ÖN SÖZ

XX yüzilin sonunda dünyada qlobal proseslər baş verdi. Bu proseslər ikiqütblü ideoloji və hərbi-siyasi qarşıdurma ilə xarakterizə edilən “soyuq müharibə”nin başa çatması, SSRİ-nin süqutu, sosialist düşərgəsinin dağılması və Varşava Müqaviləsi Təşkilatının ləğv edilməsi ilə nəticələndi. Bu isə, öz növbəsində, beynəlxalq aləmdə siyasi mühitin köklü şəkildə transformasiyasına və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu.

Baş verən proseslər nəticəsində yeni suveren dövlətlər meydana gəldi. Yeni suveren dövlətlərin dünya birliyinə inteqrasiyası və beynəlxalq münasibətlər sisteminə qatılması, onların öz milli maraqlarına uyğun xarici siyasət fəaliyyətinə başlaması dünyada yeni dövlətlərarası münasibətlər nizamının formalaşması ilə müşayiət olundu. Yeni dünya nizamı, bir tərəfdən, qlobal qarşıdurmanın aradan qalxması və beynəlxalq səviyyədə siyasi gərginliyin azalması, digər tərəfdən isə siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən, o cümlədən maraqların toqquşduğu məkanlara çevrilən bir sıra regional mərkəzlərin meydana çıxması ilə səciyyələnirdi.

Mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan Respublikasının Ali Soveti 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyinə dair Konstitusiya Aktı qəbul etdi. Müstəqilliyini bərpa etmiş Azərbaycanda bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dünya dövlətləri ilə qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlıq, sivil dünyaya, inkişaf etmiş beynəlxalq birliklərə inteqrasiya Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətiəri elan edildi.

Azərbaycanın qısa müddət ərzində dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş zəmin yaratmış oldu. Belə ki, ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin qurulması iqtisadi və mədəni əlaqələrin inkişafına yol açır, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq isə, öz növbəsində, siyasi münasibətlərin dərinləşməsi, qarşılıqlı etimadın güclənməsi yolunda mühüm əhəmiyyət kəsb edir.

Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan dünya dövlətləri ilə yanaşı universal və regional beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başladı. Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, ölkənin Dağlıq Qarabağ regionu və digər ərazilərinin Ermənistanın işğalından sülh yolu ilə azad olunması, bazar iqtisadiyyata istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunması məqsədilə beynəlxalq təşkilatların rolundan yararlanmağı vacib hesab edirdi. Azərbaycan 1991-ci ilin sonunda İslam Əməkdaşlıq Təşkilatına (2010-cu ilin ortalarına qədər İslam Konfransı Təşkilatı adlanırdı), 1992-ci ilin əvvəllərində isə ATƏT və BMT-yə üzv oldu, Avropa İttifaqı, NATO və başqa təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurdu, 2001-ci ildə isə Avropa Şurasına üzv qəbuİ edildi.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda eyni zamanda vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başladı. Üçüncü sektor təmsilçiləri öz inkişafında obyektiv və subyektiv xarakterli müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, cəmiyyətdə özlərini təsdiqləyə bildi. Bir müddət sonra vətəndaş cəmiyyəti institutları dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formalarda dəstək vermək potensialma malik oldular.

Yenicə dövlət müstəqilliyini əldə etmiş Azərbaycanın əhalisinin böyük əksəriyyəti, digər postsovet respublikalarında olduğu kimi, SSRİ dönəmində anadan olmuş və formalaşmış insanlardan ibarət idi. Onlar Sovet totalitar idarəetmə sistemindən xəbərdar idilər. Postsovet əhalisində Qərb demokratiyasına böyük inam və ümid var idi. Azərbaycan xalqı bu sırada öndə gedirdi.

Azərbaycan xalqında Qərb demokratiyasına, Avropa­nın demokratik institutlarına inteqrasiyaya və Avropa təsisatlarının obyektivliyinə böyük ümid var idi. Biz demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda Avropa təşkilatlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycana tərəfdaş olacağına sadəlövhcəsinə inanırdıq. Cəmiyyətdə bu inam bir çox hallarda eyforik xarakter daşıyırdı və sentimental hisslərlə müşahidə edilirdi. Ümumiliklə, Azərbaycan cəmiyyətində Avropa demokratiyasına inam hədsiz dərəcədə idi.

Lakin XXI əsrin ilk iki onilliyi bu eyforiyaya son qoydu. Azərbaycan Avropa qurumlarında ikili standartlara, məqsədyönlü əsassız təzyiqlərə, ayrı-seçkiliyə məruz qaldı. Bir vaxt hədsiz dərəcədə ümid bəslədiyimiz Avropa qurumlarında, sözün əsl mənasında, Azərbaycana qarşı çirkli “demokratiya” oyunu aparılırdı.

Mən bu hadisələrin iştirakçılarından biri olmuşam və bu hadisələrin bəzilərində aktiv iştirak etdiyimə görə mənə qarşı əsassız ittihamlar irəli sürülüb. Bir sıra hallarda baş verənlər məni sevindirib, bəzən məyus edib, bir sıra hallarda isə ədalətsizlikdən dəhşətə gəlmişəm. Zənnimcə, geniş ictimaiyyət bu hadisələrin əsl mahiyyətini bilməlidir. Odur ki, baş verənləri sistemləşdirərək, oxucuların diqqətinə çatdırmağa çalışmışam və bunu zəruri hesab edirəm.