Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının Azərbaycan əleyhinə göstərdiyi fəaliyyətlər ayrıca araşdırma mövzusu kimi indiyədək elmi tədqiqat dövriyyəsinə cəlb edilməmişdir.
Sovet hakimiyyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistanda bu mövzu ilə bağlı sənədlər “Tam məxfi” qrifi altında tədqiqatçıların üzünə bağlı olmuşdur. Hazırda isə həm Azərbaycanda, həm də Ermənistanda arxivlər açılmış, məxfi sənədlər elmi tədqiqat dövriyyəsinə cəlb edilmişdir. Bu yazıda həm Azərbaycan Dövlət Arxivində saxlanılan sənədlər, həm də Ermənistan tədqiqatçılarının arxiv sənədləri əsasında yazdıqları əsərlər əsasında təqribən 100 il öncə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə qarşı törədilən cinayətin hansı məqsədlə və kimlərin sifarişi ilə törədilməsinə aydınlıq gətirilir.
Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanda fəaliyyət göstərən diplomatik nümayənəliyimizin fəaliyyəti Ermənistan xüsusi xidmət orqanlarının daim nəzarəti altında olmuşdur. 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi – yəni səfir təyin edilmişdi. M.Təkinski fövqəladə cəsarətlə fəaliyyət göstərdiyi üçün Ermənistan hökuməti tərəfindən “persona non qrata” elan edilmişdi.
M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Bundan öncə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.
Ə.Haqverdiyev İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanır. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi, qatarla Tiflisdən İrəvana gedərkən erməni quldurlarının Ə. Haqverdiyevə qarşı soyğunçuluğundan bəhs edir1 .
Həmin soyğunçuluq hadisəsini Ə. Haqverdiyev 1920-ci il martın 11-də İrəvan dairə məhkəməsinin prokuror müavini K.Budaqyana verdiyi izahatında belə şərh etmişdir: “Cari il martın 8-də saat 1.40 dəqiqədə mən Tiflisdən Azərbaycana məxsus 2012 №-li salon-vaqonda İrəvana yola düşdüm. Kupemdə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupedə isə Məmməd Riza Hüseynov və familiyasım bilmədiyim iki irəvanlı gedirdilər. Bu sakinlərdən əlavə mənim mühafizəçilərim İsmayıl Rəcəb oğlu və Məşədi Məmməd Məşədi Hüseynov da orada idilər. Sonrakı vaqon isə bələdçinin idi.
Deyəsən, gürcü idi, ad və familiyasını bilmirəm. Mənim salonumda yuxarı qatda iki sərnişin var idi – biri 18 yaşlı oğlan İttaid Camalbəyov və Azərbaycan Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkilliyinin əməkdaşı Nəsrulla Şeyxov idi. Gecə saat 3-də vaqonda baş verən səs-küydən oyandım. Mən qışqırtı eşitdim, kimsə bağırdı: “Hamısını axtarmalı?”. Salona enlikürək, qarayanız, balaca saqqallı, əsgər şineli geyinmiş furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlində silah görmədim, sonra o, “Brauninq” sistemli tapança çıxardı. Onu haradan və nə vaxt çıxardığını belə hiss etmədim. Həmin gənc salondakı stolun arxasına keçib sənədləri tələb edəndə mən ona dedim ki, bu vaqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərkən özünün diplomatik toxunulmazlıq hüququnu xatırladırmış-N.M.).
Bu vaxt bir başqası – dairəvi papaqda, yekə şineldə qapıda göründü. Mən və Samson Harutyunyan sənədlərimizi göstərdik. Birinci daxil olan sənədlərimizə baxıb stolun üstünə atdı və qışqırdı: “Hamısını axtarın.” Mən soruşanda ki, kimdir onlar cavabında qapıda dayanan “Naqan” tipli tapançanı mənə tuşladı. Dəhlizdə səs-küy eşidilirdi, aydın idi ki, orada da bu cür hadisə təkrar olunur. Bu cənablar tələb etdilər ki, pullarımız haradır onlara göstərək. Mən içərisində 5 milyon 400 min manat (250-lik əskinasla 2 milyon Zaqafqaziya bonu və 50-lik əskinasla 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu) olan səbəti onlara göstərdim. S. Harutyunovun yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdülər. Bizim bütün yüklərimizi axtardılar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilliant sancağımı (inciçiçəyinin budağı şəklində) və 10 min manatlıq brilliant sırğamı götürdülər. Ümumiyyətlə, saatla birlikdə 40 min manatlıq malımı götürdülər”.
