tərəfindən ləğv edilə bilər. Odur ki, AŞPA-nın, onun yaratdığı hər hansı qurumun belə bir səlahiyyəti ola bilməz.