4.6. Müstəqil Kənar İstintaq Orqanının hesabatı qəbul edildi…, məramlara aydınlıq gətirildi…

Assambleya Müstəqil Kənar İstintaq Orqanının hesabatını təsdiqlədikdən sonra Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsi məruzədə adı çəkilən Assambleya üzvlərinin davranışı ilə bağlı verdiyi tövsiyələr və gəldiyi nəticələrin izlənilməsi məqsədilə dinləmələr keçirdi.

Komitə sədri Petra de Sutter 8 iyun 2018-ci ildə məktub ünvanlayaraq İstintaq Orqanının hazırladığı hesabatda mənim “korrupsiya xarakterli fəaliyyətdə iştirak etməyimlə bağlı və AŞPA Davranış Kodeksinin 12-ci paraqrafmı ciddi şəkildə pozduğumu hesab etmək üçün kifayət qədər əsaslarının olduğunu vurğulamışdı və mənim bu orqanla əməkdaşlıq etmədiyimi qeyd etmişdi. Komitə sədri məni məsələ ilə bağlı şərh verməyə və ya birbaşa dinləmələrə üstünlük verəcəyim təqdirdə, Strasburqda iyun sessiyası zamanı Komitənin iclasına dəvət etməyə hazır olduğunu bildirirdi. Mən Müstəqil Kənar İstintaq Orqanının yaradılmasının Avropa Şurasının Nizamnaməsinə zidd olduğuna, bu orqana verilən səlahiyyətlərin üzv dövlətlərin suveren hüquqlarını pozduğuna, İstintaq Orqanının mandatının Azərbaycanla məhdudlaşdırıldığına etiraz əlaməti olaraq həmin orqanla əməkdaşlıq etmədiyimi vurğuladım və bu səbəblərdən Prosedur Qaydaları Komitəsinə məsələ ilə bağlı şərh verməyəcəyimi və hər hansı birbaşa dinləmələrdə iştirak etməyəcəyimi bildirdim.

Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsi 27 iyun 2018-ci ildə Parlament Assambleyası daxilində korrupsiya iddialarına dair müstəqil istintaq orqanının məruzəsi əsasında fərdi AŞPA üzvlərinin və keçmiş üzvlərinin davranışına dair nəticələr haqqında qərar qəbul etdi.

Komitə qərarına əsasən, 14 nəfər deputat Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilirdi. Komitənin bu qərarı məni xeyli təəccübləndirdi.

Belə ki, Prosedur Qaydaları Komitəsinin “Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi” formasında “cəzalandırdığı” 14 nəfərdən yalnız biri AŞPA üzvü idi, digər 13 nəfər isə AŞPA-nın keçmiş üzvləri idilər.

Digər tərəfdən, “cəzalandırılan” şəxslərin əksəriyyəti keçmiş deputatlar idilər, artıq öz ölkələrində parlament üzvləri deyildilər və aktiv siyasi-ictimai fəaliyyətlə məşğul olmurdular.

Təəccüblüdür, deyilmi? Əgər, hansısa təşkilatın üzvü olmayan adama həmin təşkilatın binasına daxil olmaq qadağan edilirsə, bu “qadağa”nı necə şərh etmək olar? Əgər həmin adam üstəlik təşkilata üzvlük statusu əldə etmək üçün heç bir şansı olmayan adamdırsa, yəni bizim halda öz ölkəsinin parlament üzvü deyilsə, onda necə?

Üçüncü tərəfdən, qərarda hər bir “cəzalandırılanla” bağlı “ömürlük məhrum edilməsi” ifadəsinin istifadə edilməsi qəribədir.

Belə ki, AŞPA üzvü olan deputatlar Assambleyanın sessiya və komitə iclaslarında iştirak etmək məqsədilə Strasburqa səfər edirlər və bu səfər həmin deputatların milli parlamentləri tərəfindən maliyyələşdirilir.

Lakin artıq AŞPA və öz ölkələrində milli parlamentlərin üzvü olmayan, aktiv fəaliyyətlə məşğul olmayan hər hansı insanın öz təqaüdü hesabına Avropa Şurasına getmək istəyi real deyildi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, “cəzalandırılmış” şəxslərdən bəziləri arüq 10 ildən artıqdır ki, deputat deyildilər və siyasi fəaliyyətlərini dayandırmışdılar.

Sual edilir: əgər onlar hər hansı AŞPA üzvü ilə görüşmək istəsələr, həmin üzvün öz şəhərində, ya fərqli bir Avropa paytaxtında, yaxud da elə Strasburqda bir kafedə görüşə bilməzlərmi? Bununla belə, ömrünün böyük hissəsini ictimai-siyasi fəaliyyətə həsr etmiş, arüq təqaüddə olan və həyatının ahıl dövrünü yaşayan, ən başlıcası isə hüquqi müstəvidə (məhkəmə qərarları ilə) təsdiqlənmiş hər hansı cinayət əməlləri törətməmiş insanların “ömürlük” “cəzalandırılması” nə dərəcədə Avropanın tez-tez səsləndirdiyi humanizm prinsipi ilə uzlaşır? Belə bir qərarın verilməsi daha çox sərsəm və tragikomik xarakter daşımırmı və çirkli “demokratiya” oyunu deyilmi?

Görəsən, AŞPA öz üzvü olmayan, əsasən təqaüddə olan və şüurlu həyatının əsas hissəsində ictimai-siyasi fəaliyyətlə məşğul olmuş insanların “Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi” barədə qərarı ilə nə demək istəyir? Bu o demək deyilmi ki, AŞPA-da artıq real işlərlə deyil, imitasiya xarakterli fəaliyyətlə məşğul olurlar?