Ə.Haqverdiyev izahatında quldurların digər sərnişinlərdən nə çırpışdırdıqlarını, Şeyxovun üstündən heç nə tapmadıqlarından aparıb onu “çıxdaş” etmək istədiklərini bildirir. O, mühafizəçilərinin silahlarını da quldurların götürdüyünü yazır. Quldurlar S.Harutyunovdan pulları götürəndə onu poçtla özünə qaytaracaqlarını söylədilər və vaqondan çıxarkən içəri birinci daxil olan quldur onunla əllə xudahafizləşdi – deyə, Ə. Haqverdiyev yazır. Haqverdiyev əlavə edir ki, soyğunçular vaqondan çıxdıqdan sonra güclü yaylım atəşi eşitdik və fikirləşdik ki, bizim vaqonu atəşə tuturlar.
Prokuror müavini K.Budaqyana verdiyi izahatında Ə.Haqverdiyev quldurların S.Harutyunyana xüsusi münasibətlərinin olmasına işarə edirdi.
Quldurlar basqının törədiləcəyi məkanı və məqamını da çox dəqiqliklə hesablayıblarmış. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacağına çatmamış, dərədə saxlanmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yaylım atəşindən sonra hərəkətə başlayıbmış.
Hadisədən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə. Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir. Və quldurların təqib edilməsini xahiş edir. O, hətta quldurları tutacaqları təqdirdə, dəstənin hər bir üzvünə 1500 rubl vəd edir.
İzahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmək niyyətində olduqları aydınlaşır. Belə ki, Ə. Haqverdiyev göstərir ki, bizi soyduqları vaxt təxminən 20 quldur vaqonu mühasirəyə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika nümayəndəsinin vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birlikdə 7 milyon (pulun vahidi göstərilmir) aparırlarmış. Ancaq qarət edilən təkcə azərbaycanlıların mindikləri vaqon olur.
Ə.Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırmağı və təcili tədbir görməyi tələb edir.
Teleqramda “bizimlə birlikdə nümayəndə Samson Harutyunyan da qarət edilib” ifadəsini işlətməklə, Ə. Haqverdiyev cinayətin kələfini haradan çözələməyə işarə vururdu2 .
Bu hadisədən sonra Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsi Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir3 .
Azərbaycan XİN hadisə ilə bağlı Ermənistanın ölçü götürməsini tələb etmək üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermənistan nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarət Ermənistanla Gürcüstan arasındakı neytral zonada törədilib. Həmçinin bildirilir ki, Ermənistan polisləri axtarış apardıqları zaman Gürcüstan polisləri tərəfindən tərksilah ediliblər. Neytral zonaya Amerika general-qubernatoru nəzarət etdiyini bəhanə gətirərək, Ermənistan nümayəndəliyi məhz birinci ünvana müraciət etməyi məsləhət görür 4.
Lakin uzun sürən diplomatik yazışmalardan heç bir nəticə hasil olmamışdı.
Ə.Haqverdiyev erməni quldurlarının qəribə davranışlarından əbəs yerə şübhələnməmişdi. Azərbaycanın diplomatik nümayəndəsinin qarət olunması hadisəsi barədə erməni tarixçisi Vanik Virabyanın arxiv sənədləri əsasında 2015-ci ildə İrəvanda erməni dilində çap edilən “1918-1920- ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN)” monoqrafiyasında ətraflı məlumat verilmişdir 5.
