4.5. AŞPA-da korrupsiya iddialarına dair Müstəqil İstintaq Orqanının hesabatının gizli məqamları

Müstəqil Kənar İstintaq Orqanı “Parlament Assambleyası daxilində korrupsiya iddialarına dair” hesabatını hazırlayıb 15 aprel 2018-ci ildə təqdim etdi. Bu hesabat Assambleyanın 26 aprel 2018-ci il iclasında təsdiqləndi. İstintaq Orqanının hesabatı 217 səhifədən ibarətdir və 2008-ci ildən sonrakı dövrü əhatə edir.

Xatırladım ki, Müstəqil Kənar İstintaq Orqanının mandatı onun səlahiyyətlərinə dair qəbul edilmiş sənədə əsasən AŞPA üzvlərinin və ya keçmiş üzvlərinin aktiv və passiv korrupsiya fəaliyyətini araşdırmaqdan ibarət olmalı, Avropa Şurasına üzv ölkələrin hamısını əhatə etməli idi.

Lakin hesabatla yaxından tanış olduqda görünür ki, hesabatın yalnız bir səhifəsi digər üzv dövlətlərə, qalan hissəsi isə Azərbaycanla bağlı məsələlərə həsr edilib. Beləliklə, İstintaq Orqanının üzvləri hesabatı hazırlayarkən, öz mandatlarını Azərbaycanla məhdudlaşdırıb, Azərbaycan dövləti tərəfindən birbaşa və ya dolayı yolla təşkil edilməsi iddia edilən korrupsiya aktlarını “araşdırmışlar”. Digər dövlətləri əhatə edən korrupsiya halları hesabatda forma naminə heç bir araşdırmalar olmadan qeyd olunur. Hesabatda digər dövlətləri nəzərdə tutan korrupsiya dosyeləri əslində təhqiqat aparılmadan formal olaraq xatırlanıb. Doğrudan da, hesabatın “Giriş” hissəsinin “B. İstintaq Orqanının baxış bucağının miqyası” bölməsi ilə tanış olduqda hesabat müəllifləri öz mandatını Azərbaycan üzərində məhdudlaşdırdığını aşkar şəkildə vurğulayırlar. Belə ki, həmin bölməni bir-biri ilə ziddiyyət təşkil edən cümlələrlə başlayırlar. Onlar, bir tərəfdən, yazırlar ki, “İstintaq Orqanının mandatını müəyyənləşdirən səlahiyyətlər iddia edilən korrupsiyanın hər hansı xüsusi nümunəsini müəyyənləşdirmir, yaxud onlar korrupsiya və ya maraqların təşviqinə cəlb olunması iddia edilən hər hansı fərd, müəssisə və ya ölkənin adını çəkmir.” Lakin dərhal növbəti cümlədə öz yazdıqlarını təkzib edirlər və Azərbaycanın adını çəkərək bildirirlər: “Buna baxmayaraq, Azərbaycanın hədiyyə və pul müqabilində AŞPA-dakı tənqidi susdurmaq və “kürü diplomatiyası” kimi tanınmış iddia edilən cəhdlərini açıq şəkildə ittiham edən bir sıra QHT-lərin hesabatları (bu hesabatların mahiyyəti barədə aşağıda ətraflı danışılır) İstintaq Orqanının baxışını Azərbaycanla bağlı belə iddiaların üzərinə istiqamətləndirmişdir”. Beləliklə, hesabatda açıq-aydın göstərilir ki, “bir sıra QHT-lərin hesabatları … İstintaq Orqanının baxışını Azərbaycanla bağlı belə iddiaların üzərinə istiqamətləndirmişdir”.