Dördüncü tərəfdən, Komitə tərəfindən “cəzalandırılan” şəxslərin siyahısına nəzər saldıqda, görünür ki, bu şəxslər Azərbaycanın haqq səsini müdafiə edən, zaman-zaman Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı obyektiv fikirlər səsləndirən siyasətçilərdir. Düşünürəm ki, bu məqam Avropa institutunun obyektivliyini birdəfəlik şübhə alüna ala biləcək qədər ciddidir və qərar verənlərin iç üzünü açmış olur.

Aydındır ki, Azərbaycanın AŞPA-da son illər ərzində əldə etdiyi uğurlar, xüsusən də Ştrasserin qərəzli məruzəsinin 2013-cü ildə rədd edilməsi anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etmişdi. Həmin qüvvələr müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar.

Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə sanksiyaların tətbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əleyhinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiyaların olması barədə Avropa Sabitlik Təşəbbüsü təşkilatı tərəfindən bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılması məsələsi gündəliyə gətirildi və Avropa Şurasının Nizamnaməsinə zidd olaraq Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi.

Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair Müstəqil Kənar İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılmasına və Azərbaycandan siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə nail olmaq dayanırdı.

Doğrudan da, 2018-ci ilin yazında Müstəqil Kənar İstintaq Orqanının hesabatı qəbul edildikdən sonra AŞPA-da anti-Azərbaycan xarakterli qərarlar qəbul edildi.

Birincisi, hollandiyalı deputat Pyeter Omtziqt AŞPA-da yenidən Azərbaycanda siyasi məhbus məsələlərinə dair məruzənin hazırlanması və yeni məruzəçinin təyin edilməsi barədə qətnamə təklifi irəli sürdü. Büro bu məsələ ilə bağlı iyun ayının əvvəlində qərar qəbul etdi. Assambleyanın yay sessiyası zamanı 25 iyunda islandiyalı deputat Thorhild Sunna Evarsdottir Avropa Şurasının Hüquq və İnsan Hüquqları Komitəsinin sədri və “Azərbaycanda siyasi məhbuslar” üzrə məruzəçi təyin edildi.

İkincisi, Assambleyanın 26 iyun tarixliiclasında Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə dair hesabat qəbul edildi. Azərbaycana olan ədalətsiz və qərəzli təzyiqlərə bəraət qazandırmaq, ən əsası isə Azərbaycanın əvvəlki illərdəki seçkilərinə kölgə salmaq məqsədilə hesabatda 2018-ci il seçkilərinin nəticələri mənfi qiymətləndirildi.

Üçüncüsü, Assambleya 27 iyun 2018-ci ildə Azərbaycana qarşı qərəzliliyi ilə seçilən lüksemburqlu deputat İv Kruxtenin “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı?” başlıqlı məruzəsi qəbul edildi. Məruzədə vətəndaş cəmiyyəti hüquqlarının pozuntularına yol verən ölkələr arasında Azərbaycanın adı xüsusi qeyd olunur və ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin ciddi pisləşdiyi iddia edilir.

Məruzədə iddia edilir ki, öncə Avropa Şurası Azərbaycan hakimiyyətini QHT-lər haqqında qanunvericiliyi ləğv etməyə və Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırıb. Lakin Azərbaycan hakimiyyəti 2015-2016-cı illərdə QHT-lərlə bağlı hüquqları sərtləşdirib, xarici donorların Azərbaycanda fəaliyyətini qadağan edib, QHT-lərin fəaliyyətini tam nəzarətə götürüb, faktiki olaraq QHT-lərə xarici qrant almağı yasaqlayıb.

Dördüncüsü, Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsi tərəfindən 2018-ci ilin may ayında Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Predaya sanksiyalar tətbiq edildi. Odur ki, Assambleyanın yay sessiyası zamanı Azərbaycana qarşı ənənəvi olaraq qərəzli mövqedə olan Rocer Geyi Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edildi.

Qeyd edilməlidir ki, Müstəqil Kənar İstintaq Orqanının hesabatı AŞPA-da qəbul edildikdən bir qədər sonra Avropa Parlamentində də Azərbaycanla bağlı qərarlar qəbul edildi. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi may ayının ortalarında 56 nəfər lehinə, 2 nəfər əleyhinə, 7 nəfər bitərəf olmaqla Avropa İttifaqının rəhbərliyinə Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı şərtlərdən ibarət tövsiyələr paketi qəbul etdi. Avropa Parlamenti iyulun 4-də bu tövsiyələri 564 səs lehinə, 69 səs əleyhinə, 47 nəfər bitərəf olmaqla təsdiqlədi.

Avropa Parlamentinin Avropa Komissiyası və Aİ xarici siyasət idarəsinin rəhbərinə ünvanlanmış tövsiyələrində bildirilir ki, danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsi vacibdir və Azərbaycan hakimiyyəti yadda saxlamalıdır ki, əgər Aİ əsas dəyərlərinə və hüquqlarına əməl etməsə, heç bir hərtərəfli saziş ratifikasiya edilməyəcək. Vurğulanır ki, iqtisadi cinayətlər, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görülməli, “Laundromat” işi çərçivəsində pulların yuyulması araşdırılmalıdır. Göründüyü kimi, Avropa Parlamenti də siyasi məhbus və korrupsiya iddiaları məsələlərini Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq sazişinin imzalanması və ratifikasiya edilməsində şərt kimi irəli sürüb.