SON SÖZ ƏVƏZİ

Təqdim edilən təhlillərdə Avropa strukturlarında baş verən hadisələrə obyektiv şərh verməyə və onların əsl mahiyyətini açmağa və təhlillər zamanı hissiyyatlara qapılmaqdan, qeyri-obyektivlikdən kənar olmağa çalışdım.

Əsas məqsədim Azərbaycanın davamlı şəkildə müxtəlif məsələlərlə bağlı Avropa strukturlarında əsassız tənqidlər və təzyiqlərlə üzləşməsinin səbəblərini araşdırmaqdan və bu basqılar və təzyiqlərin obyektivlik dərəcəsini müəyyənləşdirməkdən ibarət idi.

Hadisələrin təhlili göstərir ki, Azərbaycan bir qayda olaraq Avropa strukturlarında əsasən siyasi məhbus məsələsi, ölkədə keçirilən prezident və parlament seçkiləri və referendumların nəticələri ilə bağlı davamlı tənqidlərə məruz qalmışdır.

Təqdim edilən materiallar göstərir ki, Avropanın parlament strukturlarında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və uzun illər işğal altında saxlanılan Dağlıq Qarabağ regionu və digər əraziləri ilə bağlı ən yaxşı halda biganə münasibət hökm sürür, onlar işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoymur, əksər hallarda isə erməni diasporu və Ermənistan dövlətinin saxta təbliğatlarına uyaraq və beynəlxalq hüquq normalarına məhəl qoymayaraq işğalçı Ermənistanı müdafiə edirlər.

Qeyd edilən hər üç vacib məsələ ilə bağlı aparılan müzakirələrin görünən və görünməyən tərəflərinin, müzakirələr ətrafında baş verən olayların təhlili göstərir ki, Azərbaycana qarşı tənqidlər və təzyiqlər təsadüfi və xaotik xarakter daşımamışdır. Bu tənqidlər ermənipərəst və anti-Azərbaycan qüvvələri özündə birləşdirən bir mərkəz tərəfindən əvvəlcədən planlaşdırılmışdır və sistemli olmuşdur. Bu tənqidlər davamlı olmuşdur, onların intensivliyi gündəliyə gətirilən məsələlərin aktuallığından asılı olaraq dəyişmişdir və uzunmüddətli anti-Azərbaycan strategiyasının tərkib hissəsi olmuşdur.

Bu qüvvələr öz anti-Azərbaycan strategiyasını reallaşdırmaq üçün vahid mərkəzdən maliyyələşən QHT-lərlə işbirliyi qurmuş, mütəmadi olaraq heç bir faktlara əsaslanmayan qərəzli və nifrətlə dolu materiallar yayaraq beynəlxalq aləmdə Azərbaycanın imicinə xələl gətirməyə çalışmışlar.

Hadisələrin retrospektiv təhlili göstərir ki, Azərbaycanın AŞPA-da əldə etdiyi uğurlardan ciddi narahat olan anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı strategiya işləyib-hazırlamış və bu strategiyanı reallaşdırmağa davamlı səylər göstərmişlər. Onlar öz məqsədlərinə nail olmaq üçün Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmanın qeyri-mümkünlüyünə əmin olaraq yeni strategiya – Azərbaycana qarşı əsassız korrupsiya iddiaları irəli sürərək AŞPA-da qəbul edilmiş qərarların obyektivliyini şübhə altma almaq və yenidən gündəliyə gətirilməsinə nail olmaq yolunu seçdilər.

Sözsüz ki, AŞPA-da istənilən üzv dövlətə, o cümlədən Azərbaycana qarşı ən effektiv təsir vasitəsi olan siyasi məhbus məsələsinin yenidən gündəliyə gətirilməsi prioritet məqsəd olmuşdur. Ştrasserin Azərbaycanda siyasi məhbusların olmasını ehtiva edən qərəzli məruzəsinin 2013-cü ilin yanvar sessiyası zamanı Assambleyanın plenar iclasında rədd edilməsindən sonra AŞPA-da anti-Azərbaycan və ermənipərəst qüvvələrin Azərbaycana qarşı yeni siyasi təsir imkanları əldə etmək məqsədilə hazırladıqları strategiyaların əsasında qondarma siyasi məhbus məsələsinin hər vəchlə yenidən gündəliyə qaytarılması və ondan Azərbaycana qarşı istifadə edilməsi dayanırdı.