Diqqəti çəkən əsas məqamlardan digəri də hesabatın “Giriş” hissəsinin “B. İstintaq Orqanının baxış bucağının miqyası” bölməsində açıqlanır. Burada Azərbaycana qarşı irəli sürülən iddiaların mənbəyi kimi Avropa Sabitlik Təşəbbüsü təşkilatı göstərilir və aydın olur ki, İstintaq Orqanı öz hesabatını əsasən Avropa Sabitlik Təşəbbüsü və anti-Azərbaycan alyansında iştirak edən digər QHT-lərin zaman-zaman hazırladığı materiallar əsasında hazırlayıb. Bu təşkilatın Azərbaycan qarşı qərəzli və açıq düşmən mövqeyi barədə yuxarıda kifayət qədər təhlil apardığımıza görə, onların hazırladıqları materialların təhlilinə lüzum yoxdur.

İstintaq Orqanı hesabatda qeyd edir ki, AŞPA nəzdində Azərbaycanın maraqları istiqamətində fəaliyyət göstərən bir qrup insan var. Lakin İstintaq Orqanı “onların birtərəfli qaydada fəaliyyət göstərən vahid strukturun tərkib hissəsi olduğunu kifayət qədər əminliklə təsdiq edə bilməyib”. Beləliklə, İstintaq Orqanı Assambleya nəzdində Azərbaycanın maraqları istiqamətində fəaliyyət göstərən və vahid struktura malik olan hər hansı qrup aşkar etməyib və heç bir fakt göstərmədən həmin üzvlərin Assambleyanın etik normalarına zidd davrandıqlarını iddia ediblər.

Gözlənildiyi kimi, hesabatda İstintaq Orqanı Azərbaycanla bağlı fəaliyyətlərlə əlaqədar təqdim edilən “hədiyyələrə xüsusi yer ayırıb. Lakin heç bir əsas və ya fakt aşkarlamayan hesabat müəllifləri etiraf edirlər ki, hədiyyələrin “parlamentin və ya Katibliyin hər hansı bir üzvünün öhdəlikləri əvəzinə müəyyən tərzdə xüsusi fəaliyyət göstərmələri üçün verildiyi” sübut edilməyib.

Hesabatda AŞPA-da lobbiçilik fəaliyyətinin icra edilməsinə diqqət ayrılır və İstintaq Orqanı, AŞPA-nın bir sıra keçmiş parlamentarilərinin AŞPA-nın Davranış Kodeksinə zidd tərzdə belə fəaliyyətlər həyata keçirdikləri qənaətinə gəlir. Lakin İstintaq Orqanı hesabatda Azərbaycanın xeyrinə korrupsiya fəaliyyətlərinə gəldikdə, belə nəticə çıxarıb ki, “AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin belə təbiətli fəaliyyət göstərdiklərinə dair çox şübhələr var”. Beləliklə, hesabat müəlliflərinin təbirincə desək, İstintaq Orqanı “çox şübhələr” əsasında Azərbaycanla bağlı korrupsiya iddialarını araşdırır.

Maraqlıdır ki, hesabatda hər hansı konkret korrupsiya iddiası göstərilərkən istinad kimi “müəyyən edilməmiş bir mənbənin iddiasına görə”, “eşitdiyinə görə”, “özünün eşitdiyi söz-söhbətə görə” kimi ifadələrdən istifadə edilir. Bundan əlavə, hesabatda Avropa Sabitlik Təşkilatının hesabatında “sistematik olaraq hər sessiyada” “Azərbaycanın AŞPA-dakı “əsas dostlar”ına və katibliyin digər 3 və ya 4 üzvünə” kürü təklif edilməsi barədə iddialar yer almışdır. Bu iddialarla bağlı AŞPA Baş Katibi Savitski Avropa Sabitlik Təşkilaüna məktub göndərərək “katibliyə qarşı irəli sürülən korrupsiya iddiaları ilə bağlı dəlillə təmin etməyi” istədiyi və onun məktubunun cavabsız qaldığı qeyd edilir. Amma Knaus bu məsələ ilə bağlı “İstintaq Orqanına verdiyi şifahi ifadəsində ESİ mənbəsinin hədiyyələr qəbul edən bəzi şəxslərin adlarını verdiyini, lakin ESİ məlumatın dəqiqliyindən əmin olmadığından həmin adları istifadə etməmək qərarına gəldiyini bldirmişdir”. Maraqlıdır, deyilmi?!