Daşnak Ermənistanının baş naziri olmuş Simon Vrasyan öz xatirələrində bu hadisəni belə təsvir edir: “Bir gün teleqram aldıq ki, Azərbaycanın yeni səfiri və Xalq partiyasının sədri S.Harutyunyan eyni qatarla Tiflisdən İrəvana gedirlər. Rubenlə (“Daşnaksutyun”un liderlərindən biri, 1920-ci ildə Ermənistanın hərbi naziri olmuşdur – N.M.) birlikdə dərhal müvafiq tədbir ələ aldıq. Marın 8-də səhərə yaxın, Lori neytral zonasında, Sənain-Kober stansiyalarının arasında bir qrup maskalı və silahlı gənclər qatarı dayandırdılar, Haqverdiyevin və Harutyunyanın əşyalarını əllərindən aldılar. Haqverdiyevdən 2 milyon rubl Zaqafqaziya bonu, Haryutyunyandan isə 296 min Zaqafqaziya bonu ələ keçirdilər. S.Harutyunyan həmin pulu öz partiyasının Yerevanda dərc edilən “Joğovurd” (“Xalq”) qəzeti üçün aparırdı. Bu hadisə xeyli qalmaqal yaratdı. Azərbaycan hökuməti tərəfindən İrəvana şikayətlər göndərildi. Gürcülər azərbaycanlı dostlarının üstünə gülürdülər. Ermənistan hökuməti S.Harutyunyandan üzrxahlıq etdi. Ondan götürülən pul və qızıl saat özünə qaytarıldı”6 .
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri 1921-ci ildə İstanbulda qətlə yetirən, “Nemezis” terror təşkilatının rəhbərlərindən olan “qisasçı” Misak Torlakyan isə Ə.Haqverdiyevin qarət edilməsini belə təsvir edir: “Daşnaksutyun Partiyasının Ermənistandakı bürosu Gürcüstan Mərkəzi komitəsinə tapşırıq verdi ki, neytral zonada Azərbaycanın səfiri Haqverdiyev qarət edilsin və lazım ola biləcək sənədlər götürülsün. Haqverdiyev Bakıya növbəti səfərindən qayıdarkən, gecə vaxtı gürcü paltarı geyinmiş bir dəstə silahlı gənc neytral zonada qatara hücum etdi… Bu hücumun sırf xuliqanlıq təəssüratı yaratması üçün silahlı dəstəyə ictimai xadim S.Harutyunyana qarşı da eyni hərəkətlərin edilməsi tapşırılmışdı. Götürülən sənədlər bir daha şübhə yeri qoymadı ki, Azərbaycan və Türkiyə Ermənistanı içəridən dağıtmaq niyyətindədirlər. Bu sənədlərin bir neçəsini Ruben öz kitabının 7- ci cildinə (erməni dilində, 7 cilddə çap edilən “Erməni inqilabçısının xatirələri” kitabları nəzərdə tutulur – N.M.) daxil etmişdir”7 .
Ermənistanın xüsusi xidmət orqanının həmin vaxt Gürcüstanda gizli fəaliyyət göstərən kəşfiyyatçısı Tiqran Devoyans bu barədə Bostonda erməni dilində nəşr edilən “Hayrenik” (Vətən”) jurnalında (1945, № 4, iyul-avqust, s. 81) yazırdı: “Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada “əclaflar ” tərəfindən talan edilməsəydi, Tiflis üzərindən Bakıdan göndərilən vəsaitlə təkcə Şərur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə, Böyük Vedidə və Zəngibasarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermənistan erməniləri məhv edilməklə üzləşərdi”8.
Misak Torlakyanın 2001-ci ildə Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin qarət edilməsindən sonra ələ keçirilən qənimətin aqibəti haqqında belə məlumat vermişdir: “Sonradan əməliyyatın iştirakçıları həmin məbləği Mərkəzi Komitəyə (yəni “Daşnaksutyun ”partiyasının mərkəzi komitəsinə – N.M.) verməkdən imtina etdilər. Bu səbəbdən də Mərkəzi Komitə dəstənin rəhbərlərini öldürməyi qərara aldı. Bu işi görənlərin bir hissəsi neytral zonada qalsalar da, onların başçısı Qasım Ruben Harutyun Harutyunyanın əli ilə güllələndi. Bundan sonra dəstənin qalan üzvləri öz yoldaşlarının qisasını Mərkəzi Komitədən almaq üçün Tiflisə gəldilər. Gərgin vəziyyəti nəzərə alan Gürcüstan Mərkəzi Komitəsi məni və yoldaşlarımı Batumdan Tiflisə çağırdı… Bizim Batumdan Tiflisə gəlməyimiz bir həftə çəkdi və bu arada şəhərin Erivanski meydanında dəstənin ikinci lideri Ruben Safaryan Yervand Fundukyanın əli ilə qətlə yetirildi. Bu qətldən sonra digərləri də qaçdılar və bununla da məsələ qapandı”9.