Ştrasserin məruzəsinin qəbul olunmamasından məyus olmuş anti-Azərbaycan qüvvələr Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair məruzənin hazırlanmasına nail olunmasının, Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsinə dair 2085 (2016) saylı Qətnamənin qəbul edilməsinin Azərbaycan hakimiyyətinin AŞPA üzvlərini ələ alması nəticəsində mümkün olduğu barədə fikir formalaşdırmağa başladı. Azərbaycanın qeyd edilən uğurlarının əldə edilməsində xüsusi aktivliyi ilə seçildiyimizə görə mənə (Elxan Süleymanov) və mənim həmkarım Müslüm Məmmədova qarşı ittihamlar irəli sürüldü. Bu ittihamların inamlı görünməsi üçün Ştrasserin məruzəsinin qəbul edilməməsinin mənim keçmiş AŞPA üzvü Luka Volonteyə pul verməyim müqabilində mümkün olması iddiası ortaya atıldı.

Lakin İtaliyanın Milan Məhkəməsi 27 yanvar 2017-ci ildə qaldırılan iddianın əsassız olması səbəbindən, Luka Volontenin öz səlahiyyətlərinin icrası zamanı rüşvət alması ittihamı üzrə cinayət təqibinə xitam verilməsinə qərar verməsinə baxmayaraq, AŞPA Bürosu elə həmin gün Müstəqil Kənar İstintaq Orqanı təsis etməyə qərar verdi.

Büronun həmin qərarı bir daha göstərdi ki, Avropada Azərbaycana qarşı çirkli “demokratiya” oyunu aparılır. Belə ki, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması və Azərbaycanı siyasi poliqona çevirmək istəyi dayanırdı. Bunun üçün anti-Azərbaycan qüvvələr səfərbər edilmişdi. Nəhayət, vurğulamaq istəyirəm ki, Azərbaycanın AŞPA-da son illər ərzində əldə etdiyi uğurlar, xüsusən də Ştrasserin qərəzli məruzəsinin 2013-cü ildə rədd edilməsi, torpaqlarımızın işğalı ilə bağlı Sərsəng qətnaməsinin qəbulu, beynəlxalq təşkilatların Azərbaycandakı son seçkiləri demokratik, azad, şəffaf qiymətləndirməsi anti-azərbaycan qüvvələrini ciddi şəkildə narahat etmişdi. Həmin qüvvələri müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar.

Bu oyunda Avropada bəyan edilmiş dəyərlərin heç birinə əməl edilməsinə ehtiyac duyulmur, Azərbaycana qarşı ayrı-seçkilik, hüququn aliliyi prinsipinin işləməməsi, hüquqi məsələlərin məhkəmə qərarlarına məhəl qoymadan siyasi gündəliyə gətirilməsi normal hesab edilir.

Müstəqil Kənar İstintaq Orqanının hesabatı qəbul edildikdən sonra AŞPA-da Azərbaycanda siyasi məhbuslara dair məruzəçinin təyin edilməsi bir daha göstərdi ki, bizim təhlillərimiz və proqnozlarımız, nə qədər təəssüf doğursa da, əsassız deyildilər və özlərini doğruldurlar. AŞPA ilə unison Avropa Parlamentində də Aİ ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa dair sazişin ratifikasiyasına dair şərtlərdən ibarət tövsiyələrin qəbul edilməsi də Azərbaycana qarşı strategiyanın tək AŞPA ilə məhdudlaşmadığını göstərdi.

P.S. Bu araşdırma ilə Avropanın çirkli “demokratiya” oyununu ifşa etdiyimdən gələcəkdə davamlı güclü təqib və təzyiqlərə məruz qalacağımı istisna etmirəm.