26 sentyabrda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib. Tədbir Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyevin “Əhməd bəy Ağaoğlu irsi və müasirlik” mövzusunda mühazirəsinə həsr olunub.
İdarənin Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbiri Qoruğun İdarə Heyətinin sədri Əsgər Ələkbərov açaraq qonaqları salamlayıb və tədbirin əhəmiyyətinə diqqət çəkib.
Seminar proqramı Vilayət Quliyevin məruzəsi, qonaqların çıxışları və suallar ətrafında davam edib. V.Quliyev Qoruq İdarəsinin həyata keçirdiyi bu layihəni Əhməd bəy Ağaoğlu irsinə qayğı istiqamətində mühüm addım kimi qiymətləndirib. O, dahi mütəfəkkirin həyatı, yaradıcılığı, siyasi fəaliyyətindən geniş söz aşıb. Qeyd edib ki, Əhməd bəy Ağaoğlunun həyatında haqsızlığa etiraz ruhu oyadan ilk hadisə Şuşa real məktəbində ermənilərin aqressiv münasibətinə dözməyən 4 müsəlman şagird yoldaşının məktəbi tərk etməsi olmuşdur. Əhməd bəy 1905-1906-cı illər hadisələrini Rusiyanın mərkəzi qəzetlərinə çatdıra bilən yeganə müəllif idi. 1906-cı ilin fevral-mart aylarında Qafqaz Canişinliyində münaqişələri nizama salmaq üçün keçirilən Qurultayda Azərbaycanın “Ağır Artilleriyası” Əhməd bəy idi. “Difai” təşkilatını yaratması isə onun tarixi addımlarından biri olub. Onun Türkiyə Cümhuriyyətinin qurulması və inkişafında da çox mühüm rolu vardır. Siyasətçi olmaqla yanaşı Əhməd bəy həm də nəhəng publisist idi. O, “Kaspi” qəzetində məqalələr yazıb, “Həyat” qəzetinə isə redaktorluq edib. Türkiyədə Mətbuat Amiri, qəzet redaktoru kimi vəzifələrdə çalışıb.”Onun yazdığı yazıları, məqalələri, əlyazmaları yan-yana düzsən Bakıdan İstanbula böyük bir yol olardı” fikirləri Əhməd bəyin əqidə dostu Yusuf Akçuraya məxsus idi. V.Quliyevin Əhməd bəy Ağaoğlu tədqiqi sahəsində ən böyük işi isə “Xəmsə”m adlandırdığı 5 kitabıdır.
Tarix üzrə elmlər doktorları Anar İsgəndərov, Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova, Nazim Mustafa, filologiya üzrə elmlər doktorları Abid Tahirli, Qulu Məhərrəmli, Rüstəm Kamal, siyasi elmlər üzrə fəlsəfə doktoru Qərənfil Xəlilova kimi elm xadimlərinin çıxışlarında Əhməd bəy Ağaoğlunun olduqca dolğun fəaliyyət istiqamətlərindən danışılıb.
Tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərov qeyd edib ki, V. Quliyevin yazdıqları, çıxışları gələcək nəsillərə Əhməd bəy Ağaoğlunun Azərbaycanın böyük şəxsiyyətlərindən biri olduğunu təlqin edir.
Tarix üzrə elmlər doktoru Solmaz Tohidi Əhməd bəy Ağaoğlunu Azərbaycan və Türkiyədəki ictimai fəaliyyətindən danışıb və onu “Sönməyən vulkan” adlandırıb.
Filologiya üzrə elmlər doktoru Abid Tahirli vurğulayıb ki, Əhməd bəy Ağaoğlu irsinə diqqət hələ də lazımi səviyyəyə çatmamışdır. Abid Tahirli bu sahədə fəaliyyətlərinə görə Vilayət Quliyevin diplomatiya tarixində mühüm yer tutduğunu qeyd edib. Professor Əhməd bəy Ağaoğlunun Parisdəki məqalələrini əldə etdiyini də diqqətə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Əhməd bəy Ağaoğlunun siyasətdə və yazılarındakı cəsarətinə xüsusi heyranlığını dilə gətirib.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova qeyd edib ki, həmin dövrdə atəş xəttində Əhməd bəy Ağaoğlu kimi dayanan ikinci bir şəxs olmayıb və onun 1905-1906-cı illərdəki yazıları bu gün üçün də aktualdır.
Filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli Əhməd bəy Ağaoğlu ilə yanaşı Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadənin də adını çəkərək onların kompleks şəkildə Azərbaycan mətbuatındakı yerinə diqqət çəkib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Qərənfil Xəlilova Əhməd bəyin əsərlərində qadın azadlığı məsələsinə yer verməsindən danışıb, V.Quliyevin Əhməd bəy Ağaoğlu tədqiqi ilə bağlı addımlarını yüksək qiymətləndirib.
Filologiya üzrə elmlər doktoru Rüstəm Kamal V.Quliyevin Əhməd bəy Ağaoğlu yaradıcılığından etdiyi bədii tərcümələrinin mükəmməlliyini dilə gətirib.
Tədbir maraqlı diskussiyalar, V.Quliyevin Əhməd bəy Ağaoğlu barədə yekun fikirləri ilə başa çatıb. Gələcək nəsillər üçün dahi mütəfəkkirin əsərlərinin çap olunmasının vacibliyi məsələsinə toxunulub. Tədqiqatçı Əhməd bəy Ağaoğlu irsinin araşdırılmasına davam edəcəyini, bu sahədə görülən tədbirlərin artacağına ümid bəslədiyini dilə gətirib. Tədbirin sonunda xatirə fotoşəkli çəkilib.