Diqqəti çəkən məqam ondan ibarətdir ki, İstintaq Orqanının əsaslandığı “çox şübhələr” şayiə xarakterli dolayı mülahizələrdən ibarətdir. Belə ki, İstintaq Orqanı hesabatda Azərbaycanla əməkdaşlıq edən AŞPA üzvlərinə qarşı irəli sürdüyü korrupsiya şübhələrini heç bir faktla təsdiq etmir. Onlar öz şübhələrini əsaslandırmaq üçün Azərbaycanın daxilində olan və xaricdə sığınacaq tapmış bir sıra radikal fikirli müxalifət nümayəndəsinin və xarici anti-Azərbaycan elementlərin müxtəlif KİV-lərdə səsləndirdikləri iddialara və İstintaq Orqanına verdikləri ifadələrinə istinad edirlər. Lakin İstintaq Orqanının bu iddiaları yoxlamaq üçün tədqiqat vasitəsi və ya kifayət qədər iradəsi olmayıb. Göründüyü kimi, hesabatda korrupsiya iddiaları rəsmən öz təsdiqini tapmayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, İstintaq Orqanının istinad etdiyi mənbələrdən biri Azərbaycana qarşı düşmən mövqedən çıxış edən və Azərbaycanla bağlı qondarma korrupsiya iddialarının müəlliflərindən biri olan Avropada fəaliyyət göstərən Avropa Sabitlik Təşəbbüsü (ESİ) təşkilatının hesabatlarıdır. Maraqlıdır ki, bir müddət əvvəl Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) öz hesabatında ESİ-nin Corc Soros tərəfindən təşkil edildiyini və erməni məsələsinin xeyrinə Azərbaycanda qeyri-sabitlik yaratmaq məqsədi daşıdığını vurğulamışdı. Həmin hesabata cavab olaraq, ESİ-nin rəhbəri Knaus 6 sentyabr 2017-ci ildə bildirdi ki, ESİ heç vaxt Ermənistandan pul almayıb və Ermənistan haqqında genosid məsələsi ilə bağlı yalnız bir dəfə hesabat hazırlayıb. İstintaq Orqanının hesabatında qeyd edilir ki, “Knausa görə, Albaniyada işləmək, Aİ-də bəzi ümumi işlər və insan hüquqları ilə bağlı məsələlər üçün Corc Soros Fondu ESİ-nin ümumi büdcəsinin 16%-ni təmin etmişdir. Knaus həmçinin vurğulamışdır ki, Corc Soros Fondu indi də ESİ büdcəsinin 20%-ni təmin edir və 2012-ci ildə ilk ESİ hesabatına təxminən 39 000 avro ödəniş etmişdir”. Əslində Knaus öz ifadələrində səmimi deyil və hiyləgərlik edir. Belə ki, o, İstintaq Orqanının yekun hesabatında Avropa Sabitlik Təşəbbüsünü beynəlxalq QHT kimi təqdim etsə də, bu təşkilat Avropa Komissiyası və Avropa Parlamentində 22 dekabr 2014-cü ildə lobbi təşkilatı kimi qeydiyyatdan keçib. Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədilə) 2012-2018-ci illər arasında Soros Fondundan 100 minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul edib. Gerald Knaus İstintaq Orqamndakı dinləmə zamanı bilərəkdən yalan danışaraq, Soros Fondundan 2012-ci ildə 39 000 dollar qəbul etdiyini bildirib. Əslində isə bu rəqəm 100 000 dollardır. Avropa Sabitlik Təşəbbüsü 2013-2014-cü illərdə “Siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının effektliliyinin artırılması” məqsədi ilə hər il üçün Soros Fondundan 150 000 dollar qrant alıb. Avropa Sabitlik Təşəbbüsünün Soros Fondu tərəfindən maliyyələşdirilməsini və həmin fond tərəfindən həyata keçirilmiş pul köçürmələrini təsdiq edən bank sənədlərinin surəti qeyd edilənlərlə bağlı bütün şübhələri aradan qaldırır.