Misak Torlakyanın yazdıqlarından belə nəticə çıxır ki, Ə.Haqverdiyevi qarət edən quldur dəstəsi “Daşnaksutyun’Tın Tiflis Komitəsinə deyil, İrəvan Komitəsinə bağlı olmuşdur və ona görə də qarət etdikləri vəsaiti Tiflisdəkilərə təslim etməmişdilər.
Sonralar Misak Torlakyan kimi, Harutyun Harutyunyan və Yervand Fundukyan da İstanbula gedərək “Nemezis” terrorçu təşkilata qoşulmuş və sifarişli terror aktlarını icra etmişdilər.
Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, Azərbaycanın diplomatik nümayəndəsi Ermənistan hökumətinin rəhbərlərinin tapşırığı əsasında qarət edilmişdir və adi quldurluq hadisəsi deyil. Digər tərəfdən o da məlum olur ki, Ermənistanın kəşfiyyat orqanı Ə.Haqverdiyevin İrəvandan Bakıya nə zaman gəlməsindən və nə vaxt geri qayıdacağından və özü ilə külli miqdarda vəsait aparacağından öncədən xəbər tutmuşdur. Görünür, Azərbaycan parlamentində təmsil olunan erməni deputatlar və Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası Azərbaycan hökumətinin Ermənistanda və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin ehtiyacları üçün nə qədər vəsait ayrılması və nə zaman göndəriləcəyi haqqında əldə etdikləri məlumatı Ermənistanın rəhbər şəxslərinə ötürmüşlər. Üstəlik, Azərbaycan Mərkəzi bankında işləyən erməni kəşfiyyatının nümayəndəsinin də bu işdə iştiraklarının olması da şübhə doğurmur.
Erməni cinayətkarlarının törətdikləri bu cinayət adi quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan gətirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin edilməsi ilə yanaşı, həmin dövrdə indiki Ermənistan ərazisində və Naxçıvanda fəaliyyət göstərən milli şuraların vasitəsi ilə erməni silahlı dəstələrinin hücumları nəticəsində yer-yurdlarından didərgin düşən qaçqınların, yetimxanalarda, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaq və qocaların aclıqdan ölmələrinin qarşısının alınmasına sərf edilməli idi. Lakin Ermənistan hökumətinin əli ilə ermənilər onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular.
Ə.Haqverdiyev Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa verdikdən sonra 1920- ci il martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. T.Makinskinin aqibəti də sələflərinin aqibəti kimi olmuşdu.
Həmin ilin mayında Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahı üsyanına yardım göstərilməsi ittihamı ilə T.Makinski başda olmaqla, diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski təcili Tiflisə gələrək həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar həbs edilmişdilər. Azərbaycan hökuməti bunun qarşılığında Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İrəvanda həbs edilən azərbaycanlı əməkdaşlar azad edilmişdilər. Bu isə ayrıca bir məqalənin mövzusudur.
Bu qısa tarixçə 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistanda necə təqib edildiklərini, hansı təhlükəli vəziyyətdə və ekstremal şəraitdə fədakarlıqla çalışdıqlarını göz önündə sərgiləyir.
1Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), fond 897, siyahı 1, iş 91, vərəq 24-25.
2ARDA, fond 897, siyahı 1, iş 91, vərəq 14.
3 Yenə orada.
4 ARDA, fond 897, siyahı 1, iş 91, vərəq 20.
5 Virabyan Vanik.1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN). Yerevan, 2015, s. 168. (erməni dilində).
6Virabyan Vanik, göstərilən əsəri, s. 168.
7Yenə orada, s. 170.
8Yenə orada, s. 156.
9Yenə orada, s. 170-171.
Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru,
Dövlət mükafatı laureatı.
Azərbaycan Xalq cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi. Beynəlxalq konfransın materialları. 26-30 iyun 1918-ci il, s. 400-